post-title

Cümhuriyyət kitabçası

Bir neçə gün öncə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu “Facebook”da status yazaraq kitab satışlarını necə artırmaq barədə ictimaiyyətdən fikir istədi. Mən də daxil olmaqla bir neçə yoldaş ənənəvi səbəbi göstərərək kitabların qiymətinin endirilməsinin vacibliyini qeyd etdik. Lakin naşir də haqlıdır ki, min tiraj çıxan kitabın tərcüməçisindən tutmuş satıcısına qədər verilən qonorarları hesablasaq, üstəlik ən yaxşı halda kitabın mini də satılsa, nəşriyyata çox az faiz qalır. Lakin davamlı kitab oxuyan oxucu da haqlıdır ki, kitab bahadır. Amma kitabın bahalığı bir tərəfdən də ən gözəl bəhanədir. Çünki 2005-ci ildə dövlət tərəfindən milyon nüsxələrlə nəşr olunan kitabları kitabxanalardan əldə etmək mümkündür. Üstəlik “Kitab klubu”, “Nil” mağazalarında pulun olmadığı təqdirdə istədiyin kitabı götürüb oxuya bilərsən.

 

Bir neçə ay öncə simpatiya bəslədiyim partiyalardan birinin nümayəndəsinə yazdım ki, arxivimdə mənə lazım olmayan 20-yə yaxın kitab var, elan verilsin, yazarlar qoşulsun, hədiyyə etmək istəyən yazarların özləri kitab satsınlar, əldə olunan qazancla cərimələnən gənclərin cərimə pulları ödənilsin. Lakin bu təklifimə sadəcə qısa bir təşəkkür aldım.

Bu yaxınlarda “Facebook”da insan haqlarına, terrorizmlə mübarizəyə aid kitablar hədiyyə etmək istədiyimi bildirdim, heç kim bu mövzulu kitablara yaxın durmadı. İkinci dəfə  elan verəndən sonra gənclər təşkilatlarından biri onlara verməmi istədi.
Sözüm ona ki, məqsəd kitab oxumaqdırsa, istəyən oxucu bunu əldə edəcəkdir. Əgər “Qanun”un hər həftəsonu təşkil etdiyi iki manatlıq kitab aksiyasında izdiham olmursa, yenə də günah cəmiyyətdədir.

Sorun təkcə bizdə deyil. Türkiyədə olan hər kəs oradakı kitab mağazalarına heyranlıqlarını gizlədə bilmirlər. Amma Türkiyə Mədəniyyət və Turizm nazirliyinin 2011-ci ildə hazırladığı "Türkiye Okuma Kültürü Haritası"ndakı nəticələrə görə Türkiyədə əhalinin 30 faizi yazıb-oxumağı bilmir, davamlı kitab oxuyanların sayı isə 0.01 faizdir. İngiltərə və Fransada isə davamlı kitab oxuma faizi 21-dir.

Bu yaxınlarda isə internetdən oxuduğum bir açıqlamadan isə tamamilə məyus oldum. Milli Kitab mükafatının onluğuna düşmüş yazıçılardan biri dedi ki, əsərimi ona görə yarışmaya verirəm ki, məcbur qalıb oxusunlar. Bir yazıçı üçün bundan böyük faciə ola bilərmi?

Digər bir faciə odur ki, bizdə yazıçıların hamısı şedevr yaratdığına inandıqlarına görə, oxucu amilini tamamilə rədd edirlər. Halbuki bir aydının borcu odur ki, bir yolunu tapıb özünün və ya başqa bir dəyərli hesab etdiyi əsəri cəmiyyətə oxutdura bilsin. Əsər şəxsi ev əşyası deyil ki, evinin ən gözəgəlimli yerinə qoyub gələn qonaqlara özünü göstərəsən. Əsər yazmısansa, nə yolla olur-olsun onu oxutdurmalısan.

Amma ölkədə ictimai qurumların kitabla bağlı gördükləri işlər də, demək olar ki, nəzərə çarpmır. Bir neçə gün öncə AXC-nin 95 illiyi qeyd olundu. Seymur Baycan statusunda yazdı ki, cəmi iki nəfər onu təbrik etdi, çünki xalq cümhuriyyət, müstəqillik anlayışlarına yaddır. Bəs, AXC irsini yaşadan Müsavat partiyası və ya dayanmadan özlərini cümhuriyyətçi elan edən REAL-çılar gənc nəsil üçün 20 səhifəlik bir kitabça nəşr etdilərmi? Gənclər AXC dəyərlərini kimdən öyrənməlidirlər? Bir neçə il öncə “Dalğa” Teyyub Qurbanın Rəsulzadə haqqında bir romanını çap eləmişdi. Roman bədii əsər olaraq maraqlı olmasa da, layihə kimi çox uğurlu idi. Sözüm ona ki, Azərbaycanda elə bir durum yaranıb ki, ictimai-siyasi qurumlara getdikcə inamsızlıq formalaşıb. Bu inamsızlığı isə kitabla bağlı layihələrlə bir qədər aradan qaldırmaq olar.

Dilqəm Əhməd

Kultura.Az

Yuxarı