post-title

Kitab, çox şeyi bəyan edən kitab!

“Keçmişini xatırlamayanlar, onu təkrar yaşamağa məhkumdurlar” (Corc Santayana)

 

Dünya ədəbiyyatında elə yazıçılar var ki, onların öz həyatları ayrıca bir romandır. Yaşadıqlarını xronoloji ardıcıllıqla düzsək, ciddi bir əsərin onurğasını qurmuş olarıq. Belə sənətçi tipi əsasən son yüz əlli - iki yüz ilin məhsuludur və əksəriyyəti də qərb ədəbiyyatına məxsusdur.

Xoşbəxtlikdənmi, bədbəxtlikdənmi, bilmirəm, amma bizim də ədəbiyyatımızda belə örnəklər, az da olsa, var. Yusif Vəzir Çəmənzəminli məhz belə yazıçılardandır. Bu insanın həyatına yüngül bir nəzər salmaqla, böyük romanlardakı insanlıq dramını, uğuru və məğlubiyyəti, təlatümlü bir insan həyatını görə bilərik.
Amma indi bir yazıda böyük bir şəxsiyyətin həyatını təsvir etmək fikrindən uzağam. Sadəcə, Çəmənzəminlinin ən möhtəşəm əsəri, ümumiyyətlə, ciddi romançılıqdan kasad Azərbaycan ədəbiyyatının ən maraqlı və zənnimcə, çox gərəkli romanı olan “Studentlər” haqqında öz oxucu fikirlərimi və romandan bəzi parçaları paylaşacağam.

Çox səlis, axıcı bir Azərbaycan dilində yazılmış “Studentlər” romanı 1917-ci il inqilabından əvvəl və sonra türk (azərbaycanlı) tələbələrinin həyatından, siyasi fəaliyyətlərindən bəhs edir. Biz bu romanı kifayət qədər rahatlıqla yarı-avtobioqrafik roman da adlandıra bilərik. Çünki romanda baş verən hadisələr, obrazlar Çəmənzəminlinin yaşadığı dövrə, öz həyat hekayəsinə çox uyğun gəlir.
Roman iki kitabdan (bölmədən) ibarətdir. Birinci kitab inqilabdan əvvəlki dövrü əhatə edir. Elə bu kitabın əvvəlindəki giriş sözündəcə Çəmənzəminli hansı insanlar haqqında danışacağını söyləyir, daha doğrusu xəbərdarlıq edir: ““Studentlər” inqilabdan əvvəl türk tələbələrinin həyatını göstərir. Bu həyat çox da zəngin, mündəricəli və yüksək məfkurə izincə qoşan bir həyat deyil. Bu da babalar həyatının müasir bir şəklidir. Babalarımız əsrlər boyu dini mübahisələrlə vaxt keçirmiş, Rüstəmbəylə Əli də bu yolu davam etdirirlər; babalarımız alış-veriş edib, min fəsadla zəngin olur, əlsiz-ayaqsızları istismar edirdi. Qulu da eyni tipin müasirləşməsi deyilmi?... Babalarımız şəhvət üstündə vicdanlarını boğmağa alışıq idilər; çoxarvadlılıq, qadın hüququnu tanımazlıq və bundan irəli gələn dəhşətlər adət yerini almışdı. Fərəməz, Qulamrza, Cəfər və başqaları da eyni yolla getmirlərmi?”

