post-title

Şeirin kabusu

Təxminən dörd il öncə Orhan Pamukun bir essesini oxudum. Esse Kolricin “Qoca dənizçinin nəğməsi” adlı uzun bir şeiri haqqında idi. Və tezliklə bu şeiri oxuyacağıma qərar verdim.

 
Elə yazarlar var ki, onlar kitab nişan verməkdə mənim üçün avtoritetdirlər. Xüsusilə də, Orhan Pamuk, Kundera, Henri Miller, Seymur Baycan. Çünki bu yazarların məsləhəti ilə oxuduğum kitablara görə heç vaxt peşman olmamışam. Başqalarının da bu işdə rolu var. Amma bu dördlük mütaliə siyahıma dörd tam fərqli ədəbiyyat nümunələri yerləşdiriblər.
 
Elə oldu ki, şeiri oxumaqla bağlı “tezliklə” sözü “iki il”lə əvəz olundu. Yalnız iki il sonra, yəni indidən iki il əvvəl oxuya bildim qoca dənizçinin qəribə nəğməsini. 
 
İngilis romantizminin Vordsvord, Bayron, Şelli və Kitslə birlikdə ən böyük beş nümayəndəsindən biri sayılan Kolric (Samuel Taylor Coleridge) bu şeiri 18-ci əsrin lap sonunda, 1797-98-ci illərdə, 25 yaşında yazıb. Qəribə bir havası var şeirin. İlk baxışdan adi, ənənəvi və mifik dəniz macəralarına bənzəyən bir tema: qoca dənizçi, dəniz səyahəti, təbii fəlakət, bədheybət məxluqlarla görüş, ekipajın ölümü və sonda qəhrəmanın möcüzəvi xilası. 
 
Amma məsələ bununla bitmir. Əgər məsələ bununla bitsəydi, “Qoca dənizçinin nəğməsi” iki yüz ildən artıqdır ki, dünya ədəbiyyatının şedevr şeirlərindən sayılmazdı. Yüngül bir araşdırma ilə bu şeir haqqında nə qədər çox və nə qədər fərqli yorumların olduğunu görə bilərsiniz. Xristianlıqdan, romantik panteizmdən tutmuş yalnızlığın təsvirinə, opiumun təsirinə qədər hər cür şərhə açıqdır. 
 
Qısa məzmunu belədir ki, toy mərasiminə gələn bir gənci tanımadığı, yaşlı, qəribə bir kişi saxlayıb ona qulaq asmasını xahiş edir. Onu yola gətirəndən sonra öz başına gələn əhvalatı danışır: Qoca dənizçi bir gün dənizdə ikən tufan qopur, gəmi azır, gəlib çıxır buzlaqların olduğu bir yerə. Bir quş – Albatros gəmini tez-tez ziyarət etməyə başlayır. Albatros dənizçiyə sevgi ilə yanaşır. Və bir gün dənizçi heç bir səbəb olmadan Albatrosu öldürür. Albatrosun ölümü hamını təşvişə, dənizçini isə vicdan əzabına düçar edir. Ölü Albatrosu dənizçinin boynundan asırlar. (Bu şeirdən sonra ingilis dilində “boynundan albatros asılmaq” ifadəsi yaranmışdır; insanın boynundan asılmış və onun uğura doğru irəliləməsinə mane olan ağır günah yükü mənasında işlənir.) Təbiət isə öz intiqamını alır. Gəmini fərqli istiqamətə aparır. Dənizin ortasında quraqlıq başlayır və içməyə bir damla belə su tapılmır. Dəhşətli təsvirdir: 
 
Su, su, hər tərəfdə su,
Və taxtalar qupquru.
Su, su, hər tərəfdə su,
Və içməyə bir damla yoxdu. 
 
Gəmidəkilərin hamısı susuzluqdan yavaş-yavaş ölür. Qoca dənizçi günlərlə vicdan əzabından və ölülərin üzündəki dəhşətli ifadədən sarsılır. Qəribə məxluqlarla, mələklərlə, dəniz heyvanları ilə üzləşir. Təbiət dənizçini cəzalandırdıqdan sonra gəmini möcüzəli bir formada dənizçinin vətəninə sarı sürətlə irəlilədir. Dənizçi dualar edir tanrıya. Boynundakı ölü Albatros yerə düşür. Lənət pozulur. Gəmi dağılır, suda batır, lakin dənizçi qurtulur. Bir münzəviyə rast gəlir və ona günahlarını etiraf edir. Bundan sonra ömrü boyunca belə diyar-diyar gəzib tanımadığı insanlara öz hekayətini danışır. 
 
