post-title

Bakının ölümü

Mən Təbrizi görməmişəm, amma o şəhəri sevirəm. Görmədiyim şəhəri sevməmin səbəbi məncə şəhərdəki ruhdur – Təbrizdə üsyankar ruh var və mənim kimi Təbrizi görmədən sevən Azərbaycan türklərinin bu sevgisi bu ruhun üsyanının Azərbaycandan yana olmasıdır.

 

Yaşayış məntəqələrindən daha mütəşəkkili şəhərdir. “Şəhər” əgər doğrudan da şəhərdirsə, onda onun ruhu olmalıdır. Bura həm ümumi xüsusiyyətləri (şəhər cəmiyyətin lokomotividir, ziyasıdır, inkişaf rüşeymidir və s.), həm də özünəməxsus xüsusiyyətləri aid edirəm.

Özünəməxsusluqlardan məsələn Təbrizdə üsyankarlıq var, Zaqatalada müasirliklə yerli ənənələrin qarışması var, Şəkidə çox şeyi ciddiyə almamaq var, Mayamidə çılğınlıq var və s.. Bu sadaladıqlarım az-çox oturuşmuş ənənələrə, xüsusiyyətlərə malik yaşayış məntəqələridir. Bu xüsusiyyətlər nə qədər sabitdir, bu haqda bir az sonra.

Gələk Bakıya. Bakı III dünya ölkələrinə xas kortəbii urbanizasiyadan əziyyət çəkən çoxsaylı şəhərlərdəndir. Bu tip şəhərlər (Mexiko, İstanbul, Dakar və s.) öz ruhunu qazana bilmir, əgər ruhu varsa da, onu itirir. Bakıya sovet dövründə Azərbaycan şəhəri statusundan çox SSRİ şəhəri statusu verməyə çalışırdılar, müəyyən qədər də nail olmuşdular, necə ki, Sumqayıta “beynəlmiləl, gənclər şəhəri” statusu verirdilər.

Müstəqilləşəndən sonra isə Bakı guya milliləşdirildi – kortəbii, heç bir plana uyğun olmadan, xüsusən də, şəhərin ruhu nəzərə alınmadan bura rayondan kütlələrin axınına şərait yaradıldı. “SSRİ şəhəri” ruhunu dəyişmək istəsələr də, gərək bunu planlı edərdilər. İddiam avtoritar görünə bilər, lakin hansı yollasa bunu etmək lazım idi – məsələn, rayonlarda elə şərait yaratmaq olardı ki, yalnız qarın üçün şəhərə üz tutanlara Bakı əlverişsiz ünvan olardı.

Lakin bunların heç biri edilmədi və nəticə də bərbad oldu – Bakı ruhsuz qaldı. İndi “20 yanvar” metro stansiyasının ətrafındakı mühitlə hansısa Quştutan kəndinin mühiti arasında fərq yoxdur. Dilənçilər, fahişələr, bomjlar, avaralar, biznesmenlər ... – hər biri uzun bir mövzudur – heç biri şəhərli deyil. Fahişə sanki kənddə fahişəlik edir, bomj sanki asfaltda yox, kəndin palçığında sürünür, avara sanki şəhərin tinində yox, kəndin klub qabağında avaralıq edir, biznesmen sanki biznes-mərkəzlərdə yox, taxıl zəmisində iş qurur. Çünki o ruh yoxdur, Bakı şəhər ruhunu qazanmağa imkan tapmadı.

Qərbi Avropada XI əsrdən manufakturalarla başlanmış şəhərləşmə prosesi bizdə heç vaxt olmadı. Çölçü türklər, feodal farslar, bədəvi ərəblər və başqa işğalçılar burada heç vaxt şəhər yarada bilmədilər, çünki heç özləri də bilmirdilər ki, o nə deməkdir. XIX əsrin sonu-XX əsrin əvvəllərində Bakı kənddən şəhərə çevrilirdi. Kapitalizm şəhərlərin sayəsində yaranıb, lakin Bakıda şəhər kapitalizmin sayəsində yaranırdı. Bilmirəm kim deyib, amma əla deyib: “Moskva birdən yaranmayıb, amma Bakı birdən yaranıb”. Buna görə də kapitalizm 1920-də dayanan kimi təbii yolla şəhərin yaranması da dayandı. Amma 70 il ərzində süni yolla da olsa, güc-bəla ilə şəhərə oxşar bir şey yaratmışdılar.