***

20-ci əsrin əvvəlləri. Ukraynada təhsil alan azərbaycanlı tələbələr. Bu tələbələrin içərisində az-çox siyasi düşüncəsi olan, proseslərə qoşulmağa həvəsli, bəzən də qoşulanlar var, amma həm də “mən siyasətə qarışmıram” deyənlər,  başını aşağı salıb universiteti bitirmək və pul qazanıb xətir-hörmət, var-dövlət sahibi olmaq istəyənlər də var. Yeganə qurtuluşun savadlanmada, kitabda olduğunu düşünən, dini cəhalət və buxov hesab edənlər də var, min cür fırıldaq işlədib, “əlüstü” pul qazanan alverçi gənclər də. Millətçilər də var, ruspərəstlər də, avropapərəstlər də. Amma əksəriyyəti ciddilikdən uzaqdır, hər şeyi dərhal lağ-lağaya çevirirlər, söhbətləri bir az qızışan kimi yumruq davasına da çıxa bilərlər. Bayırda qızğın siyasi proseslər baş verir, insanlar həbs olunur, inqilab yetişir, azərbaycanlı tələbələr isə bütün gün qız-qadın söhbəti edirlər, eyş-işrət dalınca qaçırlar, boş, mənasız mübahisələr edirlər, bir kitab yazmaq, bir qəzet açmaq, maariflənmək əvəzinə bir-birləri ilə ədavət aparmaqdadırlar. Çəmənzəminli bu tələbələrin bəziləri haqqında ayrı-ayrılıqda məlumat verir. Hansı ailədən, hansı bəy nəslindən gəldiklərini, ata-babalarının kim olduğunu söyləyir. Və bu yolla da bizə həm “öz kökü üstdə bitən otları”, həm “oddan törəyən külləri”, həm də “fərli övladları” göstərir.

Çəmənzəminli əsərin əsas qəhrəmanı Rüstəmbəyi özünə bənzədib, həm fiziki görünüşcə, həm də düşüncə olaraq. Kitabın əvvəlində Rüstəmbəyin millətçilik duyğularından bir az “əziyyət” çəkdiyini görürük. Özü də bunu etiraf edir. Ki, özümdən asılı deyil, məni hər şeydən öncə öz xalqım düşündürür, istəyirəm türkçülüyümüz daha da qabarsın, dilimiz öz dilimiz olsun, türk xalqı böyükdür və sair və ilaxır. Amma onu da anlayır ki, bu xalq çox geridədir. Görüləsi çox iş var, lakin Rüstəmbəy naümid deyil.

Neft milyonçuları və ...

Lakin Çəmənzəminli obrazların dili ilə “millətçilərin” digər tərəflərini də göstərir: “Bu saat millətpərəstlik bir pərdədir ki, bütün lotuluqlar onun dalında olur... Din, millət adı daşıyan cəmiyyət və müəssisələrimizi al – “İslamiyyə mehmanxanası”, “İslamiyyə limonadı”, “Milli papiros”...bunlar lotuluq deyilmi? Tacir pul qazanıb, kef çəkmək üçün din və milləti əlində oyuncaq edir. Bakıda qoçular evlərində tələbə yurdu açır, hərəsi beş-on tələbəyə aylıq verir. Bu əxlaqsızlıqdır, yoxsa millətpərəstlik? Yoxsul gənclərin vəziyyətindən istifadə edilərək, namusları ləkələnir...bu rüsvayçılıqlara millətpərəstlik deyirlər...”

Fraqmentinin davamında o zamankı milli milyonerlərimiz arasındakı çatışmalardan və bu çatışmalarda istifadə olunan ziyalılardan, “Kaspi” və “Füyuzat” kimi mətbuat orqanlarından söhbət açılır.

Söhbətin qısa məzmunu bundan ibarətdir ki, Bakı milyoneri Hacı Zeynalabdin Tağıyev mühəndis Lütfəlibəy Behbudovu gənc arvadına qısqanaraq evinə çağırdıb döydürmüş, rüsvay etdirmişdi: “... savadsız bir milyoner bir türk ziyalısını rüsvay edir, özü də ziyalıların əli ilə... 1905-ci ildən başlayaraq Ağabəyin şöhrəti Azərbaycanda artmağa başlamışdı. Bu adam biri türkcə, biri rusca Bakıda gündəlik iki qəzet nəşr edirdi... Qoçuluğu qaldırmaq üçün “Hidayət” cəmiyyəti təşkil edən də Ağabəy idi....Ağabəyin bu nüfuzu millətpərəstliyi inhisarında saxlamağa qalxışan Əliyarbəyi rahat buraxmırdı. Əliyarbəy  Tağıyevin sadiq qullarından idi və onun naşiri-əfkarı olan rusca “Kaspi” qəzetəsinin başında dururdu. Əliyarbəy Tağıyevin kapitalına istinad edən kimi, Ağabəy də milyoner Murtuza söykənirdi. Rəqabət sahəsində bir-biri ilə çarpışan milyonerlərlə bərabər onların ətrafına toplanan ziyalılar da çarpışırdı...Behbudov məsələsi Əliyarbəyin düzəltdiyi bir intriqa idi. O zaman Bakıda məktəb, teatr, mətbuat, cəmiyyətlər sahəsində işləyənlərin əksəri Qarabağdan gəlmə ziyalılar idi. Ağabəy və Behbudov da qarabağlı idilər. Əliyarbəy millətpərəstlik inhisarını əldə etmək üçün ortaya bir bakılı-qarabağlı məsələsi saldı. Həm də bunun təməlini Bakı “padşahı” Tağıyevin evində atdı... ”


