post-title

Bu günü olmayan keçmiş

Yeni ili Dubayda qarşılayan adamları başa düşə bilmirəm. Orda yaşayanlar, işləyənlər nəzərdə tutulmur. Məcburdurlar. Söhbət yeni ili qarşılamaq üçün Dubaya uçanlardan gedir. Üstəlik, bu adamlar Dubaydakı tikililərdən, parıltıdan, zənginlikdən danışanda mat qalıram. Çünki həmin adamların arasında dünyagörüşü, savadı, təfəkkürü ilə başqalarından seçilənlər də olur.

 

Yəni, adi adamların Dubaydakı parıltıya, zənginliyə heyran qalması normaldır. Onlara gəzmək, ucuz mal almaq, ala bilmədiklərinə bir az tamaşa etmək lazımdır. Amma təfəkkürü, savadı, dünyagörüşü yerində olan adamlar Dubaydakı parıltıdan heyranlıqla danışanda çaşıb qalıram. Ola bilsin ki, ərəblər pul xərcləyib gözəl otellər, binalar, alış-veriş mərkəzləri tikiblər. Şübhəsiz ki, belədir. Hətta Dubayın müsəlmanlar yaşayan hər hansı məkana nisbətən səliqəli, sakitlik olması tanınan azadlıqların nəticəsidir, bəhrəsidir. Bu haqda iqtisadçılar, siyasətçilər danışsalar yaxşıdır. Mən, mədəniyyət sahəsinə yaxın adamam. Ona görə də məsələyə sırf mədəniyyət kontekstində yanaşacam.

İnsan bitki deyil qızıl dibçəklə gözə girsin. Qızıl dibçəklə qiymətə minsin. İnsan akvarium balığı deyil. Dubaydakı gözəl otelləri, alış-veriş mərkəzlərini tikən əllər var olsun! Sağ olsunlar, xalqımız gedib ordan ucuz qiymətə mallar alıb gətirirlər. Amma gəlin belə bir sual verək: ilin-günün bu vaxtı bir xalqın kinosu, teatrı, operası, baleti, rəssamı, heykəltaraşı yoxdursa, o xalq nəyə lazımdır? Hər halda insanla bitkinin bir fərqi olmalıdır. Tutaq ki, bir mədəni, intellektual adam Dubayda yaşayır, o, öz mədəni-ruhi tələbatını necə, harda ödəməlidir? Necə ruhi istirahət alsın? Hara getsin?

Parıltıyla iş bitmir. İnsanı başqa canlılardan fərqləndirən şüurunun olmasıdır. Mən, belə oxumuşam. Belə eşitmişəm.

İnsan yaradıcı varlıqdır. Çəkir, qoşur, bəstələyir... Əgər hər şey parıltıyla, alış-veriş mərkəziylə, otellərlə ölçülürsə, bəs o zaman bizim ruhdan, mədəniyyətdən danışmağımız nə qədər doğru alınır?

Üç milyonluq gürcü xalqının mədəni göstəricisi qızıl içində batan ərəb ölkələrindən daha yüksəkdir. Teatr var. Kino var. Opera var. Balet var. Akademik musiqi var. Rəssamlar var. Siyasətçi var. Çaxır var... Təsəvvür edin, dünyanın ən nəhəng beyinlərindən biri, Umberto Eko məqalə yazır və həmin məqalədə gürcü şairi Şota Rustavelidən söhbət açır. Anlayan adamlar bunun necə, nə boyda hadisə olduğunu gözəl başa düşürlər. Mədəniyyət çox güclü silahdır. Vay bu silahın gücünü anlamayanların halına.

