post-title

Yazı mədəniyyəti

Bir avropalı yazarın, fikir adamının, siyasi xadimin həyatı ilə maraqlanırsan, qarşına otuz mənbə çıxır. Anası yazıb, bacısı yazıb, həyat yoldaşı yazıb, dostu yazıb, lisey yoldaşı yazıb... Biz isə cəmisi yüz il bundan əvvəl yaşamış klassiklərimizin həyatlarından xəbərsizik. Çox az mənbə var. Folklor səviyyəsində söhbətlər gəzir. Bu yazı mədəniyyətinin olmamasının nəticəsi idi. Yaza bilən adamların sayı barmaqla sayıla bilərdi.

 
Yaxınlarda H.Malonun "Ailəsiz" romanını oxudum. Roman 1878-ci ildə nəşr olunub. Fransua Moriakin ən sevdiyi əsərlərdən biridi. 
Moriakin xatirələrini oxudum. Təsadüfən "Ailəsiz" romanı bukinistdə qarşıma çıxdı. Aldım və oxudum. Gözəl əsərdi. Müəllif uşaq diliylə necə yaşamaq lazım olduğunu öyrədir. Öyrədir ki, insan niyə heyvanları sevməli, niyə kitab oxumalı, niyə zəhmətə qatlaşmalıdı. Əsər Azərbaycan dilində 1958-ci ildə nəşr olunub. 
 
Nəyi demək istəyirəm, 1878-ci ildə bu roman fransada nəşr olunanda bizim heç jurnalımız yox idi. Daha başqa faktları sadalamıram. Adamların çoxu yerin altında qazmalarda yaşayırdı. Şeyxin atının sidik axıtdığı yeri öpürdülər. İnanırdılar ki, yer öküzün buynuzunda yerləşir. Yaxşı, tutaq ki, o vaxt adamlar savadsız idi. Oxuma-yazma bilmirdilər, bəs indi? 
 
Təəssüflər olsun ki, yazı mədəniyyətimiz hələ də formalaşmayıb. Hər il may ayının əvvəlində Rəhim Qazıyev qəzetlərə müsahibələr verməyə başlayır. Hər il Rəhim Qazıyev müsahibələrində and-aman edir ki, Şuşanı ermənilərə o satmayıb. Sübut etməyə çalışır ki, "əgər Şuşa getsə, başıma güllə vurub, özümü öldürəcəm",- sözün deməyib. A kişi, otur birdəfəlik kitab yaz, adamlar da oxusun. Nəinki Rəhim Qazıyev, özünü ciddi siyasətçi hesab edənlər də kitab yazmayıb. İsa Qəmbərin hələ də kitabı yoxdu. Zori Balayana yazdığı məktubun üstündədi. Halbuki yazmalı idi. Özü də birini yox, bir neçəsini. Özü yazmamağı bir tərəfə, heç ətrafındakıların da kitab oxumasının, yazı yazmasının qeydinə qalmayıb. Ətrafındakı gənclər Rəsulzadənin, Çəmənzəminlinin, Cabbarlının əsərlərindən xəbərsizdir. Halbuki bu şəxslərin əsərlərinin təbliğ olunması məhz bir partiya kimi Müsavatın mənəvi borcudur. Müsavat Partiyası Rəsulzadənin, Cabbarlının, Çəmənzəminlinin əsərlərini təkrar-təkrar nəşr etdirib, davamlı təqdimatlar keçirməli idi. 
 
Eyni sözləri Əli Kərimli haqqında da yazmaq olar. Ə.Kərimlinin də kitabı yoxdu. Kitab yazmayıb. Halbuki yazmalı idi. Özü də birini yox, bir neçəsini. Əli Kərimli nəinki kitab yazmayıb, heç ətrafındakı gənclərin də kitab oxumasının qeydinə qalmayıb. Əslində isə cəbhə bir partiya olaraq kitabla silahlanmalı idi. 
 
Siyasətə iddia edən gənc siyasətçilərin də kitabı yoxdu. Erkin Qədirli hələ ki Təhsil naziri ilə dost olmasıyla fəxr etməkdə, sosial şəbəkələrdə statuslar yazmaqdadı. Halbuki Erkin müəllim artıq kitab müəllifi olmalı idi. 
 
Altay Göyüşovun da kitabı yoxdur. Altay müəllim də çoxdan kitab müəllifi olmalı idi. 
 
Dostum Elmir Mirzoyevin də kitabı yoxdu. Halbuki Elmir müəllim kimi intellektual bir insanın kitab yazmaması böyük qəbahətdir. Bu, bağışlanılmazdır. 
 
Ən böyük günahlardan biri də bildiyin halda paylaşmamaqdı. Çox istərdim ki, adlarını sadaladığım adamlar yaxın vaxtlarda yazı mədəniyyətinin formalaşmasına öz töhfələrini versinlər. 
 
Bizim klassik müxalifət liderləri Zərdüşt Əlizadəni bəyənmirlər. Zərdüşt bəyi faktları öz xeyrinə dəyişdirməkdə günahlandırırlar. Bilmirəm. Söhbət çox qarışıqdı. Bir onu deyə bilərəm ki, İsa Qəmbərdən, Əli Kərimlidən və digərlərindən fərqli olaraq, Zərdüşt Əlizadə kitab yazıb və uzun müddət müxtəlif mətbu orqanlarda yazılarla çıxış edib. Əgər sabah bir nəfər o kitablara və yazılara əsaslanaraq nəsə yazsa, nəsə desə, inciməyin...
 
Seymur Baycan
 
Reytinq qəzeti
Yuxarı