post-title

Cəmiyyəti dəyişmək istəyən civilər

Civilər bir olmur atam balası. Qlamuru var, gitara ilə şəkil çəkdirəni var, gitara ilə gəzəni var, gitara ilə yatanı var, Van Qoqdan danışanı var, orta əsrlərə qayıdıb qrafinya olmaq istəyəni var, Mariya Svetayeva olmaq istəyəni var, Ulrika Mainhof olmaq istəyəni var, semiçkanı qabıqlı yeyən civilər var, sevgilisinin onun uğrunda damarlarını doğramasını arzulayan civilər var, nəhayət, bir də cəmiyyət dəyişmək istəyən civilər (bundan sonra CDİC – müəllif) var.

 

Biz, cəmiyyəti dəyişmək istəyən civilər haqqında bir az ətraflı danışmalıyıq. Onlarla hər yerdə rastlaşa bilərsiz. Plyajda, AFU-da, party-lərdə, forumlarda, səfirliklərdə, Qobustan qayalıqlarında, Suraxanı Atəşgahında, Qız Qalasının başında, Şəki Xan Sarayının həyətindəki qocaman çinar ağacının gövdəsini qucaqlamış vəziyyətdə şəkil çəkdirərkən görə bilərsiniz.

Onlar ən müxtəlif mövzularda peşəkarlarla mübahisəyə girməyi çox sevirlər. Ən gicbəsər fikirlərini “bü mənim subyektiv fikrimdir” şuarı ilə möhurləyib mütləq həqiqət kimi qəbul edirlər. Motsartdan, Bethovendən, Şopendən danışıb Dima Bilana, İsmayıl YK-ya qulaq asırlar.

Onların düşüncəsinə görə ölkəmiz hazırda pis vəziyyətdədir, insanlar siqaret çəkib kötüyünü zibil qutusuna atmırlar, qarpızı yeyib qabığını plyajda qoyurlar, biz öz tariximizi, mətbəximizi, mədəniyyətimizi təbliğ edə bilmirik, camaat hüquqlarını tələb etmək istəmir...

Həyatda həddindən artıq rasional və praqmatik olsalar da, onların arzuları sürrealist olur. Məsələn, bir gün Xəzər dənizinin ortasından yelkənli bir gəmi Bayraq Meydanına yaxınlaşır. Bu yelkənli gəmidən bir şahzadə düşür, CDİC-ni alır qucağına sonra şahzadə və CDİC qanadlanaraq ağ buludlardan birinin üstünə qonurlar.

CDİC-lər həm də vətənpərvərdilər. Onlar vətənimizin dilbər guşələrini sevməklə bərabər, həm də Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdan böyük bir həzz alırlar.

Ermənistana getmiş-gəlmiş jurnalislərə, QHT nümayəndələrinə nifrət edirlər. Seminarlarda, konfranslarda ermənilərlə mübahisəyə girməyi, özlərinin müqəddəs borcu hesab edirlər. Onların hər biri özünü Janna D`Ark kimi aparır. Zənnmincə, CDİC-lərin ümumi obrazını qısa da olsa izah edə bildik.

Sözün açığı CDİC-lərin ermənilərə qarşı dərin nifrətlərinin səbəbini anlamaqda çətinlik çəkirəm. Gəlin bir anlıq düşünək ki, Qarabağ müharibəsi baş vermədən sovet imperiyası çöküb. Ermənilər Azərbaycanı tərk etməyiblər. Dostluq şəraitində yaşayırıq. Sağ əlinizi ürəyiniz üstünə qoyub düşünün. Geyinməyi bacaran, şirin, kişipərəst, seksual erməni qızlarını, qadınlarını kənarda qoyub hansı bank işçisi, hansı rəssam, hansı bəstəkar, hansı yazıçı, hansı biznesmen, hansı həkim, hansı vəkil bizim bu hiperiddialı, psevdo-kədərli, psevdo-romantik, psevdo-intellektual, psevdo-müasir civiyə baş qoşacaq?

Əlbəttə, söhbət uğurlu bank işçisi, uğurlu rəssam, uğurlu bəstəkar, uğurlu yazıçı, uğurlu biznesmen, uğurlu həkim, uğurlu vəkildən gedir. BP-ni, bankları, mobil operator şirkətlərini, holdinqləri, səviyyəli gecə klublarını, şou-biznesin özünü, xidmət sektorunu erməni qızları asanlıqla “işğal” edəcəkdilər.

Üç qadın tipi var:

1. Gözəl olmayıb özünü gözəl hesab edən qadınlar (onlar kənardan gülməli görünürlər).

2. Gözəl olub gözəlliklərindən xəbəri olmayan qadınlar (onlar sadəlöhv görsənirlər).

3. Gözəl olub gözəlliklərini bilən qadınlar (onlar çox qorxulu olurlar)

Lianna adında bir erməni qızı tanıyıram. Dörd dil bilir. Rus, ingilis, türk, erməni. Gözəl qızdır. Gözəl olduğunu bilir. Hədsiz dərəcədə zövqlə geyinir. Çox istedadlı qızdır, hekayələrini oxumuşam. İşgüzardır. Qatı müxalifətçidir. Onun dilindən biz hüquqlarımızı qoruya bilmirik sözünü eşidə bilməzsən. Açıq mətnlə hakimiyyəti tənqid edir. Mütaliəsi qaydasındadır. Kinonu çox yaxşı bilir. Bilmədiyi şeylər haqqında danışmır. 

İnanın ki, çox qeyri-obyektiv grünməyim deyə, onun bir çox xüsusiyyətlərimi sadalamıram. Onsuz da əskim tüstülüdür. 

Bizdə isə bir az siri-sifəti qaydasında olan civilər düşünürlər ki, müxalifətçilik eybəcər qızların işidir. Əgər biz qəşəngiksə, insanlara hər şeydən əvvəl növbədə durmağı, təbiəti qorumağı, siqareti çəkib kötüyünü qutuya atmağı, rəsm əsərindən, musiqidən, ədəbiyyatdan zövq almağı öyrətməliyik. Hər şey ağ və qara rəngdən ibarət deyil. Avropanın yaxşı tərəflərini götürüb, pis tərəflərini atmaq, xalqı maarifləndirmək, oçki taxıb abadlıq işlərini də görmək lazımdır...

Seymur Baycan

Kultura.Az

Yuxarı