post-title

Dul qadın və ərinin cəsədi - İsrail Abrahamsın “Zövq və Digər Sənədlər Kitabı”ndan bir parça

Roma kralları bir insanı asdırarkən həmin insanı 10 gün ərzində basdırılmaqdan məhrum edərək meyidi onuncu günə qədər vermirdilər. Dostları və qohumları cəsədi oğurlaya bilməsinlər deyə yüksək rütbəli bir zabit cəsədin asıldığı ağacın yanında qarovulçu qoyulurdu. Əgər cəsəd oğurlansaydı həmin zabit cəsədin yerinə asılardı.

 
Günlərin bir günü yüksək rütbəli bir cəngavər krala qarşı üsyan qaldırır və bunun nəticəsində ağacdan asılaraq e’­dam edilir.  Cəngavərin cəsədinə qarovul çəkən zabit gecə yarısı yaxın məsafədən gələn insanın iliyinə işləyən, ürək parçalayan bir fəryad eşidərək diksinir; bu səsin nə olduğunu müəyyən etmək üçün atını minərək səs gələn tərəfə gedir. O, adi insanların basdırıldığı bir qəbirstanlığa gəlib çıxır və vəfat etmiş həyat yoldaşına ucadan ağı deyərək ağlayan bir qadını görür. Həmin qadına təsəlli verici sözlər söyləyərək onu şəhərin darvazalarının yanına qədər ötürərək evinə göndərir. Növbəti gecə eyni səhnə təkrarlanır və zabit ona təsəlli verici, incə sözlər söylədiyinə görə qadının qəlbində ona qarşı bir məhəbbət oyanır. Artıq bu dünyadan köçmüş əri yaddan çıxır. Onlar eşq barəsində danışaraq ağaca yaxşınlaşırlar və ....!  Zabitə qarovul çəkilməsi tapşırılmış cəsəd yoxdur. “Rədd ol buradan” - o dedi, “mən uçmalıyam yoxsa mən etdiyim eşqbazlığın cəzasını həyatımla ödəyəcəm.” “Qorxma mənim ağam” - qadın dedi  “biz mənim mərhum ərimi qəbirdən çıxarıb oğurlanmış cəsədin yerinə ağacdan asa bilərik”. “Amma mən Ölüm Tanrısından qorxuram. Mən bir insanı qəbirdən dartıb çıxara bilmərəm” - zabit dedi. “Mən tək başıma bunu edərəm” - qadın dedi. “Mən onu qazıb çıxardaram; sağ bir insanı qəbirə atılmaqdan qurtarmaq üçün qəbirdən ölmüş bir insanı çıxartmaq ədalətlidir. Qadın bu tük ürpədici hərəkəti edərkən zabit çığıraraq dedi -“Əbəs yerə əziyyət çəkirik. Mənim qarovul çəkdiyim cəsəd keçəl idi. Sənin ərinin isə seyrək saçı var. Bu fərq dərhal görüləcək.” “Yox,” - qadın cavab verdi “ mən onu keçəl edərəm” və o, diksinə-diksinə ərinin saçlarını yoldu. Sonra isə ərinin cəsədini ağacdan asdılar. Bir neçə gün keçdi və cütlük evləndi.
 
Tərcümə - Qabil Aşırov
Yuxarı