post-title

Məğlubedilməzlik

“Öldürmək zamanı” (“A time to kill”) – bu filmin adı insanda döyüş filmi olması barədə təəssürat oyadır. Amma bu film bəşər tarixi üçün əhəmiyyəti ola biləcək bir filmdir. Film Con Qrişamın (John Grisham) 1989-cu ildə yazılmış eyni adlı əsəri əsasında 1996-cı ildə çəkilmişdir.

 

Deməli, Amerikanın irqi ayrıseçkilikdən yenicə uzaqlaşdığı dövrdə 2 ağdərili gənc (23 yaş) bir 10 yaşlı qaradərili qızı zorlayır, sonra üstünə işəyir, ardınca asmaq istəyir. Lakin ağacın budağı qırılır, onda qızı götürüb çaya atırlar. Qız ölmür, xilas edilir, lakin bətni məhv olur, ömürlük ana olmaq qabiliyyətindən məhrum olur.
 
Məhkəmənin ilk iclasında qızın atası, Samul L. Ceksonun (Samuel L. Jackson) obrazını canlandırdığı Karl Li Heyli (Carl Lee Hailey) avtomatla hər iki gənci güllələyir və onları aparan polisi yaralayır. Gənclər ölürlər, polisin isə ayağı dizdən kəsilir. Karl özünə ağdərili Ceyk Briqensi (Jake Brigance) (Matthew McConaughey canlandırır) vəkil seçir. Kiçik şəhərin cəmiyyəti irqi zəmində 2 hissəyə parçalanır. Çoxdan fəaliyyətsiz olan Ku-kluks-klan-çılar fəaliyyətlərini bərpa edirlər. Karlın müdafiəçilərinə hücumlar edilir. Vəkilin evinə bomba qoymağa cəhd edirlər, evi yandırırlar, bir neçə yerdə öz işarələri olan yandırılan xaç basdrırlar və s.. Sonda vəkil Elen Ruarkın (Ellen Roark) (Sandra Bullock canlandırır) köməkliyi ilə öz möhtəşəm çıxışı nəticəsində işi udur, Karl bəraət alır.
 
Bu filmdən alınası dərslər, çıxan nəticələr çoxdur. Film irqi ayrıseçkilik cəhdlərinə öldürücü zərbə vurur. Son çıxışı zamanı vəkil Briqens zorlanan uşağın başına gələnləri danışır. Kənardan baxanda adi duyğu istismarı kimi görünür, emosional şəkildə hadisəni nöqtəbənöqtə nəql edir. Sonda isə filmin kulminasiyası olan ifadəni işlədir – “Təsəvvür edin ki, bu zorlanan qız ağdərilidir”. Bəli, kimisə təqsirləndirənlər, asanlıqla ittiham edənlər özlərini onun yerinə qoya bilsələr, çox şeydən çəkinmiş olarlar və ədalətsizliklər qat-qat azalar.
 
Vəkil əksəriyyəti ağdərili olan andlı iclasçıları özlərini Karlın yerinə qoymağa məcbur edir. Hər kəsin gözünün önünə gəlir ki, məni evdə gözləyən kiçik qızıma qarşı 2 nəfər 23 yaşlı vəhşi bunları tətbiq etsə, mən nə edərdim. Əlbəttə, hər kəs Karla haqq qazandırır. Vəkil orda elə situasiya yaradır ki, Karlın əleyhinə səs vermək şərəfsizlik sayılmalı olur və hər kəs sanki öz şərəfini qoruyurmuş kimi Karlı müdafiə edib ona bəraət verir. Kimsə şərəfinin təhqir olunması müqabilində ağılsız hərəkətə yol verərkən, onu ittiham etməyə tələsmək lazım deyil, əvvəl özünü onun yerinə, öz şərəfini onun şərəfinin yerinə qoyub, belə halda özünün nə edə biləcəyini düşünməli və özünün o adamı ittiham etmə haqqına nə qədər sahib olduğunu müəyyən etməlisən.
 
Bundan başqa, həmin kulmnativ son cümlə ilə film tamaşaçılara göstərir ki, ağlar və qaralar irqi cinayətlərdə (filmdə Ku-kluks-klan-ın nümayişi zamanı qaralar bir ağı yandırırlar) təqsirkar ola bilərlər, amma uşaqların məhz uşaq olduqlarına görə dərisinin rəngindən asılı olmayaraq heç bir təqsirləri yoxdur və onları bu mundar tarixə bulaşdırmağa dəyməz.
Filmin fraqmentlərində də təsirli səhnələr var. Karlın ayağından yaraladığı və nəticədə ayağı amputasiya olunmuş polis qızğınlıqla Karlı müdafiə edir.Vəkil Elen Ruarkın cəlbedici hərəkətlərinə və seksual görünüşünə uymadan arvadına sədaqətli olur, arvadı isə onu bu ağır işdə tək buraxmır.
 
Vəkilin gördüyü işin ağırlığı isə əslində filmin verdiyi ən güclü təsirdir, hətta irqi problemdən də güclü. Ceyk Briqens mübarizə aparır, seqreqasiyanın əleyhdarıdır, hətta Karl ona pul ödəyə bilməyəndə də onu müdafiə etməkdən əl çəkmir. Evinə bomba qoyan rasist aşkarlananda da, evi yandırılanda da əl çəkmir. Evinin yanmış qalıqları üstündə oturanda dostu – onu, xüsusən, karyera təhlükəsinə görə bu işdən çəkindirmək istəyən vəkil yanına gəlir və bildirir ki, təyarə bileti hazırdır və Ceyk bu şəhərdən müvəqqəti də olsa, getməlidir. Ceyk isə sadəcə iti Maksı səsləyir və bilet məsələsinə tam laqeyd qalır. O, nəinki karyerasını, özünün və ailəsinin həyatını da təhlükəyə atıb mübarizəsinə davam edir. Həm mübarizəsinə, həm də peşəsinə sadiq qalaraq, birinci tərəfdən həqiqətin, ikinci tərəfdən isə ədalətin axtarışında olur. Və cəmiyyətin əksər hissəsi – ağ və qaradərili kütlə, hakimlər, andlı iclasçıların əksəriyyəti, dostu onun əleyhinə olsalar da, o, dayanmır. Çünki cəmiyyəti dəyişmək üçün aparılan mübarizənin azlıq tərəfindən aparılmalı olduğunu və elə azlıq olaraq da qalib gələ biləcəyini bilir. Çünki mübarizə onun ruhunda idi və o, sona kimi azadlığının onu apardığı yerə gedir.
 
Bu işi vəkil uduza da bilərdi və Karl edam olunardı. Amma bu, onun apardığı mübarizənin aliliyinə kölgə salmazdı və bu, vəkilin məğlubiyyəti olmazdı. Bədbin sonluq Ceykin yox, məhz Amerikanın nüfuzuna xələl gətirəcəkdi. Ceyk məqsədinə çatıb-çatmamasından asılı olmayaraq, qalibdir. O, məhz bu yolda olduğuna görə qalibdir.
 
Filmin çəkilməsinə 110 milyon ABŞ dolları xərclənib. Cəmi 110 milyona Amerika ürəkləri və beyinləri fəth edir. Amerikanın möhtəşəmliyi varlı olmağında deyil, azad olmağındadır. Onlar məhz azad olduqlarına görə ədalətin də, həqiqətin də ardınca gedə bilirlər və bu yolda olan maneələr heç də təsadüfən aradan götürülmür, bu maneələr amerikalıların azad ruhuna məğlub olur.
 
Zaur Qurbanlı
Kultura.Az
Yuxarı