post-title

Çoxillik şərab

Bu yaxınlarda dostum Seymur Baycanın qısa fasilələrlə “Alatoran Yayınları” seriyasından iki kitabı çap olundu: “Ana ürəyi” (povest və hekayələr) və “Həyatımın ən xoşbəxt günü” (hek

 
 
Birinci kitabdakı hekayələrlə çoxdan tanış idim, “Ana ürəyi” povestinə gəlincə isə - bəy məndən bu əsəri ilə bağlı fikrimi soruşanda nə deyəcəyimi bilmədim. “Ana ürəyi” təhkiyəsi etibarilə Seymurun başqa əsərlərindən yaxşı mənada fərqlənir, bununla belə, uzun müddət anlamağa və qərar verməyə çalışdım: o, bu povesti ciddi, yoxsa qeyri-ciddi yazıb. Bu povestlə Seymur nəyə iddia edir, ümumiyyətlə, iddia edirmi? Doğrudur, əsər birnəfəsə oxunur, orada bugünkü Azərbaycan cəmiyyətinin ilk baxışda həlledici görünməyən bir çox ictimai, sosial, mənəvi, əxlaqi problemləri, ağrıları, əzabları göstərilir, amma yenə də sırf ədəbiyyat baxımından və Seymur Baycanın tanıdığımız, bildiyimiz yaradıcı personası açısından “Ana ürəyi” ilə bağlı hələ də qəti və əminliklə danışa bilmirəm.
 
***
 
Amma Seymurun bu yazının yazılmasına vəsilə olan ikinci kitabı - “Həyatımın ən xoşbəxt günü” barədə birbaşa danışmaq mənim üçün çox asandır. Mən yeni Azərbaycan nəsrində bu qədər zövqlə sonuncu dəfə kimin hekayələrini oxuduğumu xatırlamıram. Dumanlı yaddaşımda Şərif Ağayarın (tamam fərqli üslub və məzmunda!) bəzi hekayələri dışında bu janr çağdaş prozamız üçün xeyli dərəcədə arxaikləşmiş, arxivləşmişdi.
 
Seymur Baycan “Həyatımın ən xoşbəxt günü”ndəki mətnləri ilə hekayə janrını Azərbaycan prozasının mərkəzinə qaytardı, diriltdi, canlandırdı. 
 
Hekayə ədəbiyyatın ən ağır, çətin janrıdır və düşünürəm ki, bir yazıçının ustalığı, məharəti onun iri həcmli əsərlərindən çox, məhz hekayələrində aydın görünür. Nə vaxtsa Con Steynbekin hekayəçiliklə bağlı gənc yazarlara məsləhətini oxumuşdum; bu məşhur yazıçı, səhv etmirəmsə, Stanfordda yazıçılıq kursuna gedərkən yaxşı hekayə yazmağın sirrinin ona belə açıqlandığını deyirdi: “Əla hekayə yazmağın bircə yolu var - əla hekayə yazmaq!”
 
Əminliklə deyə bilərəm ki, Seymur Baycanın “Həyatımın ən xoşbəxt günü”ndəki hekayələri məhz əla hekayələrdir; mən 160 səhifəlik, 9 hekayədən ibarət həmin kitabı cəmi yarım günə oxudum, bir çox hekayələri isə bir neçə dəfə oxuduğum üçün indi bu sətirləri adətən aldadıcı olan ilk təəssüratların diqtəsi altında yazmıram, soyuq başla, tam səmimi yazıram. Hətta bu kitab yalnız “Köhnə kişi”, yaxud “Puşkin haqqında xatirə” hekayəsindən ibarət olsaydı da, eyni sətirləri yazardım.
 
Əlbəttə, bir oxucu olaraq iradlarım da var, məsələn, Seymur bəzən eyni mətn içində eyni fikri təkrar-təkrar yazır, bu, onun publisistikasına da xasdır, bəlkə də məqalələrdə belə təkrarçılıqlar hətta yerinə də düşür, publisistika bu fəndi öz içində əridir. Amma açığı, hekayə kimi hədsiz dəqiqlik, konkretlik tələb edən bir janrda dediyim məqam beyni cırmaqlayır, tempi öldürür.
 