Əvvəllər Bakı, Sumqayıt, Mingəçevir, Əli-Bayramlı və s. kimi şəhərlərin hərəsinin öz ruhu var idi, qalan yerlərin isə yalnız bir ruhu. Başqa sözlə, bu adalardan başqa hər yer başdan-başa kənd idi – feodalizmdən hansısa sistemə (heç idarəedicilər özləri də bilmirdilər hansı sistemə) keçid idi. İndi isə bilmədiyimiz hansısa sistemdən geriyə - feodalizmə qayıdırıq. Feodalizmin isə ağır nəticələrini V-XI əsrlərdə Qərbi Avropa öz şəhərlərinin kürəyində hiss edib. Quldar sivilizasiyasının nəhəng şəhərləri əsrlərlə xarabalıq vəziyyətində qaldı. Çünki o zaman da feodalların qəsrləri, öz aralarında malikanələrinə böldükləri əyalətləri və kəndliləri olurdu. Şəhərlərə sadəcə ehtiyac yox idi. Natural təsərrüfatda sürünürdülər.

İndi də Azərbaycanda ayrı-ayrı feodal-oliqarxlar ölkəni malikanələrinə bölmüş, hərəsi bir holdinq açmış və natural təsərrüfata keçidin əsasını qoymuşlar. Bakı ilə kəndlərin arasındakı fərqin mümkün qədər azaldılması da buna qulluq edir – şəhərə ehtiyacın olmadığı mühit yaradılmasına.

Bir azdan Gilan sözü Qəbələ sözündən, “İnternational” sözü Şəki sözündən, Azərenerji sözü Qusar sözündən, ZQAN sözü Ucar, Göyçay, Zərdab sözlərindən, Azərsun sözü Gəncə sözündən daha çox işlənsə, gərək təəccüblənməyək (onsuz da təəccüblənməyəcəyik). Belə gedə bilsə, bir gün, Rusiyada 1097-ci il Lübeç qurultayında “hər kəs öz votçinasını qorusun” qərarı verildiyi kimi, bizdə də Baş Feodalın fərmanı olacaq ki, hər kəs öz Gilanını, öz ZQAN-ını, öz Azərsununu qorusun.

Şəhər ruhunun olmamasının ağır nəticəsidir bu. Nəticədə malikanələrə bölünürük, feodallara, kəndlilərə, muzdurlara çevrilirik, son nəticə kimi şəhərə ehtiyacımız olmur. Şəhər olmadıqda isə cəmiyyətin lokomotivi olmur, üsyanı olmur, etirazın təşkilatçılığı olmur, başını sallayıb işləmək olur, ziyalılar olmur, savad olmur, kütlük artır, kütlələşmə gedir... Sözün indi işlədilən təhqir mənasından uzaq deyirəm, bir sözlə, kəndliləşmə gedir.

Hal-hazırda vəziyyət belədir ki, şəhərlilər çox az qalıb. Əvvəllər lokomotiv olan insanlar kütləşərək yük vaqonlarına çevrilib kütləyə qarışmışlar. Nəticədə 1 vaqonu çəkməyə zorla gücü çata biləcək qədər lokomotiv və buna qoşulan yüzlərlə vaqon var. Hal-hazırda şəhərimiz yoxdur. Buna görə də biz şəhər qurmalıyıq – “kərpicləri”ndən başlamalıyıq, yəni şəhərlilərindən. Düzdür, rejim dəyişmədikcə fərd olaraq bu sistemə məğlub olacağıq – nə qədər şəhərli olsaq da. Amma bu nəticəni əvvəldən proqnozlaşdırıb şüurlu olaraq bu rejimin qaydaları ilə oynamaq da ağılsızlıq və nadanlıqdır.

