post-title

İşin ustası - memar Yaşar Babayi: Bakıdakı söküntülərlə razıyam.

"İşin ustası" rubrikasının bu dəfəki qonağı memar Yaşar Babayidir. Əslən cənublu 1980-ci ildə Təbrizdə anadan olub, 2004-cü ildən Bakıda yaşayır. Bakalavr təhsilini Dövlət Rəssamlıq Akademiyasının Memarlıq fakültəsində, magistr pilləsini isə Dövlət İnşaat-Mühəndislik Universitetinin Memarlıq və Şəhərsalma ixtisası üzrə bitirmiş, Bakıda və ölkənin başqa şəhərlərində inşa olunan müxtəlif binaların layihəsinin müəllifidir.

 

Yaşar, sən bayaq dedin ki, Təbrizi 2004-cü ildə tərk etmisən. Səkkiz ildir ki, Bakıda yaşayırsan. Təbrizi ən son necə görmüşdün? Şəhərin arxitekturasını necə xatırlayırsan? Ümumiyyətlə Təbrizin çağdaş memarlığı haqqında fikrin nədir?

Bəlkə də sizə qəribə görünəcək, amma Təbrizin memarlığı – istər səkkiz il əvvəl, istərsə də bu gün - ABŞ, daha dəqiq desəm Chicago memarlıq məktəbinin pis, primitiv təkrarıdır. Yeri gəlmişkən, Chicago məktəbi də Avropa memarlıq ənənələrinin davamı hesab olunur. Bu məktəb, Chicagoda Bauhaus məktəbindən sonra yaranıb. Təbrizdə və ümumiyyətlə bütöv İranda bu məktəb kor-koranə təqlid olunur. Düzdür ABŞ, Chicago kimi gurultulu sözlərdən sonra sizə elə gələ bilər ki, Təbriz Qərb şəhəridir. Xeyr, Təbriz qapalı, tipik Şərq şəhəridir. Bakıdakı kimi, məhəllə həyatının dominant olduğu bir şəhərdir. Lakin bütün bunlara rəğmən, Təbrizdə Qərb, Avropa həyatına meylliliyin izləri də aşkardır. Məsələn bizim Təbrizdəki evimizin pəncərələri az qalsın yerdən tavana qədər hündürlükdədir. Qaranlıq düşəndə atam evdə dava salırdı ki, işığı söndürün, ya da jalüzləri aşağı salın. Ay kişi niyə? Bəs, qonşular evin içini görür. Onda nə üçün belə hündür pəncərələr tikirdin? Bax, bu sualın cavabı yoxdur. Çünki təqlid özü şüursuz təkrardır, kopyadır. Bakıda heç olmasa səmimidirlər. Məqsəd dünyadan gizlənməkdir. Amandır heç kəs məni görməsin. Qərb insanının rahatlığı yoxdur bizimkilərdə. Məsələn müştəri gəlir ki, pəncərəmi quş gözü boyda layihələndir. Super villa, amma yarım kvadratlıq pəncərələr(!) Absurddur bu! Təbrizlilər isə böyük pəncərə istəyirlər, amma yenə də qonşudan narahat olurlar.

Bəs Təbriz və Bakı şəhərlərinin memarlıq quruluşunu keçmişdə və müasir dövrdə necə müqayisə edərdin?

Təbriz həm bir şərq şəhəri kimi və həm də bir müasir şəhər kimi daha zəngin ənənələri və funksionallığı özündə əks etdirir. Ola bilsin Bakı bu gün zahirdə daha müasir və Avropalı görünsün, amma Təbrizdə şəhər obrazı daha güclüdür. Təbii bu da şəhərin yaranma tarixindən çox asılıdır. Demək olar ki, Baki şəhəri neft bumundan sonra yaranmağa başladı və inkişaf tempi anormal sürət ilə baş verdi. Kapitalist və sosialist cərəyanlarının da Bakının formalaşmasında gözə çarpacaq təsiri olubdur. Amma şəhər təkcə binalardan ibarət deyil. Şəhərdə nəqliyyat, kommunal və kommunikasiya sistemi bədəndəki damarı əvəz edir. Bu isə Bakıda hələ sovet dövründə də problem olub. Baxmayaraq ki, o zaman şəhərin inkişafi üçün perspektivli baş plan da nəzərdə tutulmuşdu. Təbrizdə demək olar ki, bu problemlər daha az gözə çarpır. Amma Təbrizin də problemləri az deyil. Bakının quruluşu həm kapitalizm, həm sosializm dövrlərinin eklektikasıdırsa, Təbriz əsl şərq ənənəsidir. Sonucda demək olar ki, hər iki şəhər məhəllə həyat tərzilə oxşardırlar.