***

Ümumiyyətlə, bu gün də müzakirələrimizin özəyini təşkil edən din-elm, şərq-qərb, millətçilik-kosmopolitlik, inqilab-təkamül söhbətlərinin bədii həlli “Studentlər” romanında çox peşəkarcasına verilmişdir. Müxtəlif məfkurə sahibi olan obrazlar arasındakı oynaq, insanı darıxdırmayan, təbii səslənən dialoqlar vasitəsilə tam bir mənzərə yaradılır qarşımızda. Bəzən obrazların xarakterini açan hərəkətlər, monoloqlar, adi söhbətlər bizə imkan verir ki, həm dövrlə tanış olaq, həm də o dövrdəki insanlarımızı, onların problemlərini öyrənək. Bəzən isə müəllif sırf düşüncə polemikasını yardıma çağırır. Məsələn, romanın bir yerində “Molla Nəsrəddin”çi, cümləbaşı “bizdən adam olmaz” deyən Cəlal (Cəlil Məmmədquluzadə?) və başqa bir tələbə - Şirin arasında olan dialoqa baxaq: “Cəlal özünəməxsus bədbinliklə deyirdi: “Qardaş, bizdən bir şey çıxmaz! Biz kim olduğumuzu belə dərk etməmişik. “Müsəlmənam” deyirsən, bütün üç yüz milyonluq topuğucırığa qoşulub itirsən...Bəli, indi-indi özünə “türk” deməyə başlamısan. Camaatımız türk olduğunu bilirmi? Biz özümüzü tanımayan kimi, başqası bizi heç də tanımır. Nahaq yerə də ermənilər və gürcülərlə bir tərəziyə girmək istəyirik – onlar hara, biz hara!” Şirin Cəlalın mübahisələri ilə razılaşmırdı: “Canım, bir tərəziyə girmirik, ancaq Qafqazda say etibarilə hamıdan çox olduğumuz üçün istər-istəməz tərəziyə girəcəyik. ”

Getdikcə Rusiyada inqilabi hadisələr daha da gərginləşir. Artıq insanlar açıq nümayişlərə, tətillərə başlayırlar. Belə tətillər, qiyamlar təbii ki, Ukraynada da baş verir. Azərbaycanlı “studentlər”in bəziləri bu hadisələrə qarışır. Həbs olunurlar. Bəziləri isə necə varsa elə də davam edirlər; kimisi dindarlığına, kimi alverinə, kimisi qadınlarla olan macəralarına .

***

Romanın ikinci kitabı inqilabdan sonrakı hadisələri təsvir edir. Müəllifin öz sözləri ilə desək, inqilabdan əvvəl siyasətlə az məşğul olmuş türk ziyalıları inqilabdan sonra ayrı-ayrı firqələrə və siyasi qruplara ayrılır. Bunlardan bir hissəsi xaricə köçüb Avropa kapitalistlərinin təsirinə düşür. O biri hissə şuralar platformasında duraraq çalışır. Rüstəmbəy də əvvəl Qalitsiyada ordu yanında xidmət edir. Sonra isə proseslərə qoşulur. Öz prinsiplərinə, öz düşüncələrinə uyğun ideologiya axtarışına çıxır.

