post-title

Pul xərcləmək mədəniyyəti

Bir çex dostum var. Deyir ki, gürcü kəndindən keçəndə görürəm hamı yatıb. Azərbaycan kəndindən keçəndə görürəm artıq hamı yuxudan oyanıb. Biri həyətdə ağacları sulayır, biri yer belləyir, digəri ağac doğrayır. Qərəz, adamlar yuxudan oyanıblar və hər kəs nəsə bir işlə məşğuldu.

 

Eyni halı dəfələrlə mən də müşahidə etmişəm. Səhər tezdən gürcü kəndindən keçəndə, heç kim gözə dəymir. Elə bil nağıllarımızdakı kimi qəfil peyda olan bir sehrbaz bir anda hər şeyi dondurub. Bilirəm ki, axşamdan babat vurublar, indi də yatırlar. Allah bilir, nə vaxt yuxudan oyanacaqlar.
Həmin vaxt azərbaycanlıların yaşadığı kənddən keçəndə görürsən ki, hamı yuxudan oyanıb, hər kəs ayaq üstədir.

Ötənlərdə Günel Mövludla Tiflisdə bapbalaca bir mağazaya girdik. Günelə dırnaq boyası alacaqdım. Satıcıdan dırnaq boyasını istəyəndə qəti cavab verdi: "Mı zakrıli".
Hər ikimiz tənbəl gürcülərin xasiyyətin bildiyimizdən daha söhbəti uzatmadıq. Halbuki heç ayağa qalxmağa gərək yox idi, əlini uzadıb istədiyimiz dırnaq boyasını bizə verə bilərdi. Etiraf edək ki, bizimkilər heç vaxt belə hərəkət etməzlər. Satar, tərifləyər, hələ gedib başqa yerdən başqa mallar da gətirərlər...

Etiraf edək ki, bizim camaat az-çox pul qazanmağı, şəraitə uyğunlaşmağı bacarır. Bizimkilər pul qazanmaq bacarıqlarını hər yerdə sübut ediblər. Di gəl, məsələnin çox problemli bir tərəfi var. Pulu qazanmaq xərcləməkdən daha asandı. Başqa cür ifadə etsək, pul xərcləmək pulu qazanmaqdan daha çətindi. Müşahidələr göstərir ki, azərbaycanlılar əsla pul xərcləməyi bacarmırlar. Buna görə də hər yerdə zövqsüzlük, bayağılıq baş alıb gedir. Bir balaca zövqü olan, fərqliliyi sevən insan bu bayağılığın içində boğulur.

Serb yazıçısı Milorad Paviç deyirdi: "Bədənin vitamin çatışmazlığı olduğu kimi ruhun da vitamin çatışmazlığı var".
Bədəni vitaminlə təmin etdiyin kimi gərək ruhu da vitaminlə təmin edəsən. Təəssüf ki, bizim camaatımız bədəni vitaminlə təmin edir, ruh tamamilə yaddan çıxır. Teatra getmirlər, muzeyə getmirlər, kitab oxumular.

Getmişdim Sank-Peterburq şəhərinə. 15-20 il orda yaşayan azərbaycanlıları yığıb apardım Ermitaja. Dedim ki, ayıbdı, uzun illərdi burda yaşayırsız, heç olmasa, bir dəfə gəlib baxın, görün bu muzeyin içində nələr var. Bütün dünya bu muzeyə baxmaq üçün Sankt-Peterburqa gəlir, siz 20 il bu şəhərdə yaşaya-yaşaya bir dəfə bura gəlməyə ərinmisiz. Muzeyin içinə girmək bir yana, heç olmasa qabağında bir şəkil çəkdirin.

Rusiyada yaşayan azərbaycanlıların işi lap zülmdü. Yaşadıqları şəhərin mədəni həyatı ilə heç maraqlanmırlar. Qəzet, kitab oxumurlar, muzeyə, teatra getmirlər. Ona görə də haqqımızda biabırçı rəy yaranıb.

Rusiyada yaşayan azərbaycanlıların işi-gücü burdan meyxanaçıları, müğənniləri, klounları baha qiymətə ora aparıb məclis düzəltməkdi. Hətta bəziləri puldan basıb bu məclislərin televiziya kanallarında yayımlanmasına da nail olurlar.

