post-title

Qonaqlıq

Məcid adlı yaxın yoldaşın oğlu instituta girmişdi. Bu münasibətlə bizə qonaqlıq söz vermişdi. Biz də böyük iştahla gözləyirdik. Ancaq üstündən nə qədər vaxt keçirdi, Məciddən xəbər çıxmırdı. Onu tapmaq olmurdu. Telefonuna zəng vururdun, deyirdi, işim ilə əlaqədar rayondayam, gələn kimi özüm əlaqə saxlayacam. Gözləyirdik, ancaq yenə də səs çıxmırdı.


 

Axırı, bir gün yığışıb qərara gəldik ki, kim onu harada tutsa, yaxasından tutub gətirsin kafelərin birinə və dostları da zəng vurub çağırsın. Beləliklə, düşdük Məcidin axtarışına. O isə qaçaq düşmüşdü, yaxasını ələ vermirdi.

Bir gün böyük bir super-marketlərdə bazarlıq edirdim. Market o qədər geniş idi ki, ucu-bucağı görünmürdü. Birdən gözüm marketin o biri başında Məcidə sataşdı. Onu əynindəki dama-dama qəhvəyi pencəyindən tanıdım. Bu pencək illərdi dəyişməz olaraq onun bədənindən çıxmırdı.

Cib telefonumu çıxardıb ona zəng vurdum. Telefonu qaldıran kimi başladı ki, bəs iş-güc o qədərdir ki, heç başımı qaşımağa vaxt tapa bilmirəm, sizin yanınızda da lap biabır olmuşam.

Soruşdum:

İndi hardasan?

Dedi:

  • İmişlidəyəm. Mal yükləyirik, Allah qoysa, sabah bu vaxt Bakıda olacam, gələn kimi zəngləşərik.

Dedim:

A Məcid, elə sən bütün günü rayonda olursan, biz səni heç Bakıda tapa bilmirik axı...

Canım üçün, bir həftədir burdayam. Səhər Bakıda olacam, sən narahat olma, qonaqlıq qaqanın boynundadır. Yaxşı təzə bir rosiyski araq da çıxıb “Ruskiy qus”, biz ona “Qusik” deyirik, bomba araqdır, ondan də gətirəcəm.

Danışa-danışa ona yaxınlaşmağa başladım. Məcidin də məndən xəbəri yoxdur. Yüz cür rəvayət uydurur. Sol əlində telefonu qulağına bərk-bərk sıxıb danışır, sağ əli ilə vitrindən ərzaq mallarını alver arabasını doldurur. Mən də, hə...hə... deyə-deyə sakitcə yaxınlaşırdım. İçkilər düzülən bölməyə keçəndə Məcid araq şüşələrini bir-bir götürüb orasına-brasına baxıb yerinə qoyurdu. Deyəsən “Qusiki” axtarırdı. Artıq aramızda 5-10 metr məsafə qalmışdı. Birdən gözüm Məcidin arxasındakı vitrinin sağ tərəfində “Qusik” arağına sataşdı. Tez birini götürüb Məcidə daha da yaxınlaşdım. O da telefonda dayanmadan mənə şirin vədlər verirdi:

  • Gör qaqan səhər nə qonaqlıq verəcək ey, lül deyənə kimi yeyib içəcəyik. Özü də bayaq dedim də sənə təzə rosiyski araq çıxıb, – deyə gözü ilə qabağındakı vitrinin araq şüşələrini süzdü: –adı yadımdan çıxdı ey, quş adıydı ey.

Əlimdəki arağı ona uzatdım:

Məcid Qusik deyirsən?

  • Hə, hə, qadan alım, – deyə qeyri-ixtiyari sağ əli ilə əlimdən arağı aldı və birdən diksinib geri tullandı. Az qaldı əlindəki telefon da, “Qusik” də düşsün yerə, çili-çilik olsun. Gözləri kəlləsinə çıxdı, qıpqırmızı qızardı, sir-sifəti pörtdü.

Dedim:

Ay Məcid, bir ildir bizi dolamısan barmağına, bu gün gəlirəm, sabah gəlirəm. İndi də nağıl danışırsan ki, İmişlidəyəm.

Məcid başladı and-aman etməyə, yalvarıb-yapışmağa ki, bir qələtdir etdim, sən canın, day bu əhvalatı heç kimə demə, dostların yanında biabır olaram. Gedək harada deyirsən sizin qonaqlığı verim.

Dedim:

  • Elə yaxşı bazarlıq da etmisən, iki-üç dənə də litrlik Qusikdən götür, getdik...tanış bir yer var, xərcin çox çıxmaz.

Hə, hə, qadan alım, hara deyirsən gedək....yaxşı bir qonaqlıq da otdelni sənin üçün verəcəm, gələn şənbə...kişi kimi deyirəm...zəng edəcəm, gedib bir yerdə oturarıq...

Dostlara zəng vurdum, yığışdıq, Məcidin oğlunun instituta girməsini yaxşıca qeyd elədik. Axşam dağılışanda Məcid yaxınlaşıb bir də dedi:

  • Bax, sözümüz sözdür ha...Şənbə günü zəng vururam, görüşərik...

İndi o vaxtdan iki üç ay keçib, ancaq Məciddən bir səs-soraq çıxmır...

 

Vüqar Haqverdiyev


 

Yuxarı