post-title

Şəxsi əxlaq

müəllimlər və həkimlər şəxsi əxlaq nümayiş etdirməklə vəziyyəti yaxşılığa doğru xeyli dəyişə bilərlər. Bununla həm də müəllim və həkim adını ləkələrdən təmizləmək, müəllimin və həkimin xalq arasında əvvəlki nüfuzunu bərpa etmək mümkündü.

Əlbəttə, sistemdən çox şey asılıdı. Bu haqda çox yazılıb. Mən, ümumiyyətlə, öz tərəfimdən "sistem günahkardı, yoxsa xalq" mövzusunda mübahisəyə girməyə, mübahisə etməyə qadağa qoymuşam. Əgər baş verən hadisələrə göz yuman, baş verənləri görməyən adam üstəlik, özünə haqq qazandırmaq üçün xalqı günahkar bilirsə, onunla danışmağa dəyməz. Belə adamlarla mübahisə etmək əbəs yerə enerji itirməkdir. Heç olmasa susmağa mərifəti çatmayan bu adamlara nəsə başa salmağa dəyməz. Çünki onlar başa düşmək istəmirlər. Öz həyat kredolarını müəyyən ediblər. Çexovun təbirincə desəm, zorakılığın zərurət kimi qəbul olunduğu yerdə ədalət haqqında düşünmək gülüncdü. "Xalq günahkardı", - deyən insanlar bir çox hallarda zorakılığı zərurət kimi qəbul edirlər. Onların düşüncəsinə görə, zorakılıq varsa, deməli, bu zorakılığa ehtiyac var.
 
Şimali və Cənubi Koreya sistemin adamlara necə təsir etməsi mövzusunda ən gözəl nümunələrdən biridi. Eyni xalqdı. Şimali Koreyada baş verənlər sadəcə insanlıq adına ləkədi. Sistem şimaldakı adamları meymuna çevirib. Hətta onlara meymun da demək olmur. Tarixdə belə sistem olmayıb və yəqin ki, bundan sonra da olmayacaq.
 
Cənubi Koreya isə az qala bütün dünyanı müxtəlif cihazlarla təmin edir. Texnika bir yana, kino sənayeləri də son illər yaxşı inkişaf etməkdədi. Təkcə rejissor Kim Ki Dukun adını çəkmək kifayətdi.
 
Bəli, sistem adamları yaxşılığa və pisliyə doğru yönləndirir. Sistem əməlləri şərtləndirir. Biz bəzən bir avtobus sürücüsünün çıxardığı hoqqadan, bir polisin kobud davranışından qəzəblənərək xalq haqqında çox pis fikirlərə düşürük. Bu xalqın heç vaxt düzəlməyəcəyini deyirik. Amma unuduruq ki, avtobus sürücüsünün tərbiyə olunması bir ayın işidi. Yetər ki, bunu həqiqətən də ürəkdən istəyən rəhbər olsun. Qarşılaşdığımız bir çox problemlər bizi pessimizmə sürükləyir. Halbuki həmin problemləri qısa müddətə həll etmək olar. Bəzən insanları tərbiyələndirmək üçün administrativ resurslar lazım gəlir. Dövlət insanların maariflənməsində maraqlı olmalıdı. Bəli, insanlara başa salmaq lazımdır ki, keçiddən keçmək lazımdı. Bunun üçün sosial məzmunlu qısa filmlər çəkilməlidi. Televiziyaların köməkliyindən istifadə olunmalıdı. Adamaları pusub, sonra onları keçiddən keçmədiyinə görə cərimə etmək fayda verməyəcək.
 
Polis görür ki, piyada yolu keçmək istəyir. Görür, amma ona heç nə demir. Gözləyir, piyada yolu keçəndən sonra yaxınlaşıb cərimələyir. Belə qayda-qanun yaratmaq olmaz. Bu soyğunçuluqdu. Xalq da bunun soyğunçuluq olduğunu bilir, ona görə də qaydaları pozmaqdan utanmır. Tam tərsinə, bir çox hallarda hətta qaydaları pozduğuna görə qürur duyur.
 
