post-title

Bakirəlik qalası

Azərbaycanda hansı problemi qaldırırsan, kökünün seksual problemlərə dirəndiyini görürsən. Görürsən ki, insanların daxilən azad, davranışda sərbəst, ünsiyyətdə səmimi olmamağının əsas səbəblərindən biri adamlarımızın seksual problemlərini həll etməməyidir.

 

Qadınlarımızın, qızlarımızın problemi isə artıq problem olmaqdan çıxıb, onlarınkı əsl faciədir. Çünki azərbaycanlı qadın günümüzdə dünyanın normal ölkələrində çoxdan həll olunmuş bakirəlik sınağından keçirilir. 
 
Bu yazımda çalışacam ki, işin əxlaqi, mental deyil, ixtisasıma uygun tərəflərindən danışım.  
 
Bakirəlik kultu bir çox mədənyyətlərdə mövcud olub. Bu birbaşa olaraq həm din həm mədəni doqmalarla əlaqədar olsa da məsələnin kökündə rasional səbəb də vardır. İş orasındadır ki, tibb elmi kontraseptivləri kəşv etməmişdən əvvəl zöhrəvi (cinsi yolla ötürülən) xəstəliklər insanlıq üçün böyük bəla idi. Qonoreya, trixomonoz, xlamidiya, sifilis kimi xəstəliklərin cinsi yolla yayıldığı bəlli idi və toplum bunu fövqəltəbii qüvvələrin insanlara göndərdiyi bəla kimi dəyərləndirirdilər. Tibbin primitiv inkişaf dövründə bakirəlik kultunun mövcudluğu əxlaq məsələsindən başqa həm də bu cür xəstəliklərin profilaktikası yəni qarşısının alınması yöntəmi idi. Zatən məsələnin əxlaq formatına keçmsinin əsas səbəbi də elə bu idi. 
 
Lakin müasir dövrdə kontraseptivlərin (qoruyucu vasitələrin), habelə dermatovenerologiyanın (tibbin dəri və zöhrəvi xəstəlikləri öyrənən sahəsi) inkişafı bakirəlik məsələsinin aktuallığını heçə endirir. Günümüzdə bakirəlik kultu doqmadan başqa bir şey deyil. Bununla belə bu adətin cəmiyyətə vurduğu ziyanlar da göz qabağındadır.
 
Vaxtında başlamış, mütəmadi cinsi həyatın olmaması həm qızlar həm də oğlanlar üçün gələcək yetkin həyatlarında bir sıra ciddi problemlər yaradır. Normada qızlar 18-19, oğlanlar isə 19-20 yaşlarında cinsi həyata başlamalıdırlar. Lakin bəzi cəmiyyətlərdə (məsələn islami və ya ifrat katolik əhalinin yaşadığı toplumlar) bakirəlik kultu günümüzdə də güclü ictimai tabu olaraq qalır. Bəzən belə cəmiyyətlərdə problemin həllini erkən nigahlarda görürlər, amma bu da əslində səhv yanaşmadır.
 
Yəqin ki, televiziyada erkən nikahların fəsadları barədə verilişləri izləmisiniz. Orada ağıllı sifət ifadəsilə əyləşmiş ekspertlər erkən nigahların cəmiyyətə ziyanı barədə, gənclərin ailə həyatına hazır olmadan nikah bağlamasının sonradan boşanmayla nəticələnməsindən danışmasını da seyr etmisiniz. Amma o ekspertlərdən heç biri təəssüf ki, sexual tərbiyə, nikahdan əvvəl cinsi həyatın əhəmiyyəti barədə danışmağa cürət etmirlər.
 
Məsələ orasındadır ki, nikahdan əvvəl mütəmadi və sağlam cinsi həyat insanın həm fiziki, həm də mənəvi tələbatlarından biridir. Müntəzəm seks hər iki cinsin seksual tərbiyəsi üçün, onların gələcək nikaha hazırlanması üçün, habelə cütlüyün uzun müddət birgə yaşaya biləcəklərini müəyyənləşdirmək üçün çox vacib faktordur. Çünki, yataqda partnyorların bir-birini başa düşmələri onların uzun müddət bir yerdə yaşamasının şərtləndirən ən əsas səbəblərdən biridir.
 
Azərbaycanda bağlanan nikahların böyük hissəsi qısa müddətdən sonra boşanmayla nəticələnir. Hətta bəzən aylıq boşanma sayı nikah bağlama sayını üstələyir. Amma hətta boşanmamış ailələrin də böyük əksəriyyətini xoşbəxt hesab etmək olmaz.
 
Klassik Azərbaycan ailəsində kişi evin patriarxı, adətən ailədən kənarda mütəmadi və ya təsadüfi cinsi partnyoru olan adamdır. Qadın isə evin omeqasıdır. İşi əsasən pal-paltar, qab-qacaq yumaq, yemək bişirmək, uşaqlarla məşqul olmaq və evin digər təsərrüfatlarına nəzarət etməkdir. 
 
