post-title

Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” romanı haqqında

Müsabiqə üçün yazı

 
 
 “Studentlər”i oxumağa məhz müsabiqə xatirinə başlamışdım. Amma romanın hər növbəti vərəqində elə təəccüblü hadisələrlə rastlaşırdım ki, ideoloji  inkişafımızın, milli kimliyimizin və mətbuat-ədəbiyyat mədəniyyətimizin ilk pöhrə verdiyi dövrlərlə tanış olmaq mənim üçün əla təcrübə oldu. Düşünürəm,  tarix boyu xalqımız üçün bir-birinə bu qədər oxşayan və bu qədər ortaq xüsusiyyət daşıyan başqa iki dövr olmayıb. 100 il fərq, amma hadisələrin gedişi, cahillik və kamillik arasındakı kəskin uçurum, rastlaşdığımız maneələr və s. Bu qədər faktor necə uyğun gəlir, bir millət necə eyni ssenarini  ikinci dəfə hərfi-hərfinə təkrar yaşaya bilir?! “Studentlər” bütün bunları bizə göstərdi. Xüsusi olaraq vurğulamalıyam ki, müsabiqə üçün “Studentlər”dən daha yaxşı əsər seçilə bilməzdi. Bu gün Azərbaycan gəncliyi böyük bir əsəri yenidən  kəşf etdi. Biz sadəcə olaraq bu gün ehtiyac duyduğumuz və az-çox sahib olduğumuz gənclər haqqında 100 il əvvəl yazılmış bir romanı oxuduq. Bu tüklər ürpərdicidir.
 
Lakin, niyə mən bu əsəri illər sonra oxuya bildim? Orta məktəblərdə əsası qoyulmuş ortalama ədəbiyyat təhsilimiz var. Amma orta məktəblər bizə nə verir? Ədəbiyyat dərslikləri “Studentlər”dən  və Yusif Vəzirdən hansı dərinlikdə məlumat verir?  Elmir Mirzəyevin yaxşı bir təsbiti var : “Azərbaycanın 3 böyük Mirzəsi olduğu halda (Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov, Mirzə Cəlil) ədəbiyyatımızda Nizami ön plana yerləşdirildi".  Bunlar savadsızlıqdanmı irəli gəlir, yoxsa mövqelərə uyğun olaraqmı bu ab-hava yaradılır, bilmirəm. Xalqın hansı yazıçı-şairi sevməsi çox mühüm məsələdir. Bu, insanlarin tərbiyəsini, dünyagörüşünü ve ideoloji mövqeyini müəyyənləşdirən amildir. Biz insanımızı necə tərbiyə etsək, ona nələri və kimləri oxutdursaq, cəmiyyətimiz də ona uyğun  davranışlar sərgiləyəcək. Mənzərə isə fərqlidir, orta məktəblər şair belə olmayan (!) insanların şeirlərini sırf yaltaqlıq xatirinə ədəbiyyat proqramımıza daxil edə bilir, əvəzində isə Yusif Vəzir kimiləri sıxışdırıb çıxarır. Repressiya qurbanlarının kəşməkeşli həyatı o qədər səthi öyrədilir ki, saxta tarix yazıb, real tariximizi bizdən gizlədirlər. Yer verdikləri əsərlər isə adətən daha sakit mövzular olur. Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şerini əzbərlətmək əlbət asandır. Qorxmursunuzsa, Rüstəmbəyin nitqlərini əzbərlədin uşaqlarımıza. Xırda azərbaycanlılarımıza.
 