Bununla belə, “Həyatımın ən xoşbəxt günü”ndəki hekayələr yeni Azərbaycan prozasının həqiqətən ən uğurlu nümunələridir, mütləq oxunmalıdır. Bu hekayələrdə bizə, həyatımıza, dövrümüzə yad olan, yamaq kimi görünən, kitabdan gələn, göydəndüşmə, qondarma heç nə yoxdur.   
 
“Babam haqqında hər şey”i oxuyanda hər nə qədər Qorkinin “Mənim uşaqlığımdakı” baba obrazını xatırlasam da, ya da “Mənim universitetlərim”in (onu həcm etibarilə povest adlandırmaq bəlkə də daha doğru olardı) adı hər nə qədər Qorkinin eyni adlı əsəri ilə səsləşsə də, ya da “Məktub yetişmədi” Abdulla Şaiqin eyni adlı məşhur hekayəsini bizə andırsa da, hadisələr və obrazlar baxımından yalnız günümüz Azərbaycanına xasdır, o hadisələri və obrazlı bir başqa ölkədə və bir başqa yazıçının qələmində təsəvvür etmək çox çətindir.
 
Yeri gəlmişkən, “Mənim universitetlərim” bizim son 30 illik ağrılarımızın, əzablarımızın bəlkə də ən yaxşı ifadəsidir, nə vaxtsa - yaxın, ya da uzaq gələcəkdə bu illəri anlamağa çalışmaq istəyənlər qoy onu diqqətlə oxusunlar. Orada çox sualların cavabını tapacaqlar.
 
***
 
Seymuru sevməyənlər, daha doğrusu, ona qıcıq olanlar çoxdur, bilirəm. 
 
Bu, qıcıqdan daha çox qısqanclıqdır - onun azad ruhunu və azad fikirliliyini qısqanırlar.
 
Gəl gör ki, Seymuru bugünkü Azərbaycan üçün dəyərə çevirən məhz onun bütün varlığı ilə, qələmi ilə, qəlbi ilə, geyimindən tut beyninədək, azad olmasıdır. O, bu günədək yalnız cəmiyyətimizdə kök salan, bizi çağın, dünyanın gerisinə atan stereotipləri, tabuları deyil, özü (əlbəttə, ilk növbədə yazıçı kimi!) barədə təsəvvürləri, tərəddüdləri dağıtmaqla məşğul olub və... məqsədə çatıb. 
 
Indi hətta bu sətirləri belə, bir dost şərəfinə tost kimi qəbul edənlər olacaqdır, bilirəm, mənimsə onlarla mübahisə edəcək, çənə döyəcək vaxtım və həvəsim yoxdur.
 
Amma əlimi ürəyimin üstünə qoyaraq, tam səmimiyyətlə və əminliklə deyə bilərəm: bizim Seymur çoxillik şərab kimidir - zaman keçdikcə dəyəri daha da artacaq və anlaşılacaqdır.
 
***
 
Şərabdan söz düşmüşkən, elə yazını da Seymurun haqqında danışdığımız kitabından bir hekayənin - bir oxucusu ilə əhvalatlarını anlatdığı “Köhnə kişi”nin ilk baxışda adi, amma ağrılı sonluğu ilə bitirmək istəyirəm:
 
“Biz gəzə-gəzə Sabir parkının yanına gəldik. Indi paltar mağazasına çevrilmiş, insanların ”Monolitin altı" adlandırdıqları kafedə oturduq. Iki yüz əlli qramlıq araq, kolbasa, sosiska, kakao götürdük. Bu köhnə kafe ilə bağlı xeyli əhvalat danışdı. Piştaxta arxasında dayanmış ağ xələtli, ağ papaqlı yaşlı qadına işarə edərək, “O qadın iyirmi ildən artıqdır bu kafedə işləyir. Mənimlə bir yerdə qocalıb”, söylədi. Xeyli danışdı. Başa düşdüm ki, onun bu cür həvəslə danışması həmin gün səhər rastlaşmağımızın nəticəsi deyildi. O, sadəcə danışmaq, özündəki informasiyaları ötürmək və bəlkə də xatirəmdə qalmaq istəyirdi. Çox danışdı. Lap axırda da dedi: “Seymur, kənardan baxan elə bilər ki, əyyaşıq. Necə başa salasan ki, ürəyimiz istəyib oturmuşuq. Çalışırıq, fələkdən bir gün qoparaq...”
 
Elnur Astanbəyli
 
Azadliq qəzeti
Yuxarı