post-title

Qadın köləliyi

Koreya müharibəsi (1950-53) ən çox ziyanı elə koreyalılara vurdu. Milyonlarla insan həlak oldu, yaralandı, şikəst qaldı, ölkə bölündü, totalitarizm və s.. Cənubi Koreya Şimali Koreyadan fərqli olaraq, hazırda inkişaf etmiş iqtisadiyyata və infrastruktura malik dövlətdir. Ümumdaxili məhsul istehsalına görə dünyada ilk onluqdadır.

 

 
Amma müharibədən dərhal sonra Cənubi Koreya inkişaf etmədi. Ağır müharibədən çıxmış ölkə çətin vəziyyətdə idi. ABŞ-ın yardımı gələnə qədər sıfırda olan iqtisadyyatı dirçəltmək lazım idi. Cənubi Koreya öz iqtisadiyyatı üçün ilk kapital olaraq qadınların saçlarından istifadə etdi. Bəli, qadınlar uzun saçlarını kəsib satır və qazanılan pul sayəsində koreyalılar sıfırdan dövlət qururdular.
 
Mən kişiləri qısa saçlı olduğuna görə seqreqasiyaya məruz qoymağın tərəfində deyiləm. Sadəcə qadınlar Koreyaya və Şərqə məxsus ağır istismarın, hüquq bərabərsizliyinin qarşısında hələ dövləti dirçəltmək üçün bədənlərinin bir hissəsini qurban da edirlər. Qadınlar yenə xilaskar olduslar.
 
Ümumiyyətlə, qadınlar gedən müharibələrə, çətinliklərə, aclığa, səfalətə, təbii fəlakətlərə baxmayaraq, həmişə öz vəzifələrini görməyə davam ediblər. Tarix boyu onlara ana, evdar qadın, arvad olmaq vəzifəsi tapşırılıb, onlar da ən ekstremal şərtlər altında bu vəzifələrini yerinə yetiriblər. Alimlər, sərkərdələr kişilər arasından çıxır, amma kişilərin sərbəst şəkildə alim, sərkərdə, xadim olması üçün onların fonu ("background") təmin olunmalı idi, onlar başlarını xırda ev işlərinə, övlad tərbiyəsinə, bir sözlə elə işlərə ki, onlarsız yaşamaq mümkün deyil, qatmalı deyildilər. Bu fon təmin edildikdən sonra cinsindən asılı olmayaraq, insan üçün alim, siyasətçi, xadim olmaq o qədər də çətin deyil. Və bu fonu hər zaman qadınlar təmin edib.
 
Gələk özümüzə. Qadınlarımız SSRİ-nin sayəsində işləmək hüququ qazanıblar, işləyirlər, amma bu, onların ev köləsi olmasını azaltmayıb. Günün 17-18 saatını işləməkdən əlavə, ikinci dərəcəli insan sayılmaq, insandan daha çox "camaatın anası-bacısı" olmaq, seksə həsrət cəmiyyətdə addımbaşı alçalmaq təhlükəsi ilə yaşamaq da onların həyatının bir hissəsidir. Kişinin normal seks həyatı kimdəsə etiraz doğurmur, amma qadının normal adam olmaq istiqamətində azacıq cəhdinə qarşı 9 milyon nəfər qalxır.
 
Bu vəziyyətdə ən dəhşətli hal isə qadınlarımızın mübarizə aparmamasıdır. Onları bu rəzil hala salan mentalitetin, bu mentaliteti yaşadan hakimiyyətin əleyhinə çıxmayan qadın əslində könüllü kölədir. Bir cəmiyyətin inkişafında ən axırıncı dəyişəcək şey yəqin ki, kişilərin qadınlara münasibətidir. Oturub kişilərin ayrıseçkilik qoymayan adam olmasını gözləmək, kişiləri tənqid etmək mənasız və nəticəsizdir. Kişilər öz hakimiyyətlərindən könüllü vaz keçməyəcəklər. Rasizmin ən iyrənc və üstün tərəf üçün ən sərfəli variantı olan cinsi ayrıseçkiliyə qarşı bu rasizmin qurbanları mübarizə aparmalıdırlar.
 
Hüququnun pozulmasına qarşı mübarizə aparmayıb onun hüququnu pozanları qınayan adam qeyri-səmimidir. Ağasından azadlıq gözləyən kölə kölə olmağı haqq edib. Azərbaycan da ağır dövrlər keçib son vaxtlar və demək olar ki, həmişə önə çıxanlar kişilərimiz olub. Demək ki, onların adi məişət qayğılaını təmin edən, həm də bu qədər ağır sosial-ictimai şəraitə, aclığa, işsizliyə, müharibələrə baxmayaraq, təmin edən - fon yaradan, yəni daim öz işini görən subyekt - qadın olub arxalarında. Əldə etdiklərimizə görə minnətdar olduğumuz tarixi şəxsiyyətlərin bu fonunu təmin edən qadınlara da minnətdar olmalıyıq.
 
Məhz bu fədakarlıqlarına və sədaqətlərinə görə onlar azadlığa layiqdirlər. Layiq olduqlarını isə özləri qazanmalıdırlar. Bakirəlik adlı təbii göstəricinin damğa hesab olunması, ev işlərinin istisnasız olaraq qadın işi hesab olunması, cinsi seqreqasiya abortları - hamısı əleyhinə ilk çıxanlar qadınlar olmalıdırlar. Nə qədər ki, bu mübarizədə birinci yerdə onlar deyillər, bütün dünyanın feminist kişiləri də toplaşsa, onlar elə kölə olaraq, qalacaqlar. 
 
Zaur Qurbanlı
Kultura.az
Yuxarı