post-title

“Səfərovun işi” – mükəmməl PR aksiya?

Bir həftədir əməlli-başlı “mediaqırğın” gedir – aləm dəyib bir-birinə. Ramil Səfərovun Vətənə gətirilməsi və bunun ətrafında baş verənlər bütün ətrafı – cəmiyyətləri və ölkələri silkələdi. Birmənalı qiymətləndirilməsi mümkün ola bilməyəcək bu olay və skandalın səs-küyü nəinki səngimək bilmir, əksinə, qalmaqal get-gedə daha da güclənməkdədir. Ramilin ölkəmizə gətirilməsi və elə hava limanındaca əfv edilməsi, kapitan olmadan birbaşa mayor rütbəsini alması və s. bir PR aksiya idi – bu da heç bir şübhə oyatmır, bu haqda çox deyildi, yazıldı.

 

Əslində çox maraqlıdır – nəhayət ki, gündəmə TV-lərdəki “ulduz”, meyxanaçı və falçılar ordusunu üstələyərək bir zabit gəlmiş, bu qalmaqalın mərkəzində “mövqe tutaraq” görünməmiş bir PR fiquruna çevrilmişdir. Professor Rəhman Bədəlov Ramil və qətlə yetirilmiş Marqaryanın zabit olduqlarından bu məsələdə Dreyfusun işi ilə paralel apardı, doğrusu ilk olaraq mən də bu haqda düşünmüşdüm, amma sonra tam başqa situasiyanı xatırladım. Məsələ də burasındadır ki, bu olay zamanı hansısa bir konkret fiqur (məsələn zabitlər – Səfərov və ya Dreyfus) deyil, situasiya daha vacibdir.
 
Paralellər qüsurlu olsa da, düşünürəm ki, düşdüyümüz vəziyyətdə xatırlamağımız fəna olmaz.
 
1938-ci ilin noyabr ayında Almaniyada (III Reich zamanı) Kristallnacht (“Xrustal gecəsi”) keçirildi. Şübhəsiz ki, NSDAP tərəfindən təşkil edilmiş xalq kütlələri qəzəb və ekzaltasiya altında küçələrə axışır, Almaniyanın bütün şəhərlərindəki sinaqoqalara od vurub yandırır, yandırılması mümkün olmayanları barbarcasına dağıdır, yəhudi dükanlarını qəsb edilir, qorxudan başını itirərək küçələrə qaçışan yəhudilər döyülür, zorlanır və öldürülürdü. Cəmi 2 gün (8-9 noyabr) ərzində 267 sinaqoq (bunlardan bəziləri memarlıq incisi sayılırdı, məsələn Münhendəki sinaqoq) və minlərlə dükan dağıdılmış, 100-ə yaxın insan öldürülmüş, minlərlə günahsız insan həbs edilərək konsentrasiya düşərgələrinə göndərilmişdi. Maraqlısı bu idi ki, 1936-cı ildə Berlin Olimpiadası keçirilən zaman yəhudi məsələsi bir qədər səngidiyindən bu cür eksperssiya və ekzaltasiyalı kütləvi çıxışlar ola biləcəyini heç kim gözləmirdi. Lap NSDAP hakimiyyəti zamanı olsa da, istənilən halda almanlar qanuna tabe toplum olaraq, bu qədər açıq-aşkar, nümayişkəranə və ən əsası kütləvi cinayət törətməyəcəkdi.  Lakin bu nifrət dalğası necə və hansı səbəbdən yaranmışdı, yalnız kifayət qədər uzun sürən antisemitizm təbliğatının nəticəsi idimi?
 
Əlbəttə ki, təbliğat çox vacib idi, lakin bu benzin çəlləyini yandırmaq üçün kibrit çöpü gərək idi və o tapılmışdı. Bu alman əsilli və Parisə qaçmış 18 yaşlı Grynszpan Herschel idi. Onun homoseksual əlaqədə bulunduğu ehtimal edilən alman diplomatı Ernst von Rath’a qəsd etməsi hadisələrə qığılcım rolunu oynadı. Almaniyadan ailəsinin sürgün edildiyi haqda faciəli xəbərdən dərin təsirlənmiş Herschel alman diplomatını qətlinə qərar verir, və onu tapançadan atəş açaraq öldürür. Fransız polisi bu gənci hadisə yerində həbs edir, lakin növbəti ildə Fransa ilə Reich arasındakı müharibə məhkəmə işinin başlanmasına imkan vermir. Sonda Herschel alman ordusunun iğal etdiyi Fransadan Almaniyaya gətirilir, lakin nasional-sosialist hakimiyyəti açıq məhkəmə keçirməyə cəsarət etmir – həqiqi ari və diplomat, ən başlıcası bu dövrdə artıq milii qəhrəmana çevrilmiş Ernst von Rath’ın seksual azlığın nümayəndəsi olmasının etirafı demək olardı. Herschel heç bir məhkəməsiz-falansız sadəcə ölüm düşərgəsinə göndərilərək orada itirildi.
 