Bəs bu şəhərli nədir? Əvvəl ictimai şüurda kök salan tabulara qarşı çıxmaq üçün onu deyim ki, şəhərli olmaq nə deyil. Şəhərdə yaşamaq; çoxlu pulu olmaq; bahalı geyinmək; qlamur, qot, emo, reper, roker və s. olmaq; ata-anasının şəhərdən və ya şəhərli olması; əslinin-kökünün azıxantropa qədər bakılı olması ... şəhərli olmaq demək deyil. Bəlkə də bunlardan bəziləri ayrı-ayrılıqda şəhərli olmağın bir əlaməti kimi çıxış edə bilər, məsələn, şəhərli (şəhərdən yox haa) olan valideynlərin tərbiyəsini almaq şəhərli olmağa xeyli kömək etmiş ola bilər. Lakin ayrı-ayrılıqda və ya elə hamısı birlikdə, lakin başqa xüsusiyyət olmadan, yuxarıda sadaladıqlarım şəhərli olmağa əsas vermir, əksinə şəhərin nə olduğunu bilməyən görməmiş olmağa daha çox əsas verir.

Tərif verməkdən zəhləm gedir, amma burada cəhd edəcəm. Şəhərli ictimai, siyasi, iqtisadi, sosial, sivilizasion, mədəni, elmi, zehni xüsusiyyətlərinə və səviyyəsinə görə yaşadığı toplumun lokomotivi, etiraz mənbəyi, inkişaf rüşeymi olan çevrənin üzvüdür. Bu natamam tərif üzərində izahlarımı davam etdirməyə çalışacam.

İctimai baxımdan – vətəndaş hərəkatı, ictimai qınağı və dövlətə təsir mexanizmlərini formalaşdıran, bu məsuliyyəti dərk edib həyata keçirənlər;

Siyasi baxımdan – ölkə siyasətini müəyyən edən siyasətçilər, bu siyasətçilərə təsir edən fəal və məsuliyyətli vətəndaşlar;

İqtisadi baxımdan – bizneslə və təsərrüfatla peşəkarcasına və məsuliyyətlə məşğul olanlar;

Sosial baxımdan – cəmiyyətin sosial oyun qaydalarını davranışı ilə müəyyən edənlər;

Sivilizasion baxımdan – yerləşdikləri regionun, yaşadıqları zamanın öncül sivilizasiyasının təsirini hiss etdirən, onlarla ayaqlaşa bilən şəxslər;

Mədəni baxımdan – küçədə, ictimai yerlərdə toplu və ya fərdi olaraq mədəni davranış qaydalarına riayət edən şəxslər;

Elmi baxımdan – ölkənin elmi gücünü daşıya bilən və bunun davam etməsi üçün məsuliyyətini dərk edən şəxslər;

Zehni baxımdan – zehni inkişaf cəhətdən cəmiyyətin digər üzvlərindən fərqlənənlər.

Gördüyümüz kimi hər sahədə məsuliyyət məsələsi əsasdır. Məsələn, kimsə bilir ki, ictimai fəal olmaq, cəmiyyətin düzgün istiqamətdə qınağını formalaşdırmaq lazımlıdır, lakin bunu dərk etsə də, bu sahədə bir iş görmür, yəni bilməyərək etməyənlərdən daha pis nəticə göstərir – bilə-bilə eləmir. Bu, həmin insanı cəmiyyətin lokomotivinə çevirə bilməz, uzaqbaşı həmin qatarda “ağıllı vaqon” ola bilər.

Bu xüsusiyyətlərə hansısa dərəcədə yiyələnən şəxs harada yaşamağından, valideynlərinin və özünün doğum yerindən, əslinin hansı mağaradan gəlməsindən, emo, qot, reper və s. olmağından və başqa əlaqəsiz şeylərdən asılı olmayaraq şəhərlidir. Şəhərsiz inkişaf etmiş sivilizasiya yoxdur, bunu orta əsrlər tarixi sübut edib, şəhərlilərsiz isə şəhər yoxdur.

İnkişaf etmiş dövlətlərin əsas fərqləndirici xüsusiyyətlərindən biri də ağıllı urbanizasiyadır. Hazırda o dövlətlərdə əhali kəndlərə köçəndə də bu, antiurbanistik hadisə sayılmır, çünki kənddə yaşayanlar da şəhərlidilər.

