Canavarlarla görüş

Литература

 

Avtomobilin kuzovunda silkələnə-silkələnə gəldiyim üçün əhvalım heç də bayramsayağı deyildi. Amma Bakı pionerlər sarayındakı astronomiya dərnəyinin uşaqları, üzümdəki bu ifadəni görərək, bu günü «Müqəddəs Mark» və ümumxalq gəzinti günü elan etdilər. Bu, mənim «Yaşayıramsa, demək bayram edirəm!» həyat kredom ilə uyğun gəldiyinə görə, məni tam qane edirdi. Yeri gəlmişkən, dərnəkdə mənimlə həmfikir olanlar çox idi, lakin rəsmi olaraq qəbul olunmuş «İşləməyən dişləməz» şüarına zidd olduğu üçün, biz bunu gizlətmək məcburiyyətində idik. Biz hesab edirdik ki, bu müddəada kifayət qədər ayrıseçkilik var: «dişləmək» istəyən heç də hər vaxt «işləməyi» sevmir. Düşünürdüm ki, bəşəriyyətdə əksəriyyət bizim dünyaya bu cür baxışımıza gizlində rəğbət bəsləyirdi.

Qaralmış və kökəlmiş oğlanın sinif yoldaşım Alik oduğunu başa düşdükdən sonra dərnəyin mehribanlıqla gülümsəyən bütün simalarının mənə dost olduqlarını aşkar etdim. Onlar mənə qarşı olan dost mövqelərini böyük canfəşanlıqla nümayiş etdirirdilər. Sonra isə uşaqlar məni əlləri üstə tutub zəif, və bu cür təəssürata adət etməmiş bədənimi aydın, mavi səma altında uzun müddət meşəni gəzdirdilər. Amma nə etməli, əgər səni sevirlərsə, sən də bu sevgini bölüşməlisən. Nəhayət, məni hörmətlə çəmənlikdə əyləşdirdilər. Həm yaşına, həm də təcrübəsinə görə böyük olan dərnək üzvü Edik elan etdi: «Təzə gələnə bayram payı verilsin və şam yeməyi nahara keçirilsin! Markın gəlişi şərəfinə böyük tonqal qalansın!»

Hamı bu fikri bəyənərək, hay-küylə məni yenidən atıb-tutmaq üçün üstümə atıldılar. Amma gücsüzlüyümə baxmayaraq, mən pərəstişkarlarımın əlindən cəld meşəyə tərəf qaçıb, aradan çıxa bildim. Səhər düşərgənin salındığı ərazini gözdən keçirdim. O, on ildən sonra yaradılacaq Pirqulu qoruğunun səfalı yerində yerləşmişdi. Meşə, dağlar, olduqca təmiz dağ havası, ən əsası isə – səmanın ideal görünüşü – Azərbaycan rəsədxanasının yaranması üçün əsas şərtlərdən oldu. Bizim dərnək vaxtilə bu yerlərin tapılmasına yardımçı olmuşdu. Ona görə də Elmlər Akademiyası bizi nəinki himayəyə götürmüşdü, hətta maliyyə cəhətdən də təmin edirdi. Buna dərnək rəhbərimiz Sergey İvanoviç Sorinin (qısaca SİS) akademiya əməkdaşı olması da şərait yaradırdı. Biz gecə günəşin və günəş sisteminin vəziyyətinin fotoşəklinin çəkilməsi ilə məşğul olurduq. Düzdür, bu iş üçün biz həddən artıq çox idik, ancaq müşahidə bütün gün ərzində aparılırdı və biz özümüz-özümüzü təmin etməli idik. Çörəyi sifarişlə yaxınlıqdakı varlı malakan kolxozundan alırdıq. Onlar yumşaq, ən əsası əla qızarmış çörək bişirirdilər. Elə çörəyə mən heç bir yerdə rast gəlməmişəm. Bundan əlavə, yaxşı mənada desək, floranın çoxluğu haqqında biliklərimizi artırmaq məqsədilə deyil, həkimlərin məsləhət verdiyi kimi orqanizmimizi vitaminlərlə zənginləşdirmək üçün, gizlicə kolxoz bağlarına da baş çəkirdik. Bu vitaminlər isə, məlum olduğu kimi, məhz həmin kolxoz bağlarında yetişən meyvələrdə idi. Bu cür elmi tədqiqatlara qarşı kolxoz rəhbərliyi atlı mühafizə tətbiq etmişdi. Son dərəcə ehtiyatlı olmaq lazım gəlirdi.

