post-title

Rəqsanənin əsl sponsoru məlum oldu! Şok!!! Foto!!! Video!!!

Rəqsanənin sponsoru barədə yazmağa qərar verdim. Mən onu tanıyıram. Hər gün görürəm o adamı. Marketə gedəndə, çayxanada, restoranda, ictimai ayaqyollarında, tez-tez rastlaşırıq. Adı Ramildi, Kamildi, Samirdi, hətta Məmmədqulusu da var. Xülasə, Rəqsanənin sponsoru Azərbaycan əhalisinin böyük əksəriyyətidi. Bu mədəniyyətsiz mədəniyyəti yaşadan bu çürük cəmiyyətdir. Mahnılarını "Adə Ələsgər" siqnallı 07-də fırlatmaqla, konsertlərinə getməklə, yazdığım manşetə bənzər manşetləri acgözlüklə oxumaqla və ən əsası toylarına çağırmaqla.

 

Toy insan həyatında bir dəfə olur. Bu günü yadda qalan etmək lazımdır. Bu qeyri-adi bir gün olmalıdır. Fərqli bir gün olmalıdır bu gün. Bir də ən yaxın insanlarla sevincini paylaşdığın gün. Toyun fəlsəfəsi budur.

Amma daha bahalı yerdə toy etmək fərlilikdirmi? Həyatında iki dəfə gördüyün insan ən yaxınındırmı? Toyunda Faiq Ağayevi oxutmaq qeyri-adilikdirmi? Konfeti ya da şar uçurtmaq o günü yadda qalanmı edir?
Standart bir şey necə fərqli ola bilər?
 
Bu bayağılıq, ucuzluq, mədəniyyətsizlik olmaqla bərabər həm də bayağılığa, ucuzluğa, mədəniyyətsizliyə yatırılan investisiyadır.
Gündəmi məşqul edən düşük müğənnilər, cılız mövzular, savadsızlıq sizin toya atdığınız pulun hesabına formalaşır.
Bir də toya borc pulla getmək var. Ümumiyyətlə, biz toyu borc kimi qavrayırıq. Gedirəm ki, o da gəlsin kimi başa düşürük.
Toy bizim üçün artıq çoxdandır ki, şad gün olmaqdan çıxıb. Bizim toylar nə toyu edən üçün, nə də toya gedən üçün müsbət emosiyalarla yadda qalmır.
Plov gətirənin, video çəkənin, tort kəsənin ev yiyəsindən, bəyin, gəlinin yaxınlarından xələt adıyla aldığı pul isə rüşvətdən başqa bir şey deyil. Bu Allah kəsməsin xələt restoran danışılanda nəzərə alınmır.
 
Toy edən üçün bu hadisə stressdir başdan ayağa. Görəsən filankəslər gələcəkmi? Borcla çıxmayacağam ki?
Toya gedən üçün də əlavə, nəzərdə tutulmamış xərc. Getmədiyi halda artıq diskomfort hissi.
Toy yiyəsi toydan gəlirlə çıxmaq barədə deyil, borcla çıxmamaq barədə düşünür.
 
Bəs bu mahiyyətcə çirkin təşkilatdan kim qazanır? Konkret şadlıq evi sahibləri və bayağı müğənnilər, daha geniş anlamda isə savadsızlıq, mədəniyyətsizlik.
Olmazmı ki, bunun əvəzinə ən yaxın adamlarla bir yerdə imkanın daxilində bir party edəsən, pul əvəzinə həqiqətən xoş hisslərini ifadə edən açıqcalar alasan. Həm sən rahat və xoşbəxt olasan, həm qonaqların özlərini sənin xoş gününün bir hissəsi kimi hiss etsinlər?
 
Hər gün səhərdən axşama qədər, sonra da hələ gecə boyu kəmsavadlılığı, merkantil maraqları, ucuz dəyərləri aşılayan və bir də bahalı manısların əvəzinə isə dostlarından birinin özfəaliyyət olsa da daha doğma və səmimi ifasına qulaq asmaq, müxtəlif oyunlar, viktorinalar təşkil etmək, qonaqlarla birgə, bir stol arxasında şənlənmək daha xoş və yadda qalan deyilmi?
 
Bir günlük saxta taxtda oturmuş şah imici yaratmağın mənası nədir axı? Və ən əsası nə üçün edilir bütün bunlar?
Düşünürəm ki, bu sualları özümüzə vermək vaxtı çoxdan çatıb. 
 
Hacı Hacıyev
Kultura.az
 
Yuxarı