post-title

Gəncliyə xitab

Bu, əlbəttə, Azərbaycan gəncliyinin bütününə olan bir xitab deyil. Sözüm son bir neçə ildə formalaşan, sürətlə ictimailəşən, siyasiləşən və sosiallaşan gəncliyədir. Zatən onlardan kənarda gənclik - artıq formallıqdır, kağız üzərində, şəxsiyyət vəsiqəsi, yaş senzi ilə müəyyənləşən gənclikdir.

 

Bəli, sözüm o gənclərədir ki, onların Azərbaycanda baş verənlərlə bağlı aydın vətəndaş mövqeyi, ölkənin bu günündən və gələcəyindən narahatlıqları, qayğıları var. Yalnız yaşca yox, həm də başca gəncdirlər. Doğrudan da, yenilik, yeni bir Azərbaycan eşqi ilə alışıb-yanırlar. Onların yetişməsi, meydana çıxması asan olmadı. 6-7 il əvvələdək vəziyyət dəhşətli dərəcədə ümidsiz idi. Dəyişikliklərə inam sürətlə məhv olurdu. Müxalif güc tükənməkdə, gələcəklə bağlı öldürücü pessimizm vəba kimi yayılmaqda idi. 

Amma internetin və ortadakı beş-üç yazarın inadkarlığının, fədakarlığının sayəsində proses bərpa olundu. Gənclər yavaş-yavaş həmin prosesin önünə çıxmağa başladı. Onların enerjisi, havası, intellekti və iradəsi cəmiyyəti vurdu. İnsanlarda dəyişikliklərə yeni inam, yeni ümid yarandı. Hakimiyyət əvvəlcə bunu o qədər ciddiyə almadı. Neft pulları onların gözünü örtmüş, bütün reallıq hisslərini itirmişdilər. Prosesin fərqinə varanda və ard-arda gənclərlə bağlı dövlət proqramları qəbul etməyə başlayanda isə artıq gec idi. Ox yaydan çıxmışdı. Ortada artıq ciddi bir etirazçı, müqavimətçi, yenilikçi gənclik vardı. Bu gün proseslərə onlar diqtə edirlər. Müxalifətdən əlini üzənlər belə, həmin gənclərin sayəsində yenidən siyasi fəallığa qayıdırlar. Burada əlbəttə, "Ərəb baharı"nın da rolu böyükdür. Amma mən indi N!DA-nın, "Müsbət dəyişiklik"in, "Azad Gənclik"in, Müsavat, AXCP və VHP-nin gənclik təşkilatlarının çətiri altında birləşən gənclər haqqında əksər söhbətlərdə bunu eşidirəm: "Nə etsələr, onlar edəcəklər!" 

Mənim də buna şübhəm yoxdur. Bəli, nə etsələr, onlar edəcəklər. Ancaq bir şərtlə: özlərindən əvvəlkilərin yanlışlarını təkrarlamasınlar, yerişlərini yeriməsinlər. Bugünki liderlərin ağlı ilə düşünüb, ağzı ilə danışmasınlar. Onlara sayğılarını qorusunlar, bir söz demirəm, amma prinsipial məsələlərdə onlara da güzəştə getməsinlər, onları da sorğulasınlar, onlardan da hesab istəsinlər. Bundan sonrasını ümumiyə yox, elə gənclərin özlərinə xitabla yazmaqla istəyirəm. 

Ey gənc dostlar! 

Bu gün Azərbaycanın iki əsas müxalifət lideri - İsa Qəmbər və Əli Kərimli 20 il bundan əvvəl gənc idilər - tıpkı sizin kimi... 

Onların gəncliyindən bizə, bu günə nə qaldı? Bir-birinə bu günədək də səbəbi heç kimə bəlli olmayan, zaman-zaman Azərbaycandakı demokratiya mübarizəsinə ağır zərbələrin vurulması ilə müşaiyət edilən nifrət, kin, öfkə, düşmənçilik duyğusu! Vəssalam. 

Bu nifrət yalnız onların öz arasında qalsaydı, dərd yarıydı. Onlardan ətraflarına, arxalarınca yürüyən insanlara da sirayət etdi, hər bir müsavatçının və cəbhəçinin qanına, iliyinə işlədi. 

Nəticə göz önündədir. Əldə var sıfır. Dünən sadəcə, avtoritarizmlə mübarizədən danışırdıq, bu gün isə monarxiya ilə üz-üzəyik. Dünən Sovet qaydaları ilə idarəçilikdən narazı idik, bu gün isə özümüzü lap orta çağlardakı kimi hiss edirik. Hardan hara gəlmişik. 

İndi siz siz olun, aranızdan yeni bir "İsa Qəmbər-Əli Kərimli düşmənçiliyi" bitirməyin. Bu ölkə ikinci elə bir düşmənçiliyi əsla və əsla qaldıra bilməz. Və bunu nə Tarix, nə Tanrı sizə bağışlamaz! 

Ey gənc dostlar! 