Çörək dalınca getmək və mətbəxdə işləmək üçün növbətçilər təyin edilirdi. Bir sözlə, bizim qaydalar nümunəvi olduğundan, aramızda münaqişə düşdüyünü xatırlamıram. O da nəzərə alınmalıdır ki, biz rəhbərsiz yaşayırdıq. Sorin həftədə bir dəfə gəlir, ertəsi gün isə qayıdırdı. Kommuna özünüidarəetmə üsulu ilə yaşayırdı. Hamı dərnəyə görə bir-birini çoxdan tanıyırdı.

Bir dəfə biz tonqalın ətrafında oturmuşduq və mən özümün ilk ədəbi nümunəmi – dəstənin gündəliyini oxuyurdum. Hər axşam mən bir gün əvvəlki təəssüratlarımı yazırdım. Hamı səbirsizliklə bu anı gözləyirdi, çünki mən bütün hadisələri qərəzsiz və yumorla təsvir edirdim. Yeri gəlmişkən, bu gündəlik uzun müddət mövcud oldu və biz dərnək üzvlərinin hər ənənəvi görüşündə onu oxuyurduq. Beləcə, biz sakit, gözəl axşamların birində tonqalın ətrafında oturub, hansısa bir əhvalat üzərində qəhqəhə çəkərək gülüşürdük. Birdən qaranlıqdan Lyovka çıxdı. O, çaşqın halda dodaqaltı nəsə mızıldadı. Dediyindən yalnız bircə «canavarlar» kəlməsini başa düşdük. Biz təəccüblə bir-birimizə baxıb, onun dediyini təkrar etməsini tələb etdik. Lyovka sözünü təkrar etdi, amma bu dəfə biz heç nə başa düşmədik. O, mənalı şəkildə əlini sol tərəfə uzatdı. Biz çevrilib çoxlu sayda sayrışan işıltılar gördük. «Canavarlar», – deyə Lyovka bu dəfə daha aydın ifadə etdi. Biz gah itən, gah görünən işıltılara diqqətlə baxmağa başladıq. Heç kim yaxına gedib Lyovkanın dediyinə təcrübə yolu ilə aydınlıq gətirmək istəmədiyindən, hər kəs özünün canavarlar haqqında bildiyi polemikaya girişmişdi. Sonda məlum oldu ki, biz canavarlarla zooparkdakı tanışlığımızdan başqa heç nə bilmirik. Uzun sürən diskussiyadan sonra hamı bu nəticəyə gəldi ki, həqiqətən bunlar canavarlardır, çünki fakt göz qabağında idi. Mən fikrə getdim və sayrışan işıltıları diqqətlə süzməyə başladım. Tezliklə ayrı-ayrı iri fərdləri aşkar etdim. Onlar sevinərək ağızlarını ayırıb, iri və iti dişlərini qıcayırdılar. Görünür, bizi özləri üçün dadlı şam yeməyi hesab edib, yemək qabağı mərasim rəqslərini edirdilər. Canavarlardan yekəsinin, bax onun məni yeyib həzz alacağını təsəvvür edəndə halım pərişan oldu. Mən eşitdim ki, Edik müdafiə olunmaq üçün rəhbərliyi öz üzərinə götürdü. Ürəyimidə ona bu cəsarətli hərəkətinə görə minnətdarlığımı bildirdim.

