post-title

Toya getməyən filosof

Onunla axşamçağı görüşdük. Rəhman müəllimin halın soruşanda, “yorğunam” dedi. Hökumət evində kino həvəskarları üçün mühazirə deməyə gəlmişdi. Mühazirədən öncə müsahibəyə vaxt tapdıq.

 

 
Bu həftə “Tanınmışlar”- ın qonağı filosof Rəhman Bədəlovdur. O, sakit və fasiləli nitqi ilə bizə yaşadığı mühiti anladır. “Ziyalı ailəsində böyümüşəm. Atam və anam ali təhsil almışdılar. AZİ-ni (indiki Neft Akademiyası. S.V) bitirsə də uşaqlara görə anamın işləmək imkanı olmadı. Atam isə alim idi, Azərbaycan Politexnik İnstitutunda işləyirdi. İnşaat mühəndisliyi fakültəsinin dekanı olub. 
 
1937-ci ildə doğulmuşam. Məktəbə 1944-cü ildə getmişəm. İçərişəhərdə yaşayırdıq. Mən indi təəccüblənirəm ki, biz orada necə yaşadıq. O mənada ki, nə isti su, nə duş, nə də tualet yox idi. Quyular var idi, amma bizim həyət quyulardan istifadə eləmirdi. Rusların sözü olmasın, növbədə böyümüşük. Deyə bilmirəm ki, uşaqlıqda sıxılırdım. Mən heç bilmirdim ki, başqa həyat var, başqa cür, yəni doyunca yemək olar. O vaxt Sovetlərə ciddi inanırdım. Mən də komsomol olmuşam, sonra bir az dəyişmişəm. Nəvələrimə danışıram ki, normal yemək, məsəl üçün, şirin çay, yağ-çörək qeyri-adi bir şey idi. Uşaqlığımı kədərli təsəvvür eləmirəm. Müharibədən sonrakı aclıq illəri yadımdadır. Yadımdadır ki, anam bir yumurtadan “qoqul-moqul” düzəldirdi. Yumurtanın içinə şəkər tozu tökürdü, qarışdırırdı. Sonra o bir yumurtanı üç qardaşıma bölüşdürürdü. Stəkanın divarında “qoqul-moqul” qalmışdı. Hamı gözləyirdi ki, kim qaynar su tökəcək onu içəcək. O bizə dadlı görünürdü. Mən yaşa dolandan sonra bir dəfə yoxladım ki, onun dadı necədir, gördüm ki, heç cür yeyə bilmirəm. Amma uşaq vaxtı biz onu həvəslə içirdik, həm də ona görə dava edirdik”.
 
Sovet sisteminə səmimi inanan filosof fikirlərindən necə daşındığını anladır. “1954-dən sonra Budapeşt, Praqa, 20-ci qurultay olub, o yolları ziyalılar yaşayıb. Tədricən inam dəyişib, hətta antisovet olmuşuq. 20-ci qurultayda Xruşşovun məşhur məruzəsi var idi. Deyə bilmərəm ki, fikirlərimi dərhal dəyişdi, amma o məruzə məni sarsıtdı. Praqa hadisələrini izləyirdik. O vaxt “insan sifətli sosializm” şüarı var idi, 37-dən olan hadisələri yavaş-yavaş dərk eləməyə başladıq”.
 
