post-title

Allahın bizim analoqu olmayan milli ənənələrimizə qarşı olması haqqında

Bizim yurddaşlarımız çox inanandırlar. Nə dəbdə olur, ona da inanırlar. Təki zamanla uzlaşaq. Öncə sünni olublar, sonra dəbdə şiəlik olub, oldular şiə. Zaman keçdi dəbdə ateizm oldu, oldular ateist. İndi dəbdə yenə dindir, oldular hər cür dinçi - sünni, şiə, vahhabi, kimsə xristian, krişnacı. Kimə nə sərf edir, ondan da oldu.

 

İndi bu millət elə möminlik etmək istəyir, Allah bunlara səs vermir ki, vermir. Dəbdə olan hər şeyi ediblər, dinə-imana gəliblər - ancaq xeyri nə? Allah bunlar üçün bir möcüzə də etmir ki, heç olmasa Qarabağı ermənilərin əlindən alıb bu mömin xalqa versin. Bu da bizim milli mentalitetə, mədəniyyətimizə, tərbiyəmizə, adətimizə uyğun deyil. Necə yəni? Pul veririk ki, işimiz düzəlsin, o da düzəlməlidir. Burda isə hamımız dinə-imana kəlmişik, Allahsa onun qarşısında işimizi düzəltmir. Bu nə olan şeydir?

İndi bizim mömin adamlar yoruldular imanlarına qarşılıq olaraq Allahın möcüzəsini gözləməkdən. Dedilər bəlkə Allah bizi eşitmir Bakıda. Buna görə də getdilər Qarabağın sərhədlərinə ki, elə orada bir azan versinlər, bəlkə Allah bunları orda eşidər.

Bunu da elədilər. Bir gözəl azan verdilər ki, heç o azandan Azərbaycanın tarixində olmamışdır. Bu doğrudan da analoqu olmayan azan idi. İndi milli adətimizə və mentalitetə görə, Allah da bunun qarşılığı olaraq bizə möcüzə göstərib, ermənilərin istehkamlarını darmadağın etməli idi. Axı, bir vəzifəyə keçəndə pul versək, o vəzifəni almalıyıq. İndi o boyda azanın qarşısında Allah da işimizi düzəltməlidir axı! Başqa cür necə ola bilər?

Ancaq nədənsə Allah milli ənənələrimizlə mentalitetimizi pozaraq, o boyda analoqu olmayan azanın qarşısında möcüzə edib, erməniləri məhv etmədi, istehkamlarını dağıtmadı, Qarabağı qaytarmadı. Bu boyda millətin də ora axışıb getməsi getdi hədər.

Hələ milli mentalitetimizi pozması az imiş kimi, Allah elə Avropa Şurası kimi, bizə qarşı ikili standartlar tətbiq edir. 

Örnək üçün, oxuyuruq müqəddəs kitabları. Görürük ki, Allah səhrada qalan günahkar İsrail oğullarına halvanı göydən yağdırdı. Bəs bizə niyə belə möcüzə etmir? Məgər biz o buzova tapınmış israillilərdə pisik? İndi bu kişilər gedib orada analoqu olmayan azan veriblər. Nə olardı, bir möcüzə edib, Qarabağı bizə verəydi? 

İsraillilərdən Yuşa ibn Nun Qüdsə yaxınlaşdı, onu ala bilmədi. Onda Allaha yalvardı, o da onun üçün möcüzə yaradıb, şəhərin qalasını uçurtdu. Necə olur ki, Allah Yuşanın bir yalvarışı ilə Qüdsün divarlarını möcüzə ilə söküb, bizim üçün isə o boyda analoqu olmayan azandan sonra erməni istehkamlarını sökmədi? 

Di yaxşı indi deyəcəklər ki, biz günahkarıq, ona görə də Allah bizim milli adət ənənələrimizlə mentalitetə uyğun azan qarşısında möcüzə yaratmır. Bəs onda İsrail oğulları da Misirdən çıxandanda elə günahlar edə-edə gedirdilər. Musaya boyun əymirdilər, buzova tapındılar, amalikalılarla vuruşmaqdan qorxdular və s. Ancaq Allah onlara hər şeyi verdi. İndi 40 il səhrada qəzdilər, nə olar? Biz burda 150 il ermənilərlə vuruşuruq, arada bir şey yoxdur. Günahlarımız da o israillilərdən çox deyil. İndinin özündə də İsrail keyf edir. Bəs niyə onlara verir, bizə yox? 

Deməli Allah tərəfindən ikili standartlar hökm sürür! Bu insan ikili standartlarından daha bezmişik, indi də Allah bunu bizə qarşı edir. Di yaxşı, Avropa şurasına, ikili standartlarına görə, etiraz edirik. Adımız da olur antidemokrat. Yenə əybi yox, bu damğanın altandan birtəhər çıxa bilirik, axı müdrik və dözümlü millətik, pulumuz da var, hərbi büdcəmiz Ermənistanın hərbi büdcəsindən çoxdur! Bəs Allahla nə edək? Ona pul vermək olmur, verdiyimiz ancaq azandır. Bunun da xeyri yoxdur.

Dərd burasıdır ki, Allaha etiraz etsək də olarıq kafir. Bunun da altından çıxa bilmərik. Bu da bir yana. İndi kafir olmaq dəbdə deyil axı, necə olaq kafir? Bu bizə sərf də etmir.

İndi nə edək? Torpaqlarımızı necə qaytaraq ki, bu dünyada ikili standartlar hökm sürür. Bir ümidimiz qalmışdır Allaha. O da ikili standarltlı oldu, həmdə milli dəyərlərimizə qarşı çıxdı. İndi işi dara düşənə deyirlər "Sənin işin qaldı Allaha". Bizim işimiz deyəsən Allahdan da aşdı. Bundan sonrta nə edək, bilmirəm...

Aydın Əlizadə

Kultura.Az

Yuxarı