Gürcülər təkcə "Əsgər atası" filminə görə İkinci Dünya savaşında faşizmə qarşı vuruşduqlarını təsdiq ediblər. Bir filmin gücünə baxın. Başqa sovet xalqları da faşizmə qarşı vuruşublar. Qurban veriblər. İtki veriblər. Amma onlar bunu gürüclər qədər təsdiq edə bilmirlər. Çünki "Əsgər atası" kimi güclü filmləri yoxdur. Rusiya kanallarında hansı verilişə baxırsan, mütləq bir gürcü familiyası görürsən. Gürcü teatrları il boyu ən prestijli teatr festivallarında iştirak edirlər. Mədəniyyətə yaxın adamlar bu faktları yaxşı bilirlər. Çox az adama məlumdur ki, Alla Puqaçovanın oxuduğu məşhur və ölməz, illərlə milyonlarla insanın böyük zövqlə dinlədiyi mahnı gürcü rəssamı Pirosmaninin həyatından bəhs edir. Erkin Qədirli demişkən, gürcülərin əhvalatları çoxdur. Əhvalat deyəndə, mədəniyyətlə bağlı əhvalatları nəzərdə tuturam. Təsəvvür edin ki, bizim Mirzə Cəlilimiz, Qara Qarayevimiz, Üzeyir Hacıbəyovumuz, Haqverdiyevimiz yoxdu. Dönüb oluruq pakistanlı, əfqan, fələstinli... Yuxarıda adlarını çəkdiyimiz şəxsiyyətləri bir anlıq yox edin. Azərbaycan dönüb olur Pakistan, Əfqanıstan, Banqladeş...
Müsəlmanların yarısı qızıl içində üzür, yarısı da acından ölür. Nədənsə, qızıl içində üzənlər acından ölənləri xilas etmək fikrindən uzaqdırlar...

XXX

Karl Marks deyirdi ki, mədəniyyəti aşağı olan xalq özündən mədəni xalqı işğal edirsə, özü işğal altına düşür. Əriyir. Yox olur. Məsələn, monqolları götürək. Qalxıb düzü-dünyanı işğal etdilər. Əridilər. Düzdür, tarix olar-olmaz söhbətini sevmir. Amma monqollar çinlilər kimi yerlərində otursaydılar, bəlkə də indi düz-əməlli xalq idilər. Hərçənd çinlilərlə monqolların mədəni səviyyəsini müqayisə etmək mümkün deyil. İndi hər bir monqol öz keçmişiylə, Çingizxanla fəxr edə bilər. Etsinlər. Hardasa haqları çatır. Gəlin məsələyə bir az mədəniyyət tərəfindən baxaq. Əgər monqollar öz keçmişləri, fəxr etdikləri Çingizxan haqda film çəkə bilmirlərsə, Çingizxan haqda filmi ruslar, amerikalılar çəkirlərsə, nəyə lazımdır o keçmiş? Dünən formalaşmış Amerika xalqı ürəyi istəyən tarixi şəxsiyyət haqqında film çəkib pul qazanır. Fakt odur ki, keçmişlə fəxr edən xeyli xalqın bu günü yoxdur. Öz tarixləri, keçmişləri, şairləri haqda film çəkə bilmirlər. Bax, budur mədəniyyət. Faciə odur ki, keçmişinlə fəxr edirsən və keçmişin, şairin, tarixin haqda film çəkə bilmirsən. Gözünü dikirsən fransızlara, ruslara, amerikalılara...

Osmanlılar çap maşınına "kafir əməlidir, kafir işidir", - deyib, çap maşınını iki yüz il yaxına buraxmadılar. Və bu gün osmanlılar çap maşınının iki yüz il yaxına buraxmadıqlarının cəzasını çəkirlər. Adını yaza bilməyən minlərlə adam var Türkiyədə. Şahmat nədir bilmirlər. Ölkənin bir çox yerlərində tayfa başçıları adamları orta əsr adət-ənənələri, qayda-qanunları ilə idarə edirlər. Qadınların 50 faizi ginekoloq nədir, nə işlə məşğul olur, nə edir bilmir.

Buyur, bu da sənə çap maşınını iki yüz il "kafir əməlidir",- deyib yaxına buraxmamağın cəzası. Halbuki mədəniyyət oğurluq hadisəsidir. Promotey də odu oğurlamışdı. Hələ Türkiyə şükürlüsüdür. Bir balaca digər müsəlman ölkələrindən seçilir. Bu seçilmə isə Atatürkün sərt islahatlarının nəticəsidir. Ola bilsin ki, hansısa xalqın babat keçmişi olub. Amma həmin xalqın bu günü keçmişinə işıq sala bilmirsə, o daha keçmiş deyil, odu söndürüb, küllə oynamaqdır. Bu gün bir çox xalqların keçmişi, həmin xalqların bataqlığıdır. Bataqlıq qanununa görə, orda nə qədər çox çabalayırsansa, nə qədər əl-qol atırsansa, bir o qədər də tez dərinə batırsan. Folklorda deyildiyi kimi: "Arxaya baxan daşa dönür".

Yazıya yekun olaraq, rus yazıçısı V.Sorokinin bir sözünü zövq alaraq təkrar yazıram: "Xoşbəxtlik nə dünəndir, nə də sabah. Xoşbəxtlik bu gündür".

Seymur Baycan

Yuxarı