Markesistlər

Литература

 

Mənimçün Latın Amerikası ədəbiyyatının ən böyük nümayəndəsi Mario Varqos Lyosadır. Lyosanın ən böyük üstünlüyü onun realistliyindədir. Onu Kortasar və Markesdən xüsusi fərqləndirən keyfiyyət magik realizmə yuvarlanmamasıdır. Mən Lyosanın “Yaramaz qızın macəraları”nı dünya ədəbiyyatının şedevrlərindən sayıram. “Şəhər və itlər” isə bədii realizmin şübhəsiz, ən yaxşı nümunələrindən biridir. Bizdə Lyosanı daha çox 2010-cu ilin Nobel mükafatçısı kimi tanıyırlar. Amma bu mükafatın ona verilməsi çox böyük haqsızlıqdır, ona görə ki, bir insan layiq olduğu ödülü bu qədər gec almamalıdır. Təkcə “Keçilərin ziyafəti” əslində, Lyosanın Nobel mükafatını çoxdan qazanmalı olduğunun müjdəçisidir.

Bu roman məşhur diktator Turxilyo haqqındadır, eyni zamanda, diktaturaların hardan, necə formalaşdığı barədə də yaxşı bədii qaynaqdır. “Keçilərin ziyafəti”ni oxumaq və lazımi nəticələr çıxarmaq köləlikdən və totalitarizmdən əziyyət çəkən toplumlar üçün xüsusilə vacibdir.

Məncə, Mario Varqas Lyosa Latın Amerikası ədəbiyyatının vicdanıdır. Onun Qabriel Qarsii Markeslə müqayisədə ən böyük üstünlüyü isə səmimiyyətidir. Çünki Lyosa yalnız yaradıcılığında deyil, həyatında, əməllərində də çox səmimi idi. Peruda və bütün dünyada demokratiyanın bərqərar olması üçün yalnız əsərlərində deyil, həyatında, əməllərində də xeyli enerji sərf eləmişdi. Bu mənada Azərbaycanda Mario Varqas Lyosanın ciddi oxucu kütləsinin yaranması vacibdir. Lyosa hələ də dünyada azadlıqlar uğrunda mübarizənin önündədir, ən əsası isə, o, bu gün həm də Azərbaycan üçün vuruşur - bəlkə xəritədə belə bir ölkənin varlığından xəbərsiz olsa da.

Markes isə heç şübhəsiz, oyunbazdır. O, bütün yaradıcılığı boyu öz oxucularını, heyranlarını ələ salmaqla, onlarla məzələnməklə məşğul olub. Öz ətrafında yazı mətbəxi, yaradıcılığa münasibəti ilə bağlı xüsusi şəhər əfsanələri yaradıb və nə qədər adamın başını xarab edib. O, dünyada xeyli istedadları məhv edib. Markesin öldürücü epidemiyası ucbatından Azərbaycanda 90-cı illər ədəbi nəsli tamamilə məhv oldu. Guya, Markes kimi bir sözün üstündə əsən, Markes kimi bir neçə saatlıq məşəqqətlə vur-tut bir cümlə yaza bilən nə qədər istedadlı adam öz edam hökmünü verdi.

Azərbaycanda Markesin başını xarab elədiyi xüsusi bir dəstə adam var. Onlar Markesin oyununa gəliblər. Markes öz oyunları ilə bu adamların başını xarab eləyib. Ən pisi odur ki, Markesin oyununa nəinki istedadsız, hətta Əkrəm Əylisli kimi istedadlı bir adam da çox asanlıqla gələ bilər. Əkrəm müəllim bir dəfə demişdi: “Mən Markesi oxuyanda elə bilirəm ki, o nə Arakatakadan, nə də Makondadandır, elə bizim kənddəndir”.

Bu qoca qurd əndrəbadi fikirləri ilə çoxlarını ovsunlayıb. Məsələn, nə qədər adam onun vaxtından əvvəl ağsaqqallaşmaq haqqında fikirlərinin təsiri altına düşərək öz gəncliklərini düz-əməlli yaşaya bilməyiblər, 30 yaşında 80 yaşlı müdrik kimi görünmək üçün əldən-ayaqdan gediblər. Müşahidələrimə görə, Markesin heyranları bir qayda olaraq, yekəbaşlığa, öyüd-nəsihət verməyə, dahiliyə meylli olurlar, səmimiyyət hissindən əziyyət çəkirlər və saxtakarlıq onların iliklərinə qədər işləyir.

Şübhə eləmirəm ki, Markes belələrindən xüsusi zövq alır. Dünyanın müxtəlif guşələrində istedadları öz köləsinə, quluna çevirmək ona ləzzət edir. O, “Patriarxın payızı”nda həm də öz obrazını yaradıb. O, ədəbi despot olmasından ləzzət alır.

Çox az adam bilir ki, Markes yazıçıdan çox menecerdir və ətrafında necə “tufan” yaradacağını yaxşı bilir. Məsələn, bir cümlə yazanadək ölüb-ölüb dirilməsi barədə Markes mifləri bizdə xeyli istedadlı yazıçının əl-qolunu bağlayıb, onları kağız-qələmdən soyudub. Guya, bir tərs-məzhəb cümlə yazsalar, Markes gəlib bunların ağzını cıracaq, onlardan hesab istəyəcək. Azərbaycanda nə qədər yazıçı cümlə qurarkən gözlərinin önünə Markes gəlir və qorxudan axırda qələmlərini yerə qoyurlar. Belələrini “Markesist” adlandırmaq çox doğru olardı.

Ümumiyyətlə, köləlik ağır dərddir. O, adamı təkcə Markesə yox, hətta Anara, Elçin Əfəndiyevə də qul edə bilir. Köləlik Markeslə Anar arasında fərq qoymayacaq qədər amansız, alçaq bir hissdir.

Lyosa isə Markesdən tam fərqlidir - realistdir, həqiqətpərəstdir, özü siyasi sistemlərin köləsi olmadığı kimi, başqalarını da özünə kölə etmir. Insanlara azadlığın nə qədər dəyərli bir nemət olduğunu həm əsərləri, həm şəxsiyyəti ilə anladır. O, həyatı ilə yaradıcılığı arasında bərabərlik işarəsi qoyulan nadir simalardan biridir. Qısası, azadlıq sevən və reallıq hissini qiymətləndirən insanlar Lyosanı mütləq oxumalıdırlar.

O ki qaldı Markesin cəzbedici aurasına, ədəbi şoumenliklərinə, bu, heç kimi aldatmamalıdır. Yalnız qəlbinə saxtakarlıq enmiş, ruhuna köləlik çökmüş adamlar Markesə əvəzedilməz, az qala, Tanrı kimi baxa bilərlər. Markes bəzək-düzəkli cümlələrin arxasında gizlənən çirkin niyyətlərin yazıçısıdır.

Buna əmin olmaq üçünsə “Patriarxın payızı”nı yazmış adamın axırda gedib interneti qadağan edən Fidel Kastronun qoltuğuna sığındığını görmək kifayətdir.

Elnur Astanbəyli

Azadlıq Qəzeti

Kultura.az | Developed by Samir Yahyazade