post-title

Corc Oruel: Mən nə üçün yazıram

"Bütün yazıçılar, şöhrətpərəst, xudbin və tənbəldirlər və onları hərəkətə gətirən səbəblərin kökündə bir müəmma dayanır. Kitab yazmaq uzun çəkən iztirablı bir xəstəliklə çarpışmaq kimi dəhşətli, üzücü bir mübarizədir. Nə başa düşdüyü, nə də müqavimət göstərə bildiyi şeytani bir ehtirasın hərəkətə gətirmədiyi bir insan belə əziyyəti öz boynuna götürməz".

 
 
Kultura.az oxucularına məşhur ingilis yazar Corc Oruelin essesini ixtisarla təqdim edir.
 
Lap uşaq vaxtlarımdan, gərək ki, beş ya altı yaşımdan bilirdim ki, böyüyəndə yazıçı olmalıyam. On yeddi iyirmi-dörd yaşlarımda əsl təbiətimi sıxışdırdığımı, gec-tez yazmalı olduğumu bilə-bilə bu fikri başımdan atmağa çalışdım. 
 
Üç uşaqlı ailənin ortancıl övladı idim, bacılarımla aramızda beş yaş fərq var idi, səkkiz yaşına qədər atamı gec-gec görürdüm. Bu və digər səbəblərdən bir qədər tənha uşaq idim, qaraqabaq xasiyyətim tezliklə məni sinif yoldaşlarım arasında arzuolunmaz adama çevirdi. Bütün tənha uşaqlar kimi hekayələr uydurub, xəyali qəhrəmanlarla söhbət etməyə adət etmişdim. Məncə ədəbiyyat ehtirasım lap əvvəldən təcrid olunmağın və dəyərsiz hesab edilməyin yaratdığı hisslərlə yoğrulmuşdu. Bilirdim ki, sözlərdən ustalıqla istifadə edə bilirəm, xoşagəlməz faktlarla üz-üzə dayanmağa gücüm çatır. Hiss edirdim ki, gizli bir dünya yaradıb gündəlik həyatımdakı uğursuzluqların əvəzini çıxa bilərəm. Buna baxmayaraq uşaqlıq və yeniyetməlik illərimdə ərsəyə gətirdiyim ciddi yazı nümunələrinin həcmi heç altı səhifə də deyildi. Anamın dilimdən kağıza köçürdüyü ilk şerimi dörd ya beş yaşımda yazmışdım. Şer yadımda deyil. Təkcə bunu xatırlayıram ki, “stula bənzər dişləri” olan pələng haqqında yazılmışdı. Kifayət qədər yaxşı ifadə olsa da, güman ki, şer Bleykin “Pələng, pələng” əsərindən oğurlanmışdı. On bir yaşında Birinci Dünya və ya 1914-1918-ci illər müharibəsi başlayanda və Kitçenerin ölümü münasibətilə yazdığım iki vətənpərvər şeir əyalət qəzetində dərc edildi. Bir az böyüdükdən sonra ara-sıra gürcü üslubunda zəif və adətən yarımçıq qalan “təbiət şeirləri” yazmağa başladım. İflasa uğrayan hekayə yazmaq cəhdimi də xatırlayıram. Bütün bu illər ərzində kağıza köçürdüyüm, ciddi əsərə çevriləcəyinə ümid bəslədiyim əsərlərim bundan ibarət idi.  
 