Yusif  Vəzir əslində romanda öz stereotipini yaradır, Rüstəmbəy də onun kimi Kiyevdə hüquq fakültəsinə daxil olur və yazıçı öz düşüncə inqilabını mərhələ-mərhələ Rüstəmbəyin timsalında oxucuya çatdırır. Rüstəmbəyin daim ideoloji qərarsızlıq göstərməsi bir çoxları tərəfindən tənqid olunur,  lakin əksinə, bu, romanı daha təbii hala getirir ve oxucunu özünə yaxından bağlayır. Rüstəmbəy əsər boyunca xeyirxah və nəzakətli obraz kimin təqdim edilərək, oxucuya hiss elətdirmədən onu Rüstəmbəyə heyran qoyur. Əsərin ikinci hissəsində Rüstəmbəyin anbarı ziyarət zamanı kəndlilərə evlərinə yemək göndərmələri üçün icazə verməsi kimi nəzakətli davranışları Rüstəmbəyi oxucu gözündə əsl qəhrəman mövqeyinə qaldırır. Bu kimi davranışlar isə Yusif bəyin təbiətinə yad davranışlar deyil. Hətta Çəmənzəminli öz təxəllüsünü ona edilmiş yaxşılıqların xatirinə götürmüşdür. 
 
Adətən insanların sorğulama prosesi ilk əvvəl dinlə aralarında olan zidiyyətlərdən başlayır. Rüstəmbəy əsərdə uşaqlığında dindar, daha sonra isə çoxlu mütaliələri və həqiqət axtarışı hesabına  dindən imtina etmiş və dindən sui-istifadə edənlərə qarşı nifrət bəsləyən obraz kimi qarşımıza çıxır. “Dindən daha zəruri olan “həyat” mövcuddur, dində isə təzəlik yoxdur, vardırsa da, o, təzəliyini mütləq itirəcəkdir” şəklində düşünür. Və  Yusif Vəzir Rüstəmbəyi məhz dini kitabları oxuyaraq dindən imtina etdiyini göstərərək əslində burada pozitiv ateizmin təbliğatını aparır.
 
 Din mövzusuna toxunmuşkən əxlaq barədə də əsas məsələləri vurğulamaq lazımdır. Ortada bir çoxuna təzad kimi görünsə də, Rüstəmbəy dindən tamamilə imtina etmiş bir obraz olmasına baxmayaraq, o, öz səmimi, amma günahkar sevgisindən məhz əxlaqına sadiq qalaraq imtina edir və evli olan Sofyadan uzaqlaşır. Bununla Yusif Vəzir əslində insanların əxlaqının dinlə müəyyənləşmədiyini göstərir və Rüstəmbəy dindar olmasa belə vicdanı və əxlaqı qarşısında əyilərək həyatına davam edir. Başqa bir nüansda isə Rüstəmbəy rus və müsəlman cəmiyyətlərindəki əxlaq fərqini qınayaraq, əxlaqı əksər hallarda insanların öz arzularını yaşamalarına maneə kimi görür və əxlaq prinsiplərinin sorğulanaraq insanlar üçün əlverişli olmasını nəzərə alaraq müəyyənləşdirilməsinin tərəfdarı kimi çıxış edir. Məsələn, evlilikdən kənar uşaq sahibi olan rus qızının halını Azərbaycan ailəsində təssəvvür etdiklərində, hadisə qanla, ölümlə sonlanacaqdır. Lakin Yusif, vurğulayıram ki, 100 il bundan əvvəl immoralist fikirlər sahibi olmuşdur. Hər halda bu, təqdirəlayiq mənəvi kəşfdir.
 
Rüstəmbəy evliliklə bağlı xəyallar quran zaman "Оxumuş, еlmli türk qızı yоxdur? Оlanlar da çarşab altında...”  deyərək məyusluğunu dilə gətirir. O, Azərbaycan qadını oxumuş, savadlı, mütaliə edən, öz fikrini səsləndirə bilən azad qadınlar kimi  görmək istəyir. Bu gün üçün klaviatura başında çox sadə cümlələr kimi görünə bilər, lakin o dövrdə bu kimi düşüncə inqilabı etmək üstündən keçiləsi, önəmsiz situasiya deyil.
 