Doğrudur, ikinci kitabda istər Rüstəmbəyin adından verilən düşüncələrdə, dialoqlarda, istərsə də müəllifin öz müdaxilələrində şura hökumətinə qarşı rəğbət hiss olunur. Hətta Rüstəmbəy daha əvvəlki kimi qatı millətçi, türkpərəst deyil. Şura hökumətinin tərəqqi gətirəcəyinə inanır. Amma insaf naminə söyləmək lazımdır ki, Çəmənzəminli romanın bu hissəsində də öz yazıçı obyektivliyini kifayət qədər qoruya bilib. Tez-tez yeni qurulmuş inqilabi hökumətin qüsurlarından, küçədə gəzib insanların evinə soxulan silahlı əsgərlərin naşılıqdan doğan kobudluqlarından, inqilab deyə gurlayanların çox vaxt savadsız, kitabdan uzaq insan olduqlarından yazır. Və yenə də, hər şeyə rəğmən, əsas düşüncəsi azərbaycanlıların yanındadır, onların taleyini fikirləşir. Bütün roman boyunca Çəmənzəminlinin bu yanğısı açıq-aşkar hiss olunur.

Azərbaycanda isə istər inqilab ərəfəsində, istərsə də inqilabdan sonra vəziyyət heç də ürəkaçan deyil. Bakıdan gələn məktublar, qəzetlər bunu söyləyir: “Türklərin vəziyyəti olduqca tuhafdı: “Müsavat”ın xalq arasında kökü dərin deyildi. Sol və sağ məsləkli ziyalılar rəyasət qovğası ilə məşğuldu. Ziyalı qismi az, hazırlıqsız və daha doğrusu, məsləksizdi. Nüfuzlu milyonerlər və bütün zənginlər çar tərəfdarı idi. Əməkçilər və xırda ziyalıların bir qismi “Hümmət”in ətrafına toplanaraq, get-gedə qüvvət kəsb etmədə idi...Ruhani qismi də inqilabdan pay umaraq dini firqələrin təşkilinə çalışırdı: Gəncədə “Firqeyi-Məhəmədiyyə”, Şuşada “İttihadiyyə”, Bakıda “Zühuriyyuni-Mehdiyyun” firqələri meydana çıxmışdı.”  Və ya Rüstəmbəyə Bakıdan yazılan məktubdan: “....Xülasə, buradakı bütün qovğalar cib və sədarət üstündədir. Bütün milli təşkilatlar bu iki amil yolunda çarpışırlar. Məslək böhranı hər yeri qaplamış. Burda baş verənləri görsən, “milli” sözünə qarşı üsyan edərsən. ”

***

Bir ədəbi mətni oxuyarkən onu tam gerçək, müəllifin nəzərdə tutduğu birbaşa mənası ilə anlamaq çox çətin məsələdir, bəzən isə bu, sadəcə mümkünsüzdür. Biz yalnız öz ağlımızca, öz bildiklərimizin imkan verdiyi dərəcədə anlayırıq oxuduqlarımızı. Əslində, bu, heç anlamaq da deyil, yorumlamaqdır. Odur ki, hər hansı bir əsər haqqında yazarkən “mən bunu anladım, siz də oxuyun, özünüz görəcəksiniz” deyə iddia etmək hədər və bir az da təkəbbürdür. “Studentlər”i oxuyanlar yəqin məni dəstəkləyərlər ki, bu romandan çox fraqment paylaşmaq, çox fikir söyləmək olardı. Ehtimal ki, onların paylaşmaq istədikləri düşüncələr mənimkindən fərqlidir. Bəlkə də bundan sonra oxuyanlar da bəzi məqamları mənim yorumlarımdan fərqli yorumlayacaqlar. Amma hər bir halda, bir şey dəqiqdir: tariximizin bizdən çox da uzaqda olmayan, hadisələrlə zəngin bir parçasında baş verənlərdən bəhs edən bu gözəl romanı oxumaq, yenidən gündəmə gətirib müzakirə mövzusuna çevirmək bizə yalnız və yalnız fayda gətirə bilər. Digər tərəfdən, roman elə oxunaqlı, elə sadə dillə yazılmış və hadisələr elə aşkar cərəyan edir ki, əlavə izaha filan da ehtiyac yoxdur. Sadəcə, kitabı götürürsən əlinə və oxuyursan. Və gözəl bir roman keyfi yaşayırsan. Vəssalam.

Rəşad Səfər

Kultura.az

 

Yuxarı