O vaxtlar müəyyən mənada ədəbi fəaliyyətlə də məşğul olurdum. Əvvəla sifarişlə, tez-tələsik, asanca və heç bir zövq almadan xeyli cəfəngiyat yazmışdım. Dərslərimdən əlavə, indi mənə təəccüblü gələn bir sürətlə “vers d'occasion”- yarı komik şerlər yazır, (on dörd yaşımda Aristofanı təqlid etməyə çalışmış, bütöv bir qafiyəli pyesi bir həftəyə yaxın bir vaxta bitirmişdim ) məktəb jurnallarının redaktə edilməsinə kömək edirdim. Bu jurnallar təsəvvürünüzə gətirə biləcəyiniz ən acınacaqlı burlesk nümunələri idi, onları redaktə edərkən indi ən dəyərsiz jurnallar üçün çəkəcəyim əziyyətdən belə dəfələrlə az zəhmətə qatlaşırdım. Lakin bütün bunlarla yanaşı, mən on beş il bəlkə də bundan da artıq müddət ərzində tamamilə başqa janrı məşq etdim: fasiləsiz olaraq özüm haqqında hekayə yazırdım, yalnız beyində mövcud olan gündəlik yazmaq kimi. Məncə, bu uşaqların və gənclərin ümumi xüsusiyyətidir. Lap körpə olanda təsəvvür edərdim ki, mən, deyək ki, Robin Qudam, xəyallarımda özümü həyəcan dolu macəraların qəhrəmanı kimi canlandırırdım, lakin tezliklə mənim hekayəm kobud narsizmdən xilas oldu, getdikcə etdiklərimin və gördüklərimin sadə təsvirinə çevrildi. O vaxtlar ağlımdan dəqiqələrlə belə cümlələr keçərdi: “Qapını itələyib açdı və içəri daxil oldu. Muslin pərdələrin arasından süzülən qızılı günəş şüası, üstündə yarıaçıq kibrit qutusu və  mürəkkəb qabı olan masanı işıqlandırırdı. O sağ əli cibində pəncərəyə yaxınlaşdı. Küçədə alabəzək it solmuş yarpağı qovalayırdı” və s. və s. Bu adət iyirmi beş yaşıma qədər, ədəbiyyatdan uzaqlaşdığım illər ərzində davam etdi. Münasib sözü axtarmalı olsam da və axtarsam da, təsvir etmək cəhdlərim sanki özümdən asılı deyildi, kənardan diktə edilirdi. Güman ki, bu “hekayə” məni müxtəlif dövrlərdə valeh edən yazıçıların üslublarını əks etdirirdi, lakin xatırladığım qədəri ilə hər zaman eyni xırdaçı təsvirlərlə dolu idi. Gərək ki, o vaxt necə kitablar yazmaq istədiyim aydındır. Mən faciəli sonluqlarla bitən, ətraflı təsvirlərlə, sarsıdıcı gülüşlə, sözlərin qismən gözəl səsləndiyi üçün istifadə edildiyi romantik epizodlarla dolu iri həcmli naturalist romanlar yazmaq istəyirdim. Doğrudan da, otuz yaşımda yazdığım, lakin daha erkən yaşlarımdan beynimdə planın cızdığım ilk romanım “Birma günləri” müəyyən dərəcədə belə bir kitabdır.  
 
Bu qədər məlumatı ona görə verdim ki, fikrimcə, uşaqlıq illəri haqda heç nə bilmədən, yazıçıya nələrin yön verdiyini başa düşmək mümkün deyil. Onun əsas mövzusunu yaşadığı zəmanə müəyyən edir (hər halda bizim iğtişaşlı, inqilabi dövrümüzdə belədir), lakin yazmağa başlamazdan əvvəl yazıçının heç vaxt tamamilə xilas ola bilmədiyi emosional dünyası formalaşır. Şübhəsiz öz temperamentini cilovlamaq, qeyri-kamillik dövrlərində, şıltaq ovqatlarda ilişib qalmamaq yazıçının vəzifəsidir, lakin uşaqlıq dövründən tamamilə uzaqlaşmaq yazmaq həvəsini söndürə bilər. Dolanışıq ehtiyacını bir kənara qoysaq, məncə yazmaq, ən azı nəsr yaradıcılığı üçün dörd böyük hərəkətverici amil mövcuddur. Hər bir yazıçıda bu amillərin payı müxtəlifdir və yaşadığı mühitdən asılı olaraq eyni yazıçı üçün müxtəlif dövrlərdə bu təsirlərin payı da dəyişə bilər:      
 
Xalis eqoizm. Ağıllı görünmək, tanınmaq, ölümdən sonra xatırlanmaq, uşaqlığında sənə yuxarıdan aşağı baxan böyüklərə dərs vermək arzusu və s. və s. Eqoizmin bir səbəb, özü də güclü bir səbəb olduğunu inkar etmək riyakarlıqdır. Yazıçıların bu xüsusiyyəti alimlərdə, rəssamlarda, siyasətçilərdə, hüquqşünaslarda, hərbçilərdə, uğur qazanmış biznesmenlərdə, qısası, cəmiyyətin yuxarı təbəqəsinin nümayəndələrində də var. Bəşəriyyətin böyük bir hissəsi kəskin dərəcədə xudbin deyil. Təxminən otuz yaşından sonra onlar öz mənlərini bir kənara atır, əsasən başqaları üçün yaşamağa başlayırlar, yaxud fərdiyyət hissi üzücü iş yükü altında yoxa çıxır. Lakin öz həyatlarını sona qədər yaşamaq qərarından dönməyən, inadkar, istedadlı insanlar da var. Yazıçılar da belə insanlardandılar. Deməliyəm ki, ciddi yazıçılar jurnalistlərdən daha şöhrətpərəst, eqosentrikdilər və pulla daha az maraqlanırlar. 
 