Qayıdanda Həştərxana qədər Rusiya qatarında gəldim. Sərnişinlərin çoxu (uşaq, qoca, cavan, arvad, kişi) nəsə oxuyurdu. Kitab, jurnal, qəzet, detektiv, klassika, pornoqrafiya... Bir neçə adam krossvod doldururdu. Oxumayanın da əlində, masanın üstündə qəzeti, jurnalı vardı... Bir uşaq dayanmadan elə hey rəsm çəkir, anasına göstərir və hətta başqa adamların da rəsm haqqında fikrini öyrənirdi.
Həştərxanda mindim Azərbaycan qatarına, daha doğrusu, sərnişinlərin əksəriyyəti azərbaycanlı olan qatara. Bir adamın əlində qezet, kitab, jurnal görmədim. Hamı puldan danışırdı. Hamı. Pul, pul, pul... Mövzu ancaq pul idi. Üstəlik, qarşıdakı adamın da hansı yolla pul qazandığını, nə qədər qazandığını öyrənməsələr, canları dinclik tapmaz.

Bəli, hörmətli bəylər və xanımlar! Millət öz ruhunu vitaminlə təmin etmək haqqında heç düşünmək istəmir. Üstəlik, öz ruhunu təmin edən adama dəli, axmaq, bacarıqsız adam kimi baxırlar.
İki saat hansısa idarədə görüş gözləyirlər. Darıxır, siqaret çəkir, ürəyi sıxılır. Ona-buna zəng edib, boş-boş danışır. Ağlına gəlmir ki, bir kitab oxusun. Hamısının əlində bahalı telefonlar var. Ağlına gəlmir ki, telefona əsər yükləyib, telefondan oxusun. Kitab oxumurlar, maraqlı, mənalı filmlərə baxmırlar, ona görə də boşluqdan qeybət etməyə, onun-bunun həyatına müdaxilə etməyə, onun-bunun həyatına burun soxmağa məcbur olurlar. Əgər kitab oxusalar, bir az da kitab haqqında danışarlar. Çünki mütaliə elə bir prosesdir ki, adamı dingildədir və istər-istəməz hisslərini, düşüncələrini kiminləsə bölüşmək, kiminləsə paylaşmaq istəyirsən.

Qurbanı müqəddəs edən qurbangahdı. Qoyunu restoran həyətində kəsərsən, olar kabab, hər hansı bir pirdə, ziyarətdə kəsərsən, olar qurban.

Belə baxanda bütün insanların yaradılışı təxminən eynidi. Bizi fərqləndirən isə ruhumuzdu. Ruh insanın sifətinə məna verir. Bizim millət öz ruh dunyasının qayğısına qalmadığı üçün adamlarımızın sifətində mənasızlıq hökm sürür. Sifətlərə baxırsan, heç bir məna yoxdu. Bütün sifətlər bir birinə oxşayır. Geyinməyi bacarmırlar. Kosmetikadan hədsiz dərəcədə çox istifadə edirlər. Ruh dünyaları kasad və yoxsul olduğuna görə zövqsüzlük baş alıb gedir.

Bütün restoranlar da bir-birinə oxşayır. Hamısının həyətində bayağı qartal, şir, keçi heykəlləri, süni şəlalələr adamın ürəyini bulandırır. Ötənlərdə bir restoranın administratoru ilə əməllicə dalaşdım. Restoranın həyətində otuz axmaq heykəl var, amma tualet pis gündəydi. Deyirəm, a qardaş, bu heykəlin birin az edib tualeti qaydaya salsaydınız, daha yaxşı olardı. Başlayır nağıl danışmağa. Sözündən belə çıxdı ki, heykəlsiz yaşamaq mümkün deyil.
 
Heç bir yerdə Azərbaycandan çox tikinti getmir. Amma yenə də nə ölkə səviyyəsində, nə də elə fərd səviyyəsində bir tərəfə çıxa bilmirik. Sökürlər tikirlər, tikirlər sökürlər. Adamlar bütün ömür boyu qazandıqlarını daşa, quma, sementə xərcləyirlər. Ömür boyu ev tikirlər, ömür boyu ev təmir edirlər. Rahatlıqları yoxdu. Rahat ola bilmirlər. Çünki ruh dünyaları yoxsuldu. Zövqləri yoxdu. Qohum, qonşu, hərə gəlib bir söz deyir, ağıllarına nə batdı, onu da edirlər. Çünki azərbaycanlıların çoxu özü üçün yaşamır, qonşu üçün, qohum üçün, iş yoldaşı üçün yaşayır. Burda rəqabət daha çox özünü olduğundan daha varlı, daha imkanlı göstərmək üzərində qurulub. Beləcə, öz həyatları yaddan çıxır. Ömür boyu tikib sökürlər. Bir də görürlər ki, həyat artıq bitməkdədi və adam bütün ömrünü tikib-sökməyə, söküb-tikməyə həsr edib.