– Tonqalın alovunu artırın! – Edik cəsarətlə əmr etdi. - Hamı alova yaxın toplaşsın! – deyə o daha qətiyyətlə tələb etdi. – Heç kim dəstənin yığışdığı yeri özbaşına tərk etməsin! - o, təkidlə tapşırıqlarını verməkdə davam edirdi. Bu vəziyyətdə belə üsuldan istifadə etmək heç kimin ağlına gəlmirdi.

– Hamı mənim komandama tabe olsun! – deyə o, diktatorcasına çığırdı.

Bununla onun komandaları bitdi və hər kəs təşvişlə öz aqibətini düşünməyə başladı.

Biz tərəfdən heç bir təhlükə olmadığını görən canavarlar yaxınlaşmağa başladılar. Onlar döyüş sırasına düzülüb dayandılar. Aralarındakı ən yekə, qalın tüklü canavar görünür, onların başçısı idi. Tonqal təhlükə yaradaraq zəifləməyə başladı və biz odunun qurtardığını gördük. Biz hamımız onun başına toplaşdıq. Hər kəs dəstənin ortasına girməyə can atırdı. Ancaq o yerləri qızlar tutmuşdu. Canavarlar bizim zəifliyimizi hiss edərək artıq əl çatacaq bir məsafəyə qədər yaxınlığımıza gəlmişdilər. Hamımız pessimist əhval-ruhiyyədə idik. Mən tozlu, isti, bürküsü ilə əziyyət verən, amma sevimli Bakımızı xatırladım. Orada – canavarların iti dişlərindən uzaqda, indi mən «qəşəngcə» tərləyə bilərdim. Mən bura ən yaxşı şalvar və teniskamı geyinib gəldiyim üçün heyfsilənirdim. İndi paltarım məhz öz şux rəngi və təzəliyi ilə canavarları cəlb edirdi. Ən əsası isə necə olmuşdu ki, mən qabaqcadan adi bir vəziyyəti nəzərə almadan birbaşa canavarların içinə gəlmişdim. Axı, mən «Qırmızı papaq» və «Şəngülüm, şüngülüm»ün xrestomatik tarixçəsini, onların canavarlarla rastlaşmağının hansı qəmli sonluqla bitdiyini bilirdim.

– Nə edəcəyik, cənab muşketyorlar? – başçımız Edikin o qədər də özünə güvənməyən səsi məni qəmgin fikirlərdən ayırdı. Düşünməyə sövq edən bu çağırış mənim qorxudan tutulmuş beynimdə, hansısa dərk etmədiyim bir fikir qığılcımı yaratdı. Əvvəlcə o, burulğan tək sovrularaq ayrıca fikirlər ortaya çıxardı və nəhayət, sonda tam aydın bir formula yaratdı: dəstəni xilas etmək üçün canavarlara qurban vermək lazımdır. «İlahi, mən nə fikirləşirəm?» deyə ani olaraq düşündüm. «Bu ki cəfəngiyatdır!» Ancaq mən artıq bu qara və cinayət xarakterli fikirdən yayına bilmirdim. «Qurban, qurban vermək!» – başımda yalnız bu dolaşırdı. Mən qəlbimin dərinliyində qurban seçmək niyyəti ilə oğrun-oğrun uşaqlara baxdım. «Dəhşət!» – mən eynən bu çirkin qərarın həkk olunmuş gözlərlə rastlaşdım. Bu gözlərin hamısı eyni tərzdə təhlükə və mənfurluq ifadə edirdi. Hamı xəlvəti olaraq diqqətlə baxır və sağ qalmaq şansını öz dostlarını canavarlara qurban verməkdə görürdülər.

«Deməli, ona görə suda batan qorxuludur. O, hətta ən əziz adamını belə, özüylə aşağı çəkir». Bu elə insanın dara düşəndə yapışmağa hazır olduğu saman çöpüdür.

