post-title

Kultura.az-ın müsabiqəsinə məqalə qəbulu daha 1 həftə davam edəcək

Kultura.az saytının Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" romanı ilə bağlı elan etdiyi məqalə müsabiqəsi mart ayının 15-nə qədər (həmin gün də daxil olmaqla) davam edəcək. Məqalə qəbulu bu gün, 9 martda tamamlanmalıydı, ancaq müsabiqədə iştirak etmək istəyənlərin çoxsaylı xahişlərindən sonra, təşkilat komitəsi vaxtı daha bir həftə uzatmaq qərarına gəlib. Qeyd edək ki, indiyə qədər müsabiqəyə 20-yə yaxın məqalə göndərilib.

 
 
Müsabiqənin nə məqsədlə keçirildiyi və şərtləri ilə aşağıdakı yazıda tanış ola bilərsiniz. 
 
Kultura.az saytı məqalə müsabiqəsi elan edir
 
Hörmətli bəylər və xanımlar, əziz həmvətənlər, Kultura.az saytı öz missiyasına sadiq qalaraq, vətəndaşlarımızın maariflənməsi, elmin, mədəniyyətin, sənətin təbliğ olunması üçün fasiləsiz fəaliyyət göstərməkdə davam edir. 
 
Azərbaycan klassiklərini daima xatırlamaq, onları gənc nəslə tanıtdırmaq, təbliğ etmək: Azərbaycanın müasir yazıçılarının, qələm adamlarının, ziyalılarının, intellektuallarının fikirlərini cəmiyyətə çatdırmaq: özlərini ifadə etmək istəyən gənclərə saytımızda yer ayırmaq: müxtəlif tərcümələr, araşdırmalar, sorğular təqdim etməklə insanlarımızın maariflənməsi istiqamətində iş aparmaq bizim əsas vəzifələrimizdir. Kultura.az-ın ən böyük vəzifələrindən biri də daima kitabı təbliğ etməkdir.
 
Hörmətli bəylər və xanımlar, ölkədə kitab satışını və kitabın təbliğatını gücləndirmək, kitabın bir dəyər olduğunu bir daha göstərmək üçün növbəti fürsətdən yararlanmaq fikrindəyik. Bu məqsədlə Kultura.az saytı Azərbaycanın görkəmli yazıçısı, ziyalısı, ictimai-siyasi xadimi Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" romanı mövzusunda yazı müsabiqəsi elan edir. "Studentlər" romanı Azərbaycan ədəbiyyatında, romançılığında mühüm hadisə olsa da, müəyyən səbəblərdən dolayı təbliğ olunmayıb. Müsabiqəni elan etməkdə məqsədimiz Azərbaycanın görkəmli klassikini bir daha cəmiyyətə tanıtdırmaq və onun həm mövzu, həm də Azərbaycan romançılığı baxımından unikal olan əsərini yenidən gündəmə gətirməkdir.
 
Şərtlər
 
 - Müsabiqədə iştirak edənlər Y. V. Çəmənzəminlinin "Studentlər" romanı haqqında fikirlərini, düşüncələrini yazı (rezensiya) şəklində Azərbaycan dilində ifadə etməlidirlər.
 
  - Məqalələrin həcmi 10 000 işarədən (boşluqsuz) artıq olmamalıdır.
 
  - Müsabiqədə yaş həddi 30 yaşa qədərdir.
 
 - Müsabiqədə iştirak etmək niyyətində olanlar yalnız bir yazı göndərə bilərlər. Məqalələr əvvəlcə hansısa mətbuat orqanında, internet resursunda çap edilməməlidir. Şərtə əməl etməyən müəlliflərin məqalələri müsabiqəyə buraxılmayacaq.
 
 - Müsabiqə iştirakçıları [email protected] ünvanına yazı ilə birlikdə, özləri haqqında məlumat (ad, soyad, ata adı, əlaqə nömrələri, fotoşəkil) göndərməlidirlər.
 
 - Müsabiqəyə yazı qəbulu 2014-cü ilin fevralın 1-dən martın 15-ə qədər (həmin gün də daxildir) nəzərdə tutulub.
 
Mükafat
 
Müsabiqədə qalib olanlar pul mükafatı ilə təltif olunacaqlar. Birinci yerin sahibi 500 manat, ikinci yerin sahibi 300 manat, üçüncü yerin sahibi isə 200 manat məbləğinda mükafata layiq görüləcəklər. Müsabiqədə həmçinin iki həvəsləndirici mükafat da nəzərdə tutulub.
 
Münsiflər heyəti
 
Müsabiqəyə göndərilən məqalələr Kultura.az saytının redaktorlar heyəti tərəfindən yoxlanılacaq və qiymət veriləcək. Müsabiqə boyunca seçilmiş məqalələr Kultura.az saytında yayımlanacaq və oxuculara təqdim ediləcək. Müsabiqə qaliblərinin mükafatlandırılması mart ayının ikinci ongünlüyündə keçirilməsi nəzərdə tutulur.
 
Müsabiqədə iştirak etmək niyyətində olan hər kəsə uğurlar arzulayırıq!
 
Kultura.az
Yuxarı