post-title

Paylaşmaq mədəniyyəti

Azad Yazarlar Ocağının üzvlərinin esselərindən, hekayələrindən, şeirlərindən ibarət bir almanax nəşr etmək istəyirdik. Almanaxın nəşri üçün maliyyə problemini həll etmək məqsədilə ərkimiz çatan dostlara müraciət etdim. Üstəlik, "Azadlıq" qəzetində yazı yazıb adamlara müraciət ünvanladım ki, ay camaat, belə bir almanax nəşr etmək fikrimiz var, amma bir az kömək lazımdı. Yazının altına telefon nömrəmi də qeyd etmişdim. Əgər kimsə kömək etmək istəsə, əlaqə saxlaya bilsin deyə. Yazı dərc edilən gün telefonuma zəng gəldi. Yaşlı bir qadın idi. Tələsə-tələsə danışırdı.

 

Anladım ki, bu onun danışıq forması deyil, sadəcə, vəziyyət onu belə tələsik danışmağa məcbur edir. Üstəlik, şəhər nömrəsindən zəng etmişdi. Qadın dedi: "Seymur, oğlum, mən pensiyaçıyam, sizə çox kömək edə bilməyəcəm, amma almanaxın nəşri üçün beş manat yardım edə bilərəm".

Bu zəng, qadının danışığı məni o qədər kövrəltdi ki, donub qaldım. Bilmədim necə reaksiya verim. Dilim tutuldu, birtəhər "çox sağ olun, siz bu zənglə artıq öz yardımınızı ən yüksək səviyyədə etmiş oldunuz",- deyə bildim. Özü də titrək səslə. Mən bilmədim o qadın kimdi. Bəlkə də üzünü görmədiyim, yalnız səsini eşitdiyim o qadın artıq dünyadan köçüb. O qadının zəngi, səsi, ümumiyyətlə, o gün xatirəmdə ən işıqlı və kədərli bir yerdə dayanmaqdadı. Hər dəfə o günü xatırlayanda kövrəlirəm və İncildən bir söhbəti xatırlayıram. İsa peyğəmbər dayanır məbədin qarşısında. Görür ki, bir qoca qarı ianə qutusuna ən kiçik miqdarda pul atdı. İsa peyğəmbər deyir: "Sizə doğrusunu deyirəm, o qadın hamıdan çox verdi. Çünki o biriləri artıq qalanından verdilər, o isə olanını verdi".

İndi xalqımızın, ümumiyyətlə, müsəlmanların halından və vəziyyətindən şikayətlənmək az qala bütün söhbətlərin mövzusudu. Biz belə söhbətləri hər yanda eşidə bilərik. Toyda, yasda, yolda, evdə, tədbirlərdə, dost məclislərində... Amma gəlin görək biz bu vəziyyətdən çıxmaq üçün hərəkət etməyin vacib bir əməl olduğunu anlaya bilmişikmi? Bir vedrə arağı ortaya qoyub lülə, tikə kababı, dana basdırması yeyə-yeyə xalqın vəziyyətinin acınacaqlı olmağından danışmaqla iş bitmir. Sadəcə, hərəkət etmək lazımdı, hərəkət. Bu mənada özünü hətta ən zəif hesab edə bilən insan da prosesə öz töhfəsini verə bilər. Necə? Çox sadə. Uşağına imkan daxilində kitab, dəftər almaqla, imkan daxilində təhsil verməklə. Bir dəfə toyda xərclədiyi pulu övladının mədəniyyəti mənimsəməsi yönündə xərcləməklə. Elə bu yazını oxuyanlar vicdanla düşünsünlər ki, uşaqlarını nə vaxt muzeyə, teatra, kinoya, kitab mağazasına aparıblar? Oğlan uşaqlarının əyinlərinə balaca kostyum, ayaqlarına balaca tufli geyindirib, boyunlarına balaca qalstuk taxıb, qız uşaqlarının saçını buruq-buruq edib şadlıq evlərini gəzdirməklə valideyn borcunuzdan çıxdığınızı düşünürsünüz. Əslində isə mədəniyyətdən uzaq, dünyadan bixəbər varlıqlar böyütməkdəsiniz. Deməyin imkan yoxdu. İmkan yoxdursa, qoy toya da pul tapılmasın. İmkan yoxdursa, qoy, bahalı qəbir daşına da pul tapılmasın. Amma ölülərə xərclədiyiniz pulun 10 faizini öz övladınızın gələcəyi üçün xərcləməyə canınız çıxır. Biri ölən kimi hardan olsa, pul tapıb bahalı qəbir daşı düzəldirsiniz, amma o pulun 10 faizini gələcək üçün xərcləməyə əliniz gəlmir. Sonra bir vedrə arağı ortaya qoyub dana basdırması yeyə-yeyə xalqın pis vəziyyətdə olması haqqında uzun nitqlər irad edirsiniz.