Rüstəmbəyi və onun timasalında da Çəmənzəminlini  qınayacağım yeganə hissə məhz millilik məsələsinə bu qədər bağlı olmasıdır. Xalqların səadəti deyil, cəmiyyətlərin səadətini arzulamaq, insanoğluna daha kosmopolit yanaşmaq hər halda daha ədalətli olardı. Düzdür, əsərdə ifrat özünəpərəstiş görmürük, əksinə Yusif bəy xırda hadisələrlə qafqazlı tələbələrin qeyri-etik davranışlarından və digər xalqlar arasında hansi sifətlərlə tanınmasından misallar verərək özünütənqid nümayiş etdirir. Lakin insanların xoşbəxt olması üçün məhz milli kimlik altında birləşmələrini yeganə mümkün yol kimi görmək düzgün yanaşma tərzi deyil. Məhz bu barədə Yusifin özünü təkmilləşdirməsi lazım idi.
 
Əsər iki hissəli olub, böyük aralıqlarla yazılıb. Və burada çox maraqlı bir nüans var. Roman boyunca bir dəfə də olsun “azərbaycanlı” ifadəsi işlədilmir. Bizim tələbələr yalnız  “qafqazlı, qafqaz türkü” olaraq qələmə verilir. Bu ifadənin o zamanlarda işlədilməməsi hamıya məlumdur, lakin onun əvəzində bu qədər ümumi bir ismin işlədilməsi və bir neçə xalqla ortaq paylaşdığımız regiona uyğun adlandırılmamız bizə o vaxtın milli atmosferindən xəbər verir.  Yusif vəzir Sədai-həqq qəzetində çap olunmuş  “Biz kimik?” adlı məqaləsində romanında da əks olunmuş kimlik axtarışını analiz edir. “Biz hansı qövmə, hansı millətə mənsubuq? Keçmişimiz nə təhər imiş? Hal-hazırımız nəyin nəticəsin olub? Bu suallara cavab axtarmaq üçün tarixə müraciət etməlidir. Heyfa ki,tariximiz yoxdur” şəklində hisslərini ifadə edir. Romanın özündə isə, Kiyevdə tələbələr müsamirə təşkil edirlər. Müsəlman müsamirəsi adlanan bu müsamirədə şərq aləmi təmsil olunurdu. Ləzgi paltarı geymiş  Bəhram, Təbriz uşağını canlandıran iranlı Qulu, özbək geyimli Əhməd, şərq toyu, şərq yuxusu, hərəmxana və daha nələr-nələr, amma bir dənə də olsun bizi-özümüzü təmsil edən milli bir ənənə, milli bir geyim, libas yoxdur.  Başqa bir səhnədə, iclasdan sonra gənclərin millilik müzakirəsi başlayır. Cəlal:
– Qardaş bizdən bir şеy çıxmaz! Biz kim оlduğumuzu bеlə dərk еtməmişik.
“Müsəlmanam” dеyirsən, bütün üç yüz milyоnluq tоpuğu cırığa qоşulub itirsən...
Bəli, indi-indi özünə “türk” dеməyə başlamısan.
Şirin isə:
-Biz yеni mədəniyyətə yalnız 1905-ci ildən başlayırıq. 5 ildir. Yaxşı, bеş ildə azmı irəli gеtdik? Bu gün mətbuatımız, nəşriyyatımız, tеatrımız, az-çоx milli məktəblərimiz var, ziyalılarımız yavaş-yavaş yеtişir. Daha nə istəyirsən? Əsrlər bоyu yatmışdıq. Bu gün ayılmışıq.
 
Bir gün qalxıb  mədəniyyətimizə sahib çıxmağa başlamamız bizm mədəni inqilabımızdır. İndi isə ən vacib məsələ, 100 il əvvəl oyanan xalqımızın mədəni mirasını zənginləşdirmək, onu savadsız və yaltaq ədəbi xadimciklərin əlindən alıb həqiqi yazıçı və şairlərimizə təqdim etməkdir. 
Romanda ən bəyəndiyim hissə Rüstəmbeyin həbs olunma səhnəsində gənc aktivistlərin qorodovoyla vicdan dialoqlarıdır.
 
