post-title

“Tələbələr anarxist olmalıdır” - “Zeit Campus” universitet jurnalının Noam Chomski ilə müsahibəsi

Mən hakimiyyətin dəstəkçisi olmağı əxlaqi cəhətdən düzgün saymıram. Lakin, bu o demək deyil ki, mənim kimləsə düşmənçiliyim var. Elm adamlarının isə siyasi öncəgörmələri heç də başqalarından güclü deyil; nə də onlar başqalarından əxlaqi cəhətdən üstündürlər.

 

 

ZEIT Campus: Professor  Çomski, siz nəinki dünyada ən çox sitat gətirilən alimlərdən birisiniz, eyni zamanda, artıq 45 ildir ki, siyasi aktivistsiniz. Bugün biz siyasətə nəzər salarkən istər-istəməz bizi bir sual düşündürür: Sizin kimi ictimai nüfuzlu intellektualların nəyəsə nail olmaları mümkündürmü?

Noam Çomski: Siz bu sualı necə verə bilərsiniz?

ZEIT Campus: Əfqanstanda müharibədir. Dünya iqtisadi böhranın nəticələrindən əziyyət çəkir. Sosial gərginlik getdikcə artmaqdadır.

Noam Çomski: Problem çox sadədir. İntellektualların çoxu gücə xidmət edir, hakimiyyətin xeyrinə işləyirlər. Onlar özlərini ekspert adlandırır, prestij arxasınca qaçırlar. Bu nəinki bugün, əsrlər boyu belə olub. Bununla yanaşı, bütün cəmiyyətlərdə müəyyən sayda tənqidi intellektuallar da var. Hər iki qrupun təsiri var: gücə  xidmət edənlərin və dissidentlərin.

ZEIT Campus: Biz hələ də biraz şübhəliyik bu məsələdə. Siz keçən 45 il ərzində nəyi dəyişmisiniz?  

Noam Çomski: Mən şəxsən heç nəyi dəyişməmişəm. Mən bir hərəkatın üzvü olmuşam və bu hərəkat bir çox şeyə nail ola bilib. Bu gün dünya 45 il öncəkindən fundamental olaraq fərqlidir. Sivil hüquqlar, insan haqları, qadın hüquqları və ətraf mühitin qorunması uğrunda görülən işlər, repressiya və zorakılığa qarşı mübarizə tədbirləri dünyanı əhəmiyyətli dərəcədə dəyişib. Mən sizin heç nəyin dəyişmədiyinə dair iddianızı başa düşə bilmirəm.

ZEIT Campus: Dünyanın bugün 40, 50 il əvvəlkindən daha yaxşı olduğuna inanırsınız?

Noam Çomski: Tamamiylə! Massaçusets Texnologiya İnstitutunun ərazisini bir gəzin... Tələbələrin yarısı qadınlardır. Üçdə biri etnik azlığa daxildir. Adamlar daha rahat geyinir və mövcud bütün fəaliyyət növlərinə qoşula bilirlər. Bura mənim 50 il əvvəl gəldiyim yerdən çox fərqlidir. O vaxtlar siz burada rəsmi geyimli və yalnız öz işlərinə maraq göstərən, öz işi ilə məşğul olan ağ dərili kişilər görə bilərdiniz. Siz bugünkü oxşar inkişafı Almaniyada və bütün dünyada da görə bilərsiz.

ZEIT Campus: Yaxşı, bəs bu gün tələbələr siyasi proseslərə əvvəlkindən daha çox meyillidirmi? Yeni nəsli tez-tez dünya ilə maraqlanmamaqda qınayırlar.

Noam Çomski: Məncə bu yanaşma səhvdir. Universitetlərdə yüksək siyasi aktivlik dövrü çox qısa, 1968-1970 illərdə olub. Bu tarixdən əvvəl tələbələr çox apolitik idilər. Gəlin Vietnam müharibəsinə, Soyuq müharibə dövründə baş verən ən dəhşətli cinayətlərdən birinə nəzər salaq. Birləşmiş Ştatlarda buna qarşı hər hansı açıq  etirazın baş verməsi 4-5 il çəkdi və 1970-ci illərdə zəiflədi. İraq müharibəsindən əvvəl isə vəziyyət xeyli fərqli idi. Öz biliyimə əsasən deyə bilərəm ki, İraq müharibəsi, hələ ki, tarixdə özündən əvvəl nümayişlərin baş verdiyi yeganə müharibədir. Mənim tələbələrim nümayişlərə görə dərsi ötürürdülər. 50 il əvvəl bunların heç biri baş verə bilməzdi. Düzdür, etirazlar müharibənin qarşısını almadı, amma onu məhdudlaşdıra bildi. Birləşmiş Ştatlar Vietnamda törətdiklərinin  kiçik bir hissəsini belə İraqda törədə bilmədi.