İndi hər kəs başqasını qurban vermək hesabına həyatda qalmaq istəyirdi. Bəs o, hələlik naməlum qurban kimdir? Və həmin an canavarlar ,sanki ürəksiz "dostlari" hərəkətə gətirmək üçün ilk həmləni etdilər. Onlar, demək olar ki, paltarımıza toxunaraq, ətrafımızda tullanırdılar. Onların yırtıcı ac gözləri bizim qorxudan çılğınlaşmış simalarımız qarşısında parıldayırdı. Dəstənin qəfil qorxunc hayqırtısı canavarları qorxutdu və onlar bir anlıq geri çəkildi. Görünür onlar indiyəcən belə kütləvi dəhşətli nəriltiylə rastlaşmamışdılar. Canavarların həmləsi bir anlıq zəiflədi. Lakin onların bu halı tez keçdi və yenə də ətrafımızda atılıb-düşməyə başladılar. Bizim süstlük ümumi canlanma ilə əvəz olundu. Hamı yanan budaqlardan götürüb şeytanların burnu qarşısında yelləməyə başladı. Sonuncular nədənsə qısa bir müddətə bu ümumi təcavüzdən çaşdılar. Sürünün başçısı öz yetirmələrinə qışqırdı, daha doğrusu, nərildədi və onlar o dəqiqə dişlərini qıcadılar. Hücum davam edirdi. İlk hücumu dəf etdikdən sonra biz ürəkləndik və qeyri-insani səslə qışqıraraq əlimizdəki çırpını cəsarətlə yelləməyə başladıq, lakin canavarlar bizim bu çılğınlığa tezliklə adaptasiya olub yeni hücuma hazırlaşmağa başladılar. İstər-istəməz hamı ilk yaranan fikrə dönmüşdü - qurban seçmək, lakin xəstəlik yayan bakteriya kimi havada fırlanan bu fikir hələ yüksək səslə müzakirə olunmamışdır. Nəhayət Edik-başçımız qərara gəldi:- Dostlar, biz elə bir vəziyyətdəyik ki, qalan yoldaşların naminə nəyisə, daha doğrusu kimisə qurban verməliyik, əks təqdirdə qurdlar hamımızı parçalayacaq. Heç kəsdən kömək gözləmirik, tonqal isə sönmək üzrədir- başçımız bizi çox populyar şəkildə məlumatlandırdı. - Aramızdan bir könüllü-kamikadze seçməliyik. Kim bu rolda çıxış etmək istəyir, xahiş edirəm əlini qaldırsın. Bütün bu çıxış bizim canavarların hücumuna qarşı əlimizdəki zopaları intensiv yelləməyin fonunda gedirdi, lakin Edik təklifini edən an, hamı, yanlış anlaşılmasın deyə, bir anlıq əllərini aşağı salıb dondu. Hətta canavarlar belə bizim bu qəfil duruşumuzdan çaşdılar. Başçı bizim gizli manevrimizi təyin etmək ümidiylə bizi daha diqqətlə izləməyə başladı. Beləliklə könüllü tapılmadı. Mən nəzərlərimlə bizim birinci dərəcəli komsomolçu və sinif komsomol komitəsinin rəhbəri, komsomol təşkilatının bütün yığıncaq, toplantı və mitinqlərinin fəal iştirakçısı Aliki tapdım. O, mənim baxışlarımı görüb gözlərini yana çevirdi. Ucdan tutma hamıya sataşan, özündən zəif hər kəslə başa çıxan Vovka-dələduz indi qızların arasına dürtülməyə çalışırdı. Lyubka- ilişmədiyi oğlan və hətta qız qoymayan bu ötkəm qızcığaz, iki qız arasında, qızlardan biri onun böyük bacısı idi, özünə yer etməyə çalışırdı. Ön sırada dayanan, daim zarafatlaşmağı və kələk qurmağı sevən Levka, heç olmazsa ikinci sırada dayanan yoldaşların sıx cərgəsinə daxil olmaq üçün yanında dayanan dostlarını kobudcasına itələyirdi. Bir sözlə, kimsə öz xoşuna "könüllü" olmaq istəmirdi. Və bu da yalnız insanlar üçün deyil, bacardıqca həyatı üçün mübarizə aparan hər bir canlı orqanizm üçün məntiqli bir şeydir. Başqasının canını fəda etməyə gəlincə, buna hər zaman bir bəhanə tapmaq olar. İndi hər kəsi bir şey düşündürürdü: "əlbəttə ki, hamının naminə kimi fəda etsinlər". Şübhəli itələmələr, sıradan sıxışdırılıb çıxarılmalar da bundan irəli gəlirdi. Lakin, canavarlar tongalın zəiflədiyini və əllərimizdəki alovun artıq qığılcım saçmadığını görüb yeni həmləyə qərar verdilər. Başçı hay verən kimi canavarlar azğın çaqqal kimi bizə hücum etdilər. Bu dəfə bizim birgə hayqırtımız onları saxlamadı. Çılğınca zopaları fırladıb canavarlara zərbə endirərək, vuruşu qəbul etdik. Daha nə edə bilərdik ki. Mən, qılıncoynatma təcrübəsi olan adam kimi, taxtanı əlimdə qılınc kimi fırladır və alçaq qurdların başına dəqiq zərbələr endirirdim. Onlar ulayaraq geri geri çəkilir və sonra yenidən mübarizəyə qoşulurdular. Artıq bəzilərimizdə qanlı dişlək yeri vardı, amma canavarlarda da bizim işarələr vardı. Kimsə sürünün başçısının sifətinə dəqiq zərbə endirdi. O, dəhşətlə ulayıb dəstəsinə geriyə çəkilmək işarəsi verdi. Onlar qısa bir məsafəyə çəkilib ağızlarının suyundan boğula-boğula məsləhətləşməyə başladılar. Biz artıq son döyüş olacağını anlayırdıq. Heç yerdən yardım gözləmirdik. Telefonumuz və radiomuz da yox idi. Gözəl cənub səmasının altında tənha idik. Ulduzlar soyuq və laqeydliklə bizi seyr edirdilər, ay isə öz təhlükəsiz krater və "dənizləri" ilə bizi cəlb edirdi. Yalnız teleskop öz üfüqi bədənini qəmli şəkildə yerə əyib durmuşdu. O, bizimlə, özlərini bütünlüklə elmə-astronomiyaya həsr edən dərnək üzvlərilə vidalaşırdı. Dəstədə panika başlamışdır. Qızlar yüksək səslə canavarlar təkin ulayır və heç kim bu ulaşmanı kəsə bilmirdi. Dişlənmiş uşaqlar artıq iniltilərini içlərində boğmurdular. Hamı nə isə qışqırır, təklif edir, hədə-qorxu gəlir və hıçqırırdı. Heç kəs biri-birindən çəkinmirdi. Hər kəs öz temperamentinə uyğun şəkildə vidalaşırdı. Mən də düşündüm, Və düşünməli şeylər də var idi. Təəssüfləndim ki, son ayın təqaüdünü almağa və onu pivə barında yaxşıca xərcləməyə çatdırmadım. Mən artıq dəfələrlə Xarkovdakı qısa məhəbbətimi xatırlayır və heyfsilənirdim ki, əgər Yaltaya Lyusyanın yanına getsəydim, indi burda olmazdım. Əlbəttə, mən zavallı anamı da düşünürdüm: görəsən o, mənim kəlləmi və sümüklərimi tanıya biləcəkmi? Sonra mən başımda iki buruğun olduğunu xatırlayıb bir az sakitləşdim. Hə, bir də mənim şalvarım təzə idi, demək olar ki, heç geyilməmişdi, babamın şalvarını mənim əynimə düzəltmişdilər. Bu vaxt mən Edikin son əmrini eşitdim - uşaqlar, gəlin dua edək! - və bütün uşaqlar, sanki özlərini toplayıb, əllərini yelləyərək xaç çevirir və digərlərinin bunu necə etdiyinə göz qoyurdular. Xaç çevirmək mənim semitik simama yaraşmırdı və ona görə də Moisey babamın uşaqlıqda məni sinaqoqa apararkən eşitdiyim duanı xatırlamağa çalışdım. Lakin ilk üç söz "Borux Ato Adenoy"dan başqa bir şey ağlıma gəlmirdi. Və mən bu üç sözü təkrar etməyə başladım. Xaç çevirən əllərin fonunda yalnız mən hərəkətsizdim və bu yanımda dayananların nəzərindən qaçmadı. Tezliklə mən yanlardan və arxadan bir təzyiq hiss etdim."Press" məni ümumi yoldaşlar kütləsindən basıb çıxarırdı. Mən bütün qüvvəmlə dayanmağa çalışırdım, lakin kollektivin davamlı gücü məni daim irəli sıxışdırır və həmin dəqiqə yaranmış boşluğu tuturdular.

