post-title

Aksessuarlar

Nazirliklərin birində bir kişi görmüşəm, pencəklərinin birinin döşündə Heydər Əliyevin imzası formasında nişan var. Binada birinci mərtəbədə lifti elə qoyublar ki, çıxan kimi Heydər Əliyevin ağ mərmərdən büstü istehzalı gülümsəmə ilə sənə baxır. Bu kişi də, fikir vermişəm, hər dəfə birinci mərtəbədə liftdən çıxanda döşündəki nişanı düzəldib başını dik tutur – “dahi rəhbər”in önünə başıuca çıxır.

 

Kimdənsə tələb etməyə ehtiyac yoxdur, Əliyevlərin fotolarını kabinetlərindən, “kəlam”larını dəhlizlərindən, imzalarını döşlərindən assın. Vatslav Havel “Bütün dünyanın proletarları, birləşin!” şüarını misal gətirirdi. Satıcı bu şüarı asır, çünki belə etməlidir, sistem bunu tələb edir. Heç bir sevgi, rəğbət, ideoloji təsir olmadan insanlar bu aksessuarlardan istifadə edirlər (baxmayaraq ki, sovetlər şüarlarını hansısa ideoloji əsasa dirəyə bilirdilər). Sanki gözmuncuğu, boyundan asılan xaç, bijuteriyadır.

Bəs insanları adi KQB generalının, onun oğlunun fotolarını, bir-birindən dəyərsiz cümlələrini, cızmaqaradan fərqlənməyən imzanı aksessuar kimi istifadə etməyə məcbur edən nədir? – Qorxunun təsiri ilə formalaşdırılmış yuyulan beyinlər. Bu beyinlərin yuyulması sovet dövründəki yuyulmalardan fərqlənir. O vaxt ideoloji əsas var idi, indi isə heç nə yoxdur. “Su həyat mənbəyi olaraq qalır” kəlamını hansı ideologiyaya dayaqlandırmaq olar ki?! Bunlar havadadırlar. Beyin yuyulması bu şüarın Ceyranbatan su anbarının divarına yazılması üçün verilən əmrin icrası deyil, belə əmr verilməmiş bu yazının ora yazılmasıdır.

Bayaq “tələb etməyə ehtiyac yoxdur” deyəndə də bunu nəzərdə tuturdum. Artıq nəzarəti də zəiflədiblər. Bir dostum dövlət işində işləyərkən, otağında ata-bala aksessuarlarına aid yeganə fotonu götürmüşdü. İki ildən sonra o otağa baş çəkəndə gördüm ki, hələ də o kabinetə heç bir aksessuar qoyulmayıb. Nəzarət etməli olanlar da düşünürlər ki, hər kəs “vicdanla” öz işini görür.

Müxalifətçini işdən qovmaq üçün siyasi sifariş verməyə ehtiyac yoxdur. Onu qovmaq da bu aksessuarlardan biridir. İşçinin müxalifətçi olduğu bilinən kimi işdən qovmaq işəgötürənin “borcu”dur. Mühakimə edəndə hələ bir cavab da gəlir ki: “Bəs neynəyim?” Yəni bir çıxış yolu saxlayıblar.

Azad fikirli, hakimiyyəti tənqid və ya inkar edən, müxalifyönlü təşkilatı ofisdən çıxarmaq üçün siyasi sifariş gözləyəni “yakarlar”. Amma bu “yakmak” qorxusu olmadan da beynin aksessuarlar üçün yuyulması öz sözünü deyir – təşkilat ya ofisə buraxılmır, ya da təsadüfən tuta bildiyi ofisdən qovulur.

Qadağalar o qədər də təhlükəli deyil. Əsl təhlükə qadağaların aksessuarlaşmasındadır. Tələb, sifariş, sevgi, rəğbət, ideologiya, bəzən isə qorxu da olmadan həyatımızın ayrılmaz hissəsinə çevrilmiş akssesuarları yaradan qadağalar özləri elə akssesuar olublar. Qadağa o vaxt aksessuar olur ki, ona riayət etmək üçün səbəb qalmasın, “Su həyat mənbəyi olaraq qalır” cümləsinin arxasında heç bir ideologiya durmadığı kimi qadağanın da arxasında boşluq olanda və buna baxmayaraq qadağa icra ediləndə bu, artıq aksessuar olur.

Bu hal get-gedə daha çox müşahidə olunur. Vəziyyət təsəvvür etdiyimizdən daha dəhşətlidir. Rejim sistemə çevrilir. Kütlə özü-özünü əzir. Hədəf Şimali Koreyadır.

Zaur Qurbanlı

Kultura.Az

Yuxarı