post-title

Luiza Poqosyan: Seymur Baycan “Quqark”

Tanınmış erməni yazıçısı Luiza Poqosyan bir müddət öncə "southcaucasus.com" saytında Seymur Baycanın "Quqark" romanı haqqında məqalə qələmə alıb. Həmin məqaləni tərcümə edərək "Kultura.az"ın oxucularına təqdim edirik:

 
10 il Qafqaz Sülhməramlı Təşəbbüslər mərkəzində olmağım, mənə bəzi şeyləri öyrətdi və özümçün müəyyən qənaətə gəldim. Misal üçün, müharibə zamanı atalarını itirmiş uşaqların dünyagörüşü bir-birinə oxşardır. Övladlarını müharibədə itirmiş analar isə, heç nə ilə bir-birlərinə bənzəmirlər. Onların ortaq cəhətləri yoxdur.  Amma onlar tam səmimi şəkildə bir-birlərinə ürək-dirək verə bilirlər. 
 
Müharibədə iştirak edənlər də fərqlidirlər. Məsələn, müharibədə iştirak edənlərin arasında öz keçmişlərinə bir ov kimi yanaşanlar var. Bu, onlara lovğalanmağa və indiki maraqsız həyatlarından şikayətlənməyə, həm də sülhməramlı layihələrdə daha asan iştirak etməyə və eyni zamanda yeni müharibədən qorxmamağa imkan verir. Onların hamısının ovçu olub-olmadığını bilmirəm, amma müharibə onlar üçün bir ov kimidir və bu belə də qalacaq. Belə söhbət çox tez yayılır və müharibədə iştirak etməyən təcrübəsiz gəncləri özünə cəlb edir. Asan həzm olunması üçün bu "ov"  vətənpərvərliyin, özünümüdafiənin, uluların çağırışılarının və humanizmin pərdəsinə bürünüb. Əslində, müharibə haqqında xatirələri həmişə ovçular danışır. Siyasətçilər, müəllimlər, jurnalistlər, yazarlar müharibə sözünü işlədərək, əslində, "ov"dan bəhs edirlər. Bəzən onlar ovladıqları şey və özləri haqqında kədərli hekayələr danışırlar. Mən günahlandırmıram, sadəcə fikirlərimi bölüşürəm. Ola bilər ki, onlar bu metodlarla müharibədə aldıqları travmalarla mübarizə aparırlar. Beləliklə, biz ermənilər və azərbaycanlılar aldığımız travmaları dəf edərək, müharibəyə hazırıq. Bəli, biz müharibəyə hazırıq.
 
Müharibədə iştirak edən elə insanlar da var ki, sülhməramlı layihələrdə heç vaxt iştirak etməzlər. Onlar üçün müharibə - ölümdür. 
 
Əsgər yoldaşınla qaranlıqda oturmusan və o, siqaret çəkə bilmədiyinə görə deyinir, sən isə deyirsən ki, siqaret çəkmək olmaz. O deyinməkdə davam edir. Sən bezirsən. O, siqareti yandırır və gülləyə tuş gəlir. İnsan varıydı, insan yoxdur. Və həyatının sonuna kimi, sən bu oğlana görə günahkar olacaqsa. Belə insanlar, real insanlar azərbaycanlılarla üz-üzə gəlmək istəmirlər. Onların nə deməyə sözləri var, nə edəcəkləri bir şey. Onlar üçün müharibə - günah hissidir. Belə insanlara həyatım boyuca təsadüdən, cəmi üç dəfə rast gəlmişəm və onların hər üçü erməni olub. Belə insanlar sülhməramlı layihələrdə iştirak etmək istəmirlər.
 
Ovçuların and içməsi üçün milyonlarla dollar, avro, sterlinq ayrılır ki, onlar bir də ova çıxmasınlar, özlərinə başqa məşğuliyət tapsınlar. Amma hamı bilir ki, hətta and içsən də, vərdişə son qoymaq çox çətindir. Pullar həmişə havaya sovrulur. Bu, sivilizasiyanın qaydalarıdır. 
 
Seymur Baycanın “Quqark” romanında divarlar yoxdur, hər şey ovucun içindədir. Sığınacaqsız böyük, boş bir sahə. Ortaq məkan. Nə izolyasiya var, nə də blokada. Her şey ortdadır. Bombalardan sadəcə quyularda gizlənmək olar. Romandakı insanların hamısı bir-birinə bənzəyir.  Onların hamısı yazıçı “Mən”inin uşaqlarıdır. O, onların hamısını bir ata kimi sevir, onlara nifrət edir və buna görə də onlar hamısı xüsusi, təkrar olunmazdılar... “Quqarkı” oxuyan və oxumayan adamlar var. “Quqarkı” oxuyan adamlardan olun.  Bu o deməkdir ki, Seymur Baycan parlaq, istedadlı, yaxşı yazıçıdır? Bilmirəm.
 
Stildən, kompozisiyadan, qədim erotizmdən, simvollardan, neoromantizmdən, postmodernizmdən, etnosentrizimdən, qlobalizmdən, hansı kitablar, filmlər yazıçıya təsir edib deyə, çox danışmaq olar. 
 
Amma “Quqark” kitab deyil. Seymur öz qulağını kəsərək, çoxlu ekzemplyarlarla erməni və azərbaycanlılara paylayıb. Van Qoq da öz qulağını kəsib vermişdi.  Amma o bunu edəndə rahatlamadı, belə çıxır ki, o bunu başqaları üçün etmişdi. Seymur da rahatlamayıb, sadəcə bunu başqaları üçün edib.
 
Luiza Poqosyan
 
Tərcümə etdi: Leyla Alıverdiyeva
 
Kultura.az
Yuxarı