post-title

Əli Əkbər: "Aqrarlıq təfəkkür tərzidir"

Yazarlar aqrardır, mütaliələri sıfırdır, dünyagörüşləri kasaddır, əlqərəz çuşkadırlar. Azərbaycan ədəbiyyatını böyük bir çuşkaxana adlandıra bilərik. Hindistan aktyor və aktrisalarına oxşayan kişi və qadınlar romanlar, şeirlər yazır.

 

- Nəyə görə Azərbaycanda siyasi proseslərə təsir edəcək əsərlər yazılmır?

- Siyasi proseslərə ölkənin siyasi qurumları təsir edə bilmirsə, ədəbiyyatdan nə gözləmək olar? Bir zamanlar ədəbiyyatın siyasi proseslərə təsir etmək kimi imkanları olub. Müasir cağımızda isə, bir ya da bir neçə romanın, məsələn inqilabi situasiya yarada biləcəyinə inanmıram. Dünyanın heç bir yerində bu mümkün olan iş deyil. Roman səs gətirə bilər, amma proseslərə istiqamət verə bilməz.

Digər tərəfdən də Azərbaycanda min-min beş yüz potensial oxucu var. Bu qüvvə ilə kardinal dəyişikliyə nail olmaq mümkün deyil.

- Son zamanlar Azərbaycanda roman bumu yaşanır. Yeni əsərlər sizi qane edirmi?

- Bu günün Azərbaycan ədəbiyyatını, çağdaş ədəbiyyat adlandırmaq olmaz. Bu günün ədəbiyyatı, başdan sona aqrar elementlərin əlindədir. Müasir ədəbiyyat dediyimiz hadisənin iştirakçıları, yeni əsərləri yazan adamlar qətiyyən müasir insanlar deyil. Seymur Baycan demişkən, “Azərbaycanın teatrları da, kinosu da, estiradası da, ədəbiyyatı da təndir iyi verir”.

Azərbaycan ədəbiyyatının, xüsusən nəsrinin ən ciddi problemi, urbanistik olmamasıdır.

Yazarlar aqrardır, mütaliələri sıfırdır, dünyagörüşləri kasaddır, əlqərəz çuşkadırlar. Azərbaycan ədəbiyyatını böyük bir çuşkaxana adlandıra bilərik. Hindistan aktyor və aktrisalarına oxşayan kişi və qadınlar romanlar, şeirlər yazır. Aqşin, Rasim Qaraca, Azad Yaşar kimi çağdaş şairlər olsa da modern, şəhər ədəbiyyatı adlandıra biləcəyimiz nəsr əsərlərini, romanları Seymur Baycandan və məndən başqa yaza bilən yoxdur.

- Bəs Qaraqan?

- O gənc, bir kitab yazdı və kitabı məşhurlaşdı. Bunu danmaq olmaz. Özünün dediyinə görə, kitabının satışından on minlərlə pul qazandı. Arzum odur ki, bunun beş qatını qazansın.

Pis yazıb, yaxşı yazıb bilmirəm, oxumamışam. Bu da mənim qüsurumdur.

Amma bir dəfə onun radioda çıxışına qulaq asmışam. Bu gəncin danışıq tərzi, dil bilgisi o qədər bərbad, söz ehtiyatı o qədər kasaddır ki, dünya ədəbiyyatından xəbərinin olmadığı, prozadan başının çıxmadığı, mütaliəsinin sıfırın altında olduğu dərhal aydın olur.

Urbanistik elementlər ehtiva edən kitab yazmaq və repsevər gəncləri maraqlandırmaq, hələ şəhər yazıçısı olmaq demək deyil. Bütün məsuliyyətimlə deyə bilərəm ki, bu günün müasir insanının, şəhər insanının diqqətini cəlb edəcək əsərlər yaranmır.

Bir də bu aqrar məsələsinə aydınlıq gətirmək istərdim. Aqrar deyəndə mən əyalət adamını nəzərdə tutmuram. Aqrarlıq təfəkkür tərzidir. Bakıda doğulub, Bakıda yaşayan, Bakıda ölən o qədər çuşka var. Baxırsan ki, adamdır, şəhərdə doğulub ya da rayondan gəlib, fərqi yoxdur – özünü mal kimi aparır.

Şükür ki, internet var, az-çox kitab mağazası var. İnsan istəsə, özünü yetişdirə bilər.

Heç bir bəhanə ilə “lom”luğuna, mallığına, debilliyinə haqq qazandıra bilməz. Bakıda yaşayan, lakin şəhər mühitinə adaptasiyada ciddi problemləri olan milyonlarla adam var.

Belələri Bakıda yaşaya-yaşaya yovşan ətirli şeirlərin, sərin bulaqların, təndirin, peyinin həsrətini çəkirlər deyə, onlara aqrar deyirəm.

Belələrinin mənim, ya da Seymurun romanlarını bəyənmək kimi bir lüksu yoxdur...

XURAL QƏZETİ

29.09.2011

 

Yuxarı