post-title

Cəhənnəm iztirabları

Ötən bazar günü Azad Gənclik Təşkilatı “Cəhənnəm iztirabları” kitabının təqdimatını keçirdi. Bu, yazıçı Seymur Baycanın gənclərlə birgə gerçəkləşdirdiyi layihənin (nəşrlər seriyasının) ilk kitabıdır. Kitablarda dünya ədəbiyyatının ən maraqlı hekayələri dərc olunacaq. Hətta bizim ədəbiyyatın nümunələri də bu nəşrə salınжк. Birinci buraxılışda çox maraqlı hekayələr yer alıb. Onların bəziləri elə mənim üçün də yeni idi və oxuduqca qiyməti də çox sərfəli olan bu kitab mənə maraqlı anlar yaşatdı. Hətta kitabın adı iztirab və cəhənnəmlə bağlı olsa da....

 

Gülüş ustasının intiharı
 
Təqdimatı Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli təşkil etmişdi, lakin o, bir gün öncə 20 oktyabr mitinqində həbs olunmuşdu. Hələ bir neçə gün də həbsdə qalacaq. Elə bu məsələ, həmçinin kitabın adı mənə stimul verdi ki, həmin tədbirdə çıxışımı iztirab mövzusuna həsr edim. Tədbirdən sonra isə dəyərli həmkarın Zamin Hacı məni ruhlandırdı ki, elə həmin çıxışdakı fikriləri yazı şəklinə salım və onunla kitabı mətbuatda təqdim edim. 
 
Dünyanın güldürən adamın intiharı
 
1925-ci ildə Maks Linder adında dünyaca məşhur gülüş ustası – hamını güldürən bir aktyor intihar etdi. Dünya şok yaşadı. Hamı özünə sual verdi: axı bu necə ola bilər? Bəlli oldu ki, hətta gülüş ustasının hansı iztirablar yaşadığını çox vaxt bilmirik. Onda iztirab mövzusu yenidən təzələndi...
İztirab ilk öncə dinlərin və mifologiyanın mövzusu olub. Bütün səmavi dinlər üçün çox cəlbedicidir bu mövzu. Təbii ki, bu barədə dinlərdə çoxlu imperativlər də var. Onu etmə, bunu et. Hətta tamam xilas yolu da göstərilir. Məsələn, iztirablardan xilasın sonu kimi cənnət vəd edilir. Sonra iztirab mücərrəd fəlsəfi problemlərdən biri oldu. Siz elə indi də aforizm kitablarını açsanız, orada iztirab haqqında çoxlu cəlbedici fikirlər tapacaqsınız. Amma  tarix boyu, elə indiyəcən də fəlsəfə özü, ictimai hərəkatlar, siyasi doktrinlər bu mövzunu göydən yerə endirməklə məşğul olur.  Onu göydən yerə endirmək lazım gəldi. 
Axı bu insanın halıdır...
 
Dostoyevski: Yer dərin qatlarından üzünəcən qan və göz yaşları ilə islanıb
 
İztirab tənha insanın halıdır. Bəzən də bir ailənin, bir kollektivin, hətta bütöv bir ölkənin halıdır. Bu halların hər biri yenə də var bizim dünyada. 
İztirab özünün çətinlikləri ilə üz-üzə qalmış insanların halıdır – bu da var bizim dünyada və bizim ölkədə.
İztirab doğmalarının, sevdiklərinin üzləşdiyi ağrılardır – bu da var.
İztirab itkidir – həmişə olacaq.
Fiziki iztirablar – aclıq, kasıblıq, xəstəliklər…
Ruhi iztirablar – sevgi, uğursuzluqlar, başqalarına nifrət, paxıllıq…
Uğur sevinc gətirir, davamı gəlmirsə, o da iztiraba dönür…
 
Dünyamız, ətrafımız iztirabla doldur. O sanki hər yerdə var. Dostoyevski deyirdi ki, Yer kürəsi dərin qatlarından  üzünəcən qan və göz yaşları ilə islanıb. Doğrudan da dünya doludur iztirabla.
 