Bizi sıx mühasirəyə alıb həmləyə hazır olan canavarların ac gözləri qələbə zəfərilə parıldayırdı. Mən artıq sürünün qarşısında tənha qalmışdım. Məni əhatə edən ümidsizliyi sözlə çatdırmaq mümkün deyil. Dəstə tərəfindən rədd edilmiş insan mənim kimi, tezliklə canavarların işgəncəsinə məruz qalacağını bütün canında hiss edərək dayanmalıdır. Canavarlar hücuma keçdi. Mən zopanı qaldırıb "Borux Ato Adenoy" demişdim ki, arxadan məni kobudcasına itələdilər. Dəstədən bir az da uzağa, canavarların düz ortasına düşərkən, gözümün ucu ilə bu xain hərəkəti Alkanın etdiyini gördüm. "Səndəmi, Alik" - mən istəmədən Sezarın ən yaxın dostu Brutun xəncərini öz başı üstündə gördükdə dediyi və artıq hiylə və məkrin aforizminə çevrilmiş sözlərini söylədim. Sürü üstümə cumdu. Bağırtı, ağrı və...günəş- hamısını eyni anda hiss edib, çaşqınlıqla gözlərimi açdım. Əngin mavi səma nəvazişlə mənə tərəf əyilmişdi. Onun fonunda, rəsmlərdə olduğu kimi, Alikin gülən üzü xüsusi seçilirdi.

