post-title

Mən kiməm?

Mən azərbaycanlıyam. Əlbəttə buna Azərbaycanda yaşayan, özünü bu xalqın dili, adət-ənənəsi, musiqisi, incəsənəti, mədəniyyəti, tarixi ilə identifikasiya edən hər bir şəxs iddia edə bilər. Azərbaycanlıların mövcud olduqları vaxtdan indiyə kimi keçən bir dövrdə onların yaşadıqları ərazilərdə hökm sürən istimai-siyasi proseslərin təsiri ilə formalaşan milli dəyərlərin tamlığına yalnız Azərbaycanda yaşayan əhalinin böyük bir hissəsində rast gəlmək olar.

 

Tarixdən də məlumdur ki, indi azərbaycanlı deyilən xalqın yaşadığı coğrafi ərazi əvvələr bir-neçə dəfə böyük olmuşdur. Sonralar regionda baş verən siyasi proseslərin nəticəsində bu xalqın bir hissəsi başqa dövlətlərin təsiri altına düşüb mənəvi cəhətdən hərtərəfli deformasiya olunmuşlar. Məsələn, Gürcüstanda və yaxud İranda yaşayan azərbaycanlı ilə Bakida yaşayanı eyni mütsəvidə müqayisə etmək mümkün deyil.

Bəs başqa xalqların siyasi iradəsinə tabe olan bu azərbaycanlılar özlərini necə identifikasiya etməlidirlər? Onlar üçün azərbaycanlı idealı varmı?

Öndə onu demək lazımdır ki, insanda ümumiyyətlə milli identifikasiya dəyərləri anadangəlmə mövcud olmur. Bu keyfiyyətlər həyat boyu insanın sosial əlaqədə olduğu başqa insanların təsiri altında formalaşır. Milli identifikasiyanın tərkib hissəsi olan sosial özünüqiymətləndirmə hissiyyəti insanların malik olduğu sərhəd şərtləri daxilində yaranır. Xaricdəki azərbaycanlılar üçün bu şərtlərə Azərbaycan və onun ərazisində yaşayan xalqın mənsub olduğu mədəniyyətin təsiri böyükdür.

Mənim uşaqlıq vaxtımdan arzum böyüyəndə Bakıya gedib, təhsil almaq və bir-çox həmyerlilərimin etdiyi kimi orada qalıb, çalışmaqdan ibarət idi. Buna görə də, kiçik yaşlarımdan getdiyim azərbaycanlı məktəbində Bakıdan gətirilən kitablar əsasında Azərbaycan dili, ədəbiyyatı haqqında məlumat alır, gələcək şans üçün daha yaxşı hazırlaşmağa çalışırdım. Bu istək gürcülərin bizə, Gürcüstanda yaşayan azərbaycanlılara olan mənfi münasibəti ilə daha da güclənirdi. İndi Azərbaycanlılara “qardaş” deyən millətin 20 il bundan əvvəl Tbilisi bazarlarında göyərti satıb, evlərinə qayıtmaq istəyən, əllərində vedrə, arxalarında “çuval” olan qadınları viro tatrebi (eşşək tatar) deyərək hay-harayla avtobusdan çölə atmaları heç vaxt gözümün qabağından getməyəcək. Mən indi çox “şadam” ki, gürcü milləti belə ağıllanıb və bizə qarşı münasibətləri dəyişib (?). Təki hər şey artan xətt üzrə getsin, onda bəlkə orada yaşayan azərbaycanlıların sosial problemləri nisbətən azalar. Gürcüstanda bizə olan münasibətin əsasında öncə bizim özümüzü qiymətləndirmək hissi, bizim həyat tərzimiz, sonra isə gürcülərlə qarşılıqlı münasibət durudru. SSRİ vaxtı milli zəmində problemlərin törədilməsinə yol verilmədiyindən gürcülər onların dövlətlərinin sərhəddi daxilində qalmış bu yiyəsiz “tatarların” nə vaxtsa çıxıb vətənlərinə (?) gedəcəklərinə inanaraq, yalnız onları təhqir etməklə kifayətlənirdilər. Gürcüstanda orta məktəbi bir az babat qurtaran azərbaycanlı gənclər isə dabanlarına tüpürüb ya Azərbaycana, ya da Rusiyaya üz tuturdular. Yerdə qalan “ bisavad xalq” əsasən kənd təsərrüfatında çətin zəhmətə qatlaşıb gürcü millətinin qarnını doydurmaqla məşğul idi. Onların bu çətin həyat tərzindən nə rus və ya gürcü dilli televizora baxmağa (onsuz da böyük kütlə bu dilləri bilmirdi), nə də qəzet oxumağa macalları qalırdı. Hələ burada mədəni istirahətdən belə söhbət gedə bilməzdi. Zəhmətlə çalışan xalqın həyatında baş verən hadisələrin  ən yüksək pilləsi toylardan ibarət idi. Burada da Azərbaycanda olan “yeniliklər” transfer edilir, bəzi hallarda isə daha da zənginləşdirilirdi. Gürcülər isə bu “şənliklərə” baxaraq “tatarlar qudurub” deyə gileylənirdilər. Ancaq “dil içərisində dil bəsləyən” həmyerlilərim bilmirdilər ki,  Sovet vaxtının ömrünün başa çatması ilə bu gözəl həyatın da axarı çatacaq, “yığışın gedin vətəninizə” deyən gürcü siyasətçiləri meydana gələcək.

