post-title

Səudiyyə Ərəbistanında qadın hüquqları

Səudiyyə Ərəbistanın əxlaq polisi 2002-ci ildə Məkkə şəhərindəki məktəblərin birində baş verən yanğın zamanı qaçmağa cəhd edən 15 qızın dini qaydalara uyğun geyinmədiklərini əsas gətirərək, onların çölə çıxmasına icazə verməmiş, buna görə də qızlar diri-diri yanaraq həlak olmuşdular.

Bu hadisə Ərəbistanda, həmçinin dünyada böyük etirazla qarşılanmışdı. Yalnız təhsil nazirliyinin 2 il öncə hazırladığı yeni qanun lahiyəsindən sonra, qız uşaqlarının da məktəblərdə baş verən yanğınlar zamanı xilas edilməsinə icazə verildi.

10 il əvvəlki dəhşətli hadisə

Əvvəlcədən qeyd etdiyimiz kimi, 2002-ci ildə Məkkə şəhərindəki məktəbdə baş verən yanğın zamanı əxlaq polisləri binadan çıxmağı bacaran qızları dini qaydalara uyğun paltar geymədikləri üçün döyərək, yanan binaya geri göndərmişdilər. Hadisə şahidlərinin sözlərinə görə, şagirdləri xilas etməyə çalışan xilasedicilərə də qızlara toxunmaq naməhrəm olduğu üçün məktəbə girmələrinə icazə verilməmişdi.

Səudiyyə Ərəbistanında qadın haqları

Səudiyyə Ərəbistanında qadınların necə geyinmələri və necə davranmaları ilə bağlı nəzarət çox ciddidir. Əxlaq polisinə ölkədə hər şeyin şəriət qaydalarına uyğun olması üçün geniş səlahiyyətlər verilib. Qaydalara əməl etməyən qadınlar döyülür və ya həbs edilir.

Səudiyyə Ərəbistanı dünyada qadın haqlarını tapdalayan ölkələr arasında liderlərdən biridir. Dünyada qadınlara avtomobil və velosiped sürməyə icazə verilməyən yeganə ölkə Səudiyyə Ərəbistanıdır. Həmçinin bu ölkədə qadınların seçkilərdə səs vermək hüququ yoxdur və qanunlara görə, heç bir qadın ciddi siyasi fəaliyyətlə məşğul ola bilməz. Ölkənin Kralı Abdulla 2015-ci ildə qadınlara seçkilərdə səs vermək hüququnun veriləcəyini deyib. Əgər bir qadın uşaqlarıyla birlikdə xaricə səfər etmək istəsə, ərindən yazılı icazə almalıdır. Səudiyyə Ərəbistanında qadınların avtobusa minə bildiyi yeganə şəhər paytaxt Riyaddır. Burda da qadınlar və kişilərin ayrı otura bilməsi üçün avtobus iki hissəyə bölünüb. Bu ölkədə qadınların restorana tək başına girməsinə icazə verilmir, din adamları bunun haram olduğuna inanırlar. Bu ölkədə qadınlar kişilərin icazəsi olmadan xəstəxanaya gedə bilməzlər. Yalnız qadın həkimin olmadığı vaxt kişi həkim qadını müayinə edə bilər. Ancaq qadın həkimlərə heç bir halda kişiləri müayinə etməyə icazə verilmir. Sonuncu Olimpiya Oyunlarına qədər dünyada bu idman yarışına qadın idmançı göndərməyən yeganə ölkə Səudiyyə Ərəbistanıydı. Bir neçə həftə əvvəl bu ölkədəki dini alimlərdən birinin verdiyi fətvaya əsasən, Səudiyyə Ərəbistanında qadınlara yanında kişi olmadan internetə girmək qadağan edilib.

Kultura.Az

Yuxarı