Məsələn, deyirlər, kəmər taxmaq lazımdı. Xalq o dəqiqə deyir ki, kimsə satmaq üçün ölkəyə kəmər gətirib. Doğurdan da çox vaxt gəzən söhbətlər reallığı əks etdirir. Əgər kəmər taxmamağa görə hamıya cəza tətbiq olunsa, xalq da başını aşağı salıb maşına oturanda kəmərin taxar. Niyə Gürcüstanda yaşayan azərbaycanlılar maşına oturan kimi kəmər taxırlar, orda yaşayan adamlar qaydalara riayət etməyi öyrənirlər, burdakılar öyrənmək istəmirlər? Eyni xalqdı. Bəli, eyni xalqdı, amma sistem, idarəetmə, vətəndaşlara münasibət fərqlidi. Xalq abstrakt anlayışdı. İdarə edənlər isə yaxşı və ədalətli idarə etməyə borcludurlar. İdarə edənlər problemlərə görə hər zaman cavab verməlidirlər.
 
Sistemin insanlara təsiri çox önəmlidi. Bunu bildik, amma bu o demək deyil ki, adamlar hər şeyi sistemin üstünə atıb bizi sistem belə etdi, bizi sistem bu günə qoydu deyərək, məsuliyyətdən yaxa qurtarmalıdırlar. Xəstəyə saxta dərman yazarkən, xəstəyə qəsdən səhv diaqnoz qoyarkən, ad gününüzdə şagirdlərdən, tələbələrdən pul yığarkən, kefiyyətsiz və saxta məhsulları satarkən, kefiyyətsiz məhsullardan hazırlanan yeməkləri adamlara yedirərkən, rüşvət alarkən bilin ki, bu sistemin yaşamasında və çiçəklənməsində sizin də rolunuz var. Bilin ki, siz bu sistemin yaşamasına və güclənməsinə, ömrünün uzanmasına öz çirkin əməllərinizlə töhfələr verməkdəsiniz. İndi hər bir kəs şəxsi əxlaq nümayiş etdirməlidi. Bəzən bir insanın əxlaqı və göstərdiyi nümunələr bütöv bir partiyanı, təriqəti, yolu, ideyanı zərbələrdən qoruyur.
 
Bizim camaat nəyə görə din adamlarına şübhəylə yanaşır? Çünki bir çoxlarının sözləri və tutduqları yolla törətdikləri əməllər üst-üstə düşmür. Bir çoxları min hoqqadan çıxıb mağazada halal sosiska axtarırlar. Rüşvət alıb, rəğbət doğurmayan əməllərlə pul qazanıb Həcc ziyarətinə gedirlər. İşçisini il boyu istismar edib, incidib ildə bir dəfə Qurban bayramında bir kilo ət hədiyyə etməklə "mömin insan", "əltutan kişi" obrazı yaratmaq istəyirlər. Taqor deyirdi: "Yolda izdiham var, amma yol kimsəsizdi".
 
Bir insan davranışı, əməlləri, mərifəti ilə tutduğu yolun doğru yol olduğunu göstərə bilər. Nümunə ən yaxşı təbliğatdı. Sistemin necələyindən asılı olmayaraq, insan öz simasını qorumalıdır. Sistemin necəliyindən asılı olmayaraq, insan vicdanını boğmamalıdı. Hər bir sistemdə insan öz simasını qorumağı bacarmalıdı. Ən azı buna cəhd etməlidi. Yəni bütün şəraitlərdə insan bir az yaxşı olmağı qarşısına məqsəd qoymalıdı. Sistem onu pis əməllər törətməyə, baş verənlərə göz yummağa, susmağa, mövcud gücə boyun əyməyə məcbur edirsə və insan buna açıq münasibət bildirə bilmirsə, o, sadəcə, dolayı yollarla özünü qorumalıdı. Məsələn, o kitab almalı, kitab oxumalı, müəllimdirsə uşaqlara yaxşı dərs keçməli, həkimdirsə xəstəyə vicdanla baxmalı, tələbədirsə, sadəcə, dərslərin yaxşı oxumalıdı. Hər bir insan şəxsi əxlaq nümayiş etdirməyi özünün mənəvi borcu hesab etməlidi. Xüsusən, müəllimlər və həkimlər şəxsi əxlaq nümayiş etdirməklə vəziyyəti yaxşılığa doğru xeyli dəyişə bilərlər. Bununla həm də müəllim və həkim adını ləkələrdən təmizləmək, müəllimin və həkimin xalq arasında əvvəlki nüfuzunu bərpa etmək mümkündü. Şəxsi əxlaq nümayiş etdirən insanların, yaxşı nümunələrinin sayı artdıqca, istər-istəməz dəyişikliyə inam da çoxalacaq.
 
Seymur Baycan
Reytinq qəzeti
Yuxarı