Bəs bu vətənlə onları nə bağlayır? Hansı vətəndən sohbət gedir? Onları orada gözləyirlərmi?  Əlbəttə ki, yox.   Uzun müddət gürcülərin təzyiqi altında yaşamış əhalinin düşüncə tərzi ilə, öz torpağında yaşayan, rusların, yəhudilərin, ermənilərin və onlara oxşamaq istəyən, təhrif olunmuş mədəniyyətə malik multi-kulti cəmiyyətin üzvləri olan azərbaycanlıların yaşadığı paytaxtdan gələn yüksək mədəniyyət təzyiqi altında formalaşmağa cəhd edən əsl azərbaycanlılar arasında böyük fərq əmələ gəlmişdir. Biri  gürcü şovinizminə qarşı mübarizə aparan, öz dilini, dinini itirmək istəməyən, digəri isə “Bakılıların” qarşısında malik olduqları milli dəyərlərə görə xəcalətdən şəhərə belə fırlanmaq cəhdindən yayılanlar idi.

Vətən məhəbbəti

Məktəbi qurtarandan sonra nəhayət ki, mənə Bakıya getmək qismət oldu. Fikirləşdim ki, artıq həsrətində olduğumuz, “müasir musiqisini” səsyazma studiyalarında gizli əldə etməyə can atdığım bir məmləkətin başkəndinə gəlmişəm, o gürcülərin sifətini bir daha görməyəcəyəm. Belə gözəl duyğularla təhsilə başlayan vaxtı, sonralar bizləri (yəni gürcüstanlıları) Qraz adlandıracaqları heç ağlıma da gəlmirdi. Amma bir-birinə çüşka adı verənlərdən bunun gözlənilməsi labüd idi. 90-ci illərin əvvəlində Bakı əhalisinin strukturunun dəyişilməsinin şahidi olaraq,  ürəyimdə kənddən gəlib şəhər mərkəzində gözəl evlərə sahib olanlara “həsəd” aparırdım. İstərdim ki, mənim də başımın üstündə damım olsun, “propiska” problemim olmasın. Yoxsa gənc mütəxəssis kimi icra hakimiyyətində aylarla propiska dilənməkdən zəlil olmuşdum. Orada  bir illik qeydiyyat üçün sərəncam verilməsinə nail olana qədər başımıza elə oyunlar açılırdı ki, ondan sonra vətəni sevməmək günah olardı. Biz (gəlmələr) vətəndə əzilib suyu çıxarılandan sonra onu daha çox sevməyə başlamışdıq. Çünki, döyən də özümüzünküdür, söyən də.  

Bakıda yaşadığım müddətdə, xaricdə yaşayan xalq üçün etalon rolunu oynayan cəmiyyətin üzvləri, davranışı, düşüncəsi ilə yaxından tanış olduqca mənim hansı mənşəyə malik olduğum aydın olurdu. Dalınca söydüyüm gürcülərin həyat tərzi, Tbilisidəki abu-hava, yaşadığımız evin yaxınlığındakı instituta gedib-gələn tələbələr keçirdi gözümün qabağından, onda apara bildiyim balaca müqayisədən o qənaətə gəlirdim ki, biz azərbaycanlılar layiq olduğumuz səviyyəyə malikik. O dövrdə, elə indi də, Azərbaycanda mövcud olan rayonlu, bakılı, gəlmə kimi kateqoriyalara aid olan insanların sosial həyatında ümumi bir tərəqqi etmək inqilab kimi bir şey idi.

