post-title

Fərican Yarenin poetik tərcümələri

O, qaçırdı, onlar qovub çatırdılar Nəfəsi kəsilirdi, ona hava vururdular,- O, xəyallara dalırdı, tutub ağzını qayırırdılar Axır ki, maşınını da özü kimi dombaltdılar

 

“Kilsənin xorunda oxuyurdu qız”

                                 Aleksandr Blok

Kilsənin xorunda oxuyurdu qız,
Qürbət diyarların miskinlərindən,
Dənizdə qərq olan gəmilər haqda,
Bir də bu həyatın küskünlərindən.

Səsi ucalırdı günbəzə onun,
Ağappaq çiynində şölə yanırdı.
Hamı qaranlıqdan baxırdı ona,
Ağ donu şəfəqdə dalğalanırdı.

Hamı ümidlənib inanırdı ki,
Kiçik körfəzdədir itən gəmilər.
Qürbət diyarlarda güzəran qurub
Xoş ömür sürürlər bəxtə küskünlər.

Səsi də şirindi, nuru da zərif,
Yeddinci qatında göylərin ancaq
Körpə ağlayırdı, çünki bilirdi,
Gedənlər bir daha qayıtmayacaq...


ŞAHZADƏ DİNAMO
("O, qaçırdı, onlar qovub çatırdılar”)

                                               Yaroslav Moqutin

...hətta demək olar ki, ŞAHZADƏ DINAMO
Gənc fransız demokratiyasını qoruyarkən həlak olub.
Fransızlar, bir az da cəhd etsəniz, respublikaçı ola bilərsiniz,
O, reinkarnasiya keçirən Janna Dark kimi xırıldayaraq,
Paris barrikadalarında tapşırdı canını.
Açdı sinəsini, azad sandı özünü barrikadalarda,
Şığıdı ambrazurlara, əzdi şəhərin tanklarını.
Bir də, əgər o olmasaydı, Yeltsin sevindiyindən şıllağ atacaqdı,
Hələ Mitteran da fərəhindən dombalacaqdı,
Hələ Jak Şirakı- o abırsız gicdıllağı demirəm.

O, qaçırdı, onlar qovub çatırdılar
Nəfəsi kəsilirdi, ona hava vururdular,-
O, xəyallara dalırdı, tutub ağzını qayırırdılar
Axır ki, maşınını da özü kimi dombaltdılar
Qəzetlər yazırdı:
LE ŞOK LE SKANDALE LE FOTOQRAF LE MERCEDES...

Sağ idi şahzadə, indi isə torpağın altında,
Öldü şahzadə yayın qızmar çağında
Şahzadə uzandı yatağa arbaletlə
İstəyirdi məşğul olsun bir vaxtlar baletlə
Şahzadə sevirdi sürtüşsün tualetdə
Yaman xoşu gəlirdi məşğul olsun minetlə.
Dinamo hündür və qamətli gözəl idi, iri üz cizgiləri vardı,
Bir də uzun əl-ayağı.
Kişi olsaydı elə bilərdik
Qabağından sallanıb bir metrlik yarrağı.
Bəlkə də yox idi duduşu, həm də dinamo transvestitə çox bənzəyirdi, elə lap transseksuala da,
(Necə deyirlər, bizim Amerikada ona-
Hə, CHIСKS WITH DICKS- yaman şeydi, əsəbləri zəif olanlar yaxın durmasın!)
Divarlar da danışmır ki bilək tarixin oyununu,
Kim kimi qayırırdı- O şahzadə Şarlı, ya Şarl onu?...
Hələ əndirəbadi və iri yöndəmsiz parikinin içində
İngiltərə kraliçasının onun beyninə yeritdiyi ötürücüləri gizlədirdi,
Boşanmağa az qalmış, manikür qayçısıyla qurtardı canını onlardan,
Həyatı da başqa cür quruldu o vaxtdan…
O, qaçırdı, qovub çatırdılar ona,
Televizorda baxırdı ömrünün son akkorduna.
Ekrana yapışdırırdı sifətini,
Görmək istəyirdi necə kolbasa dilimləri kimi doğrayırlar ətini,
Ürəyiyanan dostları baş verən qəzanın ayrıntılarını nəql edirdilər ona
“Bəsdir görək, bəsdir, yetər” deyib son qoyurdu danışılanlara.
Təqvimlər də yalan danışır, qəzetçilərdir hər şeyin baiskarı!
Axı nəsə yazmalıdırlar ölən adamın haqqında –
Ya pis, ya da nəsə tapmalıdırlar elə belə, yüngülvarı...
Sərsəri velosipedçilər şahzadəni
mənası başa düşülməyən sözlərlə salamlayırdılar.
Pont-nyof həmişəki kimi lovğa və təkəbbürlü idi,
Dinamo titrək-titrək öz mənasız təsvirinə baxırdı,
Elə bu vaxt hissiyatsız projektorlar onun kölgəsini
Xırda-xırda ölü hissələrə ayırırdı.
Ehtiraslı paris sakinləri hadisə yerinə tələsirdilər,
Onun bahalı mamışından bir parça qoparmaq üçün dirəşirdilər.
Meyitinin hər hissəsini quzğun kimi ələk-vələk edirdilər,
Bədəninin heç izini-tozunu da saxlamadılar,
Pərəstişkarları nəşinin toxunduğu hər yeri
Dilləri ilə qazıyıb tərtəmiz yaladılar.

