post-title

“Ana ürəyi” – Reallıq hissini itirmək

Mənə görə kitabın maraqlılığı onun oxuyarkən öyrətməsi ilə bərabər həm də bəhsi gedən mövzuda oxucusunun zövqünü oxşamasındadır.

 
Əvvəlcə yazar haqqında yazmaq istərdim. Seymur Baycanı ilk dəfə təxminən 4 il əvvəl “El içində” verilişində görmüşdüm. Həmin verilişdə Azərbaycan tarixinə fərqli düşüncə ilə yanaşdığı üçün kobud desək ona nifrət edirdim. Bəlkə də o nifrətin təsiri ilə Seymur Baycanı araşdırmağa başladım. O ərəfədə “Quqark” romanı da yenicə çap olunmuşdu. Kitabı İçərişəhərdə yerləşən Elman dayının dükanından alıb evə gətirdim və oxumağa başladım. “Quqark” romanı və müəllifin köşə yazılarından anladım ki, adam heç də nifrətə layiq biri deyil. Problem Azərbaycan tarixinə yanaşmada yox, mənim konservativ, yazarın azad düşüncəli olmasında idi.
 
Seymur Baycan dərslik kitablarında bizə sırınan, kultlaşdırılmış yazar deyil. Gənc nəslin xoşbəxliyi ondadır ki, onu oxuyub özümüz üçün kəşf etmişik. Nə zaman müəllifin publik yazılarını, kitablarını oxumağa başlasam, kulturoloji mühazirələrində iştirak etsəm bilirəm ki, bəşəri dəyərlərə söykənən, gələcəyimə yararlı yeni bir şey öyrənəcəm. Keçək “Ana ürəyi” kitabına.
 
Düzünü desəm oxumadan öncə kitabın adında gizlənən və mental gerçəkliyə işarə edən ironiya olduğunu anlamışdım. Müəllifdən hədiyyə aldığım kitabı həmin gün bir nəfəsə oxuyub bitirdim. Mətn hamımıza tanış olan bir Azərbaycan reallığı üzərində qurulub. Kitabda müəllif reallıq hissini itirmiş insanlara öz yumoru ilə gülür. Digər kitablarda olduğu kimi burada da əsas dəyər insandır.
 
Hamımız bir gün hər şeyin daha yaxşı olacağına dair xəyallar qururuq. Öz illuziyalarımızda varlı, savadlı, yenilməz oluruq, bir sözlə bizdən ötəsi olmur. Amma birdən müəllifin acı yumoru ortalığa çıxır:
 
“Bu zaman qapı möhkəm döyüldü. Az qala dəli olacaqdım. Qapını döyən su pulu yığan idi. Sonuncu dəfə xəbərdarlıq etdi. Dedi ki, borc üç günə ödənilməsə, suyumuzu kəsəcək…”
 
Bax yuxarıda yazılanlar reallığın üzümüzə çırpdığı gəlişigözəl şillədir. Xəyal etmək kəlməsi dildə gözəl səslənsə də onun digər adının “reallıq hissini itirmək” olduğunu hamımız bilməliyik. Mən, “Ana ürəyi” povestinin adını “Reallıq hissini itirmişlərin povesti” adlandırardım. Bir şeyi anlamalıyıq ki, qızların 4 gözlə gözlədiyi dənizin ortasından çıxıb gələcək ağ atlı oğlanlar və oğlanların gözlədiyi ilahə cildində, hər şeydə poeziya axtaran qızlar nə qədər qeyri-realdırsa, 20 il ərzində bizdən qoparılan azadlığımızın, səsimizin, hüququmuzun və s.(adını siz deyin) də biz tələb etmədən geri qayıtması o qədər qeyri realdır.
 
Kitab aşağı-yuxarı C.Məmmədquluzadənin “Bəlkə də qaytardılar” hekayəsi ilə səsləşir. Birində “ağ atlı oğlan”ın gəlməsi, digərində hökumətin öz-özünə dağılması və hüquqların yeriyərək öz sahiblərinə geri qayıtması gözlənilir.
 
İndiki Azərbaycan insanı “Bəlkə də qaytardılar” hekayəsində hüquqları əllərindən alınan və ağac kölgəsində oturub hökumətin öz-özünə dağılmasınının xəyalı ilə yaşayan müsəlman bəylərə bənzəyir.
 
Hamımız oturub Taqorun divanəsinin dəmiri qızıla çevirən iksir daşını tapmasını gözləyirik. Amma bu daş tapılmayacaq çünki, elə bir şey mövcud deyil…
 
Nicat Kamal
 
Kultura.az
Yuxarı