Hər bir xalqın səviyyəsi həm də onun mədəniyyətə nə qədər pul xərcləməsiylə, mədəniyyətə nə qədər qayğıyla yanaşmasıyla ölçülür. Azərbaycalıların mədəniyyətə pul xərcləmək məsələsində vəziyyətləri faciəvi dərəcədə ağırdı. İnsanlar sadəcə intellektual əməyə pul xərcləməyi ağıllarına belə gətirmirlər. Onlar elə düşünürlər ki, kitaba pul vermək, teatra bilet almaq nəsə zəif, yaşamağı bacarmayan adamların işidi.

Kreditlə telefon alır, amma ildə bir dəfə öz ruhunu vitaminlə təmin etməyə canı çıxır. Orta statistik azərbaycanlı ildə azı iyirmi dəfə toya gedir, bütün şadlıq evlərinin nəinki harda yerləşdiyini, hətta xırda özəlliklərini də bilirlər. Amma ildə bir dəfə ailəsini-uşağın başına yığıb harsa bir mədəniyyət ocağına aparmır.

Uşaqlıq çağımızda atam bizi bir-iki dəfə kinoteatra aparmışdı. Əlbəttə, rayonda yaşayırdıq. Hamı bir-birini tanıyırdı. İstədiyimiz zaman özümüz kinoya baxmağa gedə bilərdik, lakin atamla kinoteatra getməyin ləzzəti bir başqa idi. Bu günə qədər də tez-tez o günləri xatırlayıram, yaddaşımda işıqlı bir xatirə kimi qalıb. Başa düşməliyik ki, bu həyatda toydan, şadlıq evindən də savayı getməyə yerlər var.

Minlərlə insan Gəncəyə gedir, görəsən, neçə adam maşını döndərib Nizami Gəncəvinin məqbərəsin ziyarət edir. Yəqin ki, həddindən çox az adam. Biri elə mən özüm. Yüz dəfə Gəncəyə getmişdim, bir dəfə də Nizaminin məqbərəsin ziyarət etməmişdim. Məni də xaricilər sürüyüb ora apardılar. Bildilər ki, ilk dəfədi burdayam, mat qaldılar, mən də bolluca xəcalət çəkdim.

Yüz dəfə Şamaxıya kabab yeməyə getmişəm, bir dəfə Sabirin qəbrini ziyarət etməmişəm. Hələ Allah qoymasa, guya mən bu xalqın yazarıyam, indi görün o birilər nə gündədi. Özümü kənara çəkə bilmərəm. Elə özümüzdən başlamalıyıq.

Bəli, hər bir sivil insan az pul xərcləməklə çox hisslər yaşamağı bacarmalıdı. Bu isə zövqdən, səviyyədən xəbər verir. Adamlar var, girir mağazaya, özünə paltar ala bilmir. Həmişə özündən narazıdı. Bilir ki, nəsə qaydasında deyil. Bu zövqsüzlüyün səbəbi ruh dünyasının kasad olmasındadı. Çünki geyinmək də yaradıcılığın bir növüdü və yaxşı geyinmək, zövqlü geyinmək heç də tam olaraq maddi imkandan asılı deyil. Bizim insanlar az pul xərcləməklə çox hiss yaşamağı bacarmır. Çünki təşəbbüskar deyil, təbiət onu maraqlandırmır, mədəniyyətin nə olduğunu anlamır, hər yerdə gözü parıltı, ara müğənnisi, kloun, meyxanadeyən axtarır.

Gəlin, belə təsəvvür edək ki, hər bir iş adamı, hər bir rəhbər öz firmasında, şirkətində, öz iş otağında balaca kitabxana düzəldir. Görün, bu nə qədər kitabın yayılmasına öz təsirini göstərər. Bizdə adamlar özünü rəhbərə oxşatmağa meyllidirlər. Əgər həmin iş adamı, rəhbər özü kitab oxusa və bunu da tabeliyindəki adamlara təlqin etsə, əgər həmin iş adamı işçilərini də başına yığıb teatra aparsa, lap əla olar. Kim mane olur? Heç kim. Sadəcə, təşəbbüs göstərmək, adamları tərbiyə etmək, adamlara yol göstərmək lazımdı. Hər cür lazımlı və lazımsız bahalı əşyaları otaqlarına yığırlar, amma hər bir insan öz iş otağına, evinə bir rəsm əsəri alıb assa, görün bu ölkədə rəssamlıq sənətinin inkişafına nə qədər töhfə vermiş olar. Heç olmamağındansa, gec olmağı daha yaxşıdı. Nicat özümüzdədi. Məncə, mesaj aydındı.

Seymur Baycan

Reytinq qəzeti

Yuxarı