O, qaçırdı, onlar qovub çatırdılar,
O, özünü qoruyurdu, tutub meyidini salırdılar,
Qollarını bururdular, ayaqlarını sındırırdılar...

Avqust 1997, Paris.

 

"Siqaret tüstülü vaqonun balladası"

                                Aleksandr Koçetkov

Necə ağırdı, gülüm, nə qəribədi,
Doğmalaşıb, qovuşub bu dünyada
-Necə ağırdı, əzizim, nə qəribədi,
İkiyə bölünmək bir tiyənin altında.

Sağalmaz heç zaman bu ürək yarası,
Yuyar onu göz yaşları, durular.
Sağalmaz heç zaman bu ürək yarası,
Közərdər onu gur yanan qatranlar.

-Nə qədər ki sağam, səninlə olacağam,
Bölünməz ikiyə nə ürək, nə də can.
-Nə qədər ki sağam, səninlə olacağam,
Məhəbbət və ölüm qoşadır sonacan.

Həmişə səninlə olacaq, bilirəm,
Həmişə səninlə olacaq, bilirəm,
Həmişə səninlə olacaq, bilirəm,
Doğma torpağımız, əziz evimiz.

-Fəqət, gizlənməyə heç nəyim yoxsa,
Bu tükənməz dərdlərin əlindən,
Fəqət,gizlənməyə heç nəyim yoxsa,
Soyuqdan, gecənin qaranlıq şərindən?

-Həsrət bitəcək, qovuşacağıq biz.
Yadından çıxarma məni, əzizim.
Həsrət bitəcək qovuşacağıq biz.
Bir olacağıq yenə- yenə sən və mən.

-Yox, əgər, mən birdən yox olsam
Gündüz şəfəqinin nurunda ərisəm,
-Yox, əgər,mən birdən yox olsam
Ulduzlara qarışsam, dumanda itsəm?

-Sənə dua edəcəyəm hər zaman,
Düz dünyanın yolundan çıxmayasan.
-Sənə dua edəcəyəm hər zaman,
Səfərdən yanıma salamat qayıdasan...

O, siqaret tüstülü vaqonda əsirdi,
Ürkəkdi,yanında nə evi, nə qohumu.
O, siqaret tüstülü vaqonda əsirdi,
Gözləri dolmuşdu, gözləri yuxulu.
Elə bu an qatar enərkən yamacı
Sürüşüb yanakı devrildi dəhşətlə.
Elə bu an qatar enərkən yamacı
Çıxdı düz relsindən təkərlər.
İnsan iradəsindən də üstün bir qüvvə
Bir göz qırpımında məhv etdi hamını.
İnsan iradəsindən də üstün bir qüvvə
Tərsinə çevirdi onlar üçün dünyanı...
Heç kimi qoruya bilmədi
Görüş üçün verilən o vədlər,
Heç kəsi qoruya bilmədi
Həsrətlə uzanan gül əllər.

Sevdiklərinizlə ayrılmayın!
Sevdiklərinizlə ayrılmayın!
Sevdiklərinizlə ayrılmayın!
Hopun bir-birinin iliklərinə,
Hər dəfə əbədilik vida edin!
Hər dəfə əbədilik vida edin!
Hər dəfə əbədilik vida edin!
Bircə anlığına getsəniz belə...


"Çiçək sərdim yatağına"

                   Sergey Yesenin

Sərdim sənin yatağına
Yarısolmuş çiçəkləri,
Töküldülər ləçək-ləçək
Yorğun düşən istəklərim.

Pıçıldadım şəbbulara
Öləziyən eşqimizdən,
Bir də mənə bəhs eləmə
Qəmli görüş yerimizdən.

Yaşamırıq, dərd çəkirik.
Gözəl gəlir bizə hər an
Qızmaz soyuq dodaqlarım
Öpüşünün alovundan.

Gözlərində yazılsa da-
“Sevməmisən, nə biləsən”
İnan, yaxşı bilirəm ki,
Ürəyində nə çəkirsən...

 

“Məşhur olmaq yaxşı deyil”

                        Boris Pasternak

Məşhur olmaq yaxşı deyil.
O ucaltmır bizi göyə.
Dəyməz arxiv yazıların
Üzərində titrəməyə.

Nədir sənət- fəda olmaq!
Nə qalmaqal, nə uğurdur.
Heç bir məna kəsb etmədən
Şöhrət tapmaq - ucuzluqdur.

Yalan şöhrət ad gətirməz,
Gərək elə yaşayasan-
Gələcəkdən təpər alıb,
Əsl sevgi qazanasan.

Yazıda yox, taleyində
Hərdən boş yer buraxasan,
Həyatına başlıq qoyub
Fəsil- fəsil ayırasan.

Xəlvət yerə çəkiləsən,
Gizlədəsən izlərini.
Bütün şəhər başdan-başa
Ağ dumanda gəzsin səni.

Yolun ilə gedəcəklər
Səndən sonra gələnlər də. 
Sayma, axı özünündür-
Itkilər də, zəfərlər də.

Bir də, heç vaxt öz simandan
Üz çevirmə zərrə qədər.
Təki yaşa, yaşa təki,
Təki yaşa, sona qədər...

 

Yuxarı