post-title

Tikdirənlər və sökdürənlər

(«Cinayət və cəza») Mənə həmişə çox təəccüblü gəlib ki, niyə əri, uşaqları, qaynata-qaynanası ilə bir yerdə yaşayan, namusu-qeyrəti yerli-yerində olan qadınların əksəriyyəti sifətdən fahişəyə oxşayır?

 

Qaynata-qaynana, qayın-baldız, ər-uşaq, qohum-əqrəba yanında yaşayan bu qadınlar necə belə kobud, vulqar danışa, saçlarını sapsarı (nənəm bu sarıya «qəhbə sarısı» deyir) boyaya, qaşlarını qırxdırıb, təpələrinə qədər qalxan qəribə qaşlar çəkdirə bilirlər? Zərli-zibalı paltarlara pərçimlədikləri, yırğalanan ət-əndamlarını toylarda-zadda silkələyə-silkələyə, döşlərinin arası tərləyə-tərləyə necə oynaya bilirlər? Niyə sıradan azərbaycanlının toyu bir müddətdən sonra «Dəli Kür» filmindəki Molla Sadığın meyxanasına oxşayır?

Mən bu sualın ətrafında uzun-uzadı və illərlə düşünəndən, çoxsaylı müşahidələrdən sonra məsələni başa düşməyə başladım. Ərə gedən kimi evə, mətbəxə qapadılan, dükana-bazara qaynanası, ya baldızı, nə bilim hansısa qohum-əqrəbası ilə çıxmağa məcbur edilən qadının axı hələ namuslu, əxlaqlı olub-olmadığı bəlli deyil. Axı onun əlinə hələ namussuz, əxlaqsız olmaq şansı, imkanı düşməyib. Axı onun oturduğu evdə, yemək bişirdiyi mətbəxdə heç kim gəlib ona girişməyəcək, heç nə təklif eləməyəcək, bir sözlə evin içindəki qadının ayağının sürüşmə imkanı yaranmayacaq. Axı işlədiyi, gəzib-dolandığı yerlərdə nəzarətsiz qalan qadınların nə kimi hoqqalardan çıxdığını görən ər onu min gözlə qoruyur. Bunun da səbəbi sadədir: o arvadının potensial yavagəzən, potensial əxlaqsız olduğunu bildiyi üçün, bunu da bilir ki, o qadının namusluluq limiti ancaq evə, mətbəxə çatacaq. O bilir ki, evləndiyi qadın ancaq evdə əxlaqlı ola bilər.

Amma bunlar hələ sıradan azərbaycanlının evləndikdən sonra üzləşdiyi əxlaq, namus qayğılarıdır. Əsas həngamə, işin ən teatr tərəfi cütlük evlənənə qədərdi.       

Mövzuya keçməzdən əvvəl deyim ki, söhbətin himenoplastikadan, yəni bakirəliyin bərpa olunmasından gedəcəyini nəzərə alsaq, yazının adı olduqca vulqardı. Razıyam. Amma bu ad məsələnin mahiyyətinə, mənəvi-psixoloji aspektlərinə və səbəb-nəticə tandeminə ən uyğun gələn, yaraşan addır.

Yeniyetməliyimdə oxuduğum avaragor civi romanlarının birində gənc arvadını öz anasının yerli-yersiz tənqidlərindən müdafiə eləyən oğul deyir ki, onunla işin olmasın, arvadım mənə ərə gələnə qədər bakirə idi. Üzü üzlər görmüş qoca arvadın oğluna cavabı bu olur:

- Bəs nədi? O axı qızıl balıq tutmaq istəyirdi, qızıl balıq tutmaq istəyənin isə qarmağı təptəzə olmalıdır. 

Ağıllı söhbətdir. Xüsusilə bizim qızların ərə ömrü boyu onun arzularını yerinə yetirəcək qızıl balıq kimi münasibət bəslədiyini nəzərə alsaq. Sıradan azərbaycanlı qızı bilir ki, mentalitet, arvadının namusundan başqa apelyasiya eləyəcəyi heç nəyi olmayan bədbəxt oğlanın ondan əsas tələbi - bakirə olmasıdır. Tərbiyəsiz, ağzına gələni danışan ol, eybi yoxdu, yekəxana ol, savadsız ol, nadan ol, bir tikə ürəyin, mehribanlığın olmasın, lap istəyirsən heç çimmə, eybi yoxdu, bakirəsənsə, bunların hamısını bağışlamaq olar.

Azərbaycanlı ailəsi bir imtahan, bir sınaqdan keçir - bakirəlik sınağından. Bu sınaqdan keçən qız özünü bir dəfə, ömürlük və çox baha satmış olur.
O namuslu, bakirə qızların on il, iyirmi il sonrası isə bizim küçədə-bazarda rastlaşdığımız ağzı söyüşlü, ləçər, taxtabaş arvadlar, həyətlərdə oturub tum çırtlaya-çırtlaya qeybət eləyən, bacardıqca yoğunlanan gəlinlər, əri ezamiyyətdə, dənizdə, gecə növbəsində, balıq ovunda-zadda olanda evə oynaş salan, ya da özü yava gəzən ərli arvadlar, ev qadınları, ailə anaları.

