post-title

Tarixin Tolikə çevrilməsi

Bu söhbəti bir neçə dəfə yazmışam. "Qafqaz" Universitetində bir hocamız vardı - Muhammed Yava. Dini yönümlü bir universitetdə dərs deməsinə baxmayaraq, kifayət qədər açıq fikirli, reallıqla yaşayan, ayıq insan idi.

 

Muhammed hocanı xoş duyğularla xatırlayıram. Bir neçə dəfə yekəbaşlıq edərək, onunla yersiz mübahisə etmişdim, amma o, əsl müəllim kimi bu mübahisələri şəxsi intriqaya çevirməmişdi. Onun vasitəsi ilə o vaxtlar xeyli faydalı kitablarla, əsərlərlə tanış oldum. Muhammed hoca o vaxtlar tez-tez deyərdi ki, Türkiyənin evini iki şey yıxdı:

1. Osmanlı nostalgiyası;
2. Şou.

Türklər Osmanlı nostalgiyasına qapılaraq bu günlə, gələcəklə yox, keçmişlə yaşadılar. Reallıq hissini itirdilər. Məlumdur ki, keçmişlə yaşayan, keçmişindən həzz alan xalqın gələcəyi bir az dumanlı görünür. Xüsusən o xalqların ki, bu günü o qədər də yaxşı vəziyyətdə deyil. Nağıllarda deyildiyi kimi - geriyə baxan daşa dönür.

O ki qaldı şouya, Muhammed hocanın şou haqqında dedikləri mənə o vaxtlar çatmırdı. Necə yəni şou Türkiyənin evini yıxdı? Axı müğənnilər və aparıcılar bir ölkənin evini necə yıxa bilər? Özü də bu sözü o vaxtlar eşidirdim ki, müğənnilərin həyatı bizim üçün hədsiz maraqlı idi.

Sərhədlər təzə açılmışdı. Türkiyəni Türkan Şorayın, İbrahim Tatlısəsin, Fərdi Tayfurun filmlərindən tanıyırdıq.

Yadımdadı, bir müəllimimiz üzr istəyirəm, Sibel Cana Zibil Can demişdi və bu mənim xətrimə dəymişdi.

Elə bu cümlələri yazarkən daha bir əhvalat yadıma düşdü. Türk dili və ədəbiyyatı dərsində hocamız bizə Həkimoğlu İsmayılın hansısa əsərindən bir hissəni vermişdi. Üzünü köçürmək üçün. O vaxtlar ara bu qədər açılmamışdı. Bu qədər kanal, qəzet, jurnal yox idi. Türk dilini öyrənmək üçün hər həftə Türkiyədə nəşr olunmuş bir kitab oxumaq məcburiyyətində idik. Qısası, bir qız təxminən üsyan etdi ki, bizə verilən mətn maraqsızdı, bu mətndənsə bizə üzünü köçürmək üçün hansısa müğənninin müsahibəsini versinlər. Belə bir vaxtda mən Muhammed hocanın şou haqqında dediklərini heç cür anlaya bilməzdim. Əlbəttə, biz insanlar bizə lazım olan sözlərin çoxunu vaxtında eşidirik, sadəcə zamanında o sözlərin nə qədər gərəkli və dəyərli olduğunu anlaya bilmirik. Sonralar həyatımızda baş verən hadisələr, gördüklərimiz o sözlərin həqiqi mənasını və ağırlığını bizə başa salır. Zaman keçdikcə, şounun Azərbaycanda əsl sifətini gördükcə, mən Muhammed hocanın nə demək istədiyini anlamağa başladım. Təxminən yeddi ildi mən şounun necə məhvedici bir qüvvə olması haqqında davamlı olaraq yazılar yazmaqdayam. Bəzən özüm də bu mövzuda bu qədər yazı yazmaqdan bezirəm, amma nə etməli, gördüklərim hər dəfə yenidən bu mövzuda yazı yazmağa məni məcbur edir. Sakit dayanmaq, baş verənlərə müşahidəçi kimi kənardan baxmaq mümkün deyil. Təxminən bir həftə əvvəl ATV kanalında bir "şou-maqazin" verilişində anons verdilər. Prodüser Tolikin həyatından ən gizlin məqamlar verilişdə açıqlanacaqdı. Bəli, mən gördüm ki, Tolikin həyatını artıq insanlar üçün maraqlı ediblər. Bizi bu vəziyyətə gətirib çıxarmağı bacardılar. Ki, gözləyin, prodüser Tolikin həyatında baş vermiş və bu günə qədər heç kimə məlum olmayan məqamlar verilişdə Tolikin öz dilindən açıqlanacaq. Uzağa getməyək, biri elə mən özüm. Kanalı çevirmədim, oturdum televizorun qarşısında və gözlədim ki, görüm Tolikin həyatında maraqlı və bizə məlum olmayan hansı hadisə baş verib? Mən hələ Allah qoymasa, guya bu xalqın yazarıyam, indi görün bu xalqın xalaları, bibiləri, əmiləri nə gündədi.

Bəli, əziz bacılar və qardaşlar, Tolik başladı həyatından danışmağa. Danışdıqca gah güldü, gah kövrəldi, bir-iki dəfə lap dərindən kədərləndi. Sonra Tolikin 1998-ci ildə baş tutmuş toyundan kadrlar göstərdilər. Baxdım Tolikə və onu çox çətinliklə tanıdım. 1998-dən üzü bəri Tolik çox dəyişikliyə məruz qalıb. Kökəlib, geyimi, davranışları, danışığı tamam dəyişib. Toy kadrlarına baxdıqca az qala təəccübdən heykələ dönməkdə idim. O vaxtlar Tolik, indi tanıdığımız Tolik deyildi, o vaxtlar Tolikin adı Tarix idi. Daha dəqiqi, o vaxt Tolik Tarix Əliyev idi. Tarix Əliyevin toyu balaca bir məkanda keçirilirdi. Tarix Əliyev başda oturmuşdu. Təzə bəy kimi komanda verirdi ona-buna. Onu gətir, bunu gətir. Filan salatı ora qoy, filan limonadı bura qoy. Arıq oğlan idi Tarix Əliyev. Toy kadrlarında gördüyüm Tarix Əliyevin əməlli-başlı qaqaş vidi vardı. Məsələn, 98-ci ilin Tarix Əliyevi indi yolda mənə nəsə dayandığım yerdə ilişsə, sakitcə onu yola verərəm. Baş qoşmaram. Sözün açığı, baş qoşmaram deyəndə, onun görünüşündən qorxaram. Tarix Əliyev toy kadrlarında tamam başqa bir görünüşdə, tamam başqa qiyafədə idi. Yəni elə bir görünüşü vardı ki, elə bil indicə kimisə bıçaqlayacaq, kimisə söhbətə çəkəcək, məhləyə "çujoy"un gəlməsinə imkan verməyəcək. Qərəz, 98-ci ildəki Tarix Əliyevlə bugünkü Tolik arasında dəhşətli dərəcədə fərq var. Tanımasan, adam heç cür inanmaz ki, bu Tarix Əliyev böyüyəndə Tolik olacaq. Qərəz, söhbət uzundu.

Gördüklərimi ifadə etmək mümkün deyil. Yalnız həmin verilişə baxanlar məni başa düşə bilər. Bəli, toy kadrlarından sonra Tolikin evini millətə göstərdilər. Dəbdəbə, var-dövlət, genişlik, rahatlıq, imkan...

Mən gözümü ekrandan ayırıb, kirayədə yaşadığım evə nəzər yetirdim. Soyuq, kasıblıq, tozlu kitablar, köhnə və depressiv qəzetlər, kaktus, balıq konservası, xarab alışqanlar, boranı tumu, divarda Emin Milliylə Adnan Hacızadənin fotoları, axmaq və gülməli bir elektrik sobası, cırıltısı beyin aparan divan... Bu prodüser Tolikin evi, bu da guya Allah qoymasa, dörd kitab müəllifinin və guya Allah qoymasa, az-çox oxunan bir yazarın evi...

Xahiş edirəm, düzgün başa düşün, mən Tolikin paxıllığını çəkmirəm. Əsla! Sadəcə, söhbət ondan gedir ki, Tolik artıq nümunədir. Bəli, bəli, bəli, Tolik bir nümunədir. Onun dəbdəbəli evini göstərirlər və millətə mesaj ötürürlər ki, siz də Tolik olun, sizin də belə eviniz olsun. Əlbəttə, Tolik də olmalıdı. Sadəcə, adamlara özünü realizə etmək üçün bərabər şans tanınmalıdı. Yoxsa, bütün kanalları doldur prodüserlə, müğənniylə, idmançıyla, onların dəbdəbəli evlərini, qarderoblarını millətə göstər, əlbəttə ki, millətin övladları bu rahatlığı, bu dəbdəbəni tapmaq, əldə etmək üçün Tolik olmağa çalışacaq. Kitabdan, dəftərdən yox, mikrofondan yapışacaq. Kitabxanaya yox, güləş döşəyinə üz tutacaq.

Telekanalda işləyən bir tanışım nəql edirdi ki, atalar öz qız övladlarını mahnı yarışmasına gətirirdilər ki, orda onların qız övladlarından müğənni düzəltsinlər.

Mən Tolikin əsla paxıllığını çəkmirəm, sadəcə, ATV kanalı bir daha həqiqəti mənə göstərdi. Sağ olsunlar, bir daha həqiqəti gördüm. Hansı ölkədə yaşadığımı bir daha dərk etdim...

Sözün həqiqi mənasında mənim Toliklə heç bir davam yoxdu. O hardadı, mən harda? Tolik istəsə məni bir günə Azərbaycandan sürgün etdirər. Sadəcə, günümüzün reallığını yazmaq istədim. Yəqin Tolik görüb ki, daha Tarix Əliyev olmaq sərfəli deyil, yaşamaq lazımdı, vəziyyəti qiymətləndirib, dönüb Tolik olub. Özü də Tolik vəziyyəti hərtərəfli qiymətləndirib. O qədər hərtərəfli qiymətləndirib ki, hətta Yeni Azerbaycan Partiyasına da üzv olub. Mənə hər seçkidən sonra qohumlar, tanışlar itin sözünü deyirlər, Tolik isə hakimiyyətdə olan bir partiyanın üzvüdü.

Siyasi baxımdan belə Tolik reallığı daha çox dərk edib. Trotski demişkən - reallığı dərk etmək qələbənin yarısı deməkdi. Tolik reallığı daha yaxşı görüb, mən isə iyirmi ildi Əli Kərimli ilə İsa Qəmbərin nə vaxt birləşəcəyini gözləməkdəyəm və hər seçkidən sonra ən pis adamlardan kinayə ilə deyilmiş "gördün?" sözünü eşitməkdəyəm.

Rəmzlərlə danışmağı sevmirəm. Amma Tolikin keçmiş adı çox şeyi deyir, çox şeyi açır. Tarix. Bəli, bacılar və qardaşlar, Azərbaycan tarixi faktiki olaraq indi özünün Tolik dövrünü yaşayır.

Seymur Baycan

Yuxarı