Məhəllə həyatı demişkən. Təbrizdə və Bakıda dominant olan məhəllə kültürünün fərqləri nələrdir səncə?

Birmənalı olaraq demək olar ki, mahiyyətcə məhəllə həyatı Azərbaycanda da, İranda da və istər lap Ərəb ölkələrindədə eynidir. Ancaq müəyyən amillər var ki, məhəllələrin yaranmasına təsir edir və fərqlərin yaranmasına səbəb olur. Bu amillərin təsirini təbii şərait, iqtisadi, siyasi, dini və pisxoloji zəmində izah etmək olar. Qədim Bakı İçərişəhərdən ibarət olub, Təbriz isə keçmişdə 6 darvazadan və hər biri təxminən İçərişəhər boyda 11 böyük məhəllədən ibarət olub. Bu məhəllələr də özlüyündə hissələrə ayrılıb. On bir məhəllə məntiqli şəkildə Bazar məhəlləsi ilə birləşib və özlərinə məxsus quruluşa və memarlıq üslübuna malikdirlər. Təbriz  əsasən sənaye, ticarət və istehsalatla məşğul olduğu üçün məhəllələrin inkişafı və əsasən yaranması da bu zəmində baş verib. Bakıda isə əsas inkişaf neftlə bağlı olub. Bakıda yaranan məhəllələri gecəqondu adlandırmaq olar.

Azərbaycan memarlığını ümümən dörd məktəbə bölmək olar: Aran, Şirvan, Təbriz və Naxçıvan məktəbləri. Təbriz məktəbi öz zərifliyi, mühəndis həlləri və kompozisiya həllinə görə seçilir. Bakıda isə Şirvan məktəbi ənənəvi olub. Bu məktəbin də ən səciyəvi nümunəsi Şirvanşahlar sarayıdır ki, o da elə gecəqondu üsulu ilə tikilib. Portallardan başqa heç bir incəlik gözə dəymir və insan faktoru ən sonuncu sıralarda dayanıb. Belə memarlıq ən yaxşı halda Misir memarlığını yada salır. Misir memarlığında da əsas məqsəd rəiyyəti yükləmək və vahimiyə salmaq olub, elə ona görə də bütün möhtəşəmliyinə rəğmən klassika sayıla bilməyib. Təbriz məhəllələrində gözə çarpan xüsusiyyətlərdən biri də imarətlərin yaxud evlərin layihələndirməsində həyətlərdəki çaharbağ və hovuzların nəzərdə tutulmasıdır.

Deyirsən Təbrizin indiki memarlığı ənənəyə uyğun deyil? Bəs bu yaxşıdı, yoxsa pis? Bakıda vəziyyət necədi?

Deməzdim Təbrizdə memarlıq ənənəyə tam uyğun deyil, amma boşluqlar çoxdur. Məncə memarlar şəhərin mədəni həyatında inqilab etməyə qadirdilər, yəni ənənələri dəyişə bilərlər və bu Təbrizdə də lazımdır. Əslində memarlıq yeganə incəsənət növüdür ki, bütün insanlar onu izləməyə iri miqyasda məhkumdurlar. Biz hamını öz tamaşaçımız edirik. Bizim işimizi görmək istəmirsənsə çölə çıxma, amma unutma ki, yenə də həmin binanın içindəsən. Memarlığın həm də insan pisxologiyasına ciddi təsirləri var lap müsiqi kimi. Siz Bakıda İçərişəhər metro stansiyasından Nizami küçəsindən keçməklə 28 may metrosuna qədər olan məsafəni  yorğunluq hiss etmədən hər gün qət edə bilərsiz. Əslində məsafə çoxdur, sadəcə mühit sizi yorulmağa qoymur və adrenalini artırır. Amma həmin eksprimenti Bakının hansısa bir mikrorayonu yaxud qəsəbəsində misal üçün Əhmədlidə aparsan bir az məsafə qət etmədən ruhun və cismin sıxılacaq və ən qısa zamanda oradan tez qaçmaq istəyəcəksən. Bakıda Təbrizlə müqaisədə vəziyyət nisbətən üyğundur. Bakı müəyyən zaman bazasında öz memarlığında inqilab etməyə çalışıb və hardasa alınıb. Amma buna da ənənələri pozmaqla nail olub. Bakının vaxtı ikən tikilən, gözəl binaları əslində Avropa romantizminin gözəl nümunələridi. Düzdür sovet vaxtı Mikayıl Hüseynov şərq romantizminə nail olmağa çalışıb amma o da klassik qanunlara əsaslanaraq. Ancaq indi Bakıda dərəbəylik və tərbiyəsiz memarlıq baş alıb gedir. Richard Meier - məşhur Amerikalı memar deyir ki, “Bir şəhərdə eyni tipli binaların tikintisi, hansısa siyasi sistemin təzahürüdür”. Sovet dövründə də belə idi. Stalinka, Xruşevka və bu kimi proyektlər sosializmi əks edirirdi. Bu gün isə Bakıda korkoranə memarlıq və keçmişi əks etdirən elementlər bir növ feodalizmi xatırladır. Bir başqa problem isə yaradıcı azadlıq problemidir. Yəni sən bir mütəxəssis kimi bəlkə 3-cü plandasan və hansısa axmaq və savadsız bir imkanlı ağanın istəyini həyata keçirməlisən. Yəni Bakının bu günkü simasında memarları da çox günahlandırmaq olmaz.