-Nədən bildin ki, səni bayaqdan mən oyatmağa çalışıram?-heyrətlənmiş Alka maraqla soruşdu və təəssüflə məni silkələməyi saxladı.- Əcəb yatırsan sən, sanki yuvasında qış yuxusuna getmiş ayısan - dostum məni tənbehlədi. Cılğınca ətrafıma boylanaraq özümə gəlirdim.

-Bəs canavarlar hanı?- mən yanımda dayanan Levkanın üzünə baxıb çaşqınlıqla soruşdum.Onun gənc əsmər üzü qıpqırmızı qızardı:

-Deməli sən də məni ələ salırsan. Razıyam ki, bir səhv etmişəm, uçan atəş böcəklərinin işığını canavarların gözü bilmişəm. İndi niyə hamınız üstümə düşmüsünüz? -inciyib məndən uzaqlaşdı. Nəhayət tam özümə gələrək, işıqlara baxdığım andan bəri baş verən hadisələrin yuxu olduğunu dərk edərək rahatlıqla dərin bir nəfəs aldım.

- İlahi mən sağam! Nə təcili iş var ki, belə hamılıqla məni oyadırsınız,- nəhayət soruşmaq ağlıma gəldi.

- Biz ki, səninlə bu gün növbətçiyik-məni oyatmağa çalışan üçlüyün arasında olan Lyubka sevinclə bildirdi. -Qalx, çörək üçün Marevkaya getməliyik, yolumuz uzundur. Və o, mənalı-mənalı mənim yenicə çıxmaqda olan bığlarıma baxdı. Yuxum həmin an qaçdı. "İndi və ya heç vaxt",- deyə, mən əvvəllər də Lyubkanı gördüyümdə olduğu kimi, qətiyyətlə söz verdim."Yuyunmağa ehtiyac yoxdur, mən onsuz da şehdə yuyunmuşam, amma dişlərimi fırçalasam pis olmaz. Yəni hər ehtimala qarşı," -düşünüb gözlərimi təvazökarlıqla aşağı dikdim.

Mark Verxovski

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade