post-title

Tərcümə mədəniyyəti

Mirzə Cəlil yazır: "Müsəlman ölkələrində həqiqi inqilablar ona görə baş vermir ki, inqilabın əlifbasını təşkil edən kitablar müsəlman xalqlarının dillərinə tərcümə olunmayıb".

 

Çox sadə ifadə olunmuş, dəqiq və sərrast fikirdi. Əlbəttə, söhbət hakimiyyət dəyişikliyindən getmir, həyatda, məişətdə, ədəbiyyatda, geyimdə, davranışda inqilabdan gedir. Kitabsız, dəftərsiz, ədəbiyyatsız isə inqilab etmək bir az çətin məsələdi. 

 
Yayda gürcü şairi Şota İataşvili ilə açıq havada oturub pivə içə-içə söhbət edirdik. Soruşdu, necəsiz, nəylə məşğulsuz, nə yazırsız? Yenilikləri dedim və axırda əlavə etdim ki, Günel Mövlud Markesin "Yüz il tənhalıqda" əsərini Azərbaycan dilinə çevirib, əsər kitab halında nəşr olunub. 
Şota bu xəbəri eşidəndə sifəti qəribə görkəm aldı. Dedim-dedi janrından yaxa qurtarmaq üçün dialoqu yazıram: 
 
- Bəyəm Markesin "Yüz il tənhalıqda" əsəri Azərbaycan dilinə indi tərcümə olunur? 
- Hə. Bəs gürcü dilinə nə vaxt tərcümə olunub? 
- Çoxdan. 
- Rus dilindən? 
- Yox ispan dilindən. 
 
Biz tərcümə mövzusunda xeyli söhbət etdik və belə məlum oldu ki, sovet dövründə rus dilinə çevrilmiş əsərlərin böyük çoxluğu gürcü dilinə də çevrilib. Özü də tam zamanında və orijinaldan. 
 
İndi özünüz deyin, bir gənc Azerbaycan yazarı əgər rus dilini bilmirsə, gürcü yazarından necə üstün, necə məlumatlı ola bilər? Mümkün deyil. Yazar əsərləri doğma dilində oxumalıdı. Azərbaycan dilində isə əsər çox azdı. Xeyli əsərlər var, adamlar oxumaq istəyirlər, amma Azərbaycan dilində tərcüməsi yoxdu deyə, oxuya bilmirlər. Təsəvvür edin, Avropanın altını üstünə çevirmiş Volterin "Kandid" əsəri hələ də Azərbaycan dilinə çevrilməyib. Bu, sadəcə, biabırçılıqdı! 
 
Tiflisdə kitab mağazasına girmişdim. Bir qalın kitabın üstündə Trotskinin şəkli diqqətimi çəkdi. Gürcü dilində olduğu üçün kitabın üstünə nə yazıldığını başa düşmədim. Amma zənn etdim ki, bu, Trotskinin memuarı olmalıdı. Satıcıdan soruşdum, dedi ki, bəli, Trotskinin memuarıdı. 
 
Gürcüstan əhalisinin sayı bizdən xeyli azdı. Üstəlik, Gürcüstanda sola heyran olan, sol ideyaya meyl edən adamların da sayı əhəmiyyətli dərəcədə Azərbaycanda olduğundan azdı. Bizdə sol ideyaya meyl edən xeyli adam var. Bununla belə, Trotskinin memuarı Azərbaycan dilinə çevrilməyib. Əslində isə tərsinə olmalı idi. Trotskinin memuarı Azerbaycan dilinə daha tez çevrilməli idi. Düzdü, bəzi dostlar gürcüləri örnək göstərdiyim üçün yenə də cırnayacaqlar, amma mən vəziyyəti yazıram. Heç uzağa getməyək, başqa xalqlarla müqayisə aparmağa ehtiyac yoxdu, tərcümə sahəsində qonşu gürcülərdən xeyli arxadayıq. 
 
Sovet dövründə bir çox əsərlərin Azərbaycan dilinə çevrilməsi böyük hadisə idi. "Sakit Don", "Hərb və sülh", "Səfillər" kimi böyük əsərlərin Azəbaycan dilinə çevrilməsi Sovet hökumətinin bizə hədiyyəsidir. Başqa sistemdə yaşasaydıq, belə böyük əsərlərin dilimizə çevrilməsi bir az çətin olardı. Eləcə də rus nəsri ilə yaxından tanış olduq. Demək olar ki, rus nəsrinin ən görkəmli nümayəndələrinin əsərləri dilimizə çevrildi. Buna baxmayaraq, biz qapalı dövlətdə yaşadığımız üçün dünya ədəbiyyatında gedən prosesdən kənarda qalmalı olduq. Bir çox əsərlər ideoloji baxımdan zərərli hesab olunduğu üçün ölkəyə buraxılmadı. Böyük çoxluq bir çox əsərlərdən Sovetlər Birliyi dağıldıqdan sonra xəbər tutdu. Dovlatov, Henri Miller kimi yazıçıların əsərləri Azərbaycan dilinə çevrilməyib. Bəzi fədakar insanlar bir çox yazıçıların kiçik hekayələrini, müsahibələrini dilimizə çeviriblər. Sistemli tərcümə yox dərəcəsindədir. Tərcümə sahəsində pərakəndəlik hökm sürür. Ümumilikdə isə vəziyyət çox acınacaqlıdır. Azərbaycan oxucusu Limonovu, Henri Milleri rus dilində oxumağa məcburdur. Türk və ingilis dillərində oxuyanlar da var. 
 
Ədəbiyyat dərsliklərimiz bayağı, əttökən, aqrar təfəkkürün məhsulu olan şeir və hekayələrlə zəngindir. Müasir dünya ədəbiyyatının bizim ədəbiyyat dərsliklərində izi-tozu belə yoxdur. Yuxarıda yazdığım iki səbəbdən dolayı Azərbaycan oxucusu bir az yeni nəsrlə qarşılaşanda özünü itirir, çaşır və istər-istəməz "bu ədəbiyyat deyil",- deyir. 
 
Azərbaycan oxucusu bir az yeni nəsrlə qarşılaşanda sanki yad planetdən gəlmiş cisimlə üzləşir. Təxminən belə bir şey. Vəziyyəti dəyişmək üçün çoxlu tərcümələr edilməlidir. Hərçənd, Henri Miller kimi dağıdıcı bir yazıçının əsərlərinin yaxın 10 ildə dilimizə çevrilməsi inandırıcı görünmür. Məsələn, Elçin Əfəndiyev Eduard Limonovun əsərlərinin Azərbaycan dilinə çevrilməsinin əleyhinə olduğunu bir müsahibəsində qeyd etmişdi. Halbuki Eduard Limonovun əsərlərinin dilimizə çevrilməsi ədəbiyyatın istiqamətini dəyişə bilər, ədəbiyyatımızı rəmzlərdən, uzun təbiət təsvirlərindən, peyin qoxusundan, təndirdən, müdrik-müdrik danışan, ömründə bir kitab oxumamış, aqrar ağbirçək və ağsaqqal obrazlarından az da olsa təmizləyər. Hələ də yazılan hekayə və romanların böyük çoxluğunda savadsız ağbirçək və ağsaqqallar dünyada baş verən proseslərə öz aqrar təfəkkürü ilə qiymət verirlər. Hələ də bizim yazıçılar kiçik bir hekayədə dünyanın bütün problemlərini həll etmək iddiasından əl çəkməyiblər. Dosta arvad, Məzahir kişi kimi aqrar təfəkkürlü yüzlərlə obraz hələ də Azərbaycan ədəbiyyatında lotuluq etməkdədir. Hətta bizim bir çox yazarlarımız, tənqidçilərimiz Sorokini, Pelevini, Limonovu yazıçı hesab etmirlər. Onlar ən yaxşı halda Kafkaya, Borxesə, Folknerə, Markesə ilişib qalıblar. Bizim ədəbi mühitimiz Kafkanın, Folknerin, Markesin ağırlığı altında əzilməkdə və can verməkdədir. 
 
Azərbaycan yazarları öz ağır cümlə axtarışları, dil haqqında yorucu söhbətləri ilə hələ də zəhləmizi tökməkdədirlər. Vəziyyəti dəyişmək üçün müasir yazıçıların dağıdıcı əsərləri mütləq Azərbaycan dilinə çevrilməlidi. Əgər müasir yazıçılar Azərbaycan dilinə çevrilməsə, ədəbiyyatımız inkişaf etməyəcək. Oxucular isə yenə də bir balaca müasir nəsrlə qarşılaşanda çaşacaqlar və yenə də "bu ədəbiyyat deyil",- deməyə məcbur olacaqlar. Nəticədə yazarlar oxucuların təzyiqi qarşısında əyilib peyin, pendir, təndir iyi verən aqrar hekayə və romanlar yazmağa davam edəcəklər. Qərəz, əgər dünya miqyasında ədəbiyyatın yönünü dəyişən, adamların düşüncəsinə təsir edən, təfəkkürün inkişfına səbəb olan əsərləri Azərbaycan dilinə tərcümə etməsək dilimizin, təfəkkürümüzün, ədəbiyyatımızın inkişaf etməsi böyük sual qarşısında olacaq. Ona görə də xarici dil bilən hər bir kəs dilimizə hekayə, esse, müsahibə, roman tərcümə etmək məcburiyyəti qarşısındadı. Xarici dil bilən hər kəs (mövqeyindən, siyasi baxışından, yaşından aslı olmayaraq) tərcümə mədəniyyətinin inkişafına, prosesin sürətlənməsinə öz töhfəsini verməlidi. Tərcümə etdiyi mətnin həcmi kiçik ola bilər. Qoy olsun, hər mətnin öz oxucusu, öz mesaji var. Dama-dama göl olar. Tərcümə zəif alına bilər. Qoy zəif alınsın, heç bir zərəri olmayacaq. Ən pis halda oxucular mətnin mövzusu ilə tanış ola biləcəklər. Hətta zəif bir tərcümə belə, çox böyük dəyişikliyə səbəb ola bilər. Belə olubdur da... Tarixdə belə faktlar var. Bu haqda yazının sonunda. 
 
