post-title

Biz - qarabağlı uşaqlar

Ağlım kəsəndən ən çox nifrət etdiyim ölkə İran olub. Bunun xüsusi bir səbəbi var idi. Səbəb isə o idi ki, ağlımın təzə-təzə kəsdiyi vaxtlardan bir neçə il əvvəl həmin yaşa qədər görə biləcəyim ən pis niyyəti İrandan görmüşdüm.

 

 
 
İşğaldan az sonra bizə İrandan yardım karvanları gəlirdi. Həmin karvanlarda evlərindən qovulmuş insanların yaşayışı üçün vacib olan qida məmulatları, isidici vasitələr, çadırlar-filan gətirilirdi. Lakin sonrakı yardım karvanlarında hər kəsin çox sonralar nifrətlə xatırladığı bir “yardım” gətirilmişdi. Bu “yardımın” adı tikanlı məftil idi. Ölkənin tezliklə parçalanacağını düşünən, yaxud elə parçalamaq istəyən İran, qaçqın və məcburi köçkünləri onlara yardım etməklə ələ almaq, Qarabağın və Aranın (xüsusən də sərhədyanı bölgələrin) əhalisi arasında şiəliyi təbliğ etməklə öz sərhəddini daha da genişləndirmək istəyirmiş. Lakin sonradan buna imkan olmayıb. 
 
Nifrətimin əsas səbəbi yaxşı hesab etdiyim bu niyyətin arxasından çox iyrənc bir planın çıxması idi bəlkə də. Çünkü biz həmin yardımları alarkən çox sevinirdik. Açıq sarı rəngdə olan İran almaları, xurma, oyuncaq əvəzinə istifadə etdiyimiz təsbehlər, şirniyyatlar və başqa şeylər biz uşaqlara çox cəzbedici görünürdü. Biləndə ki, bu yardımlar məqsədli şəkildə, siyasət üçün edilirmiş, bu həmin ölkəyə qarşı nifrətimi formalaşdıran ilkin səbəb oldu.
 
Amma bu başqa bir ölkənin bizə qarşı etdikləri və etmək istədikləri idi. Bəs öz ölkəmizdəki hakimiyyət nümayəndələrinin biz qarabağlı uşaqlara münasibəti necə idi? Öz ölkəmizdəki “yardımsevərlər” bizə necə münasibət bəsləyirdilər? Bunları anladıqdan sonra isə İrana duyduğum nifrətin on qatını bizim “yardımsevərlərə” duymuşdum. 
 
Onlar bizi hansısa məqsədə çatmaq, yaxud əllərində olan hansısa sərvəti qorumaq üçün bir vasitə hesab edirdilər. Hər axşam televiziya ekranlarında bizim, qarabağlı uşaqların görüntüləri yayımlanır, düşdüyümüz ağır vəziyyət ən təsirli mahnıların müşaiyəti ilə insanlara göstərilirdi. Deputatlar, nazirlər, sənət adamları, manıslar, hər cür iyrəncliklərdən çıxmış murdar məxluqatlar bizə “yardım etmək” üçün məskunlaşdığımız ərazilərə gəlirdilər. Bizə şeir qoşurdular, bizim üçün mahnı oxuyurdular, bizim üçün kövrəlirdilər, bizim üçün kino, klip çəkirdilər. AzTV-də hər həftə kim bilir neçə dəfə, çadırın yanında, tonqal ətrafında qızınan yanaqları qızarmış balaca qızın görüntüləri verilirdi. Hər il Xocalı faciəsinin ildönümündə güllələnmiş, donmuş körpələr, faciədən sağ çıxmış digər uşaqlar bütün kanallarda göstərilirdi. Hər dəfə bu görüntüləri gördükdən az sonra AzTV-nin ekranında oxuyurduq 
“H.Əliyevin filan ölkəyə işguzar səfəri”... 
 
Və həmin səfərdə sabiq prezident bizim dərdimizdən danışıb özünü bizi düşünən kimi göstərirdi. Biz ona hakimiyyətdə qalmaq üçün lazım idik. H.Əliyevin həmin çıxışları mahiyyət etibarilə iranlıların gətirdikləri oyuncaqlardan heç də fərqlənmirdi. O sadəcə bizim başımızı qatırdı. Həm bizim, həm də böyüklərin...
 
Biz şou üçün çox gözəl xüsusiyyətlərə malik idik. Bizim dərdimiz, problemlərimiz, yaralarımız vardı və hər kəs bunları qabardaraq özünə xal yığmaq istəyirdi. Deputatlar bizdən danışıb mövzu boşluğunu doldururdular, fahişələr, müğənnilər bizdən oxuyub məşhur olurdular, vətənşüvənlər bizə ağlayıb hörmət qazanırdılar, şairlər bizdən yazıb kitab çap eləyirdilər, diplomatlar bizə aid həqiqətləri xaricə daşıyıb kef eləyirdilər... Hansısa dövlət adamı bizlərdən birini qucağına alıb şəkil çəkdirirdi və bir neçə gündən sonra bu şəkil qəzetlərdə çap olunub tirajlanır, həmin murdar məxluqat “ürəyi vətən eşqilə döyünən eloğlu” adını qazanırdı. Hansısa fahişə bizə konsert verə-verə “xalq artisti” adını qazanırdı. Və hər zaman bizə deyilirdi: 
- “Siz dövlətin diqqəti və qayğısı altındasınız”. 
 
Əslində isə biz ölkədəki riyakarlar ordusunun ayaqları altında duraraq onları “saxlayırdıq”. Onlar bizim sayəmizdə hakimiyyətlərini sürdürürdülər. Torpaqlarımız isə ermənilərin ayaqları altında idi. 
 
Bütün bunlar bu gün də davam edir. Yenə bizim şəkillərimiz, görüntülərimiz yayımlanır, dərdimiz “dünyaya çatdırılır” (məlum məsələdir ki dünya bizi heç “vecinə” də almır), Qənirə Paşayeva bizdən istifadə eləyib el anası adını qazanır, hansısa ermənini “susduraraq” şou düzəldir, aşıqlar bizdən oxuyub toy tuturlar, Fikrət Qoca bizdən danışıb insanları kövrəldir, deputatlar yenə də bizim sayəmizdə fəaliyyət görüntüsü yaradırlar. Bizim qazancımız isə elə İran almalarına bənzəyən hədiyyələr olur. 
 
Bu gün bəzilərimiz ölmüşük, bəzilərimiz əsirlikdəyik, bəzilərimiz rayonlarda it döyürük, bəzilərimiz xaricə getmişik, bəzilərimiz paytaxtda boş bekar fırlanırıq... Hər 26 fevralda göz yaşı tökən saxta, riyakar kütləni isə bütün bunlar düşündürmür. Onlara bizim vəziyyətimiz yox, bizim ağrılarımızdan doğan romantika, kədər maraqlıdır ki, ya yığışıb harasa qərənfil düzüb ağlasınlar, ya da tutalım “Körpə uşaqların harayı”, “Unudulmuş güllər”, nə bilim “Tərk edilmiş gəlincik” adlarına oxşar adları olan roman yazsınlar, film çəksinlər. 
 
Gedin riyakarlığınızı, zəhərinizi, hər cür üfunətinizi başqa yerə tökün. Tüpürüm sizin saxta vətənpərvərlik anlayışınıza da, filmlərinizə də, mahnılarınıza da, çıxışlarınıza da, süni göz yaşlarınıza da... 
 
Araz Bayramov
 
Kultura.Az
 
Yuxarı