post-title

İranın «dişi»si də gəlir

Türkiyə hər gün məni daha çox xəyal qırıqlığına uğratmaqdadır. Zatən Ərdoğanın keçən günlərdə «biz dindar gənclik yetişdirəcəyik» deməsindən, arasından çox keçməmiş isə Türkiyə təhsilinin əyninə elə abilərimizin öz təbirincə desək, apar-topar «4 + 4 + 4» sisteminin biçilməsindən sonra mən artıq bu ölkədən tamam əlimi üzmüşəm.

 

 
Elə son bir həftədə Türkiyədə yaşananlar da göstərir ki, AKP-nin  «dini dövlət» modeli uyğulamaq cəhdləri artıq ilk bəhrələrini verir. 
 
Son günlər bunun iki acı nümunəsinə rastladıq.
 
Birincisi, məşhur pianoçu Fazil Sayın bir tviti oldu. Fazil bəy yazıb: «Müezzin 22 saniyede okudu akşam ezanını yahu. Prestissimmo con fuco!!! Ne acelen var? Sevgili? Rakı masası?»
Ardınca da Ömər Xəyyamın məşhur bir rübaisini paylaşdı:
 
İrmaklarından şaraplar akacak diyorsun, cennet-i âlâ meyhane midir? 
Her mümine iki huri vereceğim diyorsun, cennet-i âlâ kerhane midir?
 
Bu tvitin üstündən çox keçməmiş Türkiyə toz-duman oldu. Fazil Saya qarşı inanılmaz bir linç kampaniyası başladı. Həqarətlər, təhdidlər aldı başını getdi.
 
Hətta usta musiqiçiyə qarşı cinayət işi açılmasınadək uzandı məsələ. Onu indi rəsmən «xalqı kin və düşmənçiliyə təşviq etmə və dini dəyərlərə həqarət»də suçlayırlar. Oysa Fazil bəyin ilk tviti söz və ifadə azadlığı sərhədlərini qətyyən zorlamır, ikinci tviti isə zatən Ömər Xəyyamın yüzillərdir oxunan və əzbər bilinən misralarıdır.
 
Elə isə bu utancverici cinayət işi nə üçündür? Hansı hüquqa və demokratiya prinsiplərinə uyğundur? Atatürkün Türkiyəsi bu hallaradamı düşəcəkdi? 
 
Türkiyə adına ikinci rüsvayçılıq məşhur ssenarist və aktrisa Meral Okayın ölümünün ardından yaşandı.
 
Meral Okay dinçi deyildi.
 
İslama münasibəti tənqidi idi.
 
Bu öz yerində.
 
Meral xanım sağlığında ölərkən meyidinin yandırılmasını və külünün suya axıdılmasını vəsiyyət etmişdi.
 
Vəsiyyət ortaya çıxınca yenə ortalıq toz-duman oldu. «İslam qaydalarına görə doğru deyil» dedilər. «Bir müsəlman, müsəlman olaraq da dəfn edilməlidir» dedilər. 
 
Oysa Meral Okay həyatını İslam qaydalarına görə yaşamamışdı.
 
Özünü də «müsəlman» yox, sadəcə, insan kimi tanımlayırdı.
 
Üstəlik, adam belə istəyib, vəsiyyət edib. Kimin nə haqqı var buna burnunu soxsun? Bəs vəsiyyət nə üçündür? Ümuimiyyətlə, kim dinçilərə haqq verib ki, həm insanın necə yaşayacağına, həm də bu da azmış kimi onun necə öləcəyinə və dəfn ediləcəyinə də burnunu soxurlar? 
 
Sonda nə oldu?
 
Bir laik cümhuriyyət qadını olan Meral Okayın son arzusu Rəcəb Tayyibin dinçi zehniyyətə təslim etdiyi Türkiyədə yerinə yetirilmədi. Onu molla ilə, cənazə namazı ilə torpağa gömdülər. 
 
Bu da azmış kimi, Meral Okayın arxasınca deylməyən küfrlər qalmadı. Günlərdir onun ölüsünü belə, linç etməklə məşğuldur İslamçı qəzetlər, yazarlar. 
 
Atatürkün layiq, uyğar Türkiyəsinin düşdüyü hallara baxın.
 
Bir də utanmadan «Bizi Avropa Birliyinə niyə qəbul etmirlər?» deyə tumanını başına geyinənlər var Türkiyədə. 
 
Bugünki halı ilə Türkiyə Avropa Birliyinə deyil, olsa-olsa, Ərəb Birliyinə yaraşır.
 
İlk baxışda soruşa bilərsiniz ki, Türkiyədən bizə nə var? Biz özümüzə nə umac ovduq ki, başqasına nə əriştə kəsək?
 
Doğrudur. Razıyam.
 
Amma xanımlar və bəylər, məsələ burasındadır ki, qulağımızın dibində, burnumuzun ucunda zatən bir İran var və biz onun altını az çəkmirik.
 
İndi də İranın «dişi»si gəlir. 
 
Sizcə, bizə dəxli yoxdurmu? Sizcə, biz də narahat olmaqda, həyəcanlanmaqda haqlı deyilikmi?
 
Elnur Astanbəyli
 
Kultura.Az
Yuxarı