post-title

Ciddi oğlanlar

Yəqin bu mənzərə çoxunuza tanış gələcək. Şəhərdə küçə ilə gedərkən uzaqdan “Qurdlar vadisi” seriyalının qəhrəmanı Polad Ələmdardan bərk təsirlənmiş bir gənc düz sənin üstünə gəlir. Ola bilsin, Polad Ələmdardan da yox, məsələn, bu adam “Oğru aləmi” seriyasından olan kitablardan oxuyub və özünü “vor v zakone” kimi aparmaq istəyir. Nədənsə, belələri həmişə mənim bəxtimə, rastıma düşürlər.

 

Hə, gəlir düz sənin üstünə! Baxırsan ki, bu gənc qarşısındakına yol vermək naminə bir qarış da qırağa çəkilmək istəmir. Halbuki, belə hallarda  qəfil qarşı-qarşıya gələn normal adamlar eyni zamanda bir-birinin qarşısından yarıbayarı çəkilirərək heç bir toqquşma yaratmadan ötüb keçirlər.  Ancaq bizim bu (“vor”) “Polad Ələmdar” çox ciddidi, heç kimin qarşısından çəkilməz! Qarşısından tam çəkilməyəni ən azı çiyni ilə vurub özünü enlikürək göstərməyə çalışmalıdı. Kiməsə yol vermək, kiminsə üzünə gülümsəmək onlarda “za podlo” sayılır. Ona görə yerli “Polad Ələmdar”ımız  qarşınıza çıxarsa bəri başdan bilin ki, o, heç vaxt kənara çəkilməyəcək. Ayaqlarının altında qalmamaq üçün bəri başdan özünüzə gün ağlayın.

Bəs belələrini uzaqdan necə tanımalı? Əvvəla, onu deyim ki, bu tip gənclər həmişə başlarını dik tutaraq irəlidəki hansısa qeyri müəyyən nöqtəyə baxırlar. Əl-qol hərəkətlərinə  ciddi idmançı jestləri qatmaq istəsələr də yerişləri əttökən və əsəbqaldıran olur. Çox vaxt Amerika filmlərinin gözü eynəkli killerlərinin də parodiyasını yaradırlar. Ömürlərində bir toyuq başı kəsməsələr də özlərini baş kəsməkdən yenicə dönən adam kimi aparırlar.

Yerli “Polad Ələmdar”lar ictimai yerlərdə həmişə özlərini asayişin könüllü keşikçiləri bilirlər. Belələrinə şəhərin hər tərəfində rast gəlmək mümkündü. Çünki şizofreniyanın bir növü olan bu xəstəlik həm də yoluxucudu. Onlar bəzən metro vaqonlarının bir tərəfində durub hamıya nəzarət eləyir. Hərdən içəridəkilərin hamısını öz “zəhmli” baxışları altında əzməklə məşğul olur. Özü də xəstə olan cəmiyyətimiz  belələrindən həqiqətən çəkinir və qorxur.

Onlar hər bir söhbəti islam şəriətinə uyğun “xırdalayırlar”. Bu “vor zakonlar”ın beynində elmdən, mütaliədən bir toz da yoxdu. Onlar əlində kitab-qəzet tutan adamlara nifrət eləyirlər. Ən sevimli məşğuliyyətləri hansısa saqqallı adamdan hədis eşitməkdi. Öz “razborka”larında bu hədislərdən gen-bol istifadə edir, qarşıdakını ərəb imamlarının məsəlləri və adları ilə qorxudub zor-xoş haqsız çıxara bilirlər. Qarşıdakına ən çox “burda xalxın ana-bacısı var” kəlməsilə təzyiq eləməyi xoşlayırlar. Çürük, sarsaq hərəkətlərinə dini ya da adət-ənənə  mənaları verərək özlərinə mərifətli oğlan imici yaratmağa çalışırlar. Özlərini müdrik, hər şeyi bilən, elmli, lazım olarsa arxalı, bütün vəzifəliləri tanıyan ağzıdualı adam kimi göstərirlər.

Bu “Polad Ələmdar”ların vəzifəli adamlara qulluq göstərmək, onların yolunda canlarını qurban vermək kimi şakərləri də var. Vəzifəli adam görəndə özlərini yığışdırar, mərifətli oğlan adı altında, hətta, əllərini aşağı salarlar. Onlar vəzifəli şəxslərə mərifət və qanacaq donu altında yaltaqlanar, başmaq cütləyərlər. Fağır və kimsəsiz adamların üstünə şahin kimi şığımağa daima hazırdılar.

Bu “vor zakon”ların bir şakərləri də var. Kiminsə üzünə gülümsəməyi özlərinə sığışdırmasalar da polis görən kimi o dəqiqə üzlərində təbəssüm yarana bilir. Nə ola, polisin onlardan nəsə  soruşmasına baxaydınız! O ciddi, kəskin sifətlərin necə məsum bir dəriyə çevrilməsini görəydiniz! Polisin təpinib təhqir etdikcə öz hüquqlarından necə bixəbər olduqlarının şahidi olaydınız! İnanın ki, sizə zor ləzzət eləyərdi!

Bu ciddi oğlanların ən uzağı içib kimisə bıçaqlamağı mövcuddu. O da niyə? Çünki belələrinin psixikası həmişə laxlamış halda olur və gərgin vəziyyətdə özlərini kimisə bıçaqlamaqdan saxlaya bilmirlər. Lakin ayılandan sonra kimə desən yalvarmağa hazır olurlar.

Əminəm ki, bu yazını oxuyandan sonra onlara daha çox rast gələcəksiniz.

Murad Köhnəqala

Gündəlik Teleqraf

Yuxarı