Adətən Azərbaycan əri öz arvadına seksual partnyor kimi deyil ilk dönəmdə "uşaqdoğma aparatı", bir müddətdən sonra isə yaşadığı evin "zavxozu" kimi baxmağa başlayır. Qadın da buna müvafiq olaraq paltarı yalnız məhrəmi örtmə və soyuqdan qorunma vasitəsi kimi istifadə etməyə başlayır, parfümdən ümumiyyətlə imtina edib, onu xörək ətrinə dəyişir, makiyajdan yalnız toya gedəndə digər şpaklyovşiklərə öz şpaklyovka çəkmə qabiliyyətini nümayiş etdirmək üçün istifadə edir. Seks gündəmdə olmadığı üçün, həmçinin bunun nəticəsində orqanizmdə hormonal balansın pozulmasıyla bağlı piylənmə meydana gəlir. Nəticə isə nevrozlar, uşaqlıq və yumurtalıqların, həmçinin süd vəzlərinin müxtəlif xoş və bəd xassəli şişləri və digər xəstəliklər çələngi.
 
Cinsi tərbiyəsizliyin nəticəsində bizim kişi öz arvadını mükəmməl seksual partnyor kimi qəbul etmir. Bəzən bu elə absurd həddə çatır ki, cinsi əlaqə zamanı məsələ yalnız missioner pozası və kişinin erkən boşalmasıyla məhdudlaşır. Oral və anal cinsi münasibətlər cəmiyyətimizdə hələ də şit-şit zarafat mövzusu olmaqla yanaşı həm də bakirəlik kultundan da ciddi tabu olaraq qalmaqdadır. Əslində isə yüngül fetiş, sado-mazoxizm elementlər, oral və anal yaxınlıq cinsi həyatı zənginlədirən, partnyorların bir-birinə seksual marağını artırmağa xidmət edən məqamlardır.
 
Problemlərdən bir başqası da qarımış qız fenomenidir. Cəmiyyətin təpkisi nəticəsində sərbəst seksual həyatdan imtina etmiş bununla belə hər hansı səbəbdən ərə gedə bilməmiş "formal qızlar" bəzən bununla fəxr edirlər. Sanki dəyərli bir xəzinə qoruyurlarmış kimi mahiyyətcə dırnaq, saç kimi lazımsız bir ünsür olan bakirəlik pərdəsini sakrallaşdıraraq az qala müqəddəs bir şeyə çevirirlər. Bununla həm də yanlış olaraq fikirləşirlər ki, illərlə qoruduqları bu "neymətlə" kişiləri cəlb edə biləcəklər. Daha bilmirlər ki, normal kişiləri "vaxtı ötmüş bakirələr" bir qayda olaraq maraqlandırmır.
 
Bu xüsusda demək lazımdır ki, "vaxtı keçmiş bakirəlik" orqanizm üçün bir sıra fəsadlarla müşayət oluna bilər. Bura orqanizmin hormonal balansının pozulması, nəticədə menstrual siklin pozğunluqlarının yaranmasıyla yanaşı daha ağır hallarda müxtəlif ginekoloji xəstəliklərin yaranmasını da aid etmək olar. Bundan başqa normal müntəzəm seksual həyatın olmaması bir sıra psixo-nevroloji problemlərin yaranmasına da yol açır. Belə insanlar tez qıcıqlanan, müxtəlif mövzulara taxılıb qalmış, bu mövzular barədə uzun-uzadı danımağı xoşlayan olurlar. Bundan başqa "veteran bakirələr" arasında frigidlik, daha ağır hallarda isə vaginizm halları da çox geniş yayılıb. Frigidlik (başqa sözlə cinsi soyuqluq) cinsi vərdişləri olmayan orqanizmdə sonradan cinsi həyat başladıqda belə seksdən həzz almamaqla müşayət olunur. Vaginizm isə frigidliyin daha ağır forması olub, cinsi əlaqə öncəsi uşaqlıq boynunun spazmıyla (bağlanması) müşayət olunur ki, bu da cinsi əlaqəni fiziki olaraq mümkünsüz edir.
 
Bunlar işin tibbi, fiziki, psixoloji tərəfləri idi.  Həkim kimi danışdım, indisə insan, kişi kimi bu məsələyə münasibət bildirmək istəyirəm. Zaman dəyişib. İndi savadı, aglı, zövqü olan heç bir kişi üçün qızın bakirə olması vacib deyil. Bu qadının üstünlüyü deyil – problemidir. Təəccüblü deyil ki, belə qızlar müasir adamların zarafat hədəfinə çevrilir, gülüş obyekti olurlar. İndi bakirə qızlar ya qısa müddət üçün qara-qura, bığlı-mığlı, qara kurtkalı, savadsız, geridəqalmış oğlanlar, kişilər üçün ya da seksual problemləri olan manyaklar üçün maraqlı ola bilərlər.
 
Qoy, qızlar  özləri seçsinlər. Onlar özlərini belə kişilər üçün saxlayır, gələcək ərlərinin, sevgililərinin belə adamlar olmasını istəyirlər, yoxsa müasir, maraqlı, zövqlü kişilərin yanında olmaq?
 
(foto: Gündüz Ağayevin "Həqiqət daşıyıcısı" karikaturasından fraqment)
 
Hacı Hacıyev
Kultura.Az
Yuxarı