Media eksperti Zeynal Məmmədli ilə söhbətimizdə, o filosof Rəhman Bədəlovun “Bizi hansı sınaqlar gözləyir” silsilə yazısından danışmışdı. Bu yazılar müstəqillik dönəmində nəşr olunub. Z.Məmmədli onu da çatdırmışdı ki, yazılan sınaqların bir çoxu gerçəkləşdi. Bu barədə filosofun fikirlərini öyrənirik. “Deyə bilmərəm ki, onların hansı oldu, olmadı. 90-cı ilin əvvəllərində illuziyalardan ayıldım. Bir çox hadisələr oldu ki, onlar məni dəyişdirdi. Elə bir hadisə oldu ki, o məni antiqərbçi eləyə bilərdi, amma qərbçi elədi. Bir gün məni Həsənağa Turabov çağırmışdı ki, Kanadada dünya teatr ensiklopediyası yaratmaq istəyirlər, Azərbaycanla da bağlı yazmaq lazımdır. Amma mən teatrşünas deyiləm, bunu teatrşünas yazmalıdır. O istəyirdi ki, mən bunu öhdəmə götürüm və digər teatrşünaslardan birini də bura dəvət eləyim. O sxemi öyrənmək istəyirdim. Öyrəndikcə də anladım ki, bizim Sovet dövründə yazdıqlarımız pafosdan başqa bir şey deyil. Müqavilə gəldi. Buna görə 700 Kanada dolları verilirdi. Kanada dolları ABŞ dollarından aşağı idi, bu böyük pul deyildi. O vaxt mən təzə-təzə kompüteri öyrənmişdim. Hazırladığımız materialı göndərdik, cavab gəlmədi, pul da göndərilmədi. 5-6 aydan sonra mənə Nyu-Yorkdan məktub gəldi ki, biz video-teatr ensiklopediyası yaradırıq. İstəyirik ki, siz kömək edəsiniz. Yazdım ki, mən pul xərcləyib sizə tərcümə edirəm, amma siz puldan danışmırsınız. Bununla da məktub kəsildi. Elə oldu ki, mən Vaşinqtona getdim. Ceyhun Mollazadə Vaşinqtonda işləyirdi, təsadüfən orada bu hadisəni ona danışdım. Dedi istəyirsən sabah o pul burada olsun? Dedim, necə axı, 6 aydır o pul göndərilmir. Onun xanımı onlara müraciət edib, mənim nümayəndəm olduğunu dedi. Səhəri gün pul onun əlində idi. İnsanlar imkan daxilində aldada bilərlər, amma sistem var, məhkəmə buna yol verməz. Biz məhkəməyə müraciət edib təzminat da ala bilərdik. Amma bunu etmədik. Onlar bilirlər ki, insanı dəyişmək olmaz, amma o sistem insanları dəyişdirir. Bunu mən 1992-1993-cü illərdə başa düşdüm, təxminən sınaqlarda da bunları yazdım.
Hamı deyir ki, filankəs çox qazandı, mənə niyə çatmadı? Heç kim demir ki, sistem quraq bu pullardan gələcək nəsillərə nəsə çatsın. Sınaqları yazanda mən başa düşdüm ki, burada heç nə dərhal olmayacaq. Elə ki, dərhal fikirləşirsən, heç nə alınmır. Bir işi başlayırsan, görürsən ki, sən uzun yolun yolçususan, kiçik yolun yox. Bizim problemimiz yağ-çörək tapa bilməmək deyil, biz çox zaman onu tapırıq, amma çoxumuz narazıyıq. O narazılıq hamımızı dağıdır. Yazdığım sınaqlar davam edir, hətta bəziləri lap kəskinləşir”.
 
Faylların varisi
 
Müsahibimiz bir çox problemlərdən yazdığını, amma çap etdirə bilmədiyini deyir. Bir köşədə saxladığı əlyazmalarını nəvələrindən birinin çap etdirəcəyinə ümid edir. “O qədər yazmışam ki, gələn il yazdıqlarımı çap etdirmək istəyirəm. Hərdən fikirləşirəm ki, doğrudanmı mənim gücüm çatacaq? Həvəsim də əvvəlki kimi yoxdur. Bəzən nəvəmə deyirəm ki, faylların varisi sənsən.(gülür) Məşhur adamlar öləndən sonra onun yaxınları deyir ki, onun işin davam etdirəcəyik, bir ay keçəndən sonra soyuyurlar. Mən onları qınamıram. O qədər problemlər yaranır ki, sabaha təxirə sala-sala edə bilmirlər.
Bir nəvəm var, bilirəm ki, onun dizayn verməyə həvəsi var. Ola bilər ki, o, özünü borclu sayıb eləsin. Amma o biri nəvəm borclu olduğu üçün yox, o həvəsi olduğu üçün eləyə bilər. Bilirəm ki, borcla olunan iş həyata keçmir, gərək həvəs olsun. Həvəsi olmayanda “babadır, eləyibdir” deyəcək. O da yəqin fikirləşəcək ki, babam Amerika kəşf eləməyib. Bu kitabların Azərbaycandan kənarda əhəmiyyəti yoxdur. O kitabın qazanc imkanları da yoxdur. Azərbaycan daxili hələ ki, onlara ehtiyac var”.
 
“Tənhalıq pisdir, amma iki nəfərin tənhalığı dəhşətdir”
 
Filosof tək yaşayır. Onunla danışdıqca 40-cı otağa çəkildiyini düşünürəm. Təkliyi ilə barışıb və bu onun xoşuna gəlir. Yaşamının çətinliklərini anladır: “Mən heç vaxt xörək bişirmək işləri ilə məşğul olmamışam. Dedilər, zamanla öyrənəcəksən, amma yenə də öyrənmədim. Deyim ki, məişətdə böyük bir çətinlik çəkirəm, xeyr, mən bunu hiss eləmirəm. Evi yığışdırmaq o qədər də problem deyil. Bir xanım iki həftədən bir gəlib evi yığışdırırdı, o da imtina elədi. Öz nəvələri ilə məşğul olmaq istədi. İndi görürəm ki, özüm öhdəsindən gələ bilərəm. Bir dostum mənə deyirdi ki, fikirləşirdim yoldaşın rəhmətə gedəndən sonra yenə evlənəcəksən, mən də cavab verdim ki, mən də elə bilirdim. (gülür) Hər şeyi kənara qoysaq, mən gözləmirdim ki, qocalığım bu qədər komfortlu olacaq. Mənim işləməyə marağım var və məni eşitməyə adamlar çoxdur, amma onlarla görüşməyə imkanım yoxdur. Bircə axşamlar sıxıcı olur. O da televizorla, kitabla keçir. Doğrusu, mən heç yerə getmirəm. Görüşürəm, amma axşamlar heç kimə qonaq getmirəm. Məndə bu tələbat yoxdur. Zeynalın ( Zeynal Məmmədli) və digərlərinin ailəsinin mənə münasibəti qeyri-obyektivdir. Onlar mənə klassik kimi yanaşırlar. Onlar bir az şişirdirlər, amma hər halda, onlar məni görməyə hər zaman xoş olurlar. Mənim onlara münasibətim nəinki normaldır, normaldan da üstündür. Böyük nəvəmdən başqa heç kəs mənim evimə gəlmir. Tək qalmağı xoşlayıram. Mənim bir şüarım var, “tənhalıq pisdir, amma iki nəfərin tənhalığı dəhşətdir”. Bu mənim üçün çox qorxuludur, mən heç vaxt buna gedə bilmərəm. O vəziyyətdə yaşaya bilmərəm”.
 
“İstərdim ki, bir xeyli evlərə gəlim, amma məni görməsinlər”
 
Yığıncaqlardan xoşu gəlmir. Çox nadir hallarda kişi məclislərinə getdiyini deyir. “Uzunmüddətli dostluq eləyə bilirəm. Amma kişi məclislərinə mənim ehtiyacım yoxdur. Belə məclislərdə yeyib-içmək olur, mənim də bununla aram yoxdur. Çox az halda intellektual söhbətlərə görə məclislərə gedirəm. Mən çox istərdim ki, bir xeyli evlərə gəlim, amma məni görməsinlər. Ailə mənim üçün çox maraqlı fenomendir. Axır vaxtlar kişi-qadın məsələlərindən çox yazıram, ona görə mənə maraqlıdır”.
 
“Hansısa mafiya insanları zombiləşdirib və onları soyur”
 
Filosof indinin toylarından baş açmır. Toya edilən dəvətlərə də heç vaxt getmir. Buna öyrəşən qohumlar artıq filosofa dəvətnamə göndərmirlər. “Qadınlara ehtiyacım daha çoxdur. Kimsə olardı ki, heç olmasa telefonla danışmaq, çay içmək olardı. Bunu sərbəst, azadlığı sevən qadın edə bilərdi. Bəzən mən qadını görürəm, fikirləşirəm ki, bununla ünsiyyət alınacaq, amma düşünürəm ki, onun ətrafında qohumları olacaq, artıq mən çəkilirəm. Məndə ümumiyyətlə qohumluq hissi yoxdur, mən onu başa düşə bilmirəm. Bilirəm ki, o rus, avropa qadını kimi sərbəst olmayacaq. Mənim yoldaşım məni o məcburiyyətdə qoymayıb. Məni ad günlərinə və digər yığıncaqlara getməyə təhrik eləməyib. Hətta çox vaxt tək gedib. Mən Azərbaycansayağı yaşamamışam. Ümumiyyətlə toya getmirəm və toyu ifrat bir şey sayıram. Özüm də uşaqlarım da toysuz evləndilər. Rəsmi nikah bağladıq, onunla da qurtardı. Mən hesab edirəm ki, hansısa mafiya insanları zombiləşdirib və onları soyur. İnsanlar onlara təslim oldular, amma mən təslim olmayacam. Qohumlar məni toya çağırmır, bilirlər ki, mən getməyəcəm”.
 