ZEIT Campus: Bu cür etirazları yalnızca bir saman alovu hesab etmək olar?

Noam Çomski: Xeyir. Siyasiləşmə bugün 1950-ci illərə baxanda daha çoxdur. Fəaliyyətimizin davamlılığı inkişaf etdikcə biz bir çox mübarizələrdən qalib çıxdıq. Məsələn, qadın hüquqları barədə davamlı irəliləyiş baş verdi. Əgər mən zamanında  nənəmə hər hansı təzyiqə məruz qalması barədə sual versəydim, o  heç söhbətin nədən getdiyini anlamayacaqdı. Anam deyərdi ki, “mən təzyiqə məruz qalıram, ancaq buna qarşı nə edəcəyimi bilmirəm.” Qızıma isə bu sualı versəm,  o belə bir sualdan sonra üzünü çevirib üstümə qışqırardı. Dünyamız bugün daha humanistdir.

ZEIT Campus: Tarixi inkişafa inanırsız?

Noam Çomski: İnkişaf yavaşdır, lakin məsələyə uzun zaman üfüqündən baxanda, bəli, dramatikdir. Quldarlığın ləğvi və ya ifadə azadlığının inkişafı haqda düşünün. Hüquqlar asanlıqla qazanılmır. Güclərini birləşdirən və birlikdə müqavimət göstərən insanlar ona nail olurlar. Lakin, tərəqqi bir xətt üzrə inkişaf edən proses deyil. Geriyə atılan addımlar da zaman-zaman baş verə bilir.

ZEIT Campus: Əgər tərəqqi ilə yanaşı geriləmə də varsa, dünya 50 il sonra indikindən daha yaxşı ola bilərmi? 

Noam Çomski: 50 il sonra nəyin baş verəcəyi bugün ciddi şəkildə gənc nəslin fəaliyyətindən asılıdır. Dünyanın mövcudluğunu hal-hazırda iki böyük təhlükə hədələyir: Bizim ətraf mühitə olan münasibətimiz və nüvə silahları. Əgər biz bugün ətraf mühitin qorunmasıyla ciddi məşğul olmasaq, 50 il sonra təbii böhranın bataqlığında boğulacayıq. Hələ nüvə silahlarının yaratdığı riskləri demirəm. Fukuşima dəhşəti bizə göstərir ki, atom enerjisinin sülh məqsədilə istifadəsi belə dəhşətli nəticələr doğura bilər. Biz bu fakta heç bir halda biganə qala bilmərik.

ZEIT Campus: 60 il sonra bu günün tələbələri sizin yaşınızda olacaq.  Onlar gələcəkdə geriyə dönüb baxarkən həyatlarından məmnun qalmaları üçün bu gün nə etməlidirlər?

Noam Çomski: Təbii olaraq deyə bilərlər ki, onlar öz dostları, uşaqları ilə birlikdə çox xoş bir həyat yaşayıblar. Lakin, doğurdan da mənalı və xoş bir ömür yaşamaq üçün problemləri tanımalısan və onların həllinə müəyyən töhvələr verməlisən. Əgər onlar 80 yaşlarında geriyə dönüb baxdıqları zaman  “bəli, mən nəyisə qazanmışam” deyə bilməyəcəklərsə, deməli onlar uğursuzluğa düçar olublar.

ZEIT Campus: Siz 82 yaşındasınız və bugün  nail olduqlarınızla kifayətlənə bilirsiz?

Noam Çomski: Kifayətlənmək mümkün deyil. Mənim həyatım çoxşaxəlidir: ailəm, ixtisasım, siyasət və bir sıra başqa şeylər. Həyatımda bəzi şeylərdən razıyam, amma bəzilərindən də razı deyiləm. Dünyanın problemləri kifayət qədər çoxdur. Birləşmiş Ştatlarda gəlir bərabərsizliyi 1920-ci illər səviyyəsinə qalxıb və iqtisadiyyatın cəmiyyətə təsiri yüksəkdir. Mən kifayətlənə bilmərəm.