xxx 
 
Bəli, kitabsız, dəftərsiz, ədəbiyyatsız inqilabın baş verməsi böyük sual altındadı. Serb yazıçısi Milorad Paviç deyirdi, bədənin vitamin çatışmazlığı olduğu kimi, ruhun da vitamin çatışmazlığı olur. Dəyişiklik etmək istəyən bir gənc üçün ruhun vitamini kitabdır. Baxın, Şeyx Şamil uzun illər döyüşdü, mübarizə apardı, amma ondan çox az əhvalat qalıbdı. Qalanlar da hamısı cəza mövzusundadı. Ona əlli şallaq vurdu, bunu tutdu döydü, bir başqasının sağ əlin kəsdi... Ona görə ki, yanında yazıçı, alim, fikir adamı yox idi. Əhvalatsız isə tarixdə qalmaq çətin məsələdi. 
 
Bir məşhur söhbət var. Ludoviklərdən biri (dəqiq yadımda deyil) əyanlardan birindən soruşur: Siz ispan dilini bilirsiz? Əyan deyir, yox. Ludovik deyir ki, çox pis. Əyan elə düşünür ki, Ludovik onu İspaniyaya səfir göndərmək istəyir. Gedir qısa müddətə ispan dilin öyrənir. Məclislərin birində krala yaxınlaşıb deyir ki, əlahəzrət, mən ispan dilini öyrəndim. Ludovik dahiyanə cavab verir: çox gözəl, indi siz "Don Kixotu" orjinaldan oxuya bilərsiniz. Bax, budu əhvalat. Yoxsa, Şeyx Şamil tutdu filankəsin başın kəsdi... 
 
Viktor Huqonun "Səfillər" əsərini oxumayan bir gənc inqilabın romantikasını, barrikadanın cəlbediciliyin necə duya bilər? 
 
Nobel mükafatçısı, Peru yazıçısı Mario Varqas Lyosa deyir ki, ədəbiyyat insanların beynində hətta azadlığın illuziyasını yaratsa belə, bunun özü diktatorlar üçün çox qorxuludu. Ona görə ədəbiyyatı daima nəzarətdə saxlamağa, ədəbiyyatı zərərsizləşdirməyə məcburdurlar. 
Qorki "Ana" romanını 1907-ci ildə yazıb. Əsər qısa müddətdən sonra ingilis və alman dilinə çevrilib. 
 
Qorki "Ana" romanında anasına əzab verən, içki içən bir gəncin inqilabçılara qoşulduqdan sonra necə dəyişdiyini yazır. O, kitab oxuyur. Səliqəli geyinir. Anasını sevir. Hətta anasına belə inqilabın, dəyişikliyin necə vacib olduğunu başa salır. Ömrü boyu zülm çəkmiş, döyülmüş, soyulmuş, təhqir olunmuş ana inqilabçılara qoşulur. Həmin əsərin qəhrəmanı Pavel deyir: "O kəslər xoşbəxtdir ki, onların anası ilə fikirləri üst-üstə düşür". 
 
İndi gəl belə bir əsəri oxuyan gənc daha da həvəslənməsin. Özü də 20-ci əsrin əvvəlində bütün dünyanı üsyanlar, inqilablar bürüdüyü bir vaxtda. 
İndi isə tərcümənin necə vacib bir əməl olduğu haqda bir fakt yazım. Martin Lüterin "Bibliya"nı alman dilinə çevirməsi Avropanın altını üstünə çevirdi, aləm deydi bir-birinə, böyük davalar başladı. Özü də Martin Lüter "Bibliya"nı alman dilinə çox pis tərcümə etmişdi, amma bu pis tərcümə Avropanın tarixini dəyişdi. Böyük inkişafa səbəb oldu. Ona görə də xarici dil bilən kəslər tərcümənin zəif alınacağından əsla qorxmasınlar. Çünki ən zəif hərəkət hərəkətsizlikdən min dəfə faydalıdı.
 
Seymur Baycan
Reytinq qəzeti

 

Yuxarı