post-title

Xalq yazıçısı Anar Rzayev gənc yazıçı Seymur Baycanı işindən qovdurubmuş

Yazıçı Seymur Baycan Azadlıq Radiosuna verdiyi müsahibədə indiyədək yazmadığı, demədiyi bəzi mətləbləri də işıqlandırıb. Yazıçının dediyinə görə illər öncə Anar onu və Elnur Astanbəylini işlədiyi yerlərdən qovdurmuş, bundan başqa Həmid Herisçi barədə danoslar yazmışdır. Bundan başqa S.Baycan müsahibəsində 60-cı illər nəsli yazarlarının ssenarilərini rusların yazdığını, mətnlərini yəhudi redaktorlar düzəltdiyini deyib. Kultura.Az olaraq hesab etdik ki, müsahibədən çıxarışı oxucularımızla bölüşək.

 

Mən Anar haqqında yazanda insanlar elə bilirlər ki, bu tək Seymur Baycanın davasıdır. Xeyir!!! O vaxt biz on-on beş nəfər ehtiyac içində çabalayan, kövrək uşaqlar idik. Sadəcə, özümüzdən əvvəlki nəsildən fərqli olaraq,  ədəbiyyata yedəkdə gəlmədik, onun-bunun əlindən su içmədik. Ortalığa platforma qoyduq və bunun mübarizəsinə qalxdıq. Bir-birimizi dəstəklədik, arxa olduq, sözümüzü dedik, yazdıq... Yəni imkan vermədik ki, bizdən tamada düzəltsinlər. Əksinə, tamada xislətli adamların gözlərinə baxıb, həqiqəti dedik. Qəzetdə işləyəndə bu tamadaxislət adamlar  işimizi bururdular, televiziyalara telefon açıb ayağımızı efirlərdən kəsməyə çalışırdılar.

Başa düşürsənmi, bu nə deməkdir?! Ümumiyyətlə, bizim start vəziyyətimiz çox ağrılı olub. Rişxəndlər, həqarətlər, istehza...

Hamımızı üçüncü-dördüncü sort insan gözündə görürdülər. Bilirsən, bu xalq gəncliyi qəbul etmək istəmir. Hətta, mənimlə eyni siyasi əqidəni daşıyan insanlar belə mədəni baxışlarında mühafizəkarların yanındadırlar. İndi bəziləri səhvlərini başa düşüblər.Ədəbiyyatda 60-cılar nəsli deyilən yazıçılar sovet dövründə şişirdilmiş insanlardır. Bu adamlar həyat görməyiblər, ədəbiyyata atalarının hesabına gəliblər. Bəs qədər maddi təminat, kef-damaq, sanatoriyalar, tədbirlər...

Yəni bu adamlar mənim kimi vağzalda qalmayıb, kirayə dərdi, ayaqqabı dərdi çəkməyiblər. Əgər onlar mənim gün-güzəranımı yaşasaydılar, bir qotur hekayə yaza bilməzdilər. Dövr dəyişdi, zaman gəldi və bu adamların kim olduqları üzə çıxdı. Müstəqillik dövründə heç nə yaza bilmədilər. Yazdıqları da bayağı, düşük, istedadsız mətnlərdir. Çünki sovet dövründə o yazılara senzura əl gəzdirirdi, ssenarilərini ruslara yazdırırdılar, mətnlərini yəhudi redaktorlar düzəldirdilər. Elə ki, bu adamlar özləri oldular, həqiqi simaları, istedadsızlıqları üzə çıxdı.
 
Məni “525-ci qəzet”ə Rəşad Məcid özü dəvət etmişdi. Daha doğrusu, Səbuhi Məmmədli vasitəsilə Rəşad Məcidlə görüşmüşəm. Dedi, sənin bir yazını oxudum, istərdim bizim qəzetə yazasan. Mən çox məmnun oldum, sevindim. Dəfələrlə bunu demişəm, yazmışam və təkrar-təkrar deməyə də hazıram: Mənim ədəbi zövqümün formalaşmağında “525-ci qəzet”in müstəsna rolu var! Bu qəzetə yazmaqla bərabər “Milli Yol” qəzetində də yazılarım çıxırdı. Bir dəfə “525”də yazım getmədi, girdim Rəşad müəllimin otağına ki, sizin qəzetə yazmağımda problem var? Dedi, hə! Mən Rəşad müəllimin vəziyyətini başa düşürdüm, ona görə getməyə özüm razılıq verdim. Çünki eyni vaxtda Anar haqqında “Milli yol”da kəskin bir yazı çap  etdirmişdim. Zəng edib tapşırmışdı ki, Seymur Baycan qəzetdə yazmamalıdır, vəssalam! Onlarla belə fakt sayaram.

Elnur Astanbəylini də “Xalq cəbhəsi” qəzetindən Anar uzaqlaşdırdı. Həmid Herisçi “Space”də veriliş aparanda hər gün ora-bura zəng edib camaatı dəng edirdi, donos yazırdı ki, Həmidi “Gecə kanalı”ndan uzaqlaşdırsın. O boyda kişi... (Dişini-dişinə  qıcıyıb hiddətlənir) Mən indən belə yüz il də dərc olunsam, Anarın tirajını yığa bilmərəm. Bu məsələlərə görə o adamlara qarşı amansızam və axıra qədər də mərhəmətsiz, amansız olacağam. Çünki bunlar o qədər cılız, balacadırlar istəmirlər özlərindən sonra bir ədəbi nəsil yetişsin və qürrələnsinlər ki, gördünüz, bizdən sonra heç nə yazılmadı, ədəbiyyat olmadı.

AzadlıqRadiosu

Yuxarı