Bakıda məhəllələr dağıdılır, əhali pərən-pərən salınır. Kubinka, Sovetski, Papanindəki subkulturalar dağılır. Son nəticədə baş plana görə söküləcək hamısı. O insanlar da bütün Bakıya yayılacaq. Bu söküntülərin siyasi, mənəvi, hüquqi tərəfini qoyaq bir kənara. Bəs praktiki olaraq necə? Səncə sökülməlidirmi?

Bəli, məni bu söküntülər qane edir. Le Corbusienin dəvamçısı  sayılan və məktəb sahibi olan memar, Rem Koolhaas (OMA firmasının prezidenti və yaradıcısı), şəhərlərdəki aparılan söküntüləri məntiqli şəkildə əsaslandırır və öz məşhur kitabi “S.M.L.XL “-də belə bir yanaşma ilə bu mövzünü izah edir ki, binanın tikilmə tarixindən asılı olmayaraq, hər bir binanın təyinatını nəzərə alaraq, bu binanın şəhərə və ümumən şəhər sakinlərinin rifahinı və komfortunu təmin etmək dərəcəsini əsas tutaraq, yararsız binalar və tikililər mütləq sökülməli və torpaq bu binaların əsarətindən azad olmalıdır. Paris şəhərinin siması səhv etmirəmsə 1853-1869-cü illərində məşhur Hausmann planı əsasında alt-üst edildi və şəhərinin dar, yararsız küçələri sökülərək, iri prospektlər və möhtəşəm bulvarların salınması ilə tamamən yeniləndi. Bakı məhəllələrinə gəldikdə isə qeyd etdiyim kimi bu məhəllələr gecəqonduların məhsuludur və heç bir müasir şəhər normalarına cəvab vermir. Şəhərsalma nöqteyi nəzərindən bu söküntülərlə tam razıyam ancaq burada məni narahat edən sual budur ki, yeni layihələr və tikintilər necə aparılacaq və kimlər bu tikintilərdə məskunlaşacaq. Sən dağıdırsansa, təklif etdiyin yeni yer elə gözəl olmalıdır ki, köhnə müqavimət göstərməsin.

Sən tutaq ki, Təbrizin memarlığında söz sahibi oldun. Necə görmək istərdin oranı?

Mən istərdim Təbrizin mənasız məhəllə həyatı ilə köklü və əsaslı mübarizəyə girişim. Zatən dissertasiyamın mövzusu da bu haqdadlr. Təbrizin iqlimin, relyefini və landşaftını nəzərə alsaq ilk baxışda hiss olunur ki, şəhərin üfüqi istiqamətdə inkişafinin bazaları artıq tükənib və şaquli inkişafa ehtiyac duyulur. Məncə Təbrizdə məhəllə həyatını “City Tower” və “Smart house” kimi yeni anlayışlarla əvəz olunmalıdır. Qoy məhəllələr şaquli tikilsin ancaq daha komfort və mədəni mühitə malik olsun. Mənim təklif etdiyim layihə nümunəsində ancaq Təbrizin məhəllələrindəki evlərin, fərdi həyət anlayışını tətbiq etmişəm yəni hər mənzilin ən yüksək mərtəbələrdə belə özünə məxsus həyətyanı sahəsi olsun, bu isə təbiəti yaşayış sahəsinə gətirməkdir ki, müasir şəhərlərdə əsas problemlərdən biri sayılır. Yeni binalar mütləq mədəni, ictimai və əyləncə sahələrinə malik olmalıdır və üstəlik intellektual sistemlərlə idarə olmaqla yanaşı öz enerjisinə olan tələbatı ekoloji təmiz sayılan günəş və külək kimi mənbələrdən təmin etməlidir. Təbrizdə bunun üçün elmi baza var.

Söhbətləşdi Firudin Allahverdi

Kultura.Az

Memar Yaşar Babayinin bəzi layihələri:

Yaşayış kompleksi

Yaşayış kompleksi

 

 

 

 

 

 

 

 

 

İnteryer

 

Tabriz Airport

 

"İşin ustası" rubrikasının ötən qonağı rəssam Gündüz Ağayev

Yuxarı