Ən böyük problemlərdən biri paylaşmaq mədəniyyətinin olmamasıdı. Moskvada bir dostum yaşayır. Deyir, azərbaycanlıların yığışdığı bir kafe var. Azərbaycanda nəsə olmuşdu, kafedə bərk müzakirə gedirdi. Millət elə, xalq belə... Hamıya aydın olan süjetdə yorucu söhbətlər... Dostum deyir, çıxarıb 50 dollar qoydum masanın üstünə, dedim, hərə imkanı daxilində bir az qoysun ortaya, göndərək vətənə. Hərə bir bəhanə gətirdi, aradan çıxdılar bir-bir. Axşam isə gedib restoranda dollarları tökdülər rus qızlarının başına.
Mən bu adamın danışığına inanıram. Çox imkanı olmasa da, bizə hansı kitab lazım olubsa, tapıb göndərib.

Özüm də belə mənzərənin şahidi olmuşam. Peterburqda restoranda bir azərbaycanlı, rus qızlarının başına dolları yağış kimi tökürdü. Dostum həmin adamı mənə göstərib dedi ki, bu adamı nənəsi böyüdüb. İndi nənəsi rayonda acından ölür. Ayda o arvada iki yüz dollar pul göndərməyə canı çıxır.
Belə əhvalatlar çoxdu. Birini də yazım ürəyim bir az soyusun. Bir nəfər vardı. Anası acından ölürdü. Dilənçi vəziyyətinə düşmüşdü. Arvad öldü. Pah, bu arvada bir ehsan verdilər. Masanın üstündə hər cür nemət vardı. O nemətlərdən yazıq arvad bu dünyada yeyə bilmədi. Nəyə lazımdı öləndən sonra bu cür ehsan süfrəsi? Kimin üçündü? Yalnız başqaları üçün. Bu mənada Azərbaycan əhalisinin böyük çoxluğu özü üçün yaşamır, başqaları üçün yaşayır. Qonşular, iş yoldaşları üçün başdan-başa, büsbütün saxta bir həyat yaşamaqdadırlar.

Ötən əsrin əvvəllərində də vəziyyət təxminən eyni cür olubdu. İndi bir çox adamın xeyriyyəçiliyi haqda miflər, şişirdilmiş söhbətlər dolaşmaqdadı. Sağ olsunlar, ediblər, amma o dövrdən az-çox xəbərdar olanlar bilirlər ki, bizim milyonçuların xeyriyyəçiliyə xərclədiyi pullar eyş-işrətə, əyləncəyə xərclədiyi pulların yanında qəpik-qurşu olubdu. Mirzə Cəlil onları general "kokarda"sı almaq üçün xeyriyyəçiliklə məşğul olan milyonçular adlandırırdı. Çünki onları millətin vəziyyəti o qədər də narahat etmirdi, onlar ruslara yarınmaq üçün bir az təhsilə-filana pul xərcləməyə məcbur idilər. Mən detallara varıb qan qaraltmaq istəmirəm, zatən bilənlər bilir.

