post-title

Homoseksuallıq və siyasət

Azərbaycanda cəmiyyətin oturuşmaması haqda çox deyilib, çox yazılıb. Hər şeyin bir-birinə qarışdığı cəmiyyətdə əslində cəllad rolunu ifa edən prokuror özünün anladığı tərzdə “sevgi”dən, yaxud anadan bəhs edən primitivist-sentimental şeir, qaz işçisi əksinə, əsla qaza aid olmayan qazabənzər xassəli romanlar yazır; bunun qarşılığında yazıçı da müvafiq olaraq (yekəqarın) polis kimi danışır; bəstəkar isə əvvəllər yazdığı romansı, konsepsiyası tamamilə əks mənaları özündə ehtiva edən postmodernistik simfoniyaya çevirir - yekunda bunların hamısı Azərbaycanın ictimai həyatı adlanan total toyxanada birləşir.

 


Siyasi həyatın da kifayət qədər maraqlı aspektləri olur – liberal adlanan millətçilik edir, türkçülər dindən danışır, solçular artıq özü feodal ölkəsinə çevrilmiş rus işğalını arzulayır, dinçilər isə birdəfəlik dəqiq qərar verə bilmir – kino və musiqi haramdır ya yox? 

Qısası, cəmiyyətimizdə Aziz Nesinin soyadı haqda yazdığı məşhur əhvalat təkrar olunmaqdadır. 

İctimai həyatımızın ilgincliklərindən biri də ondan ibarətdir ki, dünyadakı cinsi azlıqlar, konkret olaraq gaylar dünyagörüşü baxımından əsasən solçu olduğu halda, bizdəki azlıqlar isə əsasən ultra-sağ mövqelidir: onlar addımbaşı millətçilikdən, muğamdan, milli-mənəvi dəyərlərdən bəhs edir, bu nədən belədir görəsən?

Neçə aylar öncə bəndənizin facebookda bu məxsusda yazdığı status deyəsən hamıda yalnız gülüş və zarafat doğurdu, ictimai problem olduğu hər halda düşünülmədi.

Bu məsələ ictiami problem baxışı bucağından ilk nəzərdən bir qədər səthi görünsə də əslində belə deyildir. Homoseksual münasibətlər insan yaranandan bəri, tarixin bizə məlum səhifələrindən – antik dünyadan və qədim Şərqdən məlumdur. Bu mövzunun dərinliyinə getmədən qısaca qeyd etmək olardı ki, o zamanlar bu məsələni indiki kimi ya xəstəlik, gen pozuntusu, ya da alternativ cinsiyyət kimi qəbul etmirdilər. O zamanların müstəsna patriarxal-maskulin cəmiyyəti qadınları mükəmməl varlıq kimi qəbul etmirdi. Buna hələ XX əsrin əvvəllərinin Şərqindən bəhs edən “Əli və Nino” romanında baş qəhrəmanın dostu Seyid Mustafa ilə məsləhətləşmə səhnəsində rast gəlmək olar:

“Yavaşca ondan soruşdum: 

- Deməli Ninonun xristian olmasına etirazın yoxdur? Bəlkə müsəlman olması şərtdir? 

- Niyə şərt olsun? - deyə Seyid Mustafa soruşdu. Zəkası və ruhu olmayan bir məxluğun dini, imanı da olmaz. Qadın qisminə nə cənnətdə, nə də cəhənnəmdə yer var. Qadın qismi öləndən sonra dağılıb heçə dönür. Unutma ki, ondan olan oğlanlar, əlbəttə şiə olmalıdırlar. 

Başımı razı halda yırğaladım.”


Bu üzdən, qədim zamanlarda faktiki qadınların funksiyası nəsil artımını təmin etmək olduğu üçün onlar formal işə yarayır, “elita” üçünsə həqiqi cinsi əlaqənin yalnız layiqli cinsin (bu anlamda erkək) üzvləri arasında mümkün olduğunu kimi ümumi bir rəy vardı. 

