post-title

AFU-da çıxış

Günel Mövludun dünən (18 dekabr) AFUda çıxışı, bir çox cəhətdən məni təəccübləndirdi və sevindirdi. Əvvəla AFUnun mövcudluğu. Üstə gəl məlum oldu ki yeni ofisin maliyyəsində anonim ianələrin əsas rolu oldu. Qəribə, deməli iqtidara yaxın dairələrdən AFUnu qorumaq mesajı gəldi.

 

 
Günel Mövludun çıxışına azı 100 nəfərin gəlməsi məni təəccübləndirdi və sevindirdi. Axı bilinirdi ki Günelin çıxışında bizləri sarsıdan məqamlar olacaq. Onu da deyim ki ilk dəfə AFUya dəvət alanda mənə açıq dedilər ki, çıxışlarıma, başqalardan fərqli olaraq, 30-40 nəfər gələcək. Elə də oldu. Gileylənmirəm, əksinə o 30-40 nəfərə təəccüblənirəm və sevinirəm.
 
Günel Mövludun dediklərinə də təəccüblənirəm və sevinirəm. Axı o bizim bir çox müqəddəs saydığımız (ana, bacı, və s., və s.), əslində isə bizi dirilər dünyasından ölülər dünyasına (Mirzə Çəlilə rəhmət) sürükləndirənlərə “barmaq silkələdi” (Günelin ifadəsi). Bu mənada Günel Mövludun mövcudluğuna təəccüblənirəm və sevinirəm. Axı o göydən düşmədi, bizlərin ailə, məktəb, qonşu, dedi-qodudan yarandı, indi də o daşlaşmış amma gücünü saxlayan dünyada yaşayır və ona “barmaq silkələyir”.
 
Günel Mövlud dedi ki ən azı 15 gənc yazarın adını çəkə bilər, əslində onlar daha çoxdur. Olsun 20, olsun 30, bütün hallarda, onların mövcudluqlarına, onların etirazlarına, üsyanlarına təəccüblənirəm və sevinirəm.
 
AFUda şərhimin bir məqamını təkrar edim. Mən alman filosofu Martin Haydeqqerin bir fikrini yada saldım. O deyir ki simasız, şəxsiyyətsiz bir Man (böyük həriflə) var. Bu konkret insan deyil, bir bütdür, bir əjdahadır. O bir çox hallarda  bizdə, bizdən, bizim əvəzimizə (в нас, за нас, через нас) hərəkət edir. “Hamı kimi”, “millət kimi”, “xalq kimi” hərəkət eləyəndə biz əslində o Man bütə təslim oluruq. M. Haydeqqerin fikrini davam etsək o Man bizim əvəzimizə gülür, sevinir, əsəbiləşir, kədərlənir, ağlayır. O Man bizi brendlərə təslim edir, ifşa eləyəndə də, alqışlayanda da. O Man bizi kölə edir, iradəmizi, duyğularımızı, düşüncəmizi zəbt edir. O Man bizi hövsələsiz edir, dərhal son hökmü verməyə vadar edir. O Man bizim inamızı da “düşünmədən tabe ol”, artıq-əskik sual günahdır (əstəğfürullah ?!) səviyyəsinə endirir . Sadəcə olaraq o Man bizim əvəzimizə yaşayır. Bir ömür yaşayıb özümüzlə görüşməyə bilmirik.
 
Gecmi, tezmi, biz bunları anlamağa başlamalıyıdıq. Bu başlanğıc məni təəccübləndirməsə də, çox sevindirir.
 
Rəhman Bədəlov
Kultura.az

 

Yuxarı