Estetik duyum. Dünyanın, sözlərin, sözlərin düzgün düzülüşünün gözəlliyini duymaq bacarığı. Bir səsin digərinə təsirinin, gözəl bir hekayənin ritmi, məharətlə yazılmış nəsr əsərindəki əminliyin verdiyi zövq. Dəyərli hesab etdiyin, nəzərə çarpmadan yox olmasını istəmədiyin təəssüratı bölüşmək arzusu. Estetik stimul əksər yazıçılarda o qədər də güclü olmasa da, hətta pamfletlərin, dərs kitablarının müəlliflərinin də səbəbsiz yerə xoşladıqları sevimli sözləri və ifadələri var, yaxud kimsə mətn tərtibatına, səhifə kənarlarındakı boşluqların ölçüsünə həssas yanaşa bilər və s. Dəmir yolu təlimatlarından bir az yuxarı səviyyəli heç bir kitab estetik qayğılardan xali deyil.       
 
3. Tarixi amil. Hadisələri olduğu kimi görmək, gerçəkləri aşkara çıxarıb, gələcək nəsillər üçün qoruyub saxlamaq arzusu.
 
4. Siyasi amil. — “Siyasi” sözündən mümkün olan ən geniş mənada istifadə etmək. Dünyanı müəyyən istiqamətə yönəltmək, insanların can atmalı olduqları cəmiyyət barədə təsəvvürlərini dəyişmək arzusu. Yenə də heç bir kitab siyasi qərəzdən tamamilə xali deyil. İncəsənətin siyasətlə heç bir əlaqəsinin olmadığını iddia edən düşüncənin özündə də siyasi bir mövqe gizlənir. 
 
Müxtəlif amillərin bir-birləri ilə necə mübarizə aparacağını, insandan və zamandan asılı olaraq necə artıb-azalacağını görmək mümkündür. Təbiət etibarilə mən ilk üç amilə dördüncüdən daha çox meyl edirəm. Sülh dövründə yaşasaydım, bərbəzəkli ya da sadəcə təsviri romanlar yazar, öz siyasi əqidəmdən demək olar xəbərsiz qalardım. Lakin mən müəyyən dərəcədə həcvə yönəlməli oldum. Əvvəl, beş ilimi mənə uyğun olmayan bir peşəyə həsr etdim (Birmada imperiyaçı hind polisi), sonra yoxsulluğu və acizlik hissini yaşadım. Bu mənim hakimiyyətə qarşı anadangəlmə nifrətimi daha da artırdı. Həyatımda ilk dəfə işçi sinfinin mövcudluğundan tam xəbərdar oldum. Birmadakı işim də imperializmin mahiyyətini bir az anlamağa kömək etmişdi; lakin bütün bunlar mənə tam siyasi istiqamət verməyə kifayət deyildi. Sonra Hitler gəldi, İspaniyada Vətəndaş Müharibəsi başladı və s. 1935-ci ilin sonuna qədər hələ də qəti qərara gələ bilməmişdim.
 
İspan müharibəsi və 1936-37-ci illərdə baş verən digər hadisələr tərəddüdləri yox etdi və bundan sonra mən öz mövqeyimi qətiləşdirdim. 1936-cı ildən etibarən yazdığım hər bir sətir birbaşa və ya dolayı yolla totalitarizmə qarşı və mənim təsəvvürümdəki demokratik sosializm naminə qələmə alınırdı. İndi bu mövzularda yazmaqdan yayına biləcəyini düşünmək mənə mənasız görünür. Bu barədə hər kəs bu və ya digər formada yazır. Sadəcə hansı tərəfdə dayanacağını hansı mövqeni seçəcəyini müəyyənləşdirmək lazımdır. Siyasi əqidəndən nə qədər xəbərdar olarsansa, estetik, intellektual vicdanını qurban vermədən siyasi fəaliyyət göstərmək imkanın o qədər artar. 
 
Son on illər ərzində ən çox istədiyim siyasi yazıları incəsənətə çevirmək olub. Məni yazmağa təşviq edən hər zaman ədalətsizlik hissi, təəssübkeşlik olur. Kitab yazmağa başlayanda öz-özümə “incəsənət əsəri yaradacağam” demirəm. Kitabı yazıram, çünki ifşa etmək istədiyim hansısa yalan, diqqət çəkmək istədiyim bir fakt var və başlıca arzun eşidilməkdir. Lakin eyni zamanda estetik qayğılarım olmasaydı, nə bir kitab nə də iri həcmli bir jurnal məqaləsi yaza bilərdim. Əsərlərimə nəzər salmaq zəhmətinə qatlaşanlar hətta birbaşa təbliğat məqsədi daşıyan hissələrdə belə siyasətçilərin qeyri-münasib hesab edə biləcəyi bir çox ifadəyə rast gələ bilərlər. Mən uşaqlığımda qazandığım dünya baxışını özümdən tamamilə uzaqlaşdırmağı bacarmıram və istəmirəm. Sağ olduğum və özümü yaxşı hiss etdiyim müddətcə nəsr üslubuna həssas yanaşmağa, yerin səthini sevməyə, bərk cisimlərdən faydasız məlumatlardan zövq almağa davam edəcəm. Bu xüsusiyyəti sıxışdırmağa çalışmağın mənası yoxdur. Məqsəd dövrümüzün bizə zorən təlqin etdiyi ictimai, qeyri-fərdi fəaliyyətləri anadangəlmə sahib olduğun rəğbət və nifrətlə uzlaşdırmaqdır.  
 