İctimai model
 
Biz böyük iztirabdan danışmağı sevirik, amma qışın soyuğunda uşağının üstünü örtməyə yorğan tapmayan insanın konkret iztirabını da görməliyik. Yəni biz qəlbin sirri və sehri kimi ortaya çıxan  iztirabı da duymalıyıq, amma yanlış idarəçiliklərin (avtoritarizmin)  yaratdığı problemlərin insanlara gətirdiyi iztirablardan da xəbərdar olmalıyıq.
Bəli, iztirab özü qəlbin halı kimi mücərrəddir, amma onun çoxunun konkret səbəbləri və onu aradan qaldırmağın konkret yolları var. Müasir mülki cəmiyyət, demokratik quruluş çox iztirabları aradan qaldıra bilər...
 
Buddanın iztirabla bağlı cavabı
 
İztirab mövzusuna böyük diqqət ayıran və onu göydən yerə endirməkdə böyük rol oynayan Buddadan sormuşdular: iztirabın səbəbi nədir? O bir əhvalat danışdı. Söylədi ki, ovçunu meşədə oxla yaralanmış vəziyyətdə tapdılar. Heç kim əvvəlcə oxun haradan atıldığını, tərkibinin nədən olduğunu sormadı.  Oxu çıxartdılar öncə. Ovçunu iztirabdan qurtardılar. Sonra o biri sualları verdilər…
Yəni iztirab həm də kömək tələb edir. Biz o köməyi görmürük bəzən, bəzən də anlamırıq. Bizə bu köməyi daim təşkil edən dövlət lazımdır. Oğru məmurların dövləti yox, köməyə gələn dövlət. İztirab verən dövlət yox,  iztirabdan qurtaran dövlət. 
 
Köməyə ədəbiyyat gəlir
 
Bu işdə ədəbiyyat da köməyə gəlir. Tarix boyu baş verib bu.  Çox əsərlərlə. “Gənc Verterin iztirabları”ndan tutmuş “Səfillər”ədək. Çox möhtəşəm əsərlərlə. Elə yuxarıda təqdim etdiyimiz kitabdakı hekayələrlə...
Ədəbiyyat nə edir? İztirabı, dərdi göstərir. Lakin o təkcə göstərmir. Məlhəmdir, təsəllidir. Yol da göstərir. Ədəbiyyat bilicilərinə baş vursanız, onlar deyəcək ki, dərd ədəbiyyatı ilə yanaşı həmdərd ədəbiyyatı da var. Bu daha böyük ədəbiyyatdır. O başqalarının dərdinə iztirabına yaxınlaşmağa, onu anlamağa, həll etməyə kömək edir. 
Ədəbiyyat kimlərisə iztirab verməməyə də çağıra bilir. Çünki bizim dünyada təkcə iztirab çəkənlər yaşamır, iztirab verənlər də var. Onlar da ədəbiyyat oxuyur. 
 
Sartrın “Cəhənnəm başqasıdır” deməsi
 
Sanki ədəbiyyat da insan iztirablarından yaranır. Sartrın “Bağlı qapılar arxasında” pyesi var. Yazıçı deyirdi ki, insanın insan üçün yaratdığı cəhənnəmin yanında qır qazanlarının qaynadığı cəhənnəm toya getməlidir. O, insanın cəhənnəm də yarada biləcəyini xəbərdar edirdi. Bir çox ölkələr isə elə doğrudan da qapısı bağlı cəhənnəmə bənzəyir. İztirabla odludur. Oradan insanlar imkan tapan kimi baş götürüb qaçırlar. Eynən bizim ölkədəki kimi. Ədəbiyyat o cür həyata qarşıdır. Ədəbiyyat demokratik, humanist cəmiyyət tələb edir. Ədəbiyyat insan olmağı, insanın yanında olmağı tələb edir. Ədəbiyyat iztiraba qarşı mübarizəyə çağırır. Mübarizə özü iztirablarla keçsə də! 
 
Şahvələd Çobanoğlu
Azadlıq qəzeti
24.10.2012
Yuxarı