ZEIT Campus: Sizin siyasi fəallığınız elm adamları arasında nadirdir. Sizin dilinizlə desək, “gücə xidmət edənlərə” və yalnız  öz akademik fəaliyyətləri ilə məşğul olan professor əməkdaşlarınıza qarşı bir küskünlüyünüz var?

Noam Çomski: Mən hakimiyyətin dəstəkçisi olmağı əxlaqi cəhətdən düzgün saymıram. Lakin, bu o demək deyil ki, mənim kimləsə düşmənçiliyim var. Elm adamlarının isə siyasi öncəgörmələri heç də başqalarından güclü deyil; nə də onlar başqalarından əxlaqi cəhətdən üstündürlər. Lakin onlar siyasətçilərə həqiqəti axtarmaqda və tapmaqda kömək etməyə məcburdular.

ZEIT Campus: Deyəsən yaşlaşdıqca biraz mülayimləşmisiniz.

Noam Çomski: Yox, mənim siyasi görüşüm və mövqeyim onillərdir eynidir. Mən hələ də yeniyetmə vaxtlarımda inandığım dəyərlərə inanıram.

ZEIT Campus: Təxminən 70 il əvvəl inandığın şeylərə hələ də inanmaq müsbət bir şeydirmi?

Noam Çomski: Əgər söhbət fundamental prinsiplərdən gedirsə, bəli. Təbii ki, bir çox məsələlər barədə fikirlərim dəyişib, lakin ideallarım həminkidir.

ZEIT Campus: Siz tez-tez anarxist olduğunuzu deyirsiniz. Bununla nə ifadə edirsiniz?

Noam Çomski: Anarxistlər güc strukturlarını identifikasiya etməyə çalışır. Onlar hakimiyyətdə olanları öz əməllərində düzgün olduqlarını əsaslandırmağa vadar edirlər. Bu əsaslandırma çox vaxt uğurlu olmur. Bu halda  anarxistər gücün (fərq etməz onlar patriarxal ailələrdəndir, Beynəlxalq Mafia sistemindəndir və ya iqtisadiyyatın özəl tiranlarıdır) qaranlıq fəaliyyətinə işıq salmaq və onlara nəzarət etməyə çalışırlar. 

ZEIT Campus: Sizi anarxist olmağa vadar edən bir hadisə olub?

Noam Çomski: Xeyir, mən 12 yaşımda olarkən ikinci əl kitablar satılan dükanlara gedirdim. Onların çoxunu İspaniyadan gələn anarxistər işlədirdi. Buna görə də, anarxist olmaq o zamanlar mənə çox təbii görünürdü.

ZEIT Campus: Bütün tələbələr anarxist olmalıdırmı?

Noam Çomski: Bəli, tələbələr avtoritetlərə meydan oxumalı və köklü anarxist ənənələrə qoşulmalıdırlar.

ZEIT Campus: “avtoritetlərə meydan oxumaq” – liberal və ya orta solçu da belə bir dəvəti qəbul edərdi.

Noam Çomski: Bir adam nə qədər ki, qeyri-legitim gücü tanıyıb, ona  meydan oxuyur  və ona üstün gəlməyə çalışır, o anarxistdir. Çox adam anarxistdir. Onların özlərini necə adlandırmaları mənim üçün əhəmiyyətli deyil.

ZEIT Campus: Bu günün tələbələri kimi və ya nəyi hədəf almalıdır?

Noam Çomski: Dünya iztirablarla, fəlakətlərlə, zorakılıq və dəhşətlə doludur. Tələbələr qərar verməlidir: Səni nə isə maraqlandırır, ya yox? Mən isə belə deyirəm: ətrafınıza baxın, problemləri analiz edin, özünüzdən nə edə biləcəyinizi soruşun və hərəkətə keçin! 

 

Tərcümə etdi Səbinə Ağayeva

14 İyun, 2011

http://www.chomsky.info/interviews/20110614_en.htm 

Almancadan İngiliscəyə tərcümə olunmuş variant

http://www.zeit.de/campus/index   

Zeit Campus - web-səhifəsi

Yuxarı