Asan deyil, dil, təfsir problemləri, yeni bu dəfə başqa formada gerçəklik problemi yaranır. İcazə verin, ortaya çıxan çətinliklərlə bağlı kobud bir misal çəkim. İspaniya vətəndaş müharibəsi haqqında yazdığım “Kataloniyanın Xatirəsinə” əlbəttə tam siyasi əsərdir, bununla belə müəyyən bitərəflik və forma amili diqqətə alınmaqla yazılıb. Tam həqiqəti ədəbi instinktlərimə xələl vermədən çatdırmağa çox çalışdım. Lakin kitabda Frankoya sui-qəsd etməkdə ittiham edilən Trotski tərəfdarlarını müdafiə edən, qəzetlərdən gətirilmiş sitatlarla dolu uzun-uzadı bir fəsil var. Aydındır ki, sıravi oxucu üçün bir ya iki il sonra öz əhəmiyyətini itirəcək belə bir fəslin kitabı korlaması qaçılmazdır. Hörmətlə yanaşdığım bir tənqidçi mənə bu haqda mühazirə oxuyub: “bunları niyə kitaba salmısan?” o dedi. “Çox gözəl ola biləcək bir əsəri jurnalistikaya çevirmisən” Düz deyirdi, amma başqa cür edə bilməzdim. Mən İngiltərədə çox az insanın bildiyini bir həqiqəti bilirdim - günahsız insanlar nahaq yerə ittiham edilirdilər. Əgər buna qəzəblənməsəydim, bu kitabı heç vaxt yazma bilməzdim.       
 
Bu və ya digər formada bu problem yenidən ortaya çıxır. Dil problemi daha incə məsələdir və müzakirəsi uzun çəkə bilər. Təkcə onu deyə bilərəm ki, son illər bədiilikdən daha çox yayınmağa daha dəqiq yazmağa çalışmışam. Hər halda təcrübəmə əsasən deyə bilərəm ki, bir yazı üslubunu təkmilləşdirməyə macal tapmamış, yetkinlik sizi başqa yönə aparır. “Heyvanıstan” siyasi və bədii məqsədləri vahid halında birləşmək istiqamətində ilk şüurlu cəhdim idi. Yeddi ildir, roman yazmıram, amma tezliklə daha bir əsər yazacağıma ümid edirəm. İflasa məhkumdur, bilirəm. Bütün kitablar iflasa məhkumdur, amma necə bir kitab yazmaq istədiyimi indi bir az dəqiq bilirəm.
 
Yazdığım son bir-iki səhifəni xatırlayanda başa düşürəm ki, əsərlərimin tamamilə vətənpərvərlik ruhu ilə yazıldığı təəssüratını oyatmışam. Yekun təəssüratın belə olmasını istəmirəm. Bütün yazıçılar, şöhrətpərəst, xudbin və tənbəldirlər və onları hərəkətə gətirən səbəblərin kökündə bir müəmma dayanır. Kitab yazmaq uzun çəkən iztirablı bir xəstəliklə çarpışmaq kimi dəhşətli, üzücü bir mübarizədir.  Nə başa düşdüyü nə də müqavimət göstərə bildiyi şeytani bir ehtirasın hərəkətə gətirmədiyi bir insan belə əziyyəti öz boynuna götürməz. Bu şeytani ehtirasın körpəni diqqət çəkmək üçün ağlamağa məcbur edən instinktdən fərqlənmədiyini bilirik. Digər tərəfdən daim öz mənini yox etməyə çalışmadan, oxunaqlı mətn yazmağın mümkün olmadığı da məlumdur. Yaxşı nəsr əsəri pəncərə şüşəsi kimidir. Mənə hansı motivin daha çox təsir etdiyini dəqiq deyə bilmərəm, amma bilirəm ki, hamısı həyata keçirilməyə layiqdir. Geriyə dönüb əsərlərimə nəzər salanda, görürəm ki, siyasi məqsədi izləmədiyim dövrlərdə istisnasız olaraq cansız kitablar yazmışam, romantik epizodlara, mənasız cümlələrə, bərbəzəkli təşbehlərə, ümumiyyətlə cəfəngiyata aldanmışam. 
 
Tərcümə: Ülkər Nəsibbəyli 
 
Azadliq.org
 
Yuxarı