Almaniya həyatı

Xaricə getmək imkanı əlimə düşdükdən sonra ailə, uşaq, vətən, millət, hamısını qoyub, tüpürdüm dabana. Dedim gedərəm almaniyaya, oralar deyilənə görə cənnətdir. Orada pulları vedrə-vedrə yığırlar, heç olmasa maddi problemlər həll olar. Bu minvalla gəldiyim ölkədə də, sonarlar məlum oldu ki, buradakı cənnət elə almanların özlərinin yaratdıqları bir möcüzədir. Yad bir cəmiyyətə düşmüş, özünün azərbaycanlı olduğunu əməlli-başlı dəyərləndirə bilməyən, vətənində gürcü, qraz adlandırılan bir şəxsin, yeni cəmiyyətdə üzərində əlavə olaraq, Azərbaycan millətinin təmsilçisi kimi böyük bir məsuliyyət də peyda oldu. Bu tələb bir yandan səfirliyin, digər tərəfdən alman cəmiyyətinə sığınmış, zəif sosial bazaya malik insanlardan topalanmış diaspora deyilən bir qurumun millət üçün gördüyü təşviqat işlərinin təsiri altında baş verən hay-küylə daha da güclənmişdir. Təmsil edəcəyim vətəndə isə hal-hazırda hökm sürən, bir tərəfdən uzun müddət pusquda durmuş, öz macalını gözləyirmiş kimi şəhərə hücum edən kəndlilərin, digər tərəfdən  öz əvvəlki “gözəl güzəranını” itirməkdə olan rusdilli azlıqların sosial problemləri ilə şərtlənən müasir Azərbaycan mədəniyyətinin verəcəyi mənəvi dayaq sıfıra bərabərdir. Müasir libasa geydirilmiş orta əsr mədəniyyəti və yadelli mədəniyyətlərinin təsirindən formalaşmış bir cərəyanın toqquşması fonunda əmələ gəlmiş xaosdan bəhrələnmək olduqca çətindir.

Almaniyaya gəldiyimdən sonra əvvəllər malik olduğum “tatar”, “qraz” damģalarına, burada inkişaf etməkdə olan ölkədən gəlmişlərə ünvanlanan Auslender sözü də əlavə olundu.  Gəl sən bu mənəvi təzyiq altında elmlə məşğul ol, bu almanlara sübut et ki, Azəbaycanda da elm var, orada da mühəndislik oxumaq olarmış. Milli dəyərlərdən söz düşəndə alman həmkarlara bizim mədəniyyətdən söhbət açmaq üçün isə haradan başlayıb harada qurtarmağı təyin etmək asan deyil. İnkişaf etməkdə olan ölkədə mövcud olan həyat və təhsilin səviyyəsi “Avropa standartlarına” uyğun gəlmədiyindən söhbət üçün kürü, neft, bizi əzmək istəyən rus siyasəti kimi mövzulardan başqa bir şey qalmır. Ermənilər tutduğu torpaqları boşaltmasalar biz məsələni müharibə yolu ilə (!) həll edəcəyimizi deyəndə, mənə əlində “kalaşnikov” tutmuş vəhşi taliban döyüşçüsü kimi baxırlar, yəni ki, “heç XXI əsrdə də müharibədən danışmaq olar, gör siz necə vəhşi xalqsınız!”. On ildən çoxdur ki, hər dəfə düşdüyüm sohbətlərdə azərbaycanlıların Gürcüstana necə getmələrinə (?) və bu yüksək intellektə malik xalqın yerini dar etmələrinə aid almanların suallarına cavab verməkdən isə lap təngə gəlmişəm. Addımbaşı verilən “haralısan?“ sualına “Azərbaycanlı” deməkdən, artıq mənim kim olduğum da inkar olunmazdır. Mən istəsəm də, istəməsəm də azərbaycanlıyam. Bilmirəm bununla fəxr edim, yoxsa qəhr.

Dr. Rezo Əliyev (Almaniya)

Yuxarı