post-title

Mentalitetin gücü

Əli Həsənov: "Əlbəttə, 20 ilə Azərbaycanda Avropanın 100 illərlə qurduğu demokratiyanı, siyasi plüralistik mühiti yaratmaq çətindir. Burada bizim mentalitetimiz də nəzərə alınmalıdır."

 
Trend-in xüsusi müxbirinin məlumatına görə, çərşənbə günü Avropa Yayımları Birliyinin Cenevrədəki mənzil-qərargahında Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətinə dair keçirilən seminarda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib.
 
PA rəsmisi öz çıxışında, hazırda Azərbaycanın real həyatında KİV sahəsində dünya standartlarına uyğun plüralist media, elektron və yazılı KİV formalaşdığını deyib.
 
"KİV-lərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl mövqelərdən birini tutub. Azərbaycanda 4600 mətbuat orqanı, yüzlərlə informasiya portalı, 50-dən çox informasiya agentliyi qeydiyyata alınıb və fəaliyyət göstərir. Bunların sırasında gündəlik, həftəlik və digər fəaliyyət növləri ilə məşğul olanlar var. 50-yə yaxın milli informasiya agentliyi insanları ölkədə və dünyada baş verən hadisələrlə tanış edir. Bölgələrdə yüzə yaxın qəzet və jurnal nəşr olunur. Xarici dillərdə - rus dilində 40, ingilis dilində 12 qəzet və jurnal, türk, fransız, alman, ərəb və başqa dillərdə də bir sıra mətbuat orqanları və bülletenlər nəşr olunur. Təsis edilən KİV-lərin əksəriyyəti, 3 dövlət qəzeti istisna olmaqla, özəl qurumlara, siyasi partiyalara və şəxslərə məxsusdur. Azərbaycanda geniş şaxəli sərbəst internet fəaliyyət göstərir. Ölkədə son illərdə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə şərait yaradıb və Azərbaycanı lider ölkələr sırasına çıxarıb. Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda Azərbaycanda internet istifadəçilərinin sayı əhalinin 50 faizindən çoxunu təşkil edir. 30-dan artıq internet provayderi bu sahədə xidmət göstərir. Azərbaycanda genişzolaqlı sürətli internet istifadəçilərinin sayı hazırda 30 faizə yaxınlaşır. Bu isə orta ümumdünya göstəricilərindən 2,5 dəfə yüksəkdir. .az domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 4,5 dəfə artıb və 12 mini keçib. Son 4 ildə internet trafikin giriş-çıxış həcmi dəfələrlə artıb, internet xidmətlərindən istifadə haqları azalıb", - Həsənov əlavə edib.

Son olaraq Azərbaycan hakimiyyətinin siyasi plüralizim, söz və məlumat azadlığı ilə bağlı iradəsini seminar iştirakçılarına çatdıran PA rəsmisi deyib ki, Azərbaycan bütün bu görülənləri qənaətbəxş hesab etmir. "Bizim problemlərimiz yetərincədir. İki əsas problemi diqqətinizə çatdırmaq istəyirəm. Bunlardan biri azad medianın dairəsinin hələ Azərbaycan dövlətini qane edəcək səviyyədə olmaması, onların genişləndirilməsi ehtiyacıdır. Azad medianın dairəsini getdikcə genişləndirməliyik. İkincisi, jurnalistlərimizin peşəkarlığını artırmalıyıq. Çünki azad medianın dairəsi genişləndikcə, qeyri-peşəkar jurnalistlərdən cəmiyyət, dövlət, millət və bütün insan təbəqələri demək olar ki, əziyyət çəkir. Biz hazırda diffamasiya haqqında qanunun qəbul olunması ərəfəsindəyik. Mən bütün jurnalist təşkilatlarına təşəkkür etmək istəyirəm ki, bu qanun layihəsinin hazırlanmasında və müzakirəsində ATƏT və QHT-lərlə birlikdə iştirak ediblər və belə bir qanun layihəsi hazırlamışıq. Azərbaycan Prezidenti bu qanunu qəbul etmək iradəsini ortaya qoyub. Lakin biz jurnalistlərdən qarşılıqlı addım gözləyirik. Nədir bu addım? Bütün Azərbaycan jurnalistləri jurnalistlərin vahid əxlaq kodeksini qəbul etməlidir. Cinayət məsuliyyətindən jurnalisti o zaman azad etmək olar ki, o öz məsuliyyətini dərk edir, cəmiyyət qarşısında və vahid əxlaq kodeksinə tabe olur. Güman edirəm ki, bugünkü dialoqdan sonra da biz bu sahədə işlərimizi davam etdirəcəyik. Biz bütün tənqidlərə açığıq, bütün konstruktiv təklifləri qəbul etməyə, müzakirə etməyə hazırıq və biz Azərbaycanı Avropanın, Azərbaycan cəmiyyətini demokratik Avropa cəmiyyətinin tərkib hissəsi kimi görmək istəyirik. Əlbəttə, 20 ilə Azərbaycanda Avropanın 100 illərlə qurduğu demokratiyanı, siyasi plüralistik mühiti yaratmaq çətindir. Burada bizim mentalitetimiz də nəzərə alınmalıdır. Biz jurnalistlərimizin peşəkarlığını və məsuliyyətini artırmalıyıq. Bu, əlbəttə, bizim arzumuzdur. Avropa 200 ildir bunu edir və müəyyən nailiyyətlər də qazanıb", - Həsənov deyib.
 
Kultura.Az
Yuxarı