Dünya görüşü onu Azərbaycandan kənarda yaşamağa vadar edir, amma o getmir. Bunun səbəblərini sadalayır. “Mən cavan olsaydım, Azərbaycandan çıxıb gedərdim. Mən gedə bilmərəm, çünki heç kimə lazım deyiləm. Mənim yaşım çoxdur, dili bilmirəm. Nəvələr harda, mən orada olmalıyam. Mən getsəydim də, heç vaxt tək getməzdim. Mənim üçün vətən ailədir”.
 
Filosof həm də peşəkar kino tənqidçisidir. Amma son zamanlar kinoya baxmır. “Axşam yorğun olanda nə ciddi kitab oxuya bilirəm, nə ciddi filmə baxa bilirəm, nə də musiqi dinləyə bilirəm. Klassik musiqini çox yaxşı anlayıram. Əvvəllər çox qulaq asırdım, amma indi yorğun vaxtımda simfoniya dinləyə bilmirəm. İdmanı sevirəm. İdman mənə maraqlı gəlir. Futbol, basketbol, tennis oyunlarına baxıram. Səhər idamanı edib, gəzirəm”.
 
“İstəməzdim ki, məni küçədə tanısınlar”
 
Rəhman Bədəlov şöhrətpərəst olmadığını deyir. Yalnız bir istəyi var… “Mənim şöhrətpərəstliyim odur ki, mənim fikrimi kimsə işlətsin, heç bilməsin ki, mən yazmışam. Onun təsiri olsun, amma mənimlə bağlı olmasın. İstəməzdim ki, məni küçədə tanısınlar”
 
Şəhərdən və şəhərlilərdən danışırıq. Filosof düşüncələrini paylaşır: “Şəhərdə aqrar şüur var. Mən aqrar şüuru bir neçə il İçərişəhərdə yaşayan adamda da görürəm. Ola bilsin ki, bir nəsil gəlib bunu təmiz dəyişə bilər. Əsas odur, qohum-əqraba, başqası nə dedi, qonşu nə dedi, bu kimi suallarla məşğul olmayasan. Qadın-kişi münasibətləri də əyalət səviyyəsindədir. Bir-birini küncə sıxıblar, düşünmürlər ki, incidirlər. Həyat dəyişir, amma Azərbaycan kişisi çox çətinliklə dəyişir. Qadınlar dəyişməyə məcburdur və daha hazırdır. Qadının dəyişmə həvəsi var. Amma kişilər buna meyilli deyillər”. Deyir ki, əsəbidir, amma tez-tez özümdən çıxmır. «Qızım deyir ki, son illər mən daha dözümsüzəm. Ola bilər ki, bu belədir”. Psixikasının çox güclü olduğunu və bu halları tənzimlədiyini deyir.
 
Allah və ucuz inşaat materialları…
 
Dini görüşləri ilə maraqlanırıq. Müsahibimizin aqnostik olduğunu dəqiqləşdiririk. “Fransa prezidenti Mitiran demişdi ki, “Mən inanıram, amma nəyə bilmirəm”. Mənim durumum da təxminən belədir. Ətrafda olan inam mənim üçün çox gülüncdür. Mən bir dəfə ümumi hamamda eşitmişdim ki, “Allahıma çox minnətdaram, çünki mən inşaat materialları aldım, sonra qiymətlər qalxdı”. Bizdə şəxsi Allahlar var. Azərbaycanda inam son illər artıb, amma insanlar dəyişməyiblər. Mənim üçün bu çox qəribədir.
 
Mənim üçün din və Allahın varlığı önəmli deyil. Mən bu haqda heç düşünmürəm. Heç vaxt onu qəbul edə bilmərəm ki, kimsə məni idarə edir. Məni nəzarət eləyən qüvvəni başa düşə bilmirəm. Mənim üçün namaz qılıb, harasa düşəcəyimi düşünmək gülüncdür. Mənə əxlaqlı olmaq üçün dayaq lazım deyil. Mən ona görə əxlaqlıyam ki, bunu özüm seçmişəm”.
 
Sevinc Vaqifqızı
 
Bizim yol qəzeti
Yuxarı