Homoseksualizm legitim anlayış kimi hələ Sparta legionlarında, qədim Romada, məmlüklər arasında, Şərq hökmdarlarının saraylarında mövcud idi, o zamanlardan homoseksual əlaqə qədim vazalar, miniaturlər, kitablarda yaddaşlara həkk edilmişdir. Axundov zamanından başlayaraq maarifçi dövrdə bu məsələnin cəmiyyətdə mövcudluğuna ölməz Sabirin məlum şerlərində (“Ay nənə, bir qırmızı saqqal kişi!”, “Daş qəlbli insanları neylərdin, ilahi?!” və s.) və yenə də “Əli və Nino” romanındakı İran epizodunda Ninonun Əli xana yerli xanımların gözləmədiyi suallarından şikayətlənmə səhnəsində rast gələ bilərik: “...Sonra sənin bibin Sultan xanım soruşdu ki, belə cavan ərin tək bir arvadı olması yəqin ki, onu darıxdırır. Sonra da hamısı səni oğlanlardan necə uzaq tuta bildiyimi öyrənmək istədilər.”

Orta əsrlərdə homoseksuallığa münasibət birmənalı deyildi. Çin və Hind-Çin yarımadası regionu istisna olmaqla faktiki bütün Avrasiyada hakim dünyagörüşü kimi qəbul edilmiş monoteizm bunu prinsipcə əsla qəbul etmir və bununla yuxarıda qeyd edilmiş qədim ənənə ilə təkallahlılılğın postulatları toqquşurdu. Bu dövrdə ibrahimi dinlər dünyagörüşündə günah sayılsa da, homoseksual həyat batin və hətta zahir (əsasən Şərqdə) içində yaşamını davam etdirirdi. 

XX əsrdə bütün sahələrdə baş vermiş total çevrilişlər nəticəsində bu məsələyə münasibət də dəyişildi. Rusiyanı və sonra dünyanı sarsıdan fevral burjua inqilabı və oktyabr çevriliş bu sahəyə də nüfuz etdi və sosialist cəmiyyətində bu fenomenə, deyildiyi kimi “burjua cəmiyyətinlərindən tamamilə fərqli yanaşma” mövcud idi. Burada qeyri-təbii heç bir şey yoxdur, çünki ənənəvi dünyanın bütün sütün anlayışlarının (o cümlədən seksual) yenmək radikal solun mövqeləndirdiyi vacib şərt idisə - əgər gələnəksəl cəmiyyətdə kastalar, onların yaratdığı min illiklər sayan sosial nərdivan, bunun ətrafında yaranmış din, ritualllar, ordu, mədəniyyət və incəsənət, qısası bütün konservativ institusiyalar yenisi ilə əvəz edilmək naminə dağıdılırdısa – o zaman nədən bu məsələyə fərqli münasibət sərgilənməməliydi ki?

Rusiya və oradan dünyaya nüfüz edən radikal sol ideya və islahatların tarazı kimi Qitə Avropasında 20-ci illərdə geniş konservativ hərəkat başlandı və 30-larda öz apogeyinə çatdı ki, bunun da kvinessensiyası nasist Almaniyası, III Reich idi. Nasional-sosializm əslində antik aristokratik dəyərlərin bərpası kimi kültür cəhətdən qədim Yunanıstan, dövlət modeli kimi qədim Romaya apellyasiya edirdi. Lakin qatı maskulin ideyalar üzərində qurulmuş totalitar cəmiyyət (burada da Qədim vikinq və tevtonların cəngavər ənənəsinə apellyasiya edilirdi) kimi burada homoseksualların yəhudilər, qaraçılar və kommunistlərlə bərabər Untermensch (almancadan hərfi mənada alt insan, Nieztschenin məhşur “fövqəlinsan”ının (Übermensch) əksi kimi nəzərdə tutulurdu) kimi cəmiyyətdən təcridi, sonralar isə faktiki təsviyyəsi nəzərdə tutulurdu. 

