post-title

Xoşbəxt etmək haqqında

O zaman şagirdlər İsanın yanına gəlib dedilər: "Səmavi Səltənətdə ən böyük kimdir? İsa da yanına bir körpə uşaq çağırdı və onu ortaya qoyub dedi: "Sizə doğrusunu deyirəm, əgər siz dönüb körpə uşaqlar kimi olmasanız, Səmavi Səltənətə əsla girə bilməzsiniz. Beləliklə, bu uşaq qədər özü-özünü alçaldan, Səmavi Səltənətin ən böyüyüdür. Və kim belə bir körpəni Mənim namimə qəbul edərsə, Məni qəbul etmiş olur".

 

 
Publisistik yazılar yazmağa başlayandan yazılarımda zaman-zaman uşaqları valideynlərin yadına salmağa çalışmışam. Başa düşmüşəm ki, bu gün onlara velisiped lazımdı, sabah böyüyəndə beş maşınları da olsa, bu günkü velisipedin verə biləcəyi xoşbəxtliyi yaşaya bilməyəcəklər. Bu gün onları xoşbəxt etmək bizim üçün asandı. Bəs sabah necə? Biz onları xoşbəxt edə biləcəyikmi? Buna gücümüz çatacaqmı? Özü də belə ağır bir ölkədə, belə qəddar şərtlər altında...
 
Deyirlər heç kim öz uşaqlığını axıra qədər danışa bilməz. Uşaqlıq kosmosdur. Yaxşı, biz hadisəni danışdıq, bəs o dadları, o hissləri necə ifadə edək? Gəlin xatırlayaq, bizi nələr xoşbəxt edirdi? Ən adi hərəkətlər, ən adi jestlər. Məsələn, nənəm təndirdə çörək yapanda ən axırda bizə balaca çörək (kökə) yapırdı. Xəmir eyni olsa da, niyyət başqa idi və biz bu balaca çörəkləri (kökələri) tam fərqli hisslərlə yeyirdik. 
 
Hardan başlayasan, nəyi danışasan, harda bitirəsən... Kinoteatra getməyimi danışasan, yoxsa velosiped hədiyyə aldığın gün necə sevindiyini yazasan? Bu gün bizim kənardakı yüngülvari xərcimiz böyük bir xoşbəxtliyə səbəb ola bilər və olur da. Hardan bilmək olar, bəlkə də bu, onların elə ən işıqlı xatirəsi olaraq qalacaq. Elə isə niyə onları az miqdarda pul xərcləməklə xoşbəxt etməyək? Birini xoşbəxt etmək şansı varkən, bunu etməmək əclaflıqdı. 20, 30, 40 manat mənim heç bir problemimi həll etmir, amma bu pulla bir uşağa xoşbəxt anlar yaşatmaq mümkündür. Bəlkə ədəbiyyatdan danışaq. "Səfillər" əsərini oxuyan hər bir kəs yəqin ki, Jan Valjanın Kozettaya oyuncaq almasını xatırlayır. Bu, Kozettanın həyatında artıq dönüşün başlanğıcı idi. 
 
Biz həyat adlı əjdahanın sərt sifətini gördükcə, hisslərimiz itiləşdikcə, başa düşürük ki, xoşbəxt olmaq elə də asan deyil və hətta ümidini itirmədən xoşbəxtliyin özünü gözləmək xeyli çətiniymiş. Biz dillema qarşısında qalırıq - bu, alın yazısı idi, yoxsa bu yazını mən özüm yazdım? Bu suala dəqiq cavab vermək olmur.
 
Əgər biz xoşbəxt olmağın necə çətin olduğunu anlayırıqsa, elə isə nədən uşaqların xoşbəxt olmasına çalışmayaq? Bu həm də ürəkgenişliyi nümayiş etdirməkdir. Bu mənada mənim üçün ən gözəl ibadət uşaqlara pul xərcləməkdir. Bununla, həm də bir növ tovbə etmiş, günahlarımı yumuş oluram. Mən hər hansı bir məkanda və yaxud bioqrafiyası şübhəli şəxsin qaşısında tövbə etməkdənsə, konkret hərəkətlərlə uşaqların qarşısında tövbə etməyi daha məqbul sayıram. Xoşbəxtlik nədir sualı böyük cavab tələb etmir. Xoşbəxtlik - dondurmadı, karuseldi, sizin onlarla kinoteatra getməyinizdi. Tolstoyun təbirincə desək, qənd yalnız uşaqlar üçün şirindir, böyüklər üçün isə çay içmək vasitəsidir.
 
Hardan bilmək olar, bəlkə də mən öz xatirələrimdən nəticə çıxararaq, belə düşünürəm. Ola bilsin vəziyyət, şərtlər dəyişib. Bununla belə, bütün hallarda qaydalar dəyişsə də, prinsiplər dəyişməzdir.
 
Seymur Baycan
 
Kultura.az
Yuxarı