post-title

Sözün nifrət çaları

Saytlardakı sayğaclar sizi aldatmasın, ən çox oxunan yazılar model qız şəkilli yazılar deyil. Belə yazılar oxumaq yox, baxmaq üçün açılır. Ən çox oxunan hökumətin, xüsusən onun zirvəsində qərar tutanların gizlinlərinə işıq tutan yazılardı. Oxucunu şəklin yox, sözün çılpağı cəlb edir. Bu gün qızıl xırdalasa belə, çılpaq, yəni müxalif sözdən kənar kəsərli kəlmə yoxdu. Sanki söz yalnız hakimiyyət sahiblərini tənqid hesabına öz qüdrətini saxlayır.

 

Siyasətə marağın azaldığı bir zamanda müxalif sözə sevginin qaynağı hardandı bəs? Müxalifət liderlərinin söylədikləri hələ də adamlara maraqlı gəlir, bəzən lap rəğbət də qazanır. Niyə? Az qala 20 ildi təkrarlanan bu fikirləri diri saxlayan nədi? Müxalifətdən doğsa da, sualın cavabı onda deyil, hakimiyyətdədi. Çünki müxalif sözün başı hakimiyyət sahibidi.
 
Neçə ildi məşhur ziyalılarımız öz işində-gücündə, sözündə-söhbətindəydi. Xalqın onlara hörməti yaradıcılıqlarından, fəaliyyətlərindən yanaydı. İndi bir forumda toplaşan bu insanlar nə vaxt toplumun qəhrəmanına çevrildilər? Niyə onlara meyl 5, 10, 15 il əvvəlkindən çoxdu? Bunun tək səbəbi var – onlar cümlə bəlalara bais kimi hakim elitanı göstərirlər.
 
Razılaşmayanlar olacaq, təbiidi, fikrimcə, son illər ictimai şüurda müxalif fikri yaşadan barmaqla sayılası köşə yazarı və onların çap olunduğu bir-iki qəzet, saytdı. Sual budu: niyə adamlar məhz bu yazarların köşəsini, hərdən də “çaşıb” yazdıqları hekayə, romanlarını oxuyur? Bəlkə Tolstoydan, Axundovdan istedadlıdılar? Yox! Sadəcə, qorxmadan hakim zümrənin ayıb işlərindən yazırlar.
 
Sözümün “mustafa”sı kiminsə deyib-yazdığını saf-çürük eləmək deyil, odu ki, bütün topların lüləsi hakim zümrəyə sarıdı. 
 
Bu, adi giley deyil. Ümidsizlik və yiyəsizlik hissinə qapılan çarəsiz insanlarda yığılan nifrətdi. Qaynayan su buxar enerjisinə çevrildiyi kimi nifrət də qisas duyğusu yaradır! İndi intiqam hissiylə yaşayan minlər yox, on minlər, yüzminlərdi, sanki sehirli əl onların sayını qəsdən günbəgün artırır. SSRİ-də kommunizm repressiyasının yan keçdiyi ailə çətin tapılardı. Bu gün də adı bilinməz siyasi sistemdən başı çəkməyən ailə tək-təkdi. Camaat qısas ovqatlıdı, bir himə bənd kimidi.
 
“Bastoy adasının kralı” adlı bir Norveç filmi var, yüz il əvvəl Norveç adalarının birindəki türmədə yeniyetmə məhbuslara verilən davamlı işgəncədən bəhs edir. Təhqir və işgəncələr “ada sakinləri”nin həbsxana heyətinə nifrətini qəzəbə çevirsə də, səbir kasası son damlaya möhtacdı. “Kasa”nın sonuncu damlası azadlıq ehtirasını ölməyə qoymayan ləyaqət hissidi. Bu da adaya yeni gələn məhbusla oyanır. “S19” nömrəli məhbus qəzəb kasasını daşıran sonuncu damla olur. Və... Məzlumun qisası yanında zalımın zülmü nədi ki?!
 
Bilmirəm, ölkəmizi filmdəki türmə-adaya bənzətmək nə qədər doğru olar. Bildiyim odu ki, bütün kasaların suyu onu daşırası sonuncu damlaya bənddi. Zaman-zaman içində yığılan enerjini bir gün vulkan da püskürür. Bunu “Tarixi-Nadir”i yarısınacan oxumayan bəndəniz də bilirsə, bu boyda ölkəni bu qədər vaxtda idarə edənlər bilmir?
 
Bilir! Sadəcə, hüdudu görünməyən hakimiyyətin, nağılvari var-dövlətin bihuşedici təsirindədilər. Ordan həyat duman içindəki qara-qura ləkələr kimi görünür. Amma hər şey bir sonluqla bitir. “Hallanma”nın da sonu var, bəlli çevrədə buna “lomka” deyirlər. “Lomka” ruhun bədəndən qisasıdı. Yalın əllə qılınca çapan insanların intiqamı kimi... 
 
Yazılarda tin-bucaq jarqonları işlətməkdən xoşum gəlmir, oxucu inciməsin, hərdən fikirləri izah eləməkdə çətinə düşürsən, köməyə elə bu sözlər çatır. 
 
Azərbaycan tarixində heç bir hakimiyyətin xalqı ağ günə çıxarmaq üçün bugünkü qədər imkanı olmayıb. Xalqın yeddi arxa dönəninə bəs edəcək bu qədər sərvətin müqabilində onun sevgisini qazanmaq şansını qaçırmaq və əvəzində indiyədək görünməmiş miqyasda nifrətini qazanmağın adını qoy elə hakimiyyət sahibi özü desin.
 
Allah bizi nifrətin intiqamından saxlasın! Duam budu, yoxsa, əstağfürullah, kiməsə ağıl qoymaq fikrim yoxdu! 
 
Arzum isə odu ki, Azərbaycanda SÖZ özünün başqa çalarlarında da qüdrətini göstərə bilsin! 
 
Vahid Qazi
www.vahidqazi.wordpress.com

 

Yuxarı