Məhz buna görə Mirzə Cəlil onlara general "kokarda"sı almaq üçün xeyriyyəçilik edənlər adı qoymuşdu. Hardan bilmək olar, bəlkə də yüz ildən sonra Rövnəq Abdullayevin, Kəmaləddin Heydərovun, Ziya Məmmədovun da adı xeyriyyəçi kimi hallandı. Ki, filan rayonda filan məktəbə 10 ədəd parta alıblar. Tarixin belə zarafatları çox olub və yəqin ki, gələcəkdə də olacaq.

Bəli, bizdə paylaşmaq mədəniyyəti deyilən bir mədəniyyət yox dərəcəsindədi. Bunun bir çox səbəbləri var. Səbəblərdən biri odur ki, adamlar sadəcə, belə bir mədəniyyətin nəinki vacibliyindən, hətta varlığından belə xəbərləri yoxdu. Məsələn, onlar bilmir ki, əgər sən pul qazanmağı bacarırsansa, bir başqası pul qazanmırsa, amma vacib bir işlə məşğul olursa, ona yardım etmək lazımdır.

Stefan Sveyq yazır: "Vyanada yaşayan yəhudilərin çoxu ticarətlə məşğul idi. Onlar nəsillərindən çıxan sənət adamlarına yardım edib, onu bütün nəslin vizit kartına çevirirdilər. Bununla həm də yəhudilərin təkcə ticarətlə, bankirliklə məşğul olmadığını göstərmiş olurdular".

Bax, paylaşmaq mədəniyyəti budur. Biri bankirdi pul qazanır, o biri tutaq ki, rejissordu. Bankir rejissora yardım edib, onu öz nəslinin vizit kartına çevirir. Bizdə isə pul qazana bilməyən adamın üstünə hamı tökülüşür ki, sən niyə pul qazana bilmirsən? Onu nəslin ən əfəl adamı sayırlar.
Heç kim paylaşmaq istəmir. Dindar din adına paylaşmaq istəmir. Qonşusu ac ikən çox rahat yatır. Millətçi millət adına paylaşmaq istəmir. Danışır, qeybət edir, amma ortaya konkret məsələ qoyulanda Sədi Şirazidən şeir deyir. Əgər əmilərin, dayıların, ataların xalqımızın gələcəyi haqqında deyilmiş tostlara qaldırdıqları badələrin içindəki araqları bir yerə toplayıb satmaq imkanımız olsaydı, görərdik ki, həmin arağın puluna yüz universitet açmaq, xaricdə əlli min tələbə oxutmaq olardı. Keçmişdə də belə olub, indi də belədi.

Həsən bəy Zərdabi 1872-ci ildə Şuşaya gəlir. O zaman Şuşada ermənilərin bir xeyriyyə cəmiyyəti fəaliyyət göstərirdi. Bu cəmiyyətə Tiflisdə ermənicə çap olunan "Misak" qəzetinin redaktoru erməni Arusruni rəhbərlik edirdi. Zərdabi Arusruninin razılığı ilə onun qərargahında bir məclis təşkil edir. Qarabağ bəylərini də dəvət edib onlara məqsədi və cəmiyyət haqda danışır. Amma bəylər hərəsi bir bəhanə ilə aradan çıxır.

Həmin məclisdə ermənilər də iştirak edirmişlər. Qoca bir erməni Arusruniyə yaxınlaşıb deyir ki, ömrünün 50 ilini İsa bulağından su daşıyıb Şuşa bazarında satmaqla məşğul olub: - Bu 50 il ərzində 900 rubl pul tədarük etmişəm. Bunu bağışlayıram sizin cəmiyyətə, qoy, erməni balaları maariflənsin, təhsil alsın, onda rahat ölərəm.

Bu mənzərənin şahidi olan Zərdabi yazır: "Suçu Mıkırtıcda olan milli qeyrət bütün Qarabağ bəylərində yox idi".

Seymur Baycan

Yuxarı