post-title

Falçı

Gələcəkdən xəbər verən, kartla fala baxan məşhur falçı Amelia müştərisini iş otağında qarşılayır. Stolun üstündə qədim misir heykəlciyi, qara pişik Pippo, üç qutu siqaret və tarot kartları var idi.

 

 
 
 
- Kəsin – bariton bir səslə Amelia dedi.
Müştəri falçının dediyini etdi.
Falçı Amelia üç kart seçdi və yavaş-yavaş onları öz qarşısında açdı.
- Birinci kart deyir ki, bu ilin mart ayında Londona, Parisə və Romaya dəhşətli hücumlar olacaq və Vaşiqtona atom bombası atılacaq.
Kişi udqundu.
- İkinci kart deyir ki, Birləşmiş Ştatların reaksiyası nəticəsində dünyanın üçdə iki hissəsində fəlakətli iqlimlə müşayiət olunacaq və iki milyard ölünün olacağı üçüncü dünya müharibəsi baş verəcək.
Kişi başını qaşıdı.
- Üçüncü kart isə deyir ki, hal-hazırda düşündüyünüz qadın hələ də sizi sevir və o sizə geri dönəcək.
-Çox sağ olun, çox minnətdaram – dedi və onun gözləri demək olar ki, yaşla dolmuşdu.
Pulu ödədi və çıxdı. Küçəylə gedərkən insanlar, ağaclar, səma hər şey ona daha gözəl və daha işıqlı görsənirdi.
 
Stefano Benni
 
İtalyan dilindən tərcümə etdi: Abuzər Cəfərov
Yuxarı