post-title

Azərbaycan "ziya(n)lısı" adlanan varlığın nurlanma mərhələlərinə kiçik bir baxış

Dostlar, dünən Ərəstun bəyin facebook statusunda ziyalılar haqdakı fikri məni düşündürdü – doğrudan da necə edək, hansı yolla insanlarımıza bizim „ziya(n)lı“ adlanan varlıqlarımızın kim olduğunu çatdıraq? Söz ilə çatdırmaq olmur – bunu anladıq, illərcə deyilsə də mümkün olmadı. Düşündüm ki, bəlkə bu varlığın zəruri həyat protokolunu ezoterik təlimlərlə tutuşdurub, qavranmağı rahat olsun deyə sadə qrafika ilə təsvir edəlim?

 

 
 
Hinduizmin çakra sistemindən xəbəri olanlar yəqin ki, bu qrafikadakı təsviri çox rahat anlayar. Bu sistemə görə insan varlığının 7 əsas energetik nöqtəsi var və insanın nurlanmasının mümkünlüyü enerjinin aşağıdan yuxarıya pillə-pillə qalxması ilə bağlıdır. Ən aşağı çakra Muladhara olub cinsəl orqanlarla, həyatın özülü ilə bağlıdır, ən yuxarı çakranın isə ismi Şahasrara (diqqət ediniz lütfən: kökü Şah kəlməsindən gəlir) olub artıq ən yüksək sferalara, göylərə ucalma, somathi (bir növ hinduizmin nirvanası) ilə bağlıdır. Bundan aşağıdakı çakralar müvafiq olaraq Acna (iki qaşın ortasında, beyin nahiyəsində yerləşir) ail şüuru ehtiva edir, ondan aşağıdakı Vişuddha (boğaz çakrası) rasional məntiqi təfəkkürü, oradan aşağıdakı Anahata (qəlb çakrası) empatini, hissləri ehtiva edir, bir qədər sonra gələn Manipura (göbək çakrası) isə qarını, bundan başqa özünəinamı ki, bizdə əslində bu qarınla çox bağlıdır, hakim hissləri (bu da eləcə) ifadə edir, sonra gələn Şvadhisthana çakrası isə arzular və həzz ilə bağlıdır.
 
Hinduist sisteminə görə bu çakralardakı enerji aşağıdan yuxarı qalxdıqca seksual-tutqun rəngini tədricən dəyişir, qarln və hisslər, sonra rasionaldan keçərək, getdikcə işıqlanmaya yaxınlaşır və sonda 7-ci, ən vacib çakra açılır və kosmosla, ail şüurla kontakt baş verir.
 
Eyniylə də bizim „ziya(n)lı“ adlanan varlıqlar da bu mərhələni keçir – baza kimi yaltaq və təlxək olmaq gərəkdir, bu da həyatın özülüdür. Sonrakı ilk addım onlara “ilham verir” və onlar “arzulara” dalırlar, Manipura isimli qarın mərhələsinə çatanda artıq yetkinləşmənin ilk təzahürləri görünür. Bütün bunlar yuxarıda bəhs edildiyi kimi kifayət qədər tutqun enerji ilə müşayiət edilir, bu mərhələlərdə yetişməkdə olan ziya(n)lı kifayət qədər ağır dövrünü yaşayır, “ağsaqqal” olmaqçün aftafatutanların çox qəddar rəqabətinə rəşadətlə davam gətirib bu yolda olmazın  iztirablar keçirir və təşəkkül tapır. Bu mərhələdə ümumi “minusovka” hələ ki, yaltaqlıq olsa da, bəzən, xüsusilə əgər Az.TV-yə çıxış olarsa ciddi fikirlərlə də müşayiət edilə bilər (tipa “92-də gəlmişdilər də… küçəyə çıxa bilmirdik… ” və s.). Sonrakı mərhələlərdə tədrici “nurlanma” baş verir, açıq-aşkar yaltaqlığa ehtiyac olmasa da hərdən-birdən xarakter olaraq çıxa bilər, tədricən “ağsaqqal”in formalaşması baş verir. Bu varlıqlarda yuxarı mərhələlərdə əvvəllər hətta (əlbəttə ki, əbədi susan) deputat olmaq şansı da olub – malesef indi praktiki olaraq bu mümkün deyil. Lap yuxarı mərhələlərdə keçilmiş yolun ağır və mürəkkəb olduğunu nəzərə alaraq, xarakterdən və situasiyanı anlamaqdan asılı olaraq (göylərlə kontakta girən çakranın işə düşməsi ilə feodal protokolunu adekvat dəyərləndirmənin itməsi sindromu) “ziya(n)lı” nəyisə çaşdırıb “susmuşuq-falan” da deyə bilər və bu zaman çakraların normal funksiyası pozula bilər.
 
Səbəblərdən asılı olaraq, bu sindrom kəskin gedişli və ya illər ərzində yavaş inkişaf edə bilər. Simptomlar isə ağa tərəfindən baxımsızlıq, diqqətsizlik, fikir verilməməsi, hakim dairələrdən iqnor, torpaq sahəsinin alınması və s., nəticədə “bədəndən” tamamilə uzaqlaşdırılma, “blatın” azalması, yuxusuzluq və zəiflik, depressiya, bədən kütləsinin artması və buna müvafiq olaraq tərs “ictimai açıqlama”dır.
 
Ziya(n)lıda göylərlə kontakta girən çakranın (Şahasrara) işə düşməsi ilə feodal protokolunu adekvat dəyərləndirmənin itməsi sindromunu aşkarlamaq hakim təbəqə üçün çətinlik törətmir. Diaqnoz adətən, kliniki əlamətlərə görə qoyulur və laborator müayinələrə əsasən təsdiqlənir. Müalicə demək olar ki, hər zaman uğurlu keçir və çakraların funksiyası bərpa olunur. Tətbiq edilmiş müalicənin qeyri-effektivliyi zamanı əlavə müayinə aparılmalı və müalicə əlavə stimullar şəklində (yeni adlar, yubiley, vəzifə, mandat, yeni mənzil və s.) korreksiya edilməlidir.
 
Bütün bu proses zamanı “ziya(n)lı” üçün ictimai mənada heç bir əlavə simptomlar yaranmır, əksinə bu ”ziya(n)lı”nın yükünün artmasına da xidmət edir.
 
Elmir Mirzəyev
 
Kultura.Az
Yuxarı