Sizdən əvvəlkilər sərt siyasi üslubdan başqa heç nə ilə yadda qalmadılar illər boyu. "Tayfa, klan, irtica" sözcükləri ilə kifayətləndilər. Kütlə zehniyyətinə təslim oldular. Obıvatel düşüncəsinə yenik düşdülər. Rejimin toplumu girov saxlamaq üçün maya qoyduğu hər şeyin əsirinə çevrildilər: mentalitetin, muğamın, "altmışıncılar"ın... İsa Qəmbərin, Əli Kərimlinin, digər müxalifət liderlərinin yaptokratiyanın "Göbbel"si funksiyasını yerinə yetirən psevdoziyalılara sevgi, qibtə dolu münasibəti göz önündədir. Həm 24 ildir Yazıçılar Birliyinin sədri postunu qamarlamış və ədəbi monarxiya qurmuş Anarı sevdilər, onu "böyük yazıçı" kimi qəbul etdilər, həm də ölkədəki siyasi monarxiyaya son qoyacaqlarını vəd etdilər. 

Prezidentin legitimliyini tanımaya-tanımaya "Yaşa, prezidentim, yaşa" şeirini yazan adama ad günü təbriki yazdılar. 

Bir sözlə, sırtlarını yeni, çağdaş mədəniyyətin nümayəndələrinə dayamaq yerinə, özlərində köhnəliyi, geriçiliyi, aqrar təfəkkürü daşıyan adamlara pərəstiş edərək Azərbaycana dəyişim, yeniləşmə vəd etdilər. Bu, əlbəttə mümkün deyildi. Hakimiyyəti dəyişsələr belə, dəyişən hakimiyyətin özündən başqa bir şey olmayacaqdı. Ona görə də mən 20 illik uğursuzluqda bir ilahi ədalət görürəm. Başqa cür ola bilməzdi. 

İndi siz siz olun, bugünki hakimiyyətin ömrünü uzadan, onu ayaqda tutan, onun təbliğat və təşviqat ruporu rolunu oynayan saxta mental dəyərlərə, milli-mənəvi tabulara, psevdoziyalılara əsir düşməyin. Ki, bir 20 il də sizin uğursuzluqlarınızın altını çəkməsin bu sevgili vətən. 

Ey gənc dostlar! 

20 ildə avtoritar bir ölkədə hakimiyyəti dəyişmək faciə deyil. Amansız bir repressiya maşını, işgəncələr, həbslər, qətllər... Bunlarla baş etmək çətindir, çox çətindir. Hamımız anlayırıq. 

Amma faciə odur ki, bu 20 ildə o şeyləri ki, dəyişə bilər və hakimiyyətin mənəvi, ideoloji dayaqlarını sarsıda bilərdik, onları da etmədik. Daha doğrusu, hörmətli liderlər etmədilər. 

Rejim idmandan yapışdı, amma bunlar da onun qarşısına kitabla çıxa bilərdi, çıxa bilmədilər. 

Rejim muğamdan yapışdı, bunlar daha bərk, ikiəlli yapışdılar. 

Rejim Həccdən yapışdı, bunlar yaptokratlardan qabağa düşüb Həccə getdilər. 

Rejim Anardan yapışdı, ortaya beş-üç azad, yenilikçi yazar çıxmışdı, bunlar onları da Anarın ayağına verdilər. 

20 ildə hakimiyyəti yıxa bilmədilər, cəhənnəm, 20 ildə yıxa bildikləri bir tək tabu belə yoxdu! Bir dəfə də əzbər pozmadılar. Kütləni onların dilində danışmağa məcbur etmək yerinə, özləri kütlənin leksikonuna uydular. Komplekslərə ilişib qaldılar. Rejimin işinə yarayan hazır qəliblərə sığdılar. Kütləviləşdilər. 

İndi siz siz olun, bu yolu getməyin. Əzbər pozun. Hakimiyyətin əlinə işləyən, ona nəfəs verən hər şeyə qarşı gedin. Kütlənin şüurunu zorlamaqdan çəkinməyin. Onun sizə qarşı çevrilə biləcəyindən qorxmayın. Oyun qaydalarına tabe olmayın. Yeni oyun qaydaları yaradın. Köhnəliyə əsir düşməyin. Titullulara, imtiyazlılara aldanmayın. Tabulara tüpürün. Aqrar nə varsa, hamısını süpürün. Gücünüzü kitabdan, mədəniyyətdən alın. Heç kimə və heç nəyə kölə olmayın. Ki, kölələrin vəd etdiyi azadlıq köləliyin özündən daha təhlükəlidir. 

Çağdaşlığa, uyğarlığa, bəşəri dəyərlərə zidd kim və nə varsa, hamısına münasibətdə amansız olun. Prinsiplərinizdə zərrəcə güzəştə getməyin. 

Lazım gəlsə, bunu yalnız hakimiyyətə deyil, müxalifətin bugünki liderlərinə, funksionerlərinə qarşı da göstərməkdən çəkinməyin. Onlara da başa salın ki, artıq bu işin zarafat yanı qalmayıb. 

Sübut edin ki, yalnız yeniliyin, çağdaşlığın qarşısını kəsənlər yox, dəyişim, yeniləşmə vəd edərək əslində mahiyyətcə statukoçu, ənənəçi, obıvatelçi olanlar da bu prosesdən nəsibini alacaq, arxivdə qalacaqlar. 

Qoy hər kəs işini bilsin. Biznən daha artıq məzələnməsinlər. Diqqətinizə görə sağ olun.

Elnur Astanbəyli

Reytinq

Yuxarı