Səlman gülərək:
– Cənab qоrоdоvоy, bağışlayın, siz kəndli dеyilsinizmi?
Qоrоdоvоy qaba səslə:
– Kəndliyəm, nə оlsun? – dеdi.
– Yəqin оrada iş tapmamısan da şəhərə gəlmisən, çünki tоrpaq mülkədar əlindədir, mujikə icarəyə vеrir. Mujik də ha çalışır, axırda оna bоrclu çııxır. Оdur ki, acından ölməmək üçün baş götürüb şəhərə gəlir.
Səlman gülərək:
– Amma, dоstum, zavоda gеtməli idin, qоrоdоvоyluq bir şеy dеyil. Biz sənə tоrpaq tələb еdirik, sən də bizi tutub həbsxanaya aparırsan.
Qоrоdоvоy hiddətli:
– Sus! 
Rüstəmbəy Səlmana yönələrək:
– Оnda nə günah var, – dеyə qоrоdоvоya еşitdirdi, – о, bir baltadır, sapı başqasının əlindədir.
Salman:
– О lap pis, – dеyə əlavə еtdi, – adam da balta оlub, sapını cəllad əlinə vеrərmi?
 
Eh, heç də uzaq mənzərə deyil. Yusif Vəzir gənclərin dili ilə gerçəkləri şillə kimi qorodovoyun üzünə vurur. “Mənim əllərim qandalda ola bilər, amma mən səndən daha azadam, əsl həbsdə olan isə sənsən" demək istəyir. Həyatin ironiyasi daha cazibədar olmamışdı. Təsəvvür edin, Sovetskidə yaşayan bir polis Sovetskidə sökülən evlər üçün keçirilən aksiyanı dağıtmağa gəlir. Oğlu  BDU-da oxuyan polis öz oğlunu aksiyada sürükləyir.  Məhz bu günümüzlə necə də səsləşir hadisələr. Dəhşət. 
 
Romanda Yusif Vəzirin sosialistlərə qarşı işlətdiyi bir ifadəyə çox gülmüşdüm. "Siz “məkruh” sоsialistsiniz" ifadəsi ilə Xəlili məsğərəyə qoymuşdu. Bu ifadə mənə günümüzün paralel bənzətməsi olan "evdar solçu" ifadəsini xatırlatdı. Rüstəmbəy bu ifadəni işlətməklə ideologiyanin uğrunda nələrsə etməyin mənəvi borc olduğunu vurğulayır.
 
Yazıçı əsərdə bir ideologiyanı düzgün başa düşməyən insanların davranışlarındakı ironiyanı, paradoksu bədii ustalıqla ifadə edir. Mir Cəlalın oxumaq istəməyən balaca qardaşı haqqında , “Neyləyim, cocuğun hürriyyətini əlindən necə alım?” tipində gülməli reaksiyası, teatrda kostyumunu çıxararaq liberallıq iddiasinda olması və s kimi hərəkətlərlə əslində hürriyyətin nə olduğunu qavramamalarını vurğulayır. Sağlam düşüncənin formalaşmaması insanları bu cür gülməli vəziyyətlərə sala bilir. Yusif Vəzir bununla hürriyyətin əsl mahiyyətini açıqlamağa çalışır.
 
“Studentlər” keçən əsrin student həyatına tarixi bələdçimiz oldu. Bu səyahətdə onların keçirdikləri həyat, aralarındakı ziddiyyətlər, gündəlik hadisələr, dünyəvi məsələlərə münasibətləri, bütün həyatları təqdim olundu. Ümid edirəm, Yusif Vəzir Çəmənzəminlinin vermək istədiyi mesaj ünvanlarına çatdı. Biz onun nə demək istədiyini başa düşdük. İndi isə növbə, 100 il sonra Yusif Vəzirdən ilhamlanaraq tariximizin ikinci “Studentlər”ini yenidən yazmaqdır.
 
Günel Mehdiqızı
Kultura.az
 
Yuxarı