Lakin bu faciəli olay 1938-ci ildə Almaniyanı lərzəyə gətirdi. Hadisənin sabahı günü Almaniyada nasional-sosialist mətbuatı hay-küy qopardı, Ernst von Rath avtomatik milli qəhrəmana və “yəhudi qurbanına” çevrildi. KİV-dən kifayət qədər effektiv istifadə edən Goebbels nazirliyi bu nifrət və ekzaltasiyanı ildırım sürəti ilə ölkənin ən uzaq künclərinə qədər yaydı və nəticədə “Xrustal gecəsinə” rəvac verildi. Hazırda bu hadisələr zamanı Gestapo’nun xüsusi məqsədlə başlıca rol oynadığı heç kimsədə şübhə oyatmır.  Herschel və von Rath burada sadəcə mühairbənin sonradan milyonlarla udduğu qurbanlarından idi.
 
İnsan cəmiyyətinin qəbul eidlmiş hüquqi, mənəvi, sivil və insani qaydalarının tapdalaması üçün uzun müddətli təbliğat və bunu alışdıran qığılcım gərəkdir. Hazırda belə bir qığılcım bizdə baş vermidir – istənilən halda brutal qətl hadisəsini törədən bir insan az qala milli qəhrəmana çevrilmişdir. Yazmışdım artıq bu haqda – Ramilin halına acımaq gərəkdir, o artıq bu situasiyanın girovuna çevrilib. Bəlkə özünün də arzulamadığı bir PR fiquruna çevrilmək çox ağır yük və ifadəsi belə mürəkkəb və paradoksal vəziyyət yaradıb – hazırda bu insan əfv edilsə də, faktiki ev dustağina çevrilib.
 
Onun bu situasiyadan çıxış yolu varmı, yoxmu, ümumiyyətlə mümkünmü – bunu demək çox çətindir.
 
Azərbaycanın isə buradan nəyisə udduğunu iddia etmək fikrimcə azından sadəlöhvlükdür, ən azı bu kənardan bu heç də yaxşı görünmür, amma bu kənara, bu fakt qarşı tərəfə çox böyük arqumentlər verdi. Hansısa danışıqların bundan sonra mümkünlüyü ola bilər, amma bu artıq açıq-aşkar teatra çevriləcək.
 
Hərçənd ki, bu hadisə Yerevanda bizdən az reaksiya doğurmasa da, onların nəsə ifrata gedib Qarabağın müstəqilliyini tanıyacaqlarına inanmıram – Ermənistan siyasətin subyekti deyil, obyektidir, bu üzdən bu mümkün deyil.
 
İnsan cəmiyyətləri üzərində idarə formaları, metodları, mexanizmlərinin təkmilləşdirməsi işi lap qədim zamanlardan gedir, çağdaş dövrdə isə bu müstəsna və mükəmməl bir xarakter almışdır. Azərbaycan və Ermənistan kimi böyük sarsıntılar keçirmiş, indi də dərin komplekslər (“məğlub və qalib”, “qurban və cəllad”, və s.) altında yaşayan, üstəgəl böyük sosial bəlaların tuğyan etdiyi cəmiyyətlərdə bu qat-qat asan alınır, burada manipulyasiya rahatlıqla baş tutur və Səfərovun işi bunun gözəl sübutu idi.
 
Mövzu ilə maraqlananlar lütfən 1997-ci ildə Barry Levinson tərəfindən lentə alımış “Wag the Dog” (“Quyruq iti bulayarkən”) filmini izləsinlər. Cəmiyyətin media üzərindən necə idarə edilməsi və bizim situasiya ilə olmazın paralelləri orada görəcəksiniz. Doğrudan da incəsənət həyatı qabaqlamalıdır. Bu filmin az qala canlı timsalını öz gözlərimizlə həyatda gördük. Təki sonluğu belə faciəli olmasın – göylərdən ricam budur.
 
Elmir Mirzəyev
Kultura.Az
Yuxarı