Maraqlıdır ki, əgər qarşılarına “ali irq”in dünya hokmranlığını ehtiva edən minillik imperiyasını yaratmaq kimi son məqsəd qoymuş nasistlər homoseksualları cinayətkar kimi təcrid edirdisə, sözdə onların opponenti olan, və sosial mühəndisliyin tacı kimi yaradılacaq “yeni insan”ın ideal cəmiyyəti quruculuğu ilə məşğul olan sovetlərdə nədənsə paralel olaraq 30-larda homoseksuallara qarşı münasibət dəyişir. Məsələ burasındadır ki, 1927-ci ildə Trotskinin sürgünü ilə SSRİ-də vəziyyət tədricən yenidən konservativ-patriarxal təfəkkürə dönüşür, və əgər nasistlər öz hərəkatlarının ilk dövrlərində sovetlərdən bir çox şeyləri əxz etmişdilərsə, eynilə 30-cu illərin ortalarında Stalinin siyasi və kültür xəttinin SSRİ-də bərqərar olması ilə əks proses başlamış və sovetlər bir çox məsələlərə münasibəti III Reichdan birbaşa “ilk sosialist dövləti”nə idxal etmişdilər. Homoseksuallara kəskin neqativ münasibət də buradan qaynaqlanırdı. Sovetlərdə 30-cu illərdən artıq ta ki 1991-ci ilə, SSRİ-nin dağılmasına qədər homoseksuallıq rəsmi olaraq cinayət sayılırdı və cinayət məcəlləsinə daxil edilmişdi.

LGBT (ingiliscə lesbian, gay, bisexual and transgender sözlərinin ilk hərflərinin abbreviaturasıdır) məsələsinə münasibət Avropada 1945-ci ildən sonra, konservativ dəyərlərin dağıdılması ilə tədriclə dəyişir, bu təzahür sonda istənilən insanın şəxsi azadlığı və fərdi həyat seçimi kimi dəyərləndirir və bu istiqamətdə 60-cı illər Avropasında geniş vüsət almış sol hərəkatının müstəsna xidmətləri olur. Belə ki, sadəcə məntiqlə də anlamaq olar. LGBT nümayəndəsinin şəxsi azadlığı və hətta mövcudluğu konservativ dəyərlər toplumundan prinsipcə qəbul edilə bilməz, bunu minillik bəşər tarixi sübut etmişdi. 50-ci illərdən sonra Avropada müasir cəmiyyətin inkişafında xidmətləri olmuş homoseksual və sol orientasiyalı bir çox siyasət və incəsənət xadimləri yetişir – bunların ən parlağı yəqin ki, cəmiyyət və kültürdəki bir çox klişeləri sındırmış görkəmli italyan rejissoru Paolo Pasolini idi. Sol sıralarında bu misallar onlar və yüzlərlə olarsa, sağ oriyentasiyada belə personalara rast gəlmək çox çətindir, və bunun da belə olması tamamilə təbiidir – başlanğıcda qeyd etdiyimiz kimi Azərbaycan istisna olmaqla.

Azərbaycan cəmiyyətində homoseksuallar kifayət qədərdir, son illər onlar hətta cəmiyyətin müxtəlif sferalarına kifayət qədər nüfüz etmişlər, lakin cəmiyyətin konservativ olmaq istəyi ilə müxtəlif sferalarda olduğu kimi seksual azlıqlara da (ən azından təhtəlşüuri) basqılar yapılır. Ölkədən mühacirət edərək indi Fransada yaşayan istedadlı rəssam Babi Bədəlovu isə buna bariz misal kimi göstərə bilərik – biabır olmaq basqısı altında öz qardaşı onu öldürməklə hədələyirdi. 

Demək bu məsələdə yenə də çulğalanmış mentalitet seksual azlığa mənsub insanları qorxuda saxlayır və nəticədə batində homoseksual həyat yaşamaqda ikən zahirdə bu insanlar qeyri-ixtiyari sağ dəyərli lozunqların müdafiəsi arxasında özlərini mühafizə edirlər? Demək bu insanların instinktiv özünümüdafiə hərəkətləri yuxarıda gəldiyimiz nəticəni bir daha təsdiq etməklə yanaşı Azərbaycanda hətta seksual azlıqlara mənsub olan insanların ikiüzlüyünə dəlalət edir, deyilmi? Bəlkə bu həm də həmən o baxışlardan sorulub çıxarılmış, olmayan yerdən düşünülmüş və mümkün qədər qabarıq mövqeləndirilən konservativ kültür mövqeyin - milli-mənəvi dəyərlər, muğam, “Avropanın yaxşısını götürüb pisini ataq” isteriyasının da saxtalığının təsdiqidir?

Doğrusu bu mənada Azərbaycana bəlkə də ən yaxın bir cəmiyyət varsa o da Ermənistandır.

Elmir Mirzəyev

Kulis.Az

Yuxarı