Beləliklə Bakıya əhalinin köçməsi əslində urbanizasiya deyil, sadəcə əhalinin kiçik kəndlərdən böyük kəndə köçməsidir. Ona görə də bacardıqca şəhərli olmağa çalışmalıyıq. Düzdür, indi Azərbaycanda rejim feodalizmə meylli olmaqla şəhərliləşməni özünə düşmən sayır. Ona görə də fərdi dəyişmələr istədiyimiz nəticəni verməyəcək. Amma yuxarıda da qeyd etdiyim kimi hələ ki, ictimai hərəkat kimi bacarmasaq da, fərdi olaraq şəhərliləşmə aparmalıyıq. Bu, hazırkı feodal-oliqarxik, urbanizasiyaya düşmən, natural təsərrüfata meylli rejimə ciddi zərbədir.

İndi ölkənin vəziyyətini bilmək üçün diqqət edin: yuxarıdakı xüsusiyyətləri özündə az-çox cəmləşdirə bilən, xüsusən də, məsuliyyətini dərk edib fəal olaraq ətrafındakı mühitə müdaxilə edən neçə nəfər tanıyırsınız? Ümumiyyətlə, tanıyırsınızmı? Siz ŞƏHƏRLİ tanıyırsınızmı?

Bu məsələlərdən şəhərin ruhu haqqında nəticə çıxartsaq, görərik ki, bu ruhu təyin edən əsas nəsnə sakinlərdir – şəhərlilərdir. Ruh sanki canlı, yəni nəsə görünməyən, tutulmayan, lakin mövcud olan bir şeyi ifadə edir. Hüquq nəzəriyyəsində hüquqi şəxsin fiksiya nəzəriyyəsi var. Hüquqi şəxs sadə dildə təşkilat adlanır. Fiksiya nəzəriyyəsinə görə hüquqi şəxs, yəni təşkilat fiksiyadır – uydurmadır, yəni əslində mövcud olmayan bir şeydir, onu biz təsəvvür edirik. Belə ki, məsələn, təşkilatın üzvləri, ofisi, fəaliyyət istiqaməti, mülkiyyəti – hər şeyi dəyişə bilər, lakin təşkilat yenə qalır. Yəni nəyisə göstərib deyə bilmərik ki, bu, hüquqi şəxsdir, çünki sabah həmin göstərdiyimiz nəsnə təşkilata aid olmaya bilər.

Şəhərin ruhu da sanki belədir. Bir şəhərlini göstərib deyə bilmərik ki, “budur həmin ruh”. O adam ölə bilər, bütün əhali təzələnə bilər, amma yenə həmin ruh şəhərdə qalır. Təəssüf ki, hələ ki şəhər kimi baxdığımız yeganə yaşayış məntəqəsi olan Bakıda belə bir ruh yoxdur. Çünki şəhərlilər çox az və fərdidirlər. Yəni kiminsə adını çəkə bilərik ki, filankəs şəhərlidir, amma o olmasa həmin ruhun davam etməsi sual altında olacaq. Çünki bu keyfiyyət fərdi xarakter daşıyır. Elə əvvəldən Bakının ruhu olmadığından bura rayondan axın olan kimi şəhər tamamilə dəyişilib kəndləşdi.

Nyu Yorka daim axın var, amma o şəhər yenə Nyu York olaraq qalır. Çünki onun ruhu var və bu ruh fiktivdir, təsəvvürlərdədir, lakin mövcuddur. Yəni kimlərinsə, hansısa dövrün, hansısa binaların olmaması, lap elə şəhərin başqa yerə köçürülməsi halında da şəhər, ruhu saxlandıqca mövcud olur. Sovet dövründə başa çatdırılmamış eksperiment nəticəsində “bakılılar” adlandırılan insan qrupu yarandı. İndi Kaliforniyada olan bir erməni, Moskvadakı rus, Anqolanın köhnə prezidenti özünü bakılı saya bilər. Çünki o yarımçıq eksperimentin nəticəsində formalaşmağa başlamış Bakı ruhunun daşıyıcılarıdılar. Müstəqillik dövrünün rayon axını isə kitablara, abidələrə, qeyri-türk millətlərə qarşı “soyqırım”la bu ruhu sarsıtdı. Bakını beləcə öldürdülər. İndi Bakı ruhsuz nəhəng meyitdir, ona görə də zibil olmadan da küçələrdə üfunətdən baş çatlayır. Təsəvvür edin, 2400 kvadrat kilometrlik ərazini tutan 17-18 il qabaq can verməyə başlamış meyit...

Zaur Qurbanlı

Kultura.Az

Yuxarı