Yox, bizdə belə şeylər yoxdusa, mətbuatda gündə namus üstə arvadını bıçaqlayan ər, baldızının ərinə qoşulub qaçan qadın, qaynı ilə oturub-duran gəlinlər barədə saysız xəbərlər hardan çıxır? Bir müddət əvvəl kriminal verilişlərindən birinə oynaşına qoşulub ərini baltalayan qadın barədə süjet göstərdilər. O cavan qadına baxanda heyrətə gəlmişdim:  uzun yubkalı, «ismətli gəlini» janrında başıaşağı bir qız idi. Ona kənardan baxan istənilən nümunəvi ailə başçısı, el ağbirçəyi, madar oğlu olan analar bu qzı evində gəlin görmək istəyərdi. O isə məşuqu ilə birləşib ərini baltalamışdı.    

Bir haşiyə də çıxım. Azərbaycanlılara ruslar, rus ədəbiyyatı, rusların musiqisi, döyüş ruhu, tarix uzunu heç bir fatehin bu ölkənin yanından yel olub ötə bilməməsini danışanda, avropanın dəyərlərindən, tolerantlığından, orada insana qoyulan hörmətdən, qiymətdən danışanda onların bircə arqumentləri olur:

- Nə olsun e, onların arvadları qəhbədi, bizim ana-bacılarımızın isə hamısı namuslu. Onların qızları 12-13 yaşından çıxmadığı hoqqa qalmır, amma bizdə qız otuz beş yaşında da ərə getsə, bakirə çıxır.

Amma müasir tibb bu arqumenti azərbaycanlıların əlindən almaqda, bakirəlik sınağını isə qızlar üçün olduqca asanlaşdırmaqadadı. İndi bakirəlik bir həmlədə bitən şey deyil. Əvvəllər qiyməti baha olan bərpa məsələsi indi sudan ucuzdu. Buna görə də xidmətlərdən istifadə kütləvi hal alıb. Qarşısına yaxşı oğlan, yəni yaxşı «qızıl balıq» çıxana qədər bütün kateqoriyalarla, (havada uçan, quruda qaçan, suda-quruda yaşayan, təkdırnaqlı, cütdırnaqlı, onurğalı, qığırdaqlı, məməli, məməsiz, ətyeyən, otyeyən və s.) oturub-duran bacılarımız həmin «qızıl balığı» tapandan sonra, toya bir müddət qalmış, beşcə dəqiqə sərf eləyib, özlərinə toyqabağı əl gəzdirir və bununla da məsələni həll eləyirlər.

Amma tibb inkişaf etdiyi kimi, oğullar, elə  anaları, ataları da hiyləgərləşib, inamsızlaşıblar. Onlar da evlərində gəlin olacaq qıza inanmırlar. Varlı ailələrin çoxu oğullarını nişanladıqdan sonra qızı izlətdirməyə başlayır. Onun belə xidmətlər (himenoplastika) olan yerə gedib-getməyəcəyini öyrənmək üçün. Amma əks tədbirlər mükəmməlləşdikcə, üsullar da inkişaf eləyir. İndi belə varlı ailələrin oğullarına nişanlanan qızlar bu xidməti göstərəcək həkimin haqqını artıqlaması ilə ödəyərək,  onu gözəllik salonlarından birinə dəvət edir və elə saçını burdurub, qaşını düzəltdirdiyi kimi asanlıqla məlum məsələni də yoluna qomuş olurlar.  

Bu da sizə yeni qurulan azərbaycanlı ailəsi. Oğlan bakirə olmayan qızla evlənməyə hazır deyil, dünyagörüşü,  kompleksləri, məhəllə basqısı buna imkan vermir. Qız gələcək əri ilə səmimi olmağa hazır deyil, ona gələcək ailəsini elə yalan, saxtakarlıq üzərində qurmaq da sərf eləyir. Nəticədə xaraktersiz, kompleksli, saxta cütlüyün ailəsi yaranır və adı olur namuslu, milli-mənəvi dəyərlərə hörmət edən azərbaycanlı ailə. Zırt!

Əlbəttə, siz mənə onlarla, bəlkə yüzlərlə ailə misal göstərə bilərsiniz. Bu qəbildən olmayan, doğrudan da bir-birinə inanan, hörmət eləyən, sevən cütlüklərin qurduğu müasir, maraqlı ailələr. Namusu qadının ayaqları arasında deyil, davranışında, insancanlılığında, ədəb-ərkanında, səmimiyyətdə bilən gənclərin qurduğu ailələr. Amma o ailələrin, o gənclərin Azərbaycan xalqına heç bir dəxli yoxdur. O gəncləri Azərbaycan xalqı yetişdirməyib. O gənclər, o ailələr ya Avropa təhsilinin, ya ədəbiyyatın, ya da öz daxillərindəki fitri işığın, azadlığın, səmimiyyətin məhsuludur. 

Maraqlı son. Axır vaxtlar bu məsələdə vəziyyət o yerə çatıb, qiymətlər o yerə düşüb, qızlar isə o qədər yaradıcı olub ki, ərə gedənə qədər bərabər olduqları bütün oğlanlara özlərini bakirə kimi təqdim edə bilirlər.
 
Hələ bu yaxınlarda eşitdim ki, dostlarımızdan olan bir əhli-kef, müasir, zarafatcıl qız neçə müddətdir demək olar ki, vətəndaş nikahında yaşadığı sevgilisinə doğum günü sürprizi eləmək üçün həmin axşam onunla bərabər olmazdan əvvəl bakirəliyini bərpa elətdirib.

Günel Mövlud

Kultura.az

Yuxarı