Şeirin yazıldığı dövr elə bir dövr idi ki, Avropada sxolastika artıq sona çatmışdı. Yeni dövr isə özü ilə çoxlu suallar gətirmişdi: Yaxşılıq və Pislik, Tanrı varmı, İnsan və Təbiət, Ağıl və İnanc, Azad iradə və Determinizm.  Həmin dövrün romantik şairləri bu suallar içərisində çapalayırdılar. Kolric də bu səbəbdən idi ki, bütün həyatını yalnızlıq içərisində, kitabların içinə soxularaq bu suallara cavab axtarmaq, dünyanı anlamaq ehtirası ilə keçirmişdi. Bir yandan yalnızlıq, bir yandan opium bağlılığı, bir yandan da insan beynini qarışdıran bu suallar sonda belə bir əsərin yaranmasına gətirib çıxarmışdı. 
 
Şeirin ən müəmmalı yeri olan Albatrosun öldürülməsi səhnəsi əslində, şairin dostu, digər bir romantik Vordsvordun təklifi ilə yazılmışdı. Vordsvord romantik panteizmə yaxın idi. Təbiətin bütünlüyünə zərbə vuran -  Albatrosu öldürən cahil dənizçi təbiət tərəfindən cəzalandırılmalı və sonda bütün daxili və xarici iztirablardan keçərək kamil bir insan kimi geri dönməli idi. Amma Kolric səhnəni şeirə daxil etsə də, Vordsvord istədiyinə tam nail ola bilməmişdi. Kolricin təsvirləri, dənizçinin daxili iztirabları hadisəni tamam başqa şərhlərə də açıq buraxmışdı. 
 
Bəzilərinə görə burada xristianlığın zəifləməsinə bir işarət var. Dənizçi Albatrosu öldürməklə öz ruhunu öldürmüşdü, tanrıya qarşı çıxmışdı, buna görə cəzalanmışdı, sonda münzəviyə (keşişə) etiraf edərək günah çıxarmışdı. 
 
Bu səhnənin başqa cür şərhinə görə, dənizçi əslində, determinizmin qurbanı olur. Heç bir səbəb olmadan, öncədən yazılmış taleyinin diktəsi ilə Albatrosu öldürür və cəzalanır.
 
Froydçu bir analizə görə isə dənizçiyə sevgi ilə yanaşan və xəyanətə uğrayan quş şairin anasını simvolizə edir.
 
Dənizçi elə Kolricin özüdür. Kolric özü də dənizçinin o ucsuz-bucaqsız dənizin ortasındakı tənhalığı kimi, bu ucsuz-bucaqsız dünyada tənhadır: “Bu ruh ucsuz-bucaqsız dənizlərdə tək-tənhadı. O qədər tənhadı ki, tanrının özü belə oralarda sanki nadirən vardı. ”
 
Şeiri ilk dəfə oxuyanda mənə çox qəribə gəlmiş, təsirlənmişdim. Amma şeirin qəribəliyini yalnız onun süjetində, bəzi səhnələrin yalnız narkotik maddənin təsiri altına yazıla biləcəyi haqda yaranan təəssüratda görmüşdüm. 
 
Sən demə, başqa bir magiyası da varmış. Oxucunun yaddaşında illərlə var-gəl edir, gah gizlənir, gah da heç bir səbəb, heç bir çağırışım olmadan üzə çıxırmış. İki ildir ki, belədir. Heç aidiyyəti olmayan bir durumda, bir ruh halında, bəzən başqaları ilə söhbət edərkən, bəzən tam fərqli bir kitabı vərəqləyərkən qoca dənizçinin bu qəribə nəğməsindən bəzi səhnələr gəlib dayanır gözlərimin önündə. Şeirin qaranlıq və kabusvari ruhu əl çəkmir. Oxuyandan iki il sonra bu yazını yazmağıma da səbəb bu duyğu oldu. Bir ara, bunu Orhan Pamukun essesi ilə əlaqələndirdim. Şeirdən qabaq essedən təsirlənmişdim və bəlkə bu təsir hələ də davam edirdi. Bəlkə də şeiri Bibliya illüstrasiyaları ilə məşhur olan Qustav Dorun heyrətamiz illüstrasiyalarının müşayiəti ilə oxuduğuma görə belə təsir edib, deyə düşündüyüm də oldu. Amma şeir haqqında araşdırarkən dünyanın fərqli yerlərindəki oxucuların da oxşar durumda olduqlarını öyrəndim. 
